SON DƏQİQƏ
XalqXeber.Az » Siyasət » Paşinyanın hakimiyyətini bitirəcək tək səbəb - Azərbaycan, Qarabağ...

Paşinyanın hakimiyyətini bitirəcək tək səbəb - Azərbaycan, Qarabağ...

Tarix:

30-06-2018, 10:11

/ 1 367 dəfə oxundu.
Paşinyanın hakimiyyətini bitirəcək tək səbəb - Azərbaycan, Qarabağ...

Ermənistanda az qala, hər keçən gün qalmaqallı həbslər və ya sensasiyalı hadisə ilə yadda qalır. Yeni hakimiyyət, baş nazir Nikol Paşinyan xüsusilə də cəmiyyətin həssas olduğu korrupsiya məsələsində sərtlik göstərməklə öz reytinqini normalda saxlamağa çalışır. Gələn xəbərlərə görə, Ermənistanda bütün sahələrdə - ordudan tutmuş, mədəni-humanitar sferalara, xidmət sektoruna kimi, - korrupsiya mexanizmləri dərin kök salıb.

Beləcə, hələ ki dərin, sistemli islahatlara risk eləməyən N.Paşinyan onu iqtidar etmiş narazı xalqda təəssürat yaratmağa çalışır ki, guya əhalinin acınacaqlı durumunun tək səbəbi məhz oliqarxlardır. Ancaq əlbəttə ki, tək səbəb bu deyil. Daha doğrusu, korrupsiya, oliqarxiya səbəb yox, nəticələrdir. Səbəb isə ilk növbədə həll edilməmiş qalan Dağlıq Qarabağ problemi və bu problem vasitəsilə Ermənistanı girov durumda saxlayan Rusiyadır.

*****

Yerli və əcnəbi siyasi təhlilçilərin bu xüsusda şərhləri diqqət çəkir. Məsələn, “Yeni Müsavat”ın məlumatına görə, İrəvandan siyasi icmalçı Susanna Petrosyan “Vestnik Kavkaza” nəşrindəki məqaləsində uzun illər ölkədə mövcud olmuş qanunsuzluqlar, bu qanunsuzluqlar sayəsində varlanmış şəxslərdən yazıb və iqtisadçı ekspert Vaaqn Xaçatryandan sitat gətirib: “Bu gün həmin iş adamlarının qanun çərçivəsində işləyə biləcəklərini söyləmək çətindir. Çünki onlar öz işgüzar düşüncələri və intellektləri, bacarıq və innovasiyalar hesabına deyil, hakimiyyətlə yaxın əlaqələri hesabına iş görüb, varlanıblar”.

Müəllifə görə, korrupsiya bəlası Ermənistanda sistemli xarakter daşıdığı üçün onunla mübarizəni sərtləşdirmək vacibdir: “Amma analitikləri təəccübləndirən odur ki, hazırda ölkədəki ən iri korrupsionerlər ifşa olunmaqdan yayına biliblər. Onlarin əksəriyyəti keçmiş hakimiyyət eşelonunun nümayəndələridir. İstisna deyil ki, baş nazir Paşinyan klan-oliqarxiya rejiminin ən parlaq simalarının ifşa edilməsinin yaradacağı potensial riskləri nəzərə aldığı üçün, bu prosesə daha yaxşı hazırlaşmağa çalışır. Ola bilsin, bu üzdən hazırda hüquq-mühafizə orqanları silah-sursat axtarışları ilə daha fəal məşğul olur. Bununla da keçmiş hakim rejimin təmsilçiləri və kriminal avtoritetlər də daxil, müxtəlif qruplaşmaları zərərsizləşdirmək məqsədi güdülür”.

Yəni qənaət hasil olur ki, N.Paşinyan qorxutmaqla yanaşı, özü də daxili-xarici revanşdan, sui-qəsdlərdən qorxur.

*****

Bu arada baş nazir Paşinyan yeni hökumətin iştirakı ilə Təhlükəsizlik Şurasının ilk iclasını keçirib. Yada salaq ki, Ermənistanda konstitusiyaya edilmiş düzəlişlərdən sonra təhlükəsizlik şurası məsləhətverici orqandan məcburi qüvvəyə malik qərarlar qəbul edən struktura çevrilib.

Musavat.com-un məlumatına görə, 1in.am saytı iclasın Azərbaycanın aktivliyi sayəsində Ermənistanın başı üstündə yaranan yeni təhdidlərin fonunda keçdiyinə diqqət yönəldib. “Bakı son dövrlərdə Qarabağ cəbhəsində deyil, həm də Naxçıvan istiqamətində də aktiv hərəkətlilik nümayiş etdirir. Bundan başqa, Azərbaycan Belarus, İsrail və Türkiyədən uzaq məsafəni vura bilən raketlər alıb. Beləliklə, Azərbaycan bir yandan, sərhəddə intensiv fəaliyyət göstərir, digər yandan isə uzaq məsafədən Ermənistana təhdid yaratmağı bacarır”, - deyə yazıda qeyd olunur.

Məqalə müəllifi Aram Amatuni hesab edir ki, Bakı bununla hərbi diplomatiyanın yeni mərhələsinə və ya sadəcə olaraq “müharibə siyasəti”nə keçidi tamamlayıb: “Doğrudur, bu, Azərbaycanın yaxın müddətdə müharibəyə başlamaq planlarından xəbər vermir, daha çox Azərbaycanın keyfiyyətcə yeni müharibəyə hazırlığını göstərir. Bu taktika təkcə hərbi məsələləri deyil, həm də hərbi-siyasi və hərbi təbliğat sahələrini də əhatə edərək ən incə ictimai parçalara təsir etməyə cəhd edir”.

Erməni şərhçinin fikrincə, mövcud situasiyada Ermənistan Azərbaycanın bu siyasətinə adekvat ola biləcək yeni müdafiə taktikasına keçməlidir. “Bu taktikada əsas diqqət Azərbaycanı durdurmağın hərbi imkanlarının təmin edilməsinə, digər yandan isə Azərbaycanı siyasi yollarla dayandırmağın yollarının tapılmasına yönəlməlidir. Belə bir mürəkkəb vəzifə Ermənistandan öz resurslarını, o cümlədən insan ehtiyatlarını maksimal şəkildə səfərbər etməsini, habelə ölkədə hər hansı panika və təşviş dolu əhval-ruhiyyənin yayılmasına yol verməməsini tələb edir” - müəllif yekunda bildirir.

*****

Əslində təlaş mövzusundan yazmağın özü də artıq təlaşın varlığına dəlalət edir. Göründüyü kimi, Ermənistanda guya demokratik inqilab baş versə də, cəmiyyət hələ ki bunun nə iqtisadi faydasını öz üzərində hiss edib, nə də Azərbaycanla müharibə riski azalıb. Əksinə, erməni xalqı və onun hakimiyyətində gələcəklə bağlı panik ovqatın gücləndiyi müşahidə edilir. Bunun bir mühüm səbəbi də hakimiyyət dəyişikliyindən sonra Rusiya ilə münasibətlərdə yaşanan qeyri-müəyyənlik, Moskvanın N. Paşinyan başda olmaqla, yeni “qərbyönlü” hökumətə ehtiyatlı yanaşmasıdır.

“Moskvada qəti şübhə eləmirlər ki, Ermənistan Rusiyanın nüfuz dairəsində qalacaq və Kreml inqilaba qədərki kimi, yenə də Ermənistanın gələcəyinə təsir edə biləcək”. “Yeni Müsavat” xəbər verir ki, bu sözləri erməni portalına açıqlamasında tanınmış ukraynalı siyasi analitik və publisist Vitali Portnikov deyib.

Politoloq ardınca təəssüflə bildirir ki, Ermənistan hələ xarici siyasətin subyekti yox, obyektidir: “Ermənistan öz qonşuları ilə - ilk növbədə də Azərbaycan və Türkiyə ilə problemlər yaşayır. Bu problemlərin də həlli ən əvvəl onun Rusiya ilə münasibətlərinə bağlıdır. Reallıq budur və onu qulaqardı eləmək və ya unutmaq olmaz”.

Ukraynadan fərqli olaraq, Ermənistandakı inqilaba Moskvanın sakit reaksiya verməsini isə analitik belə izah edib: “O səbəbə fərqli reaksiya oldu ki, rəsmi Kreml Ermənistana öz müstəmləkəsi kimi baxmaqda davam edir və əmindir ki, orada hakimiyyətdə kim olur-olsun, o, Moskvanın əmrlərini yerinə yetirəcək. Əgər Ermənistan hakimiyyəti özünü ayrı cür aparsa, siz (ermənilər - ”YM") dərhal Rusiyanın siyasi və hərbi müdaxiləsinin şahidi olacaqsınız. Bir daha əminlik hasil edəcəksiniz: əgər Ermənistan özünü ayrı cür aparsa, o zaman erməni cəmiyyətinin məyusluğu o qədər güclü olacaq ki, indiki bütlər tənqid predmeti olacaq".

Politoloq sonda ermənilərə Qarabağ xəbərdarlığı da edib: “Ermənistan dalandadır. Ona görə ki, korrupsiyadan, klan təsirlərindən və bütün başqa problemlərdən qurtuluş iki məqamla bağlıdır: Rusiyadan asılılıq və Dağlıq Qarabağ konfliktinin həll zəruriliyi - hansı konflikt ki, Ermənistanı dalana salır. Bu problemlər həll olunmasa, Ermənistan cəmiyyəti yenidən küçəyə çıxacaq”.
“Yeni Müsavat”

Şərhlər

XƏBƏR LENTİ