SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Yeni təhsil naziri təyinatının ləngimə səbəbi

Yeni təhsil naziri təyinatının ləngimə səbəbi

Tarix:

19-02-2018, 12:20

/ 1 294 dəfə oxundu.
Yeni təhsil naziri təyinatının ləngimə səbəbi

Mikayıl Cabbarovun təhsil naziri vəzifəsindən çıxarılaraq, vergilər naziri təyin edilməsindən az qala üç aya yaxın vaxt keçsə də, ölkənin ən strateji sahələrindən biri sayılan Təhsil Nazirliyinə hələ də rəhbər təyinatının həyata keçirilməməsi çoxsaylı müzakirələrə yol açıb.

Bu barədə Mia.az-ın əldə etdiyi məlumata görə, təyinatın gecikməsinin səbəbi bütövlükdə təhsil sektorunda aparılacaq geniş struktur və kadr dəyişikliklərini özündə ehtiva edəcək islahatlar paketidir.

Bildirilir ki, hazırlanan yeni islahatlar layihəsində orta məktəblərdə tədrisin keyfiyyətinin yaxşılaşdırılması məqsədi ilə geniş və çoxsaylı tədbirlərdən tutmuş, peşə ixtisas məktəblərinin aidiyyəti nazirliklərin himayəsinə verilməsi, həmçinin ali məktəbələrə qəbul mexanizminin təkmilləşdirilməsi, o cümlədən təhsil sektorunda korrupsiyanın kökünün kəsilməsi kimi vacib məsələlər də yer alıb.

Məlumata görə, layihədə həyata keçirilməsi nəzərdə tutulan ən əhəmiyyətli islahatlardan biri eyni profilli dövlət ali məktəblərinin birləşdirilməsi və ali məktəblərdə tüğyan edən korrupsiyanın kökünün kəsilməsi üçün sərt cəza tədbirlərinə əl atılmasıdır ki, bu prosesi də ancaq yetərli güc və dəmir xarakterə sahib olan yeni təhsil naziri apara bilər: “Məhz buna görə yeni təhsil nazirinin təyinatı ləngiyir. Sizə bəlkə də qəribə gələcək. Ancaq əmin olun ki, bütün bu islahatları daha çevik, qətiyyətli və heç bir qruplaşmanın təsirinə düşmədən ustalıqla həyata keçirəcək yeni naziri indiki mərhələdə seçmək ciddi problemə çevrilib. Xüsusən aprel seçkisi ərəfəsində bu seçimi etmək elə də asan deyil. Çox böyük ehtimalla yeni nazir təyinatı prezident seçkilərindən sonra baş verəcək, o, böyük islahatların dalğasında təyin ediləcək. O zaman qeyd edilən plan da sürətlə həyata keçiriləcək”.

Məlumatlara görə, büdcə vəsaitlərinə qənaət etmək və idarəetməni təkmilləşdirmək məqsədiylə bir neçə dövlət ali məktəbinin birləşdirilməsi ideyası hələ Mikayıl Cabbarovun vaxtında gündəlikdə olub: “Diqqət etmisinizsə, Havar Məmmədovun Qafqaz universitetinin bazasında yeni yaradılan BakıMühəndislik Universitetinə rektor təyinatından ta bu günədək onun vaxtı ilə rəhbərlik etdiyi Texniki Universitetin rektoru postuna da təyinat aparılmayıb. Bu fakt da onu göstərir ki, bir-birini təkrarlayan universitetlərin birləşdirilməsi ideyası azı bir ildən çoxdur ki, qüvvədədır. Lakin birləşdiriləcəyi gözlənilən dövlət ali məktəblərinin rektorlarının öz postlarını itirməmək üçün nazirə açıq müqavimət göstərmələri, eləcə də birləşmiş məktəblərə rəhbər kimi irəli sürülən bəzi namizəd-rektorların fəaliyyətlərində özlərini doğrultmaması və ilkin yoxlama-təftiş zamanı xeyli qüsurların aşkarlanması Mikayıl Cabbarovun dövründə bu planın həyata keçirilməsinə mane oldu.

Məsələn, hələ Mikayıl Cabbarovun vaxtında büdcədən xeyli pul aparan və böyük maddi-texniki bazaya malik 3 böyük ali məktəbin – Texniki Universitetin (TU), Memarlıq və İnşaat Mühəndisləri Universitetinin (MİMU) və Dövlət Neft və Sənaye Universitetinin (DNSU) birləşdirilməsi layihəsi mövcud olub. Hətta bu sıraya Bakı Ali Neft Məktəbinin də adının daxil edilməsi də günün mövzusu olub. Bununla yanaşı, birləşmiş nəhəng universitetə Dövlət Neft və Sənaye Universitetinin hazırki rektoru Mustafa Babanlının namizədliyi də nəzərdən keçirilib. Ancaq Mustafa Babanlının ADNSU-dakı iki illik fəaliyyətinin qeyri-rəsmi yollarla təftişi ortaya xeyli maraqlı faktlar çıxarıb və siyasi hakimiyyəti onun adı üzərində durmaqdan çəkindirib. Əvvəla, hakimiyyətdəki bəzi qruplar Mustafa Babanlını siyasi-ideolji baxımdan heç də mövcud hakimiyyətin siyasi kursuna sadiq dayanıqlı fiqur olduğuna inanmır. Üstəlik, onun bu ali təhsil ocağını, faktiki olaraq, ailə müəssisəsinə çevirməsi, – qızı Məhsəti Babanlını universitetə müəllim, Rusif Hüseynov adlı bacısı oğlunu özünə müşavir, bacısı gəlini Cəmilə İsmayılzadəni universitetin beynəlxalq əlaqələr şöbəsinin müdiri, Dünyaxanım adlı qardaşı qızını UFAZ-ın müəllimi, Ədalət adlı qohumunu Azərbaycan dili kafedrasının müdiri təyin etməsi, eyni zamanda universitetin hər mərtəbəsində kafe-bufet açdıraraq külli miqdarda qanunsuz gəlir əldə etməsi və indiyədək ADNSU-nun binalarının bitməyən təmiri və sair haqda komromatlar da onun şansını zədələdi. O üzdən mətləbdən uzaqlaşmayaraq qeyd edək ki, Mustafa Babanlı üzərində qurulan bu plan rüşeymdəcə boğularaq qaldı.

Onu da bildirək ki, Mikayıl Cabbarovun zamanında birləşdirilmə layihəsi hazır olan daha iki ali təhsil müəssisəsi isə Azərbaycan Dillər Universiteti (ADU) ilə Bakı Slavyan Universiteti (BSU) olub. Vaxtilə bir ali məktəb kimi fəaliyyət göstərən, sonradan iki universitetə ayrılan bu ali təhsil müəssisəsinin yenidən birləşməsinin təxirə salınmasında isə, deyilənə görə, həm siyasi amillər (Rusiya ilə münasibətlər səbəbindən), həm də BSU rektoru Nurlana Əliyeva ilə sabiq təhsil naziri Mikayıl Cabbarov arasındakı ziddiyyətlər böyük rol oynayıb. Yəqin xatırlayırsnız, Slavyan Universitetində Nurlana Əliyevanən apardığı təmir zamanı yol verdiyi xətanı o zaman Mikayıl Cabbarov Təhsil Nazirliyinin kolllegiya iclasına çıxarmışdı. Bütün bunlar səbəbsiz deyildi və qeyd etdiyimiz birləşdirmə ilə bağlı idi. Ancaq etiraf edək ki, nazir ona bata bilmədi. Çünki Nurlana Əliyevanın həm iqtidardakı bəzi nüfuzlu qruplarla sıcaq əlaqəsi, həm də YAP Qadınlar Şurasının sədri olması Mikayıl Cabbarovun “dişini xeyli kütləşdirdi”. Bu məsələdə ona ictimai qınaq da kömək etmədi.

Bununla belə, yeni təhsil naziri təyinatından sonra bu iki ali təhsil müəssisənin təkrar birləşdirilməsi planı yenə gündəmə gətiriləcək”.

Məlumatlı şəxs deyir ki, təhsildə struktur islahatları ilə yanaşı, həm də böyük kadr dəyişiklikləri də həyata keçiriləcək: “Sizə dəqiq deyirəm ki, iqtidar təhsildə böyük inqilabi plan həyata keçirmək niyyətində ciddidir. Bir sıra köhnə fikirli rektorların hamsı ilə yollar ayrılacaq. Hakimiyyət bütövlükdə təhsil sektoruna həm də siyasi hakimiyyətin qorunub saxlanmasında önəmli rol oynayan bir sahə kimi yanaşdığından, seçkidən sonra Təhsil Nazirliyinə sədaqəti sınaqdan çıxmış və təhsil işini bilən şəxsin gətirilməsi ilə “müstəqilliyə” can atan, ali təhsil müəssisələrinə “ticarət obyeki” kimi baxan, Azərbaycanın təhsilini rüsvayçı duruma düşürən və beləliklə, insan kapitalının formalaşmasına imkan verməyən rektorların cəzalandırılmasına start verəck. Bununçün də yeni fikirli, çevik, modern təhsilə bağlı olan kadrlar təhsil sahəsində sürətlə önə çəkiləcək. Bildiyimə görə, onlarla bağlı da araşdırma aparılıb və ilkin siyahı da tutulub”.

Yeni təhsil naziri vəzifəsinə kimin təyin olunacağına gəldikdə isə, mənbə deyir ki, bununla bağlı xeyli namizədin adı mətbuatda da hallanıb: “Lakin mən nə Ədalət Muradovun, nə Kamal Abdullanın, nə də Abel Məhərrəmovun, nə Misir Mərdanovun bu vəzifəyə təyin olunacağına inanmıram. Bu, mümkün də deyil. İndi elə bir vəziyyət yaranıb ki, hətta ən şanslı namizədlərdən biri sayılan hazırkı nazir əvəzi Ceyhun Bayramovun özünün təyinatı da müəmmalıdır. Baxmayaraq ki, o da, hazırda Bakı li Neft Məktəbinin rektoru olan keçmiş nazir müavinlərindən Elmar Qasımov da bütün güc və imkanlarını sərf edərək, bu post uğrunda ciddi yarışırlar. Bir sözlə, əminəm, iqtidar ciddi müqavimət və təzyiqlərə baxmayaraq, güclü xarakteri ilə yuxarıda qeyd edilən struktur və kadr islahatlarını həyata keçirə biləcək şəxsi təhsil naziri təyin edəcək. Onun kimliyini isə təyinatına qədər gizli saxlayacaqlar. Çünki bir dəfə bu posta kimin təyinat alacağə xəbəri yayıldı, nəticəsi də həmin qrup üçün çox ağır oldu, onlar incik düşdülər. O üzdən bu məsələ bu dəfə daha dar çərçivədə müzakirə edilib, son qərar veriləcək.

Sonda bir onu deyə bilərəm ki, yeni nazir hazırki rektor və təhsil mafiozları qarşısında hər hansı bir öhdəliyi, yəni “gözükölgəliyi” olmayan şəxs olacaq. O, böyük ehtimalla təhsil sahəsindən kənardan gətiriləcək”.

Şərhlər

XƏBƏR LENTİ