SON DƏQİQƏ
XalqXeber.Az » Siyasət » Hakimiyyət prezident seçkilərinə qədər kadr islahatlarını davam etdirəcək? - GƏLİŞMƏ

Hakimiyyət prezident seçkilərinə qədər kadr islahatlarını davam etdirəcək? - GƏLİŞMƏ

Tarix:

6-02-2018, 16:19

/ 1 496 dəfə oxundu.
Hakimiyyət prezident seçkilərinə qədər kadr islahatlarını davam etdirəcək? - GƏLİŞMƏ

2016-cı ilin sentyabrında Azərbaycanda keçirilən referendumdan ötən müddət ərzində ölkə iqtidarının müəyyən sahələrdə kadr dəyişikliklərinə getdiyini müşahidə etdik. Bunun nəticəsində yüksək rütbəli dövlət məmurları səviyyəsində bir sıra şəxslər vəzifələrini itirdilər və ekspertlər bu prosesin hələ bir müddət davam edəcəyini bildirirdilər.

Onların fikirləri daha çox kadr islahatlarının bu ilin yayına qədər davam edib, oktyabr ayında gözlənilən prezident seçkilərinə iki ay qalmış səngiyə biləcəyi yönündə idi. Arqument kimi də heç bir ölkədə iqtidarın seçki prosesində daxildən müəyyən dəyişikliklər etməməsi göstərilirdi. Bütün bu fikirləri ölkə başçısının aprelin 11-də Azərbaycanda prezident seçkilərinin keçirilməsi barədə 5 fevralda verdiyi sərəncam alt-üst etdi. İndi isə diqqətlər qarşıdakı iki aya yönəlib. Hakimiyyətin kadr islahatlarını davam etdirib-etdirməyəcəyi suallar doğurur. Doğrudur, bir çoxları bu prosesin seçkilərdən sonra davam edəcəyini düşünür.

“Ana Vətən” Partiyasının sədri, deputat Fəzail Ağamalı kadr dəyişikliyini qarşıdakı aylarda gözləmir: “Mənə elə gəlir ki, ciddi bir səbəb olmasa, kadr dəyişikliyi prezident seçkilərinə qədər gözlənilən deyil. Çünki faktiki olaraq, bir neçə gündən sonra seçki kampaniyası start götürəcək. Aprelin 11-də keçiriləcək seçkilərdə əsas diqqət təşkilati məsələlərin hazırlanması, onun reallaşması və digər tərəfdən, ölkə başçısının bu seçkilərdə təbliğat kampaniyasında iştirakı var. Bu iştirak hər zaman olduğu kimi, mənə elə gəlir ki, indi də dinamik, genişmiqyaslı xarakter daşıyacaq. Bu baxımdan prezident seçkilərinə qədər hər hansı bir kadr üçün qeyri-adi nəsə baş verməsə, belə bir addımın atılmasını gözləmirəm. Ölkə prezidenti bildiyiniz kimi, kadr islahatlarına tamam başqa bir formatda yanaşır. Bu istiqamətdə onun fərqli bir yanaşması var. Tükənən, etimadı itirən, haqqında cəmiyyətdə mənfi fikirlər formalaşan insanlar vəzifədən uzaqlaşdırılır və onların yerinə fərqli keyfiyyətləri özündə əks etdirən insanlar gətirilir. Bu, 2003-cü ildən ölkə başçısının bəzi kadr islahatlarında özünü bariz şəkildə göstərməkdədir. Prezident seçkiləri bitdi, dərhal komandanın hamısını çıxaraq, yeni bir komanda gətirək kimi praktika ölkə prezidentinin kadr siyasətində yoxdur. Onu da etiraf edim ki, ayrı-ayrı epizodlar istisna olmaqla bu cür yanaşma Azərbaycanda özünü doğruldur, komandanın yetkin, mütəşəkkil olmasına özünün töhfəsini verir. Biz bunu 2003-cü ildən bu günə qədər olan müddət ərzində daim görmüşük. Prezident seçkilərindən sonra yenə də istisna deyil ki, ölkə başçısı bir sıra sahələrdə kadr dəyişikliyini aparsın. Növbədənkənar seçkilərin keçirilməsi hər halda prezidentin iradəsini ifadə edən siyasi bir gedişdir. Tamamilə əminəm ki, bu iki ay ərzində qarşıdan gələn seçkilər uğurlu başa çatdırılacaq, azad, şəffaf və ədalətli seçkilərin keçirilməsi təmin olunacaq”.

Siyasi şərhçi Natiq Miri hesab edir ki, seçkilərə qədər ciddi kadr dəyişikliklərini gözləmək doğru deyil: “Həlledici mərhələlərdə belə kadr dəyişikliklərinə getmirlər. Bu baxımdan seçkiöncəsi komandanın daha çox toparlanmasına üstünlük veriləcək. Əgər ayrıca əskiklik varsa, bunlar düzəldiləcək. Ən azından hakimiyyət daxilində qısamüddətli olsa da, birlik nümayiş etdirilməyə çalışılacaq. Çünki seçkinin önə çəkilməsinin özü fövqəl xüsusiyyətlər daşıyır. Bu baxımdan həmrəylik olmasa, seçkilərin önə çəkilməsinin də əhəmiyyəti qalmaz. Bu qərarın verilməsi müəyyən mənada müxalifəti də hazırlıqsız yaxaladı. Çünki gələcəkdə bəlkə də potensial müxalif birliklərin təşkili mümkün ola bilərdi. Lakin bunlar olmadı və bu da hakimiyyətə aprelin 11-də keçiriləcək seçkilərdə birmənalı qalib gəlmək üçün böyük üstünlüklər yaradacaq”.
“Yeni Müsavat”

Şərhlər

XƏBƏR LENTİ