yüklənir...
yüklənir...

SONDƏQİQƏ

XalqXəbər.Az
yüklənir...

İşğalçı İrəvanın Metsamor başağrısı... - ABŞ-dan təhdid, Bakıya şans

İşğalçı İrəvanın Metsamor başağrısı... - ABŞ-dan təhdid, Bakıya şans
1-02-2018, 09:29 173 dəfə baxılıb

“Avropa Birliyi (AB) və Azərbaycan əməkdaşlığın yeni mərhələsinə qədəm qoyur. Biz yeni saziş üzərində işləyirik və bu saziş bizim gələcək əməkdaşlığın əsasını təşkil edəcək”. Bu sözləri təşkilatın Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas dünən Bakıda keçirilən tədbirdə deyib.

Səfir onu da deyib ki, demokratiya, qanunun aliliyi, insan hüquqlarının müdafiəsi Avropa İttifaqının sadiq olduğu dəyərlərdir. “Ümid edirəm ki, bu dəyərlər Azərbaycan və AB arasında imzalanacaq yeni sənəddə öz əksini tapacaq və həmin amillər ombudsman və digər institutların işində əsas dəyərə çevriləcək”, - deyə o əlavə edib.

Qeyd edək ki, fevral ayından Azərbaycanla AB arasında ikitərəfli çərçivə sazişinin imzalanmasına dair danışıqların yeni raundu başlayır. Müşahidəçilərə görə, sənəd bu il ərzində imzalana bilər. Əsas müzakirə mövzularından birinin məhz insan haqları ilə bağlı öhdəliklə əlaqədar olacağı gözlənilir.

Bundan əlavə, Bakı sənəddə Dağlıq Qarabağla bağlı Azərbaycanın suverenliyi və ərazi bütövlüyü prinsipinin birmənalı əks olunması tələbini qoyur. Yəqin ki, belə də olacaq, çünki AB-nin son Brüssel sammiti və ondan az sonra Avropa Parlamentində qəbul edilən yekun sənədlərdə Gürcüstan, Ukrayna və Moldova kimi Azərbaycana da bu prinsiplər şamil edilib...

*****

Bu arada AB-nin başqa bir nümayəndəsi Ermənistandakı Metsamor AES-in tezliklə bağlanmalı olduğunu bəyan edib. Bu haqda energetika, nəqliyyat, ətraf mühit, iqlim və mülki müdafiə məsələləri üzrə Ermənistan-Avropa Birliyi alt komitəsinin 5-ci iclasında xarici işlər üzrə Avropa xidmətinin Şərq Tərəfdaşlığı ölkələri ilə ikitərəfli əlaqələrə dair şöbə müdirinin müavini Dirk Lorents deyib.

“Biz əminik ki, Ermənistanın Atom Elektrik Stansiyası mümkün qədər tez bir zamanda bağlanılmalıdır. Çünki təhlükəsizliyə dair beynəlxalq tələblərə cavab vermək üçün onun vəziyyətini yaxşılaşdırmaq mümkün deyil”, - deyə o bildirib.

“Yeni Müsavat” xatırladır ki, bu, AB rəsmiləri arasında Ermənistana qarşı irəli sürülən ilk tələb deyil. Bir neçə gün qabaq təşkilatın digər nümayəndəsi də eyni tələb irəli sürmüşdü. Bunu da qeyd edək ki, erməni iqtisadçı və siyasi ekspertləri AES-in bağlanmasının ölkənin energetik təhlükəsizliyi üçün böyük problem yarada biləcəyindən narahatdırlar. Çünki Ermənistanın elektrik enerjisinə olan tələbatının böyük bir hissəsi bu AES hesablına ödənir.

İşğalçı ölkənin əsas müttəfiqi, atom stansiyasının istismarını həyata keçirən Rusiya da məsələyə həssas yanaşır. Ən azı ona görə ki, AES Ermənistanı Rusiyaya bağlayan ciddi iqtisadi bağlardan, Kremlin işğalçı ölkədəki “gözləri”ndən biridir.

*****

Beləcə, Metsamor AES İrəvan üçün əslində həm də siyasi başağrısına çevrilməkdədir. Çünki AB ilə tərəfdaşlıq sazişi çərçivəsində Ermənistana ediləcək maliyyə yardımı paket öhdəlikləri nəzərdə tutur və onlardan birinin işğalçı ölkə tərəfindən reallaşmaması başqa bir bəndi - iqtisadi dəstəyi də sual altına qoya bilər. Yeri gəlmişkən, ötən il noyabrın 24-də imzalanan sənəd AB-y üzv dövlətlərin parlamentləri tərəfindən ratifikasiya edildikdən sonra qüvvəyə minəcək.

Ermənistanın AB ilə yanaşı, ABŞ-la münasibətlərinə də Rusiya amili, daha dəqiqi, İrəvan-Moskva sarsılmaz ittifaqı ciddi əngəl olaraq qalır. Maraqlıdır ki, Ağ Evin Rusiyaya qarşı qalmaqallı “Kreml siyahı”sını açıqladığı gündə, - hansı “qara siyahı”ya ki, faktiki şəkildə Rusiyanın bütün biznes-dövlət isteblişmenti daxil edilib, - ABŞ-ın İrəvandakı səfiri Riçard Maylz Ermənistan parlamentinə gedib və burada Amerika-erməni parlamentlərarası qrupa ABŞ-ın yeni Milli Təhlükəsizlik Strategiyasını təqdim edib. “Amerika Milli Təhlükəsizlik Strategiyasının hədəflərinin bu və ya digər şəkildə Ermənistana da dəxli var”, - deyə diplomat bildirib.

“Yeni Müsavat”ın məlumatına görə, bu xüsusda Lragir.am nəşrinin yazarı Aykazn Qaqriyan qeydləri diqqət çəkir. O, amerikalı diplomatın faktiki, bununla İrəvana seçim üçün xəbərdarlıq etdiyi qənaətinə gəlib: “Ermənistanın Rusiyadan siyasi və iqtisadi asılılığı nəzərə alınarsa, yeni siyahı İrəvana da təhdiddir. Nəzərə almaq lazımdır ki, ABŞ-ın siyasi dəst-xətti Rusiyanınkından fərqlənir və ortaq maraqlar üzərində təşəkkül tapır. Ermənistanın Milli Təhlükəsizlik Strategiyasına təzədən baxılması bu reallıqları nəzərə alırmı? Bundan ötrü ilk növbədə suveren xarici siyasət və müdafiə siyasəti lazımdır. Köhnə dünya qaydaları normaları üzərində parazitlik eləmək dövrü artıq bitir. Yalnız yeni reallıqlara adekvat olanlar qurtulacaq”.

*****

“Parazitlik eləmək” məsələsində erməni yazar əslində haqlıdır. O mənada ki, məhz Ermənistan illərdir işğal ortağı Rusiyanın arxasında gizlənərək, beynəlxalq normalar üzərində parazitlik eləməkdə, qonşu Azərbaycanın torpaqlarının 1/5-ni işğal altında saxlamaqdadır. Onun əsas havadarı və siyasi-hərbi sponsoru Rusiya isə Gürcüstan, Ukrayna və Moldovanın ərazinin bir hissəsini işğal altında saxlamaqdadır.

Elə isə o zaman İrəvan Rusiyaya qarşı getdikcə güclənən ABŞ sanksiyalarının nəticələrinə şəriklik etməyə də hazır olmalıdır...
“Yeni Müsavat”


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: shans, , shgalchi, Metsamor, bashagrisi, ABSh dan, revanin, tehdid, Bakiya
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

16-10-2018


15-10-2018

BÜTÜN XƏBƏRLƏR
GÜNDƏM
yüklənir...
FACEBOOK SƏHİFƏMİZ
SONDƏQİQƏ