yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

Moskva narazıdır, ermənilər isə “Azərbaycan izi” axtarır - GƏLİŞMƏ

Moskva narazıdır, ermənilər isə “Azərbaycan izi” axtarır - GƏLİŞMƏ
31-01-2018, 09:45 115 dəfə baxılıb

2018-ci ilin ilk ayı da Qarabağ mövzusunda heç bir pozitiv dinamika ilə yadda qalmadı. Əslində gözlənilmirdi də. Çünki sülh danışıqlarında real irəliləyiş üçün zəmin ötən il qoyulmalı idi, o da olmayıb. Bu üzdən Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin yanvardakı Krakov görüşü də əvvəlkilərdən nəticəsizlik baxımından fərqlənmədi.

Həmçinin ATƏT-in Minsk Qrupu həmsədrlərinin bölgəyə fevralın birinci on günlüyünə nəzərdə tutulan səfəri atəşkəs rejimi və qarşılıqlı etimadı artırmaq haqda daha bir şablon bəyanatın verilməsindən uzağa getməyəcək. İşğalçı Ermənistana status-kvonun, yəni işğal rejiminin bu şəkildə davam eləməsi, danışıqların imitasiyası əl versə də sözsüz ki, torpaqlarının 20%-i işğal altında olan Azərbaycana, əlbəttə, sərf eləmir.

*****

“Yeni Müsavat” qeyd edir ki, vasitəçi dövlətlərin Ermənistana loyallığı fonunda hələlik Azərbaycanın təcavüzkara yeganə təsir vasitəsi, əlbəttə ki, işğalçı qüvvələri daima nişangahda və qorxu içində saxlamaq, bacardıqca onları daha böyük canlı və texniki itkilərə məruz qoymaqdır. Necə ki, belə də edilir.

Yəni üzücü və “sürünən müharibə” taktikası. Düşmən tərəf sözsüz ki, buna hazır deyil. Onun tək istəyi təmas xəttində heç bir ciddi itki verməməkdir. Çünki bu cür itkilər 30 illik Qarabağ yalanları fonunda ermənilərin kriminal Sərkisyan rejiminı qarşı olan-qalan etimadını da sarsıdır, daxildə gərginliyi artırır, ermənilərin, o sırada erməni gənc kişilərin ölkədən emiqrasiyasını sürətləndirir, demək, orduya çağırışçı problemini daha da qəlizləşdirir.

Azərbaycan əsgərinin mənəvi durumu isə şübhə yox ki, düşməndən qat-qat üstündür. Çünki bizim hərbçilər öz doğma torpaqlarındadır və bütünlüklə dövlətin və xalqın qayğısı ilə əhatə olunub. Təbii ki, Müdafiə Nazirliyi rəhbərliyinin şəxsi heyətlə mütəmadi canlı təmasları də öz yerində.

*****

Bu arada müdafiə naziri, general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti növbəti dəfə cəbhəboyu zonada yerləşən hərbi hissələrdə olub. Musavat.com-un Müdafiə Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, nazir üzbəüz yerləşən düşmən mövqelərini şəxsən müşahidə edib. Döyüş növbəsi çəkən şəxsi heyətlə görüşən nazirə əməliyyat şəraiti barədə məruzələr edilib. Bildirilib ki, burada yerləşən bölmələr içməli su, istiliklə, yuyunma otaqları, isti yataq və digər lazımi qış ləvazimatları ilə tam təmin olunub.

Müdafiə naziri habelə hərbi qulluqçuların döyüş qabiliyyətini və mənəvi-psixoloji hazırlığını yüksək qiymətləndirib. Cəbhə bölgəsində təzəcə inşa edilən bölmələrdən birinin açılışını edən Zakir Həsənov yaradılmış şəraitlə tanış olub, şəxsi heyətlə söhbət aparıb və nahar edib.

Bu qəbildən canlı təmaslar sözsüz ki, əsgər heyəti ilə komandanlıq arasında səmimi münasibətlərin, əsgərimizin mənəvi ruhunun möhkəmlənməsində az rol oynamır. Daima ordu rəhbərliyinin diqqətini görən Azərbaycan əsgəri özünü daha güvəndə hiss edir və potensialını daha rahat şəkildə işğalçıya qarşı yönəldir.

*****

Ermənistan isə Azərbaycan torpaqlarının işğalı azmış kimi, üstəlik, İkinci Dünya müharibəsi zamanı faşistlərin əlaltısı olmuş ermənilərlə qürur duyur. Necə deyərlər, indiki erməni faşistləri 40-cı illərdə alman işğalçılarına qulluq eləmiş erməni faşistlərinə sahib çıxır. Qaregin Njde kimi erməni faşistlərinin adlarını əbədiləşdirir, İrəvanda hətta onlara abidə ucaldır.

“Yeni Müsavat” xəbər verir ki, bu kimi hərəkətlər, gözlənildiyi kimi, Ermənistanın müttəfiqi, daha doğrusu, ağası Rusiyanı da qəzəbləndirib. Bu günlərdə Rusiya Dövlət Dumasında keçirilən müzakirələrdə ermənilərin bu hərəkəti növbəti dəfə sərt şəkildə qınanıb, abidənin sökülməsi üçün imza toplama kampaniyasına başlandığı bildirilib. Kampaniyanın təşəbbüsçüsü, politoloq Sergey Markovun sözlərinə görə, Change.org saytında petisiyaya artıq 200 min adam imza atıb.

Njdenin qəhrəmana çevrilməsi əslində Ermənistanın Rusiyaya “əlcək atmasıdır” və yəqin ki, Moskva İrəvanla münasibətlərdə bunu heç vaxt unutmayacaq - ta abidə sökülənədək. Görünür, elə bu üzdən Ermənistanda Rusiya ilə bağlı daha bir narahatlıq baş qaldırıb.

Düzdür, erməni şərhiçilərdən biri - Aram Amatuni 1 in.am saytındakı məqaləsində Markovu azərbaycanlı ekspert kimi qələmə verərək, Ermənistanı bir növ, təmizə çıxarmağa çalışıb, məsələnin bu həddə çatmasında “Markovu ələ alan” Azərbaycanı ittiham edib. Ancaq əbəs yerə. Çünki ardınca onun özü də etiraf edir ki, Njdeyə abidə qoyulmasına Sergey Markovdan öncə Rusiya XİN-i, konkret olaraq XİN-in mətbuat katibi Mariya Zaxarova da sərt şəkildə etiraz bildirib. Daha sonra isə Rusiya Müdafiə Nazirliyinə məxsus “Zvezda” telekanalı məsələni sərt tənqidi tonda gündəmə gətirmişdi.

Odur ki, erməni təbliğat maşını, rus demiş, “yaş dəsmalı ağrıyan başdan ağrımayan başa bağlamasın”. Yalanlarla yaşamağa adət eləmiş ermənilər Sergey Markova qara yaxmaqdansa, yaxşı olar ki, öz gözlərindəki tirə diqqət yetirsinlər. Belədə daha məntiqli olar.

Ədalətli olmağa isə hələ çox var və bu, təkcə, faşist Njdenin abidəsinin sökülməsi ilə gerçəkləşməyəcək. Gərəkdir ki, ən azından Xocalıda soyqırıma, bəşəriyyət əleyhinə cinayətlərə imza atmış müasir erməni faşistləri də hakimiyyətdən getsin, Beynəlxalq Məhkəmə (Haaqa Tribunalı) qarşısında dayansınlar. Erməni işğalçı qüvvələrinin, faşist işğalçı ordusu kimi zəbt elədiyi ərazilərdən könüllü çəkilib getməsi də öz yerində. Əks halda, Azərbaycan əsgəri bunu zor gücünə edəcək. Gec, ya tez.

*****

Müasir döyüş sistemləri ilə təchiz olunmuş və ilbəil öz döyüş bacarığını artıran ordumuzun bu missiyanı yerinə yetirməsi üçün imkanları kifayətdir. Yetər ki, işğalçı Ermənistanın arxasında güclü havadarları dayanmaya. Elə günün paradokslarından biri də həmin havadarlardan birinin - Rusiyanın Azərbaycana da silah-sursat verməsidir. Sözsüz ki, Moskva bunu havayı eləmir, bizə silahları dünya bazarları qiymətinə satır. Ancaq öz işğal ortağını da unutmur.

Diqqət çəkən məqamlardan biri isə ABŞ-ın Rusiyanın hərbi-sənaye kompleksi ilə əlaqəli şirkətlərə qarşı da sanksiyalar tətbiq eləməyə başlamasıdır. Yeri gəlmişkən, sanksiyaların Bakı ilə Moskva arasında silah ticarətinə neqativ təsir göstərəcəyini söyləyənlər də var, əksini düşünənlər də.

“ABŞ Rusiya silahlarının Azərbaycana təchizatına göz yumur, çünki Vaşinqton Bakıya regionda özünün strateji tərəfdaşı kimi baxır”. Bunu ABŞ-ın Rusiya müdafiə sektoru müəssisələri ilə sövdələşmələrə görə dünyanın istənilən ölkəsinin fiziki və hüquqi şəxslərinə sanksiyalar tətbiq ediləcəyinə dair qərarını şərh edən Rusiyanın Hərbi Proqnozlaşdırma Mərkəzinin rəhbəri Anatoli Tsıqanyuk deyib (Virtualaz.org).

Ekspert hesab edir ki, Amerika Azərbaycanın hərbi potensialının zəifləməsində maraqlı deyil. “Ermənistana münasibətdə isə, Rusiyanın müttəfiqi kimi, sanksiyaların tətbiqi tamamilə mümkündür. Amerikalılara bu regionda daim gərginlik lazımdır və hər şey edəcəklər ki, ölkələr arasında balans pozulmasın. Bir tərəfdən, ABŞ Rusiya silahlarının Azərbaycana təchizatı ilə bağlı susacaq, digər tərəfdən, bu yolla Ermənistanı cəzalandıracaq. Lakin yaddan çıxarmaq olmaz ki, ermənilərin ABŞ-da güclü diasporu var və onlar bu sanksiyalardan yan keçməyin yollarını tapacaqlar. Bundan başqa, Bakı kimi İrəvan da Rusiya silahlarını üçüncü ölkələr vasitəsilə əldə edə bilər”, - deyə rusiyalı hərbi ekspert qeyd edib. Hərçənd acından ölən işğalçı ölkənin dünya bazarı qiymətinə silahı üçüncü ölkədən necə əldə edəcəyinə o aydınlıq gətirməyib.

“Bir sözlə, nə Azərbaycan, nə də Ermənistan Rusiya silahlarının çatışmazlığını hiss etməyəcəklər. Amma türklərin işi çətin olacaq, çünki ABŞ əvvəlcədən Rusiya silahlarının Türkiyəyə təchizatının əleyhinə idi və S-400 komplekslərinin bu ölkəyə çatdırılması çətinəşəcək. Lakin heç bir sanksiyaya baxmayaraq, Rusiya dünyanın ən böyük silah təchizatçılarından biri olaraq qalır və qalacaq” - Tsıqanyuk əlavə edib.

Öz tərəfimizdən əlavə edək ki, əslində Azərbaycana Rusiya silahlarından daha çox, onun Qarabağdakı hərbi əməliyyatlar zamanı bitərəf qalması qat-qat çox vacibdir. Ona kimi isə işğalçıya qarşı üzücü “sürünən müharibə” taktikası davam edəcək...

musavat.com


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: Azerbaycan, axtarir, narazidir, ise, ermeniler, Moskva, , izi, GELShME
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

21-02-2018

BÜTÜN XƏBƏRLƏR

Sunayla Hüquqdan Danış

[email protected]


/sunayla_huquq_danish/

GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ