SON DƏQİQƏ
XalqXeber.Az » Siyasət » Əli Həsənovdan Azərbaycanı hədəfə alanlara ciddi mesajlar

Əli Həsənovdan Azərbaycanı hədəfə alanlara ciddi mesajlar

Tarix:

31-01-2018, 09:13

/ 1 153 dəfə oxundu.
Əli Həsənovdan Azərbaycanı hədəfə alanlara ciddi mesajlar

Jurnalistlər üçün tikilmiş yeni mənzillərin açarları sahiblərinə təqdim olundu; Əli Həsənov: “Biz bilirik ki, yazılı mediaya yardım göstərməsək, onlar fəaliyyətini dayandıracaq”
Yanvarın 30-da media nümayəndələri üçün inşa olunmuş ikinci binadakı mənzillərin açarlarının sahiblərinə təqdim olunması mərasimi keçirilib. Beynəlxalq Mətbuat Mərkəzindəki mərasimdə çıxış edən Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli binanın artıq istismara qəbul edildiyini söyləyib.
Birinci bina ilə müqayisədə ikinci binada jurnalistlərə mənzillərin açarlarının verilməsinin gecikməsinə toxunan V. Səfərli deyib ki, istismar aktı olmadan binada yaşayışın olması mümkün deyildi: “Bu gündən binada yaşamaq mümkün olacaq. İşıq, su mənzillərin sahiblərinin adınadır, yalnız qaz kartları binanın tikintisini aparan şirkətin adınadır. Jurnalistlər özləri ”Asan kommunal"da qaz kartlarını öz adlarına keçirə bilərlər".
Jurnalistlərə mənzillərin açarlarının təqdim olunmasını mühüm hadisə kimi dəyərləndirən Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov bu mühüm hadisəyə qarşı çıxanların iddialarını cavablandırıb: “Çox təəssüf ki, bəziləri qəbahətə yol verərək bildirirlər ki, Azərbaycanda media siyasəti iflasa uğrayıb. Məgər öz ölkənin vətəndaşlarını dövlətin daxilində və xaricində baş verən hadisələrlə tanış etmək istiqamətində fəaliyyət göstərən jurnalistlərə qayğı göstərmək, onların maddi-mənəvi problemlərinin həllinə yardım etmək bu qədər mənfi haldır ki, bunu dövlətin informasiya siyasətinin iflası kimi dəyərləndirirlər? Azərbaycan dövlətinin jurnalistlərə yönəlmiş humanist siyasəti deyil, illərdir ki, milyonlarla valyuta xərcləyib Azərbaycan mediasını öz təsiri altına salmaq istəyən dairələrin siyasəti iflasa uğrayıb”.
Ə. Həsənov bildirib ki, bu gün qrant mediasının məşhur nümayəndələri Avropanın ayrı-ayrı mərkəzlərində toplaşaraq “No-TAP” aksiyaları həyata keçirmək istəyirlər: “Qrant siyasətini həyata keçirənlərin Azərbaycanda formalaşdırdıqları jurnalistlər bunlardır. Azərbaycan mediasının təməli sağlam qoyulub. Media ilk növbədə insanları informasiya ilə təmin etməli, maarifləndirməlidir, vətənpərvərlik aşılamalıdır. Azərbaycanda media siyasəti iflasa uğrayıb deyənlər baxsınlar ki, medianın üzərində nəzarəti həyata keçirən inzibati orqan varmı? Azərbaycanda jurnalistlərin özünütənzimləmə orqanı olan Mətbuat Şurası formalaşıb. Azərbaycan dövlətinin təklif etdiyi mənzili jurnalistlər ala da, almaya da bilər. Prezidentin media siyasətindən hansı jurnalist müstəqilliyini itirib? Əksinə, qrant siyasəti üzərində media formalaşdırmaq istəyənlər bunu təlqin edirlər. Biz bilirik ki, yazılı mediaya yardım göstərməsək, onlar fəaliyyətini dayandıracaq. Xarici agentlərin otaqlarda ayırdığı qrantlarla prezident İlham Əliyevin mediaya ayırdığı yardımların fərqi məlumdur. Qrant mediasının nümayəndələri TAP, TANAP-a qarşı çıxır, ancaq bu layihələr Azərbaycanın strateji maraqları ilə bağlıdır. O insanlar Azərbaycan cəmiyyətindən hansı təpkiləri alacaqlarını gözləri qarşısına gətirsinlər”.
Ə.Həsənov əlavə edib ki, dövlətin strateji maraqlarına qarşı çıxış edənlər Azərbaycan cəmiyyətindən hansı təpkiləri alacaqlarını gözlərinin önünə gətirməlidirlər: “Yad ölkələrin parlamentləri qarşısında yad ifadələrlə çıxış edəndə bilsinlər ki, Azərbaycanda xalq və media dövlət siyasətini dəstəkləyir”. Dövlət rəsmisi xüsusi vurğulayıb ki, Azərbaycan təzyiq dilinə dözmür və yerli KİV-ə xaricdən nəzarət olunmasına imkan verməyəcək. Ə.Həsənov prezidentin bu günlərdə Davosda çıxışını xatırladıb. “Prezident bildirdi: kim hesab edirsə ki, Azərbaycanda söz, mətbuat, siyasi fəaliyyət azadlığı, digər vətəndaş hüquqları, ictimai normalar pozulur, buyursun, biz onlarla açıq dialoqa hazırıq. Belə iddiaların heç bir əsası yoxdur. 2008-ci ildə Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu yaradıldı və Azərbaycan dövlətinin mediaya yardımları şəffaflaşdırıldı, sistemləşdirildi, bir konseptual platforma üzərində quruldu. Fondun kimə və nəyə yardım göstərdiyi şəffaf şəkildə cəmiyyətə bəyan olunur. Cəmiyyətə şəffaf şəkildə bəyan olunan siyasət yaxşıdır, yoxsa gizli şəkildə, kabinetlərdə bir-iki xarici agentlə birlikdə ayrılmış qrantlar? Belə gizli qrantların və dövlətin şəffaf yardımının fərqini hamı yaxşı bilir, əlavə izah verməyə ehtiyac yoxdur. Odur ki, biz Azərbaycan dövlətinin, prezident İlham Əliyevin yürütdüyü informasiya, media, siyasi plüralizm siyasətini dövlətimizin uğurlarından biri kimi dəyərləndirir və bu siyasətə qarşı yönəlmiş ittihamları qəbul etmirik”.
2018-ci ildə çox böyük tarixi hadisənin - Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin qeyd olunacağını bildirən Ə. Həsənov jurnalistlərin Azərbaycan prezidentinin dostları olduqlarını və seçkilərdə prezident İlham Əliyevi dəstəkləyəcəklərinə əmin olduqlarını da bəyan edib.

Bundan sonra mənzillərin açarları jurnalistlərə təqdim edilib.

Qeyd edək ki, mənzil sahibi olan 256 media mənsubu sırasında “Yeni Müsavat”ın əməkdaşları da var.

“Yeni Musavat”

Şərhlər

XƏBƏR LENTİ