SON DƏQİQƏ
XalqXeber.Az » Siyasət » Postsovet ölkələrinin iflasa uğrayan inqilab eyforiyası - TƏHLİL

Postsovet ölkələrinin iflasa uğrayan inqilab eyforiyası - TƏHLİL

Tarix:

26-01-2018, 10:11

/ 1 233 dəfə oxundu.
Postsovet ölkələrinin iflasa uğrayan inqilab eyforiyası - TƏHLİL

Bir vaxtlar "qızılgül” "məxməri” inqilabları ilə fəxr edib öyüyən bir sıra postsovet ölkələrində, konkret olaraq Ukrayna və Gürcüstanda bu müddət ərzində çox şey dəyişib. 2000-ci illərin əvvəlində insanlar hakimiyyəti dəyişəndə, elə bilirdilər ki, dərhal sosial vəziyyətləri yaxşılaşacaq, Avropa ailəsinə sürətlə inteqrasiya olunacaqlar. Lakin bunların heç biri hələ də baş verməyib. Konkret Ukrayna ilə bağlı vəziyyət necədir? Ölkə ərazisinin böyük bir hissəsini itirib, sosial vəziyyət ağırlaşıb. Avropa ailəsinə üzvlük arzusu baş verməyib. Əhali artıq "Maydan” hərəkatlarına, aksiyalara etinasız yanaşır. Keçirilən rəy sorğuları da bunu deməyə əsas verir. Əhali inqilabi çağırışlar və kütləvi etiraz aksiyalarından bezdiyini, daha çox sosial vəziyyətlərinin günbəgün ağırlaşmasından narahatdırlar. Məsələn, Ukraynada keçirilən rəy sorğularının nəticələri göstərir ki, əhalinin böyük əksəriyyəti ölkədən neçə çıxıb getməyin yollarını arayır. "Demokratik Təşəbbüslər Fondu, "Research & Branding Group” və Razumkov Mərkəzi tərəfindən keçirilən sorğu zamanı bəlli olub ki, vətəndaşların üçdə biri ölkədən birdəfəlik çıxıb getmək arzusundadırlar. Əsasən də yaşı 35-ə qədər olanlar arasında miqrant əhval-ruhiyyə güclüdür. Miqrasiya əhval-ruhiyyəsinin güclü olmasının əsas səbəbi ukraynalıların öz həyat şəraitlərini yaxşılaşdırmaq istəyi ilə bağlıdır. Bu fikirdə olanlar 64 faizdir, 34 faiz uşaqların gələcəyi naminə bu addımı atmaq istəyirlər. Almaniya (37), Polşa (26), ABŞ (22), Kanada (21), Çexiya (16), İtaliya (15) və Böyük Britaniyaya (14) getmək istəyənlər çoxluq təşkil edir. Rusiyaya getmək istəyənlər isə 5 faiz təşkil edib.

Postsovet məkanının başqa bir ölkəsi Gürcüstanda da analoji vəziyyətdir. ABŞ-ın Milli Demokratiya İnstitutunun keçirdiyi sorğunun nəticələrinə görə, respondentlərin 39 faizi hesab edir ki, ölkə düzgün yolla inkişaf etmir. 32 faiz bu qənaətdədir ki, Gürcüstan ümumiyyətlə dəyişmir. Sorğuya görə, insanları narahat edən əsas problemlər iş yerləri, inflyasiya, yoxsulluq, pensiya, tibbi xidmətlər, ərazi bütövlüyü və əmək haqqıdır. Hökumətin Avropa İttifaqına üzvlüklə bağlı bəyanatını dəstəkləyənlərin sayı 77-dən 72-yə enib. Bundan əlavə, ölkənin NATO-ya üzvlüyünü dəstəkləyənlərin də sayı azalıb. Cəmi 26 faiz ölkənin Şimali Atlantika Alyansına üzvlüyünü dəstəkləyir. Rəyi soruşulanların 53 faizi hakim "Gürcü arzusu” partiyasının fəaliyyətini müsbət qiymətləndiriblər, 32 faiz pisləyib, 13 faiz isə bitərəf qalıb. Əvəzində isə maraqlı bir tendensiya formalaşır - Rusiya ilə münaqişəyə girmək istəyənlərin sayı azalmağa doğru gedir. Məsələn, nüfuzlu "The Economist” nəşri yazır ki, paytaxt küçələrində rusca yazıların sayı artmağa başlayıb. Divarlarda hətta kiril əlifbası ilə də yazılar görmək olur. 2008-ci il müharibəsindən sonra Rusiya turistləri Gürcüstandan aralı durmağa çalışırdılar. Amma indi qayıdıblar və dilləri də qayıdıb. Məqalədə deyilir ki, Gürcüstan siyasətçilərinin yeni nəsli Rusiya ilə münasibətlərdə çox praqmatikdirlər.

İki ölkə arasında diplomatik münasibətlər olmasa da, bəzi rəsmilər müntəzəm görüşərək, ikitərəfli danışıqlarda olurlar. Bu danışıqların mövzusu praktikdir: ticarətin, səyahətin və nəqliyyatın asanlaşdırılması barədə. Gürcülər ümid edirlər ki, daha yumşaq ritorika, habelə daha yaxşı nəqliyyat və ticarət bağları sərhəd mübahisələrinin həlli üçün münasib ab-havanı yaradacaq. Lakin Gürcüstanın barışdırıcı yanaşması Rusiya tərəfindən eyni şəkildə qarşılanmır. Əksinə, Abxaziya və Cənubi Osetiya daha çox Rusiya infrastrukturlarına inteqrasiya edilir. Sərhəd bağlıdır və ötən il Rusiya bu sərhədləri bir az da Gürcüstan ərazisinə itələyib. Bəziləri deyirlər ki, İvanişvili "Gürcü arzusu” siyasilərinə geniş hərəkət imkanı verir. Əgər belədirsə, deməli ölkə yeni bir fazaya daxil ola bilər. Bu gün Gürcüstan hökumətinin əhalini birləşdirən ideologiyası yoxdur. Gürcüstan Rusiya ilə çətin münasibətlər şəraitində adamları Avropa İttifaqına lazım olan islahatların gərəkliyinə inandırmağa çalışır və bunu gələcəyə müəyyən baxışla edir. Bu cəhət Saakaşvilidə daha güclü idi. "O dəli və yaradıcı bir adam idi” – deyə sabiq XİN rəhbəri Salome Zurabişvili qəzetə bildirib. "Gürcüstanın indi dəliyə ehtiyacı yoxdur, amma bir az yaradıcılığa ehtiyacı var”, - deyə qəzet məqaləni bu fikirlərlə bitirib.

kaspi.az

Şərhlər

XƏBƏR LENTİ