SON DƏQİQƏ
XalqXeber.Az » Siyasət » Prezident:“Tərəfdaşlarımız bilir ki, bizim sözümüzlə imzamız uyğun gəlir“

Prezident:“Tərəfdaşlarımız bilir ki, bizim sözümüzlə imzamız uyğun gəlir“

Tarix:

17-02-2017, 23:27

/ 1 221 dəfə oxundu.
Prezident:“Tərəfdaşlarımız bilir ki, bizim sözümüzlə imzamız uyğun gəlir“

"Tərəfdaşlarımız bilir ki, bizim sözümüzlə imzamız uyğun gəlir və tərəfdaşlarımızı heç vaxt pis vəziyyətdə qoymarıq"

Bunu Azərbaycan Prezidenti İlham Əliyev Əl-Cəzirə televiziyasına müsahibəsində deyib.

Dövlətimizin başçısı qeyd edib ki, Azərbaycanın müstəqil olduğu bu 25 il uğurlu inkişaf illəri olub: "Ola bilsin ki, vəziyyətin çox çətin olduğu, vətəndaş müharibəsinin getdiyi ilk iki il istisna olmaqla, həmin illərdə iqtisadi çətinliklərimiz, çoxlu problemlərimiz var idi. Lakin 1993-cü ildə Heydər Əliyev Azərbaycan xalqı tərəfindən Prezident seçildikdən sonra vəziyyət dəyişdi. 1993-cü ildən etibarən biz əsl müstəqil ölkə kimi inkişaf etməyə başladıq. Biz çox iş görməli idik, çünki Azərbaycanın iqtisadi vəziyyəti çox ağır idi. Sənayemiz durğunluq içində idi, inflyasiya 1000 faizdən yuxarı idi, yoxsulluq hökm sürürdü, heç bir investisiya, vəsait yox idi, keçmiş Sovet İttifaqının bütün bazarları ilə ənənəvi əlaqələr kəsilmişdi. Üstəlik Ermənistanın təcavüzü, torpaqlarımızın işğalı, 1 milyon qaçqın və məcburi köçkün. Həmin dövrdə Azərbaycan çox çətin vəziyyətdə idi. Beləliklə, 1993-cü ildən etibarən hər ili uğurlu il hesab etmək olar. Bu gün biz beynəlxalq aləmdə hörmət olunan ölkəyik. Bir neçə il əvvəl biz BMT üzvlərinin mütləq əksəriyyəti, 155 ölkə tərəfindən BMT Təhlükəsizlik Şurasının üzvü seçildik. Bu, dünyanın Azərbaycana olan dəstəyinin və hörmətinin ən yüksək göstəricisi oldu. Biz iqtisadi cəhətdən sabit, müstəqilik. Biz müstəqil siyasət həyata keçiririk. Qonşularımızla çox yaxşı əlaqələrimiz var və düşünürük ki, dünya yalnız əməkdaşlıq və qarşılıqlı hörmət vasitəsilə və bir-birinin işlərinə qarışmamaq şərti ilə uğurla inkişaf edə bilər".

İlham Əliyev bildirib ki, müstəqillik illərində görülən işlər həqiqətən də çox mühümdür. Çünki bu gün Azərbaycan sabit, müasir, inkişaf edən ölkə kimi tanınır:

"Bizim istər siyasi, istərsə də iqtisadi inkişafla bağlı gələcək planlarımız çox aydındır və bu, ictimaiyyətə məlumdur. Biz inkişaf, müasirləşmə yolu il getməyə davam edəcəyik. Azərbaycanın davamlı inkişafı neft və qaza deyil, bilik, texnologiya, təhsil, qeyri-neft sektoruna əsaslanmalıdır. Biz regionun enerji və nəqliyyat xəritəsini tamamilə dəyişəcəyik ki, bu da öz növbəsində region xalqları üçün böyük imkanlar yaradacaq. Çünki bizim istər nəqliyyat, istərsə də enerji sahəsində təşəbbüskarı olduğumuz layihələr təkcə Azərbaycanda yox, bütün bu layihəyə cəlb olunmuş ölkələrdə minlərlə, on minlərlə iş yeri yaradır. Biz ənənəvi dəyərlərimizə, əcdadlarımızdan bizə miras qalan dəyərlərə sadiq olmağa davam edəcəyik. Budur bizim gücümüzün mənbəyi və biz ənənəvi dəyərlərimizi istənilən xarici müdaxilədən, qloballaşma vasitəsilə Azərbaycanın siyasi və ya iqtisadi inkişafına təsir etmək cəhdlərindən çox fəal şəkildə qoruyuruq. Biz kimliyimizi, müstəqilliyimizi qorumağa davam edəcəyik və rəyi hətta bu gün olduğundan da mühüm olan daha güclü ölkə quracağıq. Baxmayaraq deyə bilərəm ki, hətta bu gün regionumuzda Azərbaycanın iştirakı və ya razılığı olmadan heç bir layihə həyata keçirilə bilməz. Bu, təkcə coğrafi mövqeyə görə deyil. Düşünürəm ki, ən çox beynəlxalq birliyin hörmətli üzvü olduğumuza görədir. Tərəfdaşlarımız bilir ki, bizim sözümüzlə imzamız uyğun gəlir və biz tərəfdaşlarımızı heç vaxt pis vəziyyətdə qoymarıq. Bizimlə danışıqlar aparmaq o qədər də asan məsələ deyil, lakin biz razılaşırıqsa, bu, o deməkdir ki, bu, 100 faiz həyata keçiriləcək. Biz ləyaqətlə yaşayırıq. Biz ölkəmizlə fəxr edirik və gələcəkdə bu müsbət tendensiyaları daha da gücləndirmək istəyirik".

Şərhlər

XƏBƏR LENTİ