SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Diaspor rəhbərindən Prezidentə açıq məktub

Diaspor rəhbərindən Prezidentə açıq məktub

Tarix:

9-01-2018, 13:33

/ 2 020 dəfə oxundu.
Diaspor rəhbərindən Prezidentə açıq məktub

Dünya Azərbaycanlıları Assambleyasının (DAA) prezidenti Rəşad Quliyev Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə diaspor sahəsində mövcud olan problemlərlə bağlı açıq məktub ünvanlayıb. DAA rəhbəri məktubda dövlət başçısının diasporanın inkişafı, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında əvəzsiz rolu və yorulmaz fəaliyyətini yüksək qiymətləndirib. Rəşad Quliyev eyni zamanda hazırda diaspor sahəsində bir sıra problemlərin mövcud olduğunu Prezidentə çatdırmaqla dövlət başçısından həmin problemlərin həllinə yardımçı olmağı xahiş edib.

Dünya Azərbaycanlıları Assambleyasının (DAA) sədri Rəşad Quliyevin Azərbaycan Prezidentinə ünvanladığı məktubu təqdim edirik:

Azərbaycan Respublikası Prezidenti,
Zati – aliləri , Ali Baş Komandan Cənab İlham Əliyevə
Açıq və səmimi məktub
Yaxud durumumuz həyacan təbili çalır , cənab prezident!

Salam Cənab Prezident :

Necəsiniz ? Ümid edirəm yaxşısınız. Bizi soruşmalı olsanız şəxsi durumumuzdan şikayətimiz yoxdur, ancaq xaricdə təşkilatlanma işində problem var . Hətta alarm verir desəm yanılmaram. Müraciətimi SIZƏ elektron formada da göndərirəm. Məktubun SIZƏ çatdırılmama ehtimalını nəzərə aldığımdan bir neçə variantla bu məktubu sizə çatdırmağa çalışacağam. Şikayət edənlər çoxdur, amma deməyə , yazmağa cürət hər kəsdə yoxdur təəssüff ki. Çünki tədbirlərə pulsuz səyahət imkanlarından məhrum olacaqlarından ehtiyat edirlər. Şəxsimi belə məsələlər narahat etmir. Ona görə də hər hansı tədbirə dəvət olunmamağımı problem olaraq görmürəm, amma problemi dilə gətirməyi özümə vətəndaşlıq borcu hesab edirəm. Ölçü gətirib qərar vermək SİZİN ixtiyarınızda olan məsələdir.
2018-in ilk günlərində problemlərlə, şikayət məktubumla SİZİ narahat etmək istəməzdim, könül istərdi ki, əldə etdiyimiz zəfərlə bağlı SIZƏ xoş xəbər yazım, amma nə etməli ?! Görünür zamanında desəydik, çıxış yolunu əminəm ki, tapardınız. Adətən insan bucür addımları vəziyyət alarm verəndə atmağa məcbur olur. Durum yaxşı deyil və hətta ağırdır. Keçirdiyiniz görüşlərdə vətəndaşlara müraciətinizdən eşitmişəm: “Problem varsa, birbaşa mənə bildirin”.
Problem var. Özü də ciddi və ağır . Verdiyiniz sərəncamlarda , atdığınız addımlarda , təbrik mesajlarınızda dünya azərbaycanlılarını unutmursuz. Buna görə həm öz adımdan, həm də dünyanın 30-a yaxın ölkəsində təmsilçisi olan təşkilat rəhbəri olaraq SIZƏ təşəkkür edirəm.
Bu yaxınlarda dünya azərbaycanlılarının həmrəylik günü ilə əlaqədar bir sıra şəxslərə " TƏRƏQQİ" medalı vermənizlə bağlı siyahını oxudum. Siyahını görüncə dəhşət məni bürüdü , sözün bitdiyi yerdə gəldiyini gördüm. Əlbətdə ki, burada SIZƏ düşən təyin etdiyiniz, bu işə məsul olan şəxslərin tərtib etdikləri siyhıya güvənməkdir. Axı SIZ onları təyin edərkən həm xalqın, həm SIZIN qarşınızda məsuliyyətli olmaq tapşırığını qarşılarına konkret olaraq 1-ci vəzifə kimi qoyursunuz. Əminəm ki, biriləri yenə məsələni konteksdən çıxararaq SIZƏ yalnış çatdırmağa çalışacaqlar, yenə bunu mənim şəxsimin mükafatlanmamağımla əlaqələndircəklər, ancaq əmin olun ki, səmimi şəkildə problemi ortaya qoyuram və burada söhbət mənim şəxsi mükafat alıb almağımdan getmir. 16 ildir bu ictimai işin birbaşa içindəyəm. Heç zaman mükafat, ödül, medal, maddiyyat, birbaşa amalım olmayıb. Ancaq bir neçə şəxsi çıxmaqla siyahı düşdüyümüz bu təəssüffedici duruma yaxşı güzgü hesab etmək olar. Şəxsi münasibətlər çərçivəsində , kimlərsə mötəbər tədbirlərə dəvət olunur , mükafat siyahısına salınır, ancaq illərini , maddi imkanlarını , enerjilərini bu işlərə sərf edənlər unudulur. Düşünmürəm ki, bunlar təsadüfdür. Əminəm ki , məsələnin dərinliyində başqa məsələlər var.
Siyahını gördükdən sonra "etiraz etmirəm üsyan edirəm" yazısını yazdım. Dünyanın müxtəlif ölkələrindən Amerika, Kanada, İsrail, Rusiya, Ukraynadan zənglər , mesajlar, məktublar aldım. Vəziyyət düşündüyümdən də ağır imiş. Durum o həddə çatıb ki, artıq duruma nəzarət etmək funksiyasını təmin etmək mümkünsüz hala çatıb. Xaricdəki təşkilatlar arasında nəinki koordinasiya var, hətta eyni şəhərdəki təşkilatlarımız münaqişəli vəziyyətdədir. Belə yerdə isə yəqin SIZ də razılaşarsınız ki, birgə və koordinasiylı fəaliyyətdən danışmaq artıq rəvayətdir. Hər il mükafatlanacaq şəxslərin siyahısını tərtib etmək imkanı məndə olsa idi, hətta adım o siyahıya yazılsa belə oradan öz adımı çıxarmağa hazır olardım ki, dəyərli insanlar, haqq edən insanlar öz layiqli mükafatlarından məhrum olmasınlar. Çünki biz xaricdə təkcə işğalçı ordunun müdafiəçiləri ilə mübarizə aparmırıq. O cümlədən, sapı öz içimizdən olan baltalarla, hümbətovçu , sadvalçı xəyanətkarlarla da mücadilə aparmalı oluruq. Bakıda deyilik, Avropada bu kimi adamların hər cür təzyiq , təhdidləri ilə, üz üzəyik. Dövlətimizin beynəlxalq imicinin korlanması üçün gecə gündüz mübarizə aparanlarla qarşı-qarşıyayıq. Bunlar bizlərə əlaqədə olduqları media orqanlarında , təhdid, şantaj, şər və böhtan yağdırdılar. O zaman da, yenə qarşılarında biz var idik. Biriləri Azərbaycan səfirliklərinin önünə insan toplayıb ölkəmizə qarşı qara piar aparanda , meydanda yenə dövlətinə sadiq adamlar, bizlər var idik. Bunların hücumu bizi qorxutmaz , çəkindirməz amma işləyən, meydanda olan insanları diqqətdən kənarda qoymaları, bizləri ciddi narahat edir.
Bu şəxsi ədavət, mükafat davası deyil. Bu günə qədər şəxs olaraq Komitə rəhbliyində təmsil olunanlarla şəxsi zəmində heç bir zaman problem yaşamamışam. Yazdıqlarım problemin hayqırışıdı. Mən içi dolu olub, lakin problemi nələrsə xatirinə deyə bilməyən insanların etiraz səsiyəm. Çox susdum, danışdım, barış əlimi uzatdım, danışdıq, aramızda çözməyə çalışdıq. İllərlə etməyin eləməyin dedik . Bütün bu edilənlər dövlətimiz üçün zərərlidir dedik. Yenə faydası olmadı. Bu səbr daşması bir yerdə olmalıydı. Oldu da. Müstəqil addım atıb ölkəmizi müdafiə ilə addım atmaq istəyirik, yazılan, göndərilən təşəbbüslərimiz geri çevrilir, təkliflərimiz nəzərə alınmır, irəli sürülən layihələr aylarla şöbələrin masalarında, bəlkə də hətta şkaflarında yatır. Baxdıq ki, hər yerdə parçalanmalar, dedi-qodu, problemlər var. Real işləyən beynəlxalq qurumumuz yoxdur. Dövlətini sevən insanları topladıq beynəlxalq birlik, yəni Dünya Azərbaycanlıları Assambleyasını yaratdıq. Təsis etdiyimiz təşkilatın adını bəyənmədilər. Niyə dostlar dedik? Bu adda nəyi bəyənmədiniz ? Biz isə cavabımızda dünya azərbaycanlıları məsələsi sizin şəxsi özəlləşdirilmiş malınız deyil ki. bizə bunun düzgün olub-olmadığını deyəsiz. Özünüz iş görən deyilsiz və ya bacarmırsız və ya istərmirsiz. Anladıq. Yoldan çəkilin, icazə verin heç olmazsa öz cibimizin pulu ilə biz işləyək. Bir yerlərdə işləyib, min zəhmətlə qazandığımızı bu işlərə sərf edirik.
Açıqlanmamış həqiqəti ilk dəfə məhz SIZƏ açıqlamaq istəyirəm. Dünya Azərbaycanlıları Köln Forumu təşkil etdik. Siyahını tərtib edib birilərinə verdik, gedib bunlara da çatdırıblar, gələcək qonaqlarımızın qarşısını aldılar. Zəng edib bir-bir rica etdilər, təzyiq etdilər. Amandır getəməyin , nəymiş dünya azərbaycanlıları sözü komitənin balansındaymış deyilənlərə görə. Soruşduq cənablar nə baş verir? İndiyə qədər hansı layihə, ideyamızı dəstəkləmisiniz, bu ideyamızın da dəstəkləyəcəyinizə əmin olaq? Və bir də hansı tədbirə mane oldular? O tədbirə ki, tədbirin sonunda 18 ölkədən gələn 170-yə yaxın nümayəndənin birmənalı razılığı ilə SIZƏ dəstək müraciəti qəbul olundu. Düşündürücü deyilmi SIZCƏ?
Bu günə qədər Avropada, dünyada Azərbaycan məsələsində fəallıq edən şəxslər olaraq, sifarişlərlə müəyyən adamların saytlarında təhqir olunduq, böhtana məruz qaldıq (məhkəmə qərarı yoxdursa bu böhtandır) o zaman Komitə rəsmi struktur olaraq meydana çıxıb bizi rəsmi müdafiə etməliydi. Bu iş birbaşa onların işi və vəzifə borcu idi. İşləri düşdüyündə min dillə bizə müraciət edib, bizdən dəstək istəyənlər, zəhmət çəkib bizi o media orqanlarına təqdim etməliydilər. Bizim tanıdığımız insanlar, xalqına, dövlətinə bağlı bu adamlar belə olmaz demədilər. Özümüzü müdafiə zamanı da meydanda tək buraxıldıq.
Dünya Azərbaycanlılar Assambleyası adına yenidən dönməli oluram. Çünki xüsusi düzəlişim olacaq.Diaspora Komitəsinin nə Əsasnaməsində, nə də fəaliyyət proqramında qeyd olunmayıb ki, Diaspora Komitəsi xaricdəki təşkilatlarına ad seçimi il bağlı hər hansı müdaxilə edə bilər və ya irad bildirə bilər, ad seçimi qərarının xaricdə yaşayan soydaşlarımızın müstəqil seçim hüququ olduğunu, Komitədə təmsil olunan bəzi milli ruhdan uzaq insanlar, savadsız və səriştəsizlər anlamalıdırlar. Təşkilatlar ad seçərkən müstəqildirlər.
Digər tərəfdən, Komitə hesab edir ki, hər hansı bir təşkilat yaranarkən onlarla məsləhətləşməlidirlər. Guya belə olarkən təşkilatların fəaliyyət imkanları genişlənəcəkdir, ancaq bütün bunlar boş vədlərdən başqa bir şey deyil. Tarixə kiçik bir səyahət edəcəm. Ümumrusiya Azərbaycanlıları Konqresi , Ümumukrayna Azərbaycanlıları, Yaxın Şərq Azərbaycanlıları Konqresi, İsveç Azərbaycanlıları Konqresi , Avropa Azərbaycanlıları Konqresi, Dünya Azərbaycanlıları Gənclər Birliyini məhz komitə yaratmışdı və təşkilatlar ya bağlanıb, ya küsdürülüb, ya laqeyidsizlikdən fəaliyyətlərinə ara verib.
Amerikada, daha başqa ölkələrdə yaradılan bu tip təşkilatlar məhz Komitənin tövsiyəsi ilə yaradılmışdı. Nəticələr isə göz önündə. Ya ləğv olunub, ya parçalanıb, ya da de-yure olmasa da de-fakto fəaliyyətləri yoxdur. Ya da laqeyidsizlikdən və formal xarakterli olduqlarından demək olar ki , yoxdurlar. Sadaladığım bu təşkilatların hər birisində təmsil olunanlar bizim dostlarımızdır, vətənpərvərliklərinə zərrə qədər şübhə etmədiyimiz insanlardı. Ancaq böyük vədlərlə yaradılan təşkilatların sərbəst fəaliyyətlərinə imkan verilməlidir, dəstək olunmalıdır.
Rəsmi məlumatlara görə 31 ölkədəki 113 cəmiyyəti özündə birləşdirən Avropa Azərbaycanlıları kimi özündə ehtiva edən təşkilatın kiçik də olsa mərkəzi yox idi. Diaspora Komitəsi özünün təşəbbüsü ilə yaratdığı təşkilatlara sahib çıxmır, ona görə də bizlərə boşuna ümid etmək düşməzdi. Bir vaxtlar yaradılan təşkilat, tarixi ciddi fəaliyyətlərlə zəngin olan DAK da elə Komitənin laqeyid münasibəti və komitədəki bəzi şəxslərin "ciddi əməyi ilə" ilə dünya azərbaycanlılarının ilk müstəqil, beynəlxalq ictimai təşkilatı parçalandı və nəticəsi göz önündə. Bəzi ölkələrdə eyni adlı alternativ təşkilatlar yaradaraq ordakı qurumları da parçalayıb, "parçala hökm sür" siyasətləri ilə idarə ediblər. Bu adamlar öz yaratdıqları qurumlara belə nəzarət edə, onu gücləndirə bilmirlər. Diasporanın güclü olduğunu SIZƏ çatdırırlar. Maddi qarşılıqla Xocalı faicəsi anım mitinqinə insan toplamaq nə vaxtdan gücdən xəbər verib?
Ötən aya qədər Avropanın siyasi mərkəzi Brüsseldə Azərbaycan adına təşkilatın mərkəzi yox idi. Mən SIZƏ hələ ATƏT kimi beynəlxalq təşkilatın mərkəzi olan Avstriyanın Vyana şəhərindən , 180 beynəlxalq təşkilatın mərkəzi, BMT-nin mənzil qərargahı yerləşən İsçveçrədən danışmiıram. Mən SIZƏ hələ ümumilli lider Heydər Əliyevin doğum gününə həsr ediləcək tədbirlərə yazılıb, amma ünvana çatdırılmayan xərclərdən danışmıram. Belə misallar yüzlərlədir. Yüzlərcə səhifə yazmaq olar , Dərd, problem , çətinlik yüzlərlədir. Düşmən qarşısında tanka qarşı yabayla duran əsgərlərik. ancaq arada bir qorxutmağa çalışırıq. Ad filan bəhanədir, Sual edirəm. Alman Azərbaycan Mədəniyyət Mərkəzi kimlərə mane olurdu? İki il yarım azərbaycanlı iş adamı Ağa Ağayevin dəstəyi ilə Almaniyanın Köln şəhərində Alman Azərbaycan Mədəniyyət Evi açıldı və şəxsi imkanlar hesabına saxlanan, qürbətdəki soydaşlarımızın ümid və toplanma mərkəzi olan yer laqeyidsizlikdən bağlandı. O mərkəz bağlandı ki, həmyerlilərimizin övladları orada tar, saz , milli musiqi alətlərindən dərs alırdılar, o təşkilat ki, bir ildə bir-bir saymayacam, amma 100-ə yaxın tədbirlər keçirmişdi, bir dəfə də olsun dövlətdən yardım alınmadan. Bir dəfə də olsun Diaspora Komitəsi əməkdaşları maraqlanmadılar. Gəlib ziyarət etmədilər. Amerika – Azərbaycan Cəmiyyətinin sədri şöhrət ordenli illərini bu prosesə vermiş Tomris Azəri hardadır? Danimarka Azərbaycan Evi, Norveçdə fəaliyyət göstərən Oslo Azərbaycan Evi, Strasburq Azərbaycan Evi fəaliyyətini diqqətsizlik və laqeyidsizlikdən dayandırmağa məcbur olan, adlarını çəkmədiyim yüzlərlə təşkilat və cəmiyyətlər vardır.
Amerika Azərbaycan Cəmiyyətinin fəaliyyətinin üstündən xətt çəkənlər hansı məqsədlərə qulluq edirlər? Uzun illər İsraildə diasporamızın formalaşmasında əməyi olan, keçmiş Yaxın Şərq Azərbaycanlıları Konqresi Alexsander Şapiro Suliman hardadır ? Yaxud Ukraynada fəallığı ilə seçilən Ukrayna Birləşmiş Azərbaycan diasporasının rəhbəri Hikmət Cavadovun diqqətdən kənar olma səbəbi birmənalı olaraq Diaspora Komitəsinin fiaskoya uğradığının göstəricisidir. Bizim dost qazanmaq vaxtımızdır, küsdürülənlər bizdən gedir. Ümumi işimizə mənfi təsir göstərir. Bu adamlara laqeyid münasibətə görə , diasporamızda hərc mərclik, vahid mərkəzdən idarətməni təmin edə bilmədiklərinə görə bu şəxslərlə çox ciddi söhbət etmənizi , işlərində dəyişiklik etməyəcəkləri halda istefaya göndərilmələrini SIZDƏN xahiş edirəm.

Cənab Prezident:

Bir sözlə vətəini sevən, dövlətçiliyini müdafiə edən və SIZƏ simpatiyası olanlar küsdürülür, proseslərdən uzaqlaşdırılır. Bunu durdurmanızı rica edirəm. Buna son qoymağın zamanıdır. Əks halda sabah ölkəmizi müdafiə etməyə adam tapmaq mümkün olmayacaq.
Bir məsələni deməyi unutmaq və deməmək haqsızlıq olardı. Bu gün əgər diasporamız varsa o da , xaricdəki güclü və professional diplomatlarımızın hesabına formalaşmışdır.
Digər tərəfdən Heydər Əliyev Fondunun Prezidenti, Respublikamızın 1-ci vitse prezidentinin xaricdə həyata keçirilən tədbirlərini, gördükləri işləri alqışlayırıq və inanılmaz işlər gördüklərinin şahidiyik və buna görə də mənə belə gəlir ki, Komitə ləğv olunub səlahiyyətləri ya Xarici İşlər Nazirliyinə, 1ci vitse prezidentə, və ya Heydər Əliyev Fonduna həvalə edilsə əminəm ki, durum indikindən dəfələrlə yaxşı olacaq.
Mən bu məktubu yalnız öz adımdan deyil, dövlətindən küsdürülənlənlərin, Assambleyanın mərd , dəyanətli 17 nəfərlik İdarə Heyyətimiz və 30 ölkədə mövcud olan təmsilçilərimiz adından yazıram.
Yeni ilinizi təbrik edir, SIZLƏRƏ sevgi və hörmətlərimi göndərirəm.

Hörmətlə ,
Rəşad Quliyev
Dünya Azərbaycanlıları Assambleyası Prezidenti

P.S. Diaspor rəhbərinin məktubda ittiham etdiyi tərəfin də mövqeyini dərc etməyə hazırıq.

Newscenter.az

Şərhlər

XƏBƏR LENTİ