SON DƏQİQƏ
XalqXeber.Az » Siyasət » ABŞ və Rusiya qərargah rəislərinin Bakı görüşü - Azərbaycana güvənin göstəricisi

ABŞ və Rusiya qərargah rəislərinin Bakı görüşü - Azərbaycana güvənin göstəricisi

Tarix:

17-02-2017, 09:53

/ 1 534 dəfə oxundu.
ABŞ və Rusiya qərargah rəislərinin Bakı görüşü - Azərbaycana güvənin göstəricisi

Ötən gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ABŞ-ın Baş Qərargahlar rəisi general Cozef Danfordun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Görüşdə Azərbaycanla ABŞ arasında ikitərəfli münasibətlərin hərbi, siyasi, iqtisadi, enerji təhlükəsizliyi, müdafiə, təhlükəsizlik sahələrində uğurla inkişaf etdiyi vurğulanıb.
Bu görüşdən başqa, Bakıda ABŞ Silahlı Qüvvələrinin Qərargahlar rəisi Cozef Danfordla Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeriy Gerasimov arasında görüş baş tutub.
Rusiyanın müdafiə naziri Sergey Şoyqunun görüşdən əvvəl verdiyi bəyanat da az əhəmiyyət daşımır. Onun sözlərinə görə, Rusiya Pentaqonla əməkdaşlığı bərpa etməyə hazırdır. Nazir qeyd edib ki, qərargah rəislərinin görüşündə rəsmi Moskva Pentaqonun mövqeyini öyrənəcək. S.Şoyqu vurğulayıb ki, Valeriy Gerasimovla Denford Rusiya ilə ABŞ arasında hərbi əməkdaşlığın perspektivini, eləcə də birgə fəaliyyət nəticəsində insidentlərin aradan qaldırılması tədbirlərini müzakirə edəcəklər.
Görüşdə tərəflər hərbi fəaliyyətin təhlükəsizliyinin artırılması, gərginliyin və insidentlərin yaranması risklərinin azaldılması sahəsində birgə işin istiqamətlərini müzakirə edib, habelə əlaqələri davam etdirmək barədə razılığa gəliblər.
General Cozef Danford və ordu generalı Valeri Gerasimov ABŞ-Rusiya münasibətlərinin cari vəziyyəti, Avropa, Yaxın Şərq, Şimali Afrika və dünyanın digər mühüm regionlarında beynəlxalq təhlükəsizlik sahəsində vəziyyətin qiymətləndirilməsi məsələləri barədə fikir mübadiləsi aparıblar.
Qeyd edək ki, Donald Tramp prezident olandan sonra bu, ABŞ və Rusiya rəsmilərinin ilk görüşüdür. Bundan əvvəl Donald Trampın rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığı baş tutub. Bu gün Münhendə keçirilən Təhlükəsizlik Konfransı çərçivəsində ABŞ-ın dövlət katibi Reks Tillersonla Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında görüş olub.
Azərbaycan ictimaiyyəti üçün məsələnin ən maraqlı tərəfi iki rəqib, aparıcı dövlətlərin təmsilçilərinin Bakıda bir araya gəlməsidir. Bu, həm maraqlı, həm də qürurvericidir.
Bəs Cozef Danford - Valeriy Gerasimov görüşü niyə Azərbaycanın paytaxında keçirilib? Yəni, bu görüş, Tbilisidə və ya Yerevanda da keçirilə bilərdi. Ancaq Gürcüstanla Rusiyanın mövcud gərgin münasibəti buna mane olduğunu əminliklə söyləmək olar. Başqa sözlə, Moskva Gürcüstanı Qərbin nüfuz dairəsində olan dövlət hesab edir.
Digər tərəfdən, dünyada ciddi qüvvələr, aparıcı dövlətlər isə açıq-aşkar bildirməsələr də Ermənistanı Rusiyanın ərazisi sayırlar. Bu görüşün Yerevanda keçirilməsi isə diplomatik dillə ABŞ rəsmisinin Rusiya ərazisinə səfər etməsi kimi dəyərləndirilə bilər.
Görüşün Bakıda keçirilməsi bir sıra baxımdan Azərbaycanın Rusiya və ABŞ üçün eyni dərəcədə yaxın olduğunu göstərir. Bu, həm də ABŞ və Rusiyanın Azərbaycana eyni dərəcədə güvəndiyi müstəqil dövlət olması deməkdir.
Bakıda belə görüşlərin keçirilməsi isə Azərbaycanın beynəlxalq münasibətlərin normallaşmasına töhvə verməsi baxımından qürurvericidir.

Şərhlər

XƏBƏR LENTİ