yüklənir...
yüklənir...

SONDƏQİQƏ

XalqXəbər.Az
yüklənir...

İstanbul sammiti Bakıya nə verəcək? - İƏT-də liderlik Türkiyəyə keçdi

İstanbul sammiti Bakıya nə verəcək? - İƏT-də liderlik Türkiyəyə keçdi
16-12-2017, 11:24 364 dəfə baxılıb

Çərşənbə günü İstanbulda keçirilən İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Qüds şəhərinə həsr olunmuş fövqəladə sammiti həftənin əsas hadisəsi oldu. Doğrudur, müsəlman ölkələri hamısı bu toplantıya qatılmadı. Xüsusən də bir sıra aparıcı ərəb ölkələrinin, o cümlədən Misir və Səudiyyə Ərəbistanı kimi İƏT daxilində aparıcı rolu olan ölkənin iştirak etməməsi, ya da aşağı səviyyədə təmsil olunması müəyyən mənada tədbirin əzəmətinə kölgə salsa da, ümumilikdə müsəlman ölkələri tərəfindən Qüds məsələsinə operativ və kəskin reaksiya baxımından diqqətəlayiq idi.
Təbii ki, əsas diqqət İstanbul sammitinin yekun bəyanatı deyil, oradakı çıxışlar və liderlərin reaksiyası idi. Məsələ ondadır ki, uzun illər Fələstin məsələsini əllərində saxlayan ərəb ölkələri, xüsusən də Misir və son illərdə Səudiyyə Ərəbistanı həlledici məqamda özlərini göstərə bilmədi. Ərdoğanın şəxsən tək-tək müsəlman ölkələrinin dövlət başçılarına telefon açaraq İstanbula dəvət etməsi bir tərəfdən müsəlman dünyasının operativ şəkildə toplanıb qərar vermək imkanını, digər tərəfdən isə Türkiyənin gücünü ortaya qoydu. Səudiyyə Ərəbistanı və onun müttəfiqləri isə nəinki mövqelərini gizlədə bilmədilər, əksinə, sammitə qatılmamaqla əslində özlərini təcrid etdilər. Və faktiki olaraq prosesin liderliyini Türkiyəyə vermiş oldular.
Məlum olduğu kimi, ABŞ və İsrail məhz ər-Riyad vasitəsilə Fələstin münaqişəsinə yeni həll planı təklif edir. Səudiyyənin aparıcı rol alacağı bu plana əsasən Mahmud Abbasın Qüds qərarını tanıması və bunun əvəzində dövlətin elan edilməsi, yeni paytaxtın verilməsi və təbii ki, maddi dəstək veriləcək. Hələlik bu plan kompleks şəkildə açıqlanmasa da, həm Vaşinqton, həm Təl-Əvivdən verilən açıqlamalar, üstəlik keçən ay Abbasın təcili ər-Riyada kralla görüşə çağırılması və bu zaman mediaya ötürülən məlumatlar toparlandıqda ortaya plan olaraq çıxır.
Ancaq Trampın Qüds qərarı və Türkiyənin məlum reaksiyası Səudiyyə Ərəbistanını fakt qarşısında qoydu. Təbii ki, bu prosesdə Səudiyyə Ərəbistanının müsəlman ölkələrindən dəstək alması və Fələstin planını reallaşdırması çox çətin, hətta mümkünsüz olacaq. Üstəlik, liderlik roluna da ciddi zərbə dəydi. Ancaq Qərb mediası hələ də şahzadə Məhəmməd ibn Salmanın Qərbdə kampaniyasını aparır.
Maraqlı daha bir detal isə İstanbul sammitində Trampın ciddi şəkildə tənqid olunması idi. Türkiyə prezidenti açıq şəkildə Trampı tənqid etdi və bu çıxışına ABŞ-ın CNN telekanalı geniş yer ayırdı. Çatan bilgilərə görə, Ərdoğanın bu qədər açıq şəkildə Trampa “yüklənməsinin” arxasında həm də Amerika siyasi dairələrində hazırkı prezidentə qarşı qəzəbin də rolu var.
Daha bir mühüm məqam İstanbulda İƏT-in qərarlarının BMT-də müdafiə olunması ilə bağlı anlaşmanın əldə olunması idi. Bu, o deməkdir ki, İƏT-in məcburetmə mexanizmi olmasa da, təşkilatın qəbul etdiyi qərarların BMT səviyyəsində qəbul olunması və daha sonra BMT-nin bu qərarları icraya yönəltməyə vadar etməyə çalışacaq. Çünki bu günə qədər İƏT-in və BMT-nin özünün, o cümlədən Fələstin və Qüds mövzusu ilə bağlı qəbul etdiyi onlarla sənədin heç biri icra olunmayıb. Ancaq indi İstanbulda faktiki olaraq müsəlman ölkələri bu qərarları BMT-də də müdafiə etmək və icraya yönəltməklə bağlı birgə əməkdaşlıq haqqında razılaşdılar. Bu isə Azərbaycan üçün, daha dəqiqi Qarabağ münaqişəsi ilə bağlı faydalı ola bilər.
İstanbul sammitində ən çox diqqət cəlb edən məqamlardan biri də Azərbaycanın mövqeyi oldu. Azərbaycan prezidenti sammitdəki çıxışında bildirdi ki, ABŞ prezidentinin beynəlxalq hüquqa və BMT Təhlükəsizlik Şurasının qətnaməsinə zidd olan Qüds şəhərinin İsrailin paytaxtı kimi tanınması və ABŞ səfirliyinin bu şəhərə köçürülməsi ilə bağlı qərarı narahatlıq yaradır. Sitat: “Bu qərar Fələstin-İsrail münaqişəsinin ədalətli və hərtərəfli nizama salınması işinə mənfi təsir edə, Yaxın Şərqdə təhlükəli fəsadlara gətirib çıxara bilər. Hesab edirik ki, Amerika Birləşmiş Ştatları bu qərara yenidən baxmalıdır. Azərbaycan ardıcıl olaraq Fələstin-İsrail münaqişəsinin sülh yolu ilə, Şərqi Qüdsün Fələstin Dövlətinin paytaxtı olmaqla iki dövlət prinsipi əsasında həllini dəstəkləyir”.
Bundan başqa, çıxışında İ.Əliyev İstanbul sammitində müsəlman ölkələrinin siyasətini də tənqid edib. Sitat: “1 milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. İşğal olunmuş ərazilər tamamilə etnik təmizləməyə məruz qalmış və talan edilib. Ermənistan məscidlər və İslam abidələri daxil olmaqla bütün mədəni abidələri məhv edib. Bununla bərabər, Ermənistan müxtəlif müsəlman ölkələri ilə dostluq münasibətləri qurmaq istəyir. Bu, ən böyük riyakarlıqdır”.
Qeyd edək ki, hər nə qədər müsəlman ölkələri ilə münasibətlərin isti olduğunu vurğulasaq da, bir sıra müsəlman ölkələri var ki, Azərbaycan məsələsində yumşaq desək, laqeyddir. Məsələn, bir çox hallarda İƏT sammitlərində Azərbaycanla bağlı qəbul olunan qərarlar daha sonra BMT-də həmin müsəlman ölkələri tərəfindən dəstək görmür. Bu ölkələr içərisində İraq, Livan, Misir, BƏƏ kimi ərəb dövlətləri, o cümlədən İran da var. Güman ki, Azərbaycan prezidenti həm də bu ölkələrə mesaj verdi.
Yeri gəlmişkən, İƏT sammitində iştirak məqsədi ilə İstanbulda səfərdə olan Fələstin dövlətinin prezidenti Mahmud Abbas İƏT Gənclər Forumunun sədri səfir Elşad İskəndərovla görüşüb. Bu barədə yayılan məlumatda deyilir ki, Fələstin dövlət başçısı Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü ilə yaradılmış İƏT Gənclər Forumunun müsəlman ölkələri gəncliyinin inkişafı və həmrəyliyinə yönəlmiş fəaliyyətlərini təqdir etdiyini qeyd edib, eyni zamanda prezidenti İlham Əliyevin İƏT sammitində Qüdslə bağlı nümayiş etdirdiyi ədalətli və cəsarətli mövqeyini yüksək qitmətləndirdiyini bildirib.
Daha sonra Mahmud Abbas İƏT Gənclər Forumunun Qüds şəhərini 2018-ci il üçün “İslam Dünyası Gəncik Paytaxtı” elan etməsi haqda qərarına və eyni adlı proqramın icrası üçün gələn ilə nəzərdə tutulmuş tədbirlər proqramına görə öz təşəkkürünü bildirib.
Xatırladaq ki, 2018-ci il Qüds İslam dünyasının Gənclik Paytaxtı elan olunub. Bu proqramla bağlı İƏT Gənclər Forumu sədri Elşad İskəndərov Mahmud Abbasa geniş məlumat verib. Görüşün sonunda E. İskəndərov Azərbaycanın zəngin İslam irsini, bu irsə verilən dövlət qayğısını, həmçinin Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərindəki İslam irsinə qarşı apardığı vandal siyasəti əks etdirən və İƏT Gənclər Forumu tərəfindən hazırlanmış “Azərbaycan - İslam Mədəniyyəti İncisi” adlı ensiklopedik kitabın xüsusi nüsxəsini Fələstin prezidentinə hədiyyə edib.
Beləliklə, İstanbul sammiti böyük ölçüdə olmasa da, bir sıra tərəflərinə görə Azərbaycan üçün uğurlu hesab oluna bilər. Qeyri-ərəb ölkəsi olaraq və necə deyərlər, müsəlman ölkələri klubuna nisbətən gec qoşulsa da, Azərbaycan son illərdə bu təşkilat daxilində ciddi iş aparır. Bunun bir nümunəsi İƏT Gənclər Forumunun Azərbaycan və Türkiyənin təşəbbüsü ilə yaradılması və bu təşkilatın xətti ilə müsəlman aləmində gənclər arasında ciddi fəaliyyətlərin həyata keçirilməsidir. Burada həmçinin 57 ölkədən ibarət BMT-dən sonra ən böyük beynəlxalq təşkilat daxilində aktiv olmaq, bu ölkələrin dəstəyini təmin etmək, eləcə də Qarabağ münaqişəsinin həllində siyasi dəstək almaq kimi prioritet siyasi mövzularla yanaşı, müsəlman ölkələri ilə iqtisadi əlaqələrin qurulması, ərəb sərmayəsinin cəlb olunması, enerji və nəqliyyat layihələrinin reallaşdırılması kimi iqtisadi səbəblər də var.

musavat.com


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: Bakiya, sammiti, ne, stanbul, ET de, verecek, , liderlik, kechdi, Turkiyeye
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

23-10-2018

BÜTÜN XƏBƏRLƏR
GÜNDƏM
yüklənir...
FACEBOOK SƏHİFƏMİZ
SONDƏQİQƏ