SON DƏQİQƏ
XalqXeber.Az » Siyasət » Bakıya Qərbdən dəstək kimi mesajlar – Azərbaycanın önəmi artır

Bakıya Qərbdən dəstək kimi mesajlar – Azərbaycanın önəmi artır

Tarix:

10-10-2017, 09:35

/ 66 529 dəfə oxundu.
Bakıya Qərbdən dəstək kimi mesajlar – Azərbaycanın önəmi artır

Avropa Birliyinin (AB) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Mogerininin müavini Jan Kristof Bellard dünən - oktyabrım 9-da Azərbaycana gəlib. Qurumun ölkəmizdəki təmsilçiliyinin siyasət şöbəsinin rəhbəri Denis Danilidisin verdiyi məlumata görə, səfər tanışlıq məqsədi daşıyır və görüşlərdə əsasən “Şərq Tərəfdaşlığı” sammitinə hazırlıq məsələləri müzakirə olunacaq.
İki günlük səfər çərçivəsində qonağın Azərbaycan prezidenti İlham Əliyev və xarici işlər naziri Elmar Məmmdəyarovla, habelə digər rəsmi şəxslərlə görüşləri gözlənilirdi.
Xatırladaq ki, cəmi bir neçə gün öncə - ötən həftə, oktyabrın 4-də AB-nin Brüsseldə akkreditə olunan səfirlərinin daxil olduğu Avropa Birliyi Şurasının Siyasi və Təhlükəsizlik Komitəsinin nümayəndə heyəti Bakıda olmuş və Azərbaycan prezidenti tərəfindən qəbul edilmişdi.
Həmin görüş zamanı prezident AB-Azərbaycan əlaqələrinin bundan sonra daha yüksək səviyyəyə qaldırılmasında rəsmi Bakının da maraqlı olduğunu vurğulamış, eyni zamanda Azərbaycanın Qarabağ şərti olduğunu söyləmiş, həmçinin, ölkə başçısı gələn ay, noyabrın 24-də Brüsseldə keçiriləcək AB-nin “Şərq tərəgfdaşlığı” sammitinə mütləq qatılacağını vəd eləmişdi.

*****

Mogerininin müavininin bu kimi açıqlama və təmaslardan bir həftə keçməmiş ölkəmizə təşrif buyurması sözsüz ki, boşuna deyil və ilk növbədə Azərbaycanın AB üçün, bütövlükdə Avropa üçün artan dəyərindən xəbər verir. Söhbət ilk növbədə ölkəmizin energetik əhəmiyyətindən, Avropanın Rusiya qazından asılılığının azaldılmasına Bakının verəcəyi real töhfədən gedir (Söz düşmüşkən, gələn il “Şahdəniz-2" qazını Avropaya çatdıracaq Cənub Qaz Dəhlizinin birinci hissəsi işə düşəcək).
O Rusiya ki, ABŞ-la yanaşı, hazırda Avropa da gərgin münasibətlərdədir və bu gərginlik indi təkcə Ukrayna böhranına, Krımın ilhaqına görə deyil. İndi bəlli olur ki, Moskva AB-ni daxildən zəiflətmək və dağıtmaq üçün ona üzv ölkələrin (İspaniya) ərazisində separatizmi də himayə eləmək kursu da götürüb.

*****

Yeri gəlmişkən, ABŞ-ın Rusiyadakı yeni səfiri Con Xatsman bəyan edib ki, Vaşinqtonun Moskva ilə münasibətlərində həlledici məsələ “Ukraynanın suverenliyinin onun bütün ərazilərinə yayılması” olacaq. Musavat.com-un Azadlıq Radiosuna istinadən verdiyi məlumata görə, bu barədə diplomat özünün andiçmə mərasimində deyib.
Yeni səfirin sözlərinə görə, Rusiya ABŞ-la əlaqələri yaxşılaşdırmaq istəyirsə, o zaman ilk addım kimi Moskva Ukraynanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində öz ərazilərinə nəzarəti qaytarmağı təmin eləməlidir. “Bu - təkcə Moskvanın ABŞ-la problemi deyil. Həm də Avropa ilə, Kanada ilə, praktik olaraq istənilən inkişaf eləmiş ölkə ilə problemidir”, - deyə diplomat xəbərdarlıq edib.

*****

Dünyanın 1 nömrəli dövlətinin Rusiyadakı baş diplomatının bu sözlərinin əlbəttə ki, postsovet məkanında ərazisinin bir hissəsi işğal altında olan Azərbaycan dövlətinə də dəxli var - pozitiv planda təbii ki. Çünki bizim suverenliyimizin bərpa olunmasında da əsas əngəl məhz Rusiya olaraq qalır.
Doğrudur, Amerikadakı imkanlı erməni lobbisinin səyləri hesabına Qarabağ məsələsində separatçılara müəyyən himayə hiss olunur. Eyni zamanda xristian amili gizli-açıq şəkildə özünü vaxtaşırı büruzə verməkdədir. Lakin o da faktdır ki, ABŞ ötən 29 ildə rəsmi səviyyədə heç vaxt Azərbaycanın ərazi bütövlüyünü şübhə altına almayıb, Dövlət Departamentinin hər il dünya üzrə insan haqlarının durumuna dair yaydığı hesabatda da Dağlıq Qarabağ Azərbaycanın ərazisi kimi qeyd edilir. Bu xüsusda Bakının tam haqqı çatır ki, Vaşinqtondan Ukraynanın ərazi bütövlüyü məsələsində göstərdiyi prinsipiallığı Rusiyanın regiondakı əsas müttəfiqi Ermənistana qarşı da ortaya qoysun.

*****

Qarabağ ixtilafından söz düşmüşkən, bu arada Birləşmiş Ştatların aparıcı nəşrlərindən sayılan “Bloomberg”in açıqladığı materialda Dağlıq Qarabağın erməni qüvvələri tərəfindən işğal edildiyi xüsusi qeyd olunub. Bu məqam Amerikada erməni lobbisinin at oynatması fonunda Azərbaycan çıxarında yetərincə önəmli hesab oluna bilər.
“Bloomberg” bu xüsusda qeyd edib: “Ermənilər Dağlıq Qarabağı və onun ətrafındakı 7 rayonu (bufer zona kimi) 1991-1994-cü illərdə zəbt ediblər. Nəticədə 25 min nəfər həlak olub. 1 milyon nəfər qaçqın düşüb. Qarşıdurma növbəti dəfə 2016-cı ilin aprelində kəskinləşib. 23 illik atəşkəs dövründə ən amansız qarşıdurma - hansı ki, ”4 günlük müharibə" adını alıb - hər iki tərəfdən yüzlərlə canlı itki ilə nəticələnib. Dağliq Qarabağa maliyyə və hərbi kömək edən Ermənistan öz müqəddəratını təyinetmə hüququnda israr edir - hərçənd İrəvanın özü bölgəni müstəqil dövlət kimi tanımayıb. Azərbaycan isə ərazi bütövlüyünün təmin edilməsində israrlıdır və eyni zamanda regiona ən yüksək muxtariyyət statusu verməyə hazır olduğunu bəyan edir".

*****

“Beynəlxalq birlik öz müqəddəratını təyinetmə ilə bağlı artan dalğaya müqavimət göstərməkdə davam edir. Çünki beynəlxalq birlik bunun sabitsizliyə gətirəcəyini yaxşı bilir”.Məlumata görə, bu sözləri isə nüfuzlu amerikalı politoloq, Qarabağ məsələsində “ərazi mübadiləsi” təklifinin müəllifi Pol Qobl 1 in.am erməni nərinə açıqlamasında son vaxtlar dünyada güclənən separatizm dalğasının nə ilə sonuclana biləcəyi ilə bağlı sualı cavablandırarkən deyib.
“Əlbəttə ki, getdikcə daha çox sayda qrupların öz müqəddəratını təyinetmə hüququna istinad edib müstəqilliyə can atması tendensiyası görünür. Beynəlxalq birlik bundan narahatdır. Aydındır ki, bəzi hallarda beynəlxalq birlik sərhədləri dəyişmədən də müqəddəratı təyin etməyi təklif edə bilər”. Bunu da Pol Qobı söyləyib.
Söz gəlişi, Azərbaycan da Qarabağ məsələsində elə illərdir bunu deyir. Nəzərə alsaq ki, erməni xalqı artıq bir dəfə öz müqəddəratını təyin edib, o zaman bundan ədalətli həll yolu nə ola bilər ki? “Bloomberg”in də vurğuladığı kimi, yalnız ən yüksək muxtariyyət.
Bütün hallarda “İraq Kürdüstanı” və Kataloniyadakı referendumlardan sonra Avropa Birliyi rəsmilərinin, ABŞ-ın Rusiyadakı yeni səfirinin, eyni vaxtda nüfuzlu “Bloomberg” nəşri və politoloqunun timsalında Bakıya ünvanlı bu kimi reveranslar, ədalətli mövqe və gedişlər həm Azərbaycana mühüm mesajlar, həm də bütövlükdə Qərb üçün ölkəmizin artan önəmi olaraq dəyərləndirilə bilər.
Şübhəsiz ki, artan bu önəm qarşılıqlıdır. Deməli, Rusiya bu prosesi xüsusi dıqqətdə saxlayacaq və ona müdaxilə etməyə, onu ləngitməyə çalışacaq. Necə? Bu, artıq ayrı yazının mövzusudur.

Şərhlər

XƏBƏR LENTİ