SON DƏQİQƏ
XalqXeber.Az » Siyasət » Şahmar Mövsümov MSŞT Koalisiyasını parçalamaq istəyir

Şahmar Mövsümov MSŞT Koalisiyasını parçalamaq istəyir

Tarix:

6-02-2017, 10:29

/ 1 646 dəfə oxundu.
Şahmar Mövsümov MSŞT Koalisiyasını parçalamaq istəyir

Heç kimə sirr deyil ki, hakimiyyət müstəqil vətəndaş cəmiyyətini sıradan çıxarıb. Öncə qanunvericilik aktlarına məhdudlaşdırıcı əlavə və düzəlişlər edildi. Ardınca beynəlxalq donor təşkilatlar ölkədən çıxarıldı. Daha sonra isə QHT- lərə cinayət işi açıldı, xeyli ictimai- siyasi fəal həbs olundu. Hazırda müstəqil QHT- lərin donor təşkilatlardan layihə dəstəyi alması, onu icra etməsi normal fəaliyyət göstərməsi qeyri- mümkün vəziyyətə gətirilib. Ölkədə donor təşkilat rolunda əsasən Prezident yanında QHT- lərə Dövlət Dəstək Şurası çıxış edir. Hakimiyyət yalnız özünə yaxın QHT- lərin maliyyələşməsinə, beynəlxalq təşkilatlardan aldıqları layihənin icra edilməsinə, onların tədbir keçirməsinə imkan verir. Digər təşkilatların isə nəinki belə imkanları var, onlara adicə tədbir keçirmək üçün zal belə verilmir.

Hakimiyyətin ram edə bilmədiyi QHT qurumlarından biri Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyasıdır. Düzdür, Koalisiya əvvəlki dönəmlərdə müəyyən formada hakimiyyətin təsiri altında olub, dişli fəaliyyət göstərə bilməyib. Amma 30 aprel 2016- cı ildə Koalisiyanın Ümumi Yığıncağında müstəqil vətəndaş cəmiyyəti fəallarının Koalisiya Şurasında üstünlük əldə etməsi hakimiyyətin planlarının pozdu və qurum onun təsir dairəsindən xeyli çıxdı. Koalisiya real vətəndaş cəmiyyəti mövqeyindən çıxış edərək təkcə üzvlərinin deyil, ümumvətəndaş cəmiyyətinin problemlərini qabartdı. Qəbul etdiyi sənədlərdə bu mövqedən çıxış etdi. Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü kimi qlobal mandata malik bir platformada təmsil olunan vətəndaş cəmiyyəti qurumunun nəzarətdən kənarda qalması Azərbaycanın Təşəbbüs çərçivəsində üzvlük statusunun namizədlik səviyyəsinə endirilməsi, gündən- günə sıxışdırılması rəsmi Bakını narahat etməyə bilməzdi. Xüsusən, fevralın 1- də Bakıya səfəri zamanı dövlət başçısı İlham Əliyevlə görüşdükdən sonra Koalisiya üzvləri ilə toplantıya qatılan MSŞT Beynəlxalq İdarə heyətinin sədri Fredrik Reinfeldtin
“Boqota toplantısı Azərbaycan üçün asan olmayacaq” deməsi hakimiyyəti qəti adımlar atmağa sövq etdi.

MSŞT Koalisiyası ilə bağlı nə baş verir?

Azərbaycanda MSŞT- nin tətbiqinə hökümət, hasilat şirkətləri və vətəndaş cəmiyyətindən ibarət formalaşmış (hər tərəfdən 6 nəfər) Çoxtərəfli Qrup (ÇQ) rəhbərlik edir. Tərəflər müstəqil şəkildə öz nümayəndələrini müəyyənləşdirib hər ilin əvəlində ÇQ- yə təqdim edirlər. Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyasının qüvvvədə olan Əsasnaməsinə və digər sənədlərinə görə Çoxtərəfli Qrupda Koalisiya təmsilçilərinin fəaliyyət və səlahiyyət müddəti bir ildir. Ümumi Yığıncaqlar (ÜY) arası dövrdə Koalisiyanın rəhbər orqanı olan Şura qurumun Əsasnaməsinə və ÇQ haqqında Reqlamentə uyğun olaraq öz nümayəndələrini gizli səsvermə yolu ilə seçib Çoxtərəfli Qrupun katibliyinə təqdim etdi. İndiyə qədər olan praktikaya və ÇQ haqqında Əsasnaməyə uyğun olaraq qurumun iclas gündəliyi tərəflərlə öncədən razılaşdırılaraq müzakirəyə çıxarılır. Fevralın 2- də keçirilən iclasa katiblik Koalisiya Şurasının seçdiyi hazırki ÇQ üzvləri ilə yanaşı, onlarla razılaşdırmadan fəaliyyət müddəti bitmiş köhnə üzvləri də dəvət edib.
İclas başlayarkən sədr Şahmar Mövüsmov onun yanında əyləşmiş keçmiş ÇQ üzvü, iclasda iştirak üçün heç bir statusu olmayan, hakimiyyətdən siyasi və funksional asılılığı olan Əliməmməd Nuriyevin təkidi ilə gündəliyi formalaşdırmağa çalışdı. Bu isə Koalisiyanın hazırki ÇQ üzvlərinin haqlı narazılığına səbəb oldu. Həmin iclasda iştirak edən Çoxtərəfli Qrup üzvü kimi mən və digər həmkarlarım Şahmar Mövsümova keçmiş ÇQ üzvünün iclasda iştirakına şərait yaratmasının, onun diqtəsi ilə gündəlik formalaşdırmağın düzgün olmadığını, Qarşılıqlı Anlaşma Memorandumunun, Çoxtərəfli Qrup haqqında Reqlamentə, tərəflərin öhdəliyinə, eləcə də Koalisiyanın 30 aprel 2016- cı il tarixli Ümumi Yığıncağının iradəsinə və Koalisiya Şurasının 20 yanvar 2017- ci il tarixli iclasının qərarlarına zidd olduğunu bildirdik. Eyni zamanda bu mövqenin QHT Koalisiyanın müstəqil və hakimiyyət yönlülərdən ibarət olan iki yerə bölünməsinə, orada olan hakimiyyət yönlülərin ÇTQ-də təmsilçiliyini təmin etməklə müstəqil vətəndaş cəmiyyəti üzvlərini bu prosesdən kənarda saxlanılmasına və səsinin boğulmasına xidmət etdiyini söylədik. O öz fikrində qaldığını israr etdikdə, bu yanaşmanın vətəndaş cəmiyyətinə, Koalisiyanın qərarlarına sayğısız, müzakirələrin isə səmərəsiz olduğunu görüb ÇQ- nın iclasını tərk etmək məcburiyyətində qaldıq. Bizim bu addımımızdan sonra iclas yarımçıq saxlanıldı və dayandırldı. Bizim möveyimizə seyrisiz qalmayan Şahmar Mövsümov “Koalisiya sizi düz seçib bura göndərməyib” deyərək etiraz mövqeyini bildirdi və digər Koalisiya üzvləri ilə görüşmək üçün MSŞT Komissiyasına təlimat verdi.

Şahmar Mövsümov Koalisiya üzvlərini niyə Dövlət Neft Fonduna yığır?

İclasdan bir gün sonra MSŞT üzrə Hökümət Komissiyasının sədri, DNF- nin icraçı direktoru Şahmar Mövsümovun adından hər bir Koalisiya üzvünün emailinə məktub göndərilərək Koalisiyanın Çoxtərəfli Qrupda təmsilçiliyinə dair yaranmış (əslində süni yaradılan- red.) problemlə bağlı onlar Dövlət Neft Fondunun binasında görüşə dəvət edildi. Hazırda Koalisiya üzvləri müxtəlif yollarla həmin görüşdə iştiraka səfərbər olunur. Əslində Şahmar Mövsümovun bu addımı çox ciddi xətadır. Vətəndaş cəmiyyətinin daxili işinə hökümətin açıq və kobud müdaxiləsidir.

Haşiyə: Koalisiyanın 30 aprel 2016- cı ildə keçirdiyi ÜY- dan sonra formalaşmış yeni Şura bir neçə dəfə MSŞT üzrə Hökümət Komissiyasının sədri Şahmar Mövsümova müraciət edərək onunla görüşmək və bundan sonrakı əməkdaşlığın formalarına dair müzakirələr aparmaq istəmişdi. Amma adı çəkilən şəxs ötən 9 ayda ÜY- ın iradəsi ilə formalaşan Şura ilə ilə görüşdən imtina edib. Görəsən Şahmar Mövsümov niyə Koalisiyanın qanuni təmsilçisi, seçkili və idarəedici orqanı olan Şura ilə deyil, Koalisiyada narazı olan, daha çox hakimiyyətə və onun Koalisiyadakı təmsilçilərinə yaxın olan, onların buyruqları ilə oturub duran şəxslərlə görüşməyə üstünlük verir. Düzdür, görüşə hamı dəvət olunur, amma müstəqil vətəndaş cəmiyyətini təmsil edən şəxslərin, hakimiyyətin oyununda iştirakçı olmaq istəməyən, Koalisiyanın bütövlük tərəfdarlarının bu toplantıya qatılacağı real deyil. Məhz bu baxımdan da yuxarıdakı nəticəni çıxarmaq olar.
Şahmar Mövsümovun təkidi və təşəbbüsü ilə 07 fevralda keçirilən görüş Koalisiyanın bütövlüyünün təmin olunmasına deyil, narazı tərəfə dəstək verib onları stimullaşdırmağa və nəticədə adı çəkilən qurumun parçalanmasına xidmət edir. Eyni zamanda onun bu addımı yuxarıda deyildiyi kimi Qarşılıqlı Anlaşma Memorandumunun, Çoxtərəfli Qrup haqqında Reqlamentə, tərəflərin öhdəliyinə, eləcə də Koalisiyanın 30 aprel 2016- cı il tarixli Ümumi Yığıncağının iradəsinə və Koalisiya Şurasının 20 yanvar 2017- ci il tarixli iclasının qərarlarına ziddir.

Hakimiyyət Koalisiyanı niyə parçalayır?

Koalisiyada və hakimiyyət təmsilçiləri arasında bəziləri qurum daxilində gərginliyin bu həddə çatmasında mənim 30 aprel 2016- cı ildə ÜY- dan sonra Milli Şuranın qapalı qrupunda yazdığım məktubu bəhanə kimi əsas gətirirlər. Bəli, mən həmin məktubda qeyd etmişdim ki, hakimiyyət Koalisiyanı nəzarətdə saxlamaq istəyir. Bəziləri üçün görünür bu həqiqətin tam ortaya çıxması üçün 9 ay gözləmək lazım imiş. Artıq hər şey ortadadır. Koalisiyanın parçalanmasına hakimiyyətin start verməsi onun bu təşkilatı yenidən nəzarət altına almaq istəyi ilə bağlıdır.

Haşiyə: QHT- lərə Dövlət Dəstəyi Şurası 2015- 2016- cı il layihə müsabiqəsinə MSŞT mövzusunda ayrıca istiqamət daxil etmişdi. Koalisiyanın 40- dan çox üzvünə ümumi büdcəsi 500 min manata yaxın layihələr vermişdi. Ayrıca Koalisiyanın institutsional xərclərini maliyələşdirmişdi. Amma bu il bütün bunların heç birini etmədi. Əksinə Koalisiyanın müsabiqədən keçmiş layihəsini maliyələşdirməkdən imtina etdi. Yeni layihəsini isə hətta texniki ekspertizaya qəbul etmədi. Niyə? Çünki Koalisiyanın rəhbərliyinə müstəqil vətəndaş cəmiyyətinin nümayəndələri seçilmişdi. Bu isə hakimiyyəti qane etmirdi.
Zənimizcə, 1 aydan sonra MSŞT Beynəlxalq İdarə Heyətində Azərbaycanın üzvlük məsələsinə baxılacaq indiki həssas dönəmdə hakimiyyətin MSŞT Hökümət Komissiyasının timsalında Koalisiyanı parçalamağa start verməsi 2 məqsədə xidmət edə bilər;
1. Hakimiyyət istəmir ki, ölkədə müstəqil vətəndaş cəmiyyətinin də qatıldığı və ya onların tənqidi səsləri gələn hər hansı qurum və ya Koalisiya qalsın.
2. Qanunvericiliyə dəyişiklik edilməyəcəyi təqdirdə Azərbaycan hakimiyyəti bilir ki, Reinfeldtin dediyi kimi Boqotdadan onu ciddi sınaq gözləyir. Hətta daha pis nəticələr ola bilər. Müstəil vətəndaş cəmiyyətini sıxmaqla qarşılıqlı mübadilə üçün önləyici addım atır.

Son söz kimindir?

MSŞT Koalisiyasında müstəqil vətəndaş cəmiyyəti mövqeyində olan xeyli sayda insanlar olub və bu gün də var. Onların bəziləri mövqelərində dəyişiklik etsələr də əksəriyyət Koalisiyada fəaliyyətini davam etdirir. İndi Koalisiyanın bütövlüyünün təmin olunması hakimiyyətdən, beynəlxalq təşkilatlardan daha çox onlardan asılıdır.
Koalisiyanın parçalanması və zəifləməsi heç kimə sərf etmir. Hətta dərindən düşünəndə hakimiyyətə də. Bu baş verəcəksə olayın arxasında hakimiyyətin dayandığı şəksiz- sübutsuz olacaq. Bu isə Azərbaycanın Təşəbbüsdə üzvlüyünün dayandırılmasını sürətləndirəcək. Ölkəmizin adının daha bir möhtəbər qurumdan çıxarılması, qara siyahıya salınması, şəffaflıq indeksinin daha da aşağı düşməsinə rəvac verəcək.
Bizlər ölkəmizdə vətəndaş cəmiyyətinin güclənməsində maraqlıyıq. Ölkəmizin aparıcı möhtəbər qurumlarda, o cümlədən MSŞT- də layiqli şəkildə, gerçəkçi əsaslarla təmsil olunmasını istəyirik.
Güclü dövlətlər güclü vətəndaş cəmiyyətinin olduğu ölkələrdə mövcudur. Gəlin vətəndaş cəmiyyətini gücləndirək ki, dövlətimiz güclənsin, ölkəmiz inkişaf etsin.

Oqtay Gülalıyev, MSŞT Koalisiya Şurasının üzvü

Şərhlər

XƏBƏR LENTİ