SON DƏQİQƏ
XalqXeber.Az » Siyasət » Türkmənbaşının Azərbaycan xəyanəti

Türkmənbaşının Azərbaycan xəyanəti

Tarix:

26-08-2017, 11:31

/ 87 848 dəfə oxundu.
Türkmənbaşının Azərbaycan xəyanəti

Prezidentin İrəvan səfərinə etirazlar
Sabir Rüstəmxanlı: “Türk dövlətlərinin başında oturanların çoxunda türk təəssübkeşliyi yoxdur”; Fərəc Quliyev: “Türkmənistan hələ də gerçək müstəqil davranışa malik deyil”.
Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədovun bu günlərdə Ermənistana gerçəkləşən səfəri ölkəmizdə ciddi müzakirələrə səbəb olub. Avqustun 9-da Bakı səfəri başa çatan türkmən rəhbərinin bunun ardınca İrəvana getməsi etiraz doğurub.
Q.Berdiməhəmmədovun ünvanına sosial şəbəkələr və mətbuatda sərt ifadələr səsləndirilir. Xüsusilə, bir türkdilli ölkə rəhbərinin bu cür mövqe sərgilməsi sərt şəkildə qınanır. Türk respublikaları arasında birliyin olmaması bu istiqamətdə gedən müzakirələrdə bir daha önə çıxıb. Qeyd edək ki, Qırğızıstan kimi bəzi türk dövlətləri tez-tez Türkmənistan sayağı mövqelər sərgiləyirlər. Görünən odur ki, bu dövlətlərin heç biri hələ ki Türkiyə ola bilmir. Nədən sualı isə hər kəsin düşüncəsindədir. Türkmənistanla ortaq energetik layihələri olan rəsmi Bakının bu nüansdan istifadə edərək, bu dövlətə yerini göstərməli olduğu halda, hələ də susqunluq nümayiş etdirməsi də tənqid olunur. İran prezidentinin İrəvan səfərinə ən sərt formada reaksiya verdiyimiz halda, Q.Berdiməhəmmədovun bu addımı ilə bağlı susqunluğumuz ciddi suallar yaradır.
VHP sədri, xalq sairi Sabir Rüstəmxanlı hər bir ölkənin digər ölkələrdə maraqlarının olduğunu söylədi: “Türkmənistanda ermənilər də yaşayır. Bunun da dövlət siyasətinə təsiri var. Təəssüf ki, türk dövlətlərinin başında oturanların çoxunda türklük şüuru və türk təəssübkeşliyi yoxdur. Ona görə də bir-birilərini müdafiə edə bilmirlər. Vaxtı ilə Əli bəy Hüseynzadə, Əhməd Ağaoğlu türk dünyasının vahid türk milləti olmalarını, türk xalqlarının bir arada olmalarını təklif edirdilər. Onlar türk xalqlarını bir millət sayırdılar. Təəssüf ki, indi bu duyğular yoxdur. Bu da sovet dönəmində gedən təbliğatın, tərbiyənin nəticəsidir. Zaman keçdikcə bu sahədə türk respublikaları bir-birilərinə yaxınlaşmalıdırlar. Burada başqa bir yol yoxdur. Gələcəkdə hər şey türk dövlətlərinin inkişafından və bir-birinə yaxın olmasından asılı olmayacaq. Türk respublikaları bir-birinə yaxınlaşdıqca bu məsələlərdə dəyişikliklər olacaq. Özbəkistan və Qazaxıstanın mövqeyi bəllidir. Ermənistana sərt münasibət bildirirlər. Zaman keçdikcə digər problemlər də öz həllini tapacaq. Biz türk respublikalarına qarşı cəbhə açmamalı, onlarla dil tapmalıyıq. Nə qədər münasibətlər gərgin olsa da, dövlət başçılarının ərkəsöyünlüyü olsa da, onların tarixdən xəbərsiz olmaları, türkçülük bilgiləri zəif olsa da, bunun üzündən konfliktlər yaransa da, bunun üstündən keçməliyik. Azərbaycan-Türkmənistan münasibətləri məhz bu yanaşmanın nəticəsində getdikcə isinişir. Ona görə biz Özbəkistanla da, Qırğızıstanla da, lap onlar İrəvana gedib nə desələr də, protokol qaydası ilə qondarma "soyqırım"ı ziyarət etsələr də, buna sakit şəkildə reaksiya verilməli, problemə çevrilməli deyilik".
Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, deputat Fərəc Quliyev bildirdi ki, Türkmənistan hələ də gerçək müstəqil davranışa malik deyil: “Ehtiyat etdiyi məqamlar var. Göründüyü qədər Rusiyadan da ehtiyatlanır. Protokol hazırlanan da o dövlətdən bəzi razılıqlar ala bilərlər. Düşünürəm ki, türk dövlətlərinin hamısı problemcə bütövləşməsələr, bunların birgə davranışların da ciddi ziddiyyət yaranacaq. Ola bilər ki, Türkmənistan özünün təbii qaynaqlarına arxayın olsun. Amma bu dövlət haqqında ortada müsbət bir imic yoxdur. Orada tam demokratik bir sistem yoxdur. Amma bilməlidirlər ki, ölkənin mənafeyi şəxsi istəklərdən doğmur. Səhəri gün ölkənin bir problemi olacaqsa, ona ilk növbədə, türk dövlətləri, o cümlədən, Azərbaycan sahib çıxacaq. Zaman-zaman belə olub. Kimin nə qədər gücünün olmasından asılı olmayaraq, türk dövlətlərinin birinin problemi olanda digərləri dəstək veriblər.
Ölkə başçısı da bu tipli açıq siyasi dəstəklərini daim nümayiş etdirib. Eyni problemləri Qırğızıstan da, Türkmənistan da yaşaya bilər. Biz bu gün Ermənistanla bu vəziyyətdəyik, səhəri gün vəziyyət dəyişə bilər, eyni istəklər bizdən istənilər. Bu baxımdan ölkəmizin qəlbini qırmaq, içərimizə bir ləkə salmağa dəyməzdi. Belə şeylər protokola salınmır. Biz təbii ki, başqa bir dövlətin daxili işlərinə qarışa bilmərik. Bu daha çox mənəvi məsələdir. Turan çərçivəsində artıq bir ordu yaranırsa, bu dövlətlər siyasətlərinin uzlaşmasında maraqlı olmalıdırlar. Əvvəldən protokollar hazırlananda belə şeylər nəzərə alınmalıdır. Belə səfərin olması Ermənistana nəfəslik verməkdir. Bizi də xəyal qırıqlığına uğradır. Çox böyük detal olmasa da, hər halda doğru deyil. Ölkə rəhbərliyinin və dövlətin belə məsələlərə hər hansı bir reaksiya verməsi heç bir protokola sığmır, bu mümkün də deyil. Lakin bütün ictimaiyyət, QHT-lər, siyasi partiyalar bu məsələyə öz mövqelərini bildirməlidirlər”. (musavat.com)

Şərhlər

XƏBƏR LENTİ