yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

İşğalçının taleyi həm də Bakıda həll olunur

İşğalçının taleyi həm də Bakıda həll olunur
25-08-2017, 09:21 90 060 dəfə baxılıb
yüklənir...

Üç ölkə arasında sıxılan Ermənistan; Moskva, Ankara və Bakı arasında ortaq iş birliyi ehtimalının artması düşməni daha da təlaşlandırıb; Türkiyə ilə sərhədlərin açılması ən çox kimə lazımdır, uduşda kim olacaq; politoloqlar deyir ki...
Türkiyənin iqtisadiyyat naziri Nihat Zeybəkçinin ölkəsinin Avrasiya İqtisadi Birliyi ilə gömrük razılaşması imzalamaq niyyətində olduğu barədə açıqlaması hələ də müzakirə mövzusudur. Bu açıqlama Ermənistanda hətta sevinclə qarşılandı. Erməni mətbuatı isə yazdı ki, guya Türkiyənin belə bir razılaşma imzalayacağı təqdirdə İrəvana Ankaranı sərhədləri qeyd-şərtsiz açmağa vadar etmək üçün bir şans yaranacaq.
Diqqət çəkən odur ki, Ermənistanda bağlı sərhədlərin açılmasını istəyənlər, hər halda, çoxluqdur. Bəs səbəb? İlk baxışda bu, Qarabağa görə blokadada saxlanılan işğalçı ölkənin iqtisadiyyatını xilas eləmək istəyi ilə əlaqəli görünə bilər. Ancaq başqa, heç də az önəm kəsb etməyən motivlər də yox deyil.
Ondan başlayaq ki, bugünlərdə rusiyalı tanınmış tarixçi alim və analitik, Qarabağ məsələsində ədalətli mövqeyi ilə seçilən Oleq Kuznetsov mətbuata açıqlamasında maraqlı bir fikir söyləyib. Həmin fikir Rusiyanın nədən Ermənistanın zəif, asılı durumda qalmaq istəməsinin daha bir motivi barədə idi. Analitikin sözlərinə görə, Rusiya heç də “xristian” amili səbəbilə yox, başqa səbəblərdən İrəvana dəstək verir.
Onun qənaətincə, bu da odur ki, Rusiya öz iqtisadiyyatını inkişaf etdirmək, ölkədəki qara işləri görmə, üçün ucuz işçi kütləsinə böyük ehtiyacı duyur. Sitat: “Moskvanın küçələrində asfalt və daş plitələr qoymaq üçün müəyyən əmək vərdişləri Cənubi Qafqazda ermənilərdə, Mərkəzi Asiyada özbəklərdə var. Ucuz işçi qüvvəsi ilə bu işə sərf olunacaq pulu yarıbayarı azaltmaq və ya mənimsəmək mümkündür. Ona görə də Ermənistandakı iqtisadi gərginlik Moskvaya sərf edir. Çünki bunun sayəsində Rusiyaya minlərlə ucuz erməni işçi qüvvəsi gəlir. Rusiyada bu insanlar tam qul kimi yaşayırlar”.
Politoloq əmindir ki, bu ucuz işçi kütləsi Ermənistan hakimiyyəti ilə qarşılıqlı razılaşmanın bəhrəsidir. “Ermənistanı bu bataqlıqda saxlamaq və bundan öz iqtisadi-siyasi maraqları üçün istifadə etmək! Serj Sərkisyanın ”Qarabağ klanı" hakimiyyətdə olduqca, bu, belə də davam edəcək" - o əlavə edib.
Yəni qənaət hasil olur ki, Ermənistanda ağır sosial-iqtisadi durumun qalması həm də Moskvaya bu ölkədən ucuz işçi qüvvəsi kimi də gərəkdir.
Bu arada Rusiyadakı sorğu mərkəzlərindən biri ölkədəki əmək miqrantları ilə bağlı keçirdiyi sorğunun nəticələrini açıqlayıb. Musavat.com-un novostink.ru saytına istinadən verdiyi xəbərə görə, sorğu müəyyən edib ki, Rusiyadakı erməni əmək miqrantlarının 72,1%-i Rusiyada qalmağı planlaşdırır. 11,9%-i daim Rusiya ilə Ermənistan arasında gedib-gəlmək fikrindədir. 5.2%-i isə bir neçə il işlədikdən sonra Ermənistana dönmək, 3,3%-i pul qazanandan bir neçə ay sonra çıxıb getmək istədiklərini bildiriblər.
Göründüyü kimi, Ermənistanı tərk edən ermənilərin mütləq əksəriyyəti heç vaxt geri dönmək niyyətində deyil. Son illər, xüsusən də ötən ilin aprelindəki 4 günlük müharibədən sonra Ermənistandan emiqrasiya xüsusilə böyük vüsət alıb. Yerli sosioloq və demoqrafiya üzrə ekspertlərin də etiraf elədiyi kimi, bu templə bir neçə ilə ölkədə cəmi 2 milyon adam qalacaq - onun da çox hissəsini qocalar və əmək qabiliyyəti olmayanlar təşkil edəcək.
Söz yox ki, Türkiyə ilə sərhədlərin açılması ilk növbədə emiqrasiya amilinə öz təsirini göstərəcək. Ermənilər çörəkpulu qazanmaq üçün uzaq Rusiyadansa, əlverişli bazarları olan yaxın Türkiyəni tərcih edəcəklər. Bu isə Rusiya üçün həm də erməni əmək miqrantları timsalında ucuz işçi qüvvəsini xeyli dərəcədə itirmək anlamına gəlir.
Bundan əlavə, ermənilərin qardaş ölkəyə axışması Ermənistanın olan-qalan iqtisadiyyatını və əhalisinin dolanışığını bu dəfə Türkiyədən asılı duruma salacaq ki, bu da çətin ki, Kremlin cari və perspektiv maraqlarına cavab versin (indinin özündə Türkiyədə on minlərlə erməni miqrant var).
Bu mənada Avrasiya İqtisadi Birliyinə üzvlüklə Türkiyə və Ermənistan arasında sərhədlərin açılması və diplomatik münasibətlərin yaradılması Moskvanın yaxın perspektiv maraqlarına əslində uyğun kimi görünmür. Hərçənd fərqli fikirlər də var. Məsələn, keçmiş dövlət müşaviri, politoloq Qabil Hüseynli hesab edir ki, bu gün Türkiyənin Avrasiya İqtisadi Birliyinə üzv olması Rusiyaya hava-su kimi lazımdır.
Onun zənnincə, Rusiya Türkiyə kimi bir dövləti Avrasiya İqtisadi Birliyinə üzv etsə, dünya ictimai rəyində NATO-nu öz tərəfinə çəkmək kimi bir fikir formalaşdıracaq: “Rusiya bununla bir güllə ilə iki dovşan vurmaq istəyir. Avrasiya İqtisadi Birliyi ideyasını yenidən gündəmə gətirir və ictimai rəydə bu birliyin perspektivləri barədə pozitiv rəy yaradır. Bununla birgə Türkiyənin NATO-dan çıxarılması məsələsinin gündəmə gələcəyini bilərək, əvvəl Avropa Birliyini parçalamağa çalışırdısa, indi NATO-ya qarşı bu fikrə düşüb. Əgər Türkiyə NATO-dan çıxarsa və ya çıxarılarsa, bu, Rusiyanın böyük zərbəsi olacaq. Bu addımla Rusiya öz yolunu təmizləyəcək. Son zamanlar NATO Rusiya sərhədinə doğru irəliləməkdədir. Xüsusilə Gürcüstanda təlimlərin keçirilməsi, daimi NATO nümayəndəliyinin açılması, Ukraynanın NATO-ya can atması onu göstərir ki, NATO Rusiya sərhədləri boyunca bərqərar olmaqdadır”.
Politoloqa görə, Ankara bu məsələlərdə müəyyən hədəflər nəzərdə tutur: “Türkiyə Gömrük Birliyinə daxil olmaqla nəhəng Rusiya bazarına rüsumsuz məhsul idxalını çoxaltmaq, xarici ticarət dövriyyəsini daha da artırmaq kimi hədəfləri nəzərdə tutub. Amma Türkiyənin Avrasiya İqtisadi Birliyi ideyası kifayət qədər riskli ola, Ankaranın Qərb dövlətləri ilə münasibətlərini soyuda bilər. Türkiyənin Qərb dövlətləri ilə münasibətləri soyusa, kürd dövlətinin yaradılması reallaşa bilər. Ermənistan bildirir ki, Türkiyə həm Gömrük Birliyinə, həm də Avrasiya İqtisadi Birliyinə qəbul olunmaq üçün Ermənistanın razılığına ehtiyac duyacaq. İrəvanda düşünürlər ki, konsensusdan istifadə edib, Türkiyənin qarşısına ağır şərtlər qoya bilərlər. Söhbət sərhədlərin açılması, Ermənistanla diplomatik münasibətlərin yaradılmasından gedir və bədnam milliyyətçi dairələr eyni zamanda Türkiyədən ”soyqırımın" tanınmasının tələb edilməsini istəyir. Türkiyənin Avrasiya Birliyinə qoşulmasından sonra çox ziddiyyətli bir vəziyyətin yaranması müzakirə mövzusudur".
Lakin sərhədlərin açılması bu gün daha çox Ermənistana lazımdır. Ən azından, “Azərbaycana silah satan vəfasız” Rusiyadan əzici və təhqiramiz asılılığı azaltmaq zərurəti bunu diktə edir. Türkiyənin Avrasiya Birliyi ilə bağlı hədəflərinə gəlincə, Ankara bu hədəflərlə bağlı Azərbaycanın maraqlarını da mütləq ciddiyə alacaq. Ötən saylarımızda da vurğuladığımız kimi, Bakı ilə anlaşma olmadan qardaş ölkə belə taleyüklü addımlara qərar verməz. Bu, istisnadır. Yəni Ermənistan enində-sonunda yenə Azərbaycan faktoru ilə üzləşməli olacaq.
Beləcə, üç paytaxt (Ankara, Moskva, Bakı) arasında sıxılan İrəvan öz oyununu oynamağa çalışsa da, manevr imkanlarının məhdudluğundan yenə həmin paytaxtların verəcəyi ortaq qərarlardan asılı durumda qalmaqdadır. Bu isə o deməkdir ki, işğalçı ölkənin taleyi həm də Bakıda həll olunur.

müsavat.com


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: taleyi, olunur, de, hell, Bakida, shgalchinin, hem
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

25-09-2017

BÜTÜN XƏBƏRLƏR

Sunayla Hüquqdan Danış

[email protected]


/sunayla_huquq_danish/

GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ