SON DƏQİQƏ
XalqXeber.Az » Siyasət » Kremlin sürüşkən Qarabağ taktikası

Kremlin sürüşkən Qarabağ taktikası

Tarix:

27-07-2017, 10:08

/ 113 704 dəfə oxundu.
Kremlin sürüşkən Qarabağ taktikası

Konflikti sonsuzadək donmuş vəziyyətdə saxlamaq mümkün olmayacaq; rusiyalı professor-politoloq: “Moskva müharibədə maraqlı deyil, o zaman konkret mövqe tutmalı olacaq, nəinki arbitr kimi qala biləcək...”

Rusiya Dağlıq Qarabağ məsələsinin həllində hələ ki ciddi təşəbbüskarlıq göstərməyə tələsmir.

Prezidentlərin Soçi görüşü bu xüsusda müəyyən ümidlər yaratsa da, əksər ekspertlər ehtiyatlı nikbinlik sərgiləməkdədirlər. Onlar ən azından, Rusiya prezidenti Vladimir Putinin erməni həmkarı Serj Sərkisyanla təmasını gözləməyi məsləhət görürlər. Yəni belə qənaət də var ki, Soçi görüşü Kremlin daha çox başqa bir narahatlığından qaynaqlanlb. Hansı? Bunu artıq zaman göstərəcək.

Kremlin Qarabağ siyasətinə isə bütövlükdə onun Güney Qafqaza yönəlik geosiyasi planları çərçivəsində baxmaq lazım gəlir. Bu planların başında da Rusiyanın bölgəni öz siyasi-hərbi təsir zonasında saxlamaq və regionda daha da möhkəmlənmək imperativi dayanır. Bunu Rusiyanın regionda və ona bitişik nahiyələrdə son vaxtlar artan hərbi fəallığı bir daha sübut edir. Yeri gəlmişkən, Rusiya bu arada Şimali Qafqazın ardınca işğal etdiyi Cənubi Osetiya bölgəsində hərbi manevrlər keçirib ki, bu da təkcə Gürcüstana qarşı deyil, regionun digər ölkələrinə də “əzələ nümayişi” kimi dəyərləndirilir.

***

“İşğal altında olan Gürcüstan ərazilərində Rusiyanın hərbi manevrlərini və irəliləməsini bütün region, o cümlədən Azərbaycan və İran üçün siqnal kimi qiymətləndirmək olar”. “Gürcüstan-Onlayn” nəşrinin bildirdiyinə görə, bunu Gürcüstanın keçmiş müdafiə naziri, nüfuzlu “İslahatçılar klubu”nun qurucusu Dmitri Şaşkin deyib.

Onun sözlərinə görə, Rusiyanın maraqları yalnız Gürcüstanla məhdudlaşmır və hərbi manevrlər ilk növbədə Azərbaycan üçün siqnaldır. Keçmiş nazirin fikrincə, Rusiyanın əsas məqsədi Ermənistandakı 102 saylı Gümrü hərbi bazasına dəhliz açmaqdır.

Xatırladaq ki, bir neçə gün öncə Gürcüstan XİN və DTX Rusiya Silahlı Qüvvələrinin Gürcüstanın işğal edilməmiş ərazilərinə doğru - Kasp rayonunun Karapila kəndi istiqamətində irəliləməsi barədə bəyanat verib. Bununla da Bakı-Supsa neft kəmərinin bir hissəsi rus hərbçilərin nəzarəti altına keçib.

“Rusiya bu təlim sayəsində özünün Cənubi Osetiyadakı qüvvələrini yeni marşrutlara hazırlayır. Onlar üçün bu marşrut Gürcüstanın işğal olunmamış əraziləridir. Rusiya öz niyyətini gizlətmir və yeni təlimi sayəsində Gürcüstanla bərabər bütün regiona siqnal göndərir. Bu təlim Azərbaycan və İran üçün də siqnaldır. Rusiya Gürcüstan ərazisindən özünün Gümrüdəki bazasına dəhliz açmaqla bağlı maraqlarını gizlətmir. Onlar hazırlaşırlar”, - deyə sabiq müdafiə naziri xəbərdarlıq edib.

Öz növbəsində briqada generalı Amiran Salukvadze Gürcüstan KİV-ə müsahibəsində bildirib ki, Rusiya qoşunları SSRİ dövründə mövcud olmuş “sərhəd”i bərpa etmək istəyirlər.

***

Rusiyanın bu kimi hərbi manevrləri, Bakı-Supsa neft kəmərinin bir hissəsinin qanunsuz şəkildə nəzarətə götürülməsi şübhəsiz ki, onun Cənubi Qafqazla bağlı xoş olmayan məram və niyyətlərindən xəbər verir. Bu, həm də o deməkdir ki, konfliktlərin həllində Kremlin köməyinə bel bağlamağa dəyməz. Rusiyanın ən böyük köməyi elə bu münaqişələri qızışdırmamaq ola bilərdi.

Hərçənd bəzi rusiyalı siyasətçi və politoloqlar rəsmi Kremlin özündən fərqli olaraq, Qarabağ məsələsində daha ədalətli mövqe sərgiləməyə çalışırlar. O sırada Rusiya Dövlət Dumasının Beynəlxalq əlaqələr komitəsinin sədri Leonid Slutski srağagün münaqişədən danışarkən deyib: “Bizim haqqımız yoxdur ki, Dağlıq Qarabağ problemini nəvələrimizə saxlayaq”.

Onun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsini artıq indi, hazırkı liderlərin köməyi ilə yoluna qoymaq lazımdır. “Mənim və həmkarlarımın məsuliyyəti də sözsüz ki, bundan ibarətdir. Bizim bu, sözün həqiqi mənasında qan verən yaranı uzun illər sonraya, bizdən sonra gələnlərə saxlamaq haqqımız yoxdur. Onu bu gün həll eləmək lazımdır”, - deyə o qeyd edib.
Ancaq necə? Əgər Qarabağ məsələsində həlledici söz sahibliyi olan Rusiyanın rəhbərliyi problemin həllini süni surətdə uzadırsa, o zaman kimdən və hansı təşkilatdan dinc nizamlama üçün kömək ummalı?

***

Başqa bir rusiyalı xadim, Kornegi Moskva Mərkəzinin elmi şurasının üzvü, politologiya üzrə professor Aleksey Malaşenko isə hələlik Dağlıq Qarabağ ixtilafının real həll perspektivini görmədiyini söyləyir. Musavat.com-un məlumatına görə, politoloq bunu 1 in.am erməni nəşrinə açıqlamasında deyib.

“Mənim fikrimcə, bu konflikt əbədidir - hər halda, yaxın gələcəkdə onun çözümü görünmür”, - deyə o qeyd edib. O, Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşündən də heç bir nəticə gözləmir - hansı ki, ilkin razılaşmağa görə, bu ilin payızında baş tutmalıdır.

Rusiyalı ekspert hazırkı durumda konfliktin həllini deyil, hərbi qarşıdurmalardan qaçmağı daha real hesab edir. “Mənim Əliyev-Sərkisyan görüşündən hansısa gözləntim yoxdur. Bu, çoxsaylı görüşlərdən biri olacaq. Belə görüşləri təşkil eləmək çox yaxşıdır. Aydındır ki, danışıqlar müharibədən daha yaxşıdır. Lakin həllik münaqişənin həlli üçün real perspektivlər görünmür. Danışıqlar bu gün də var, fəqət, sadəcə olaraq, nizamlama perspektivi yoxdur. Özünü müstəqil hesab edən Qarabağ və Qarabağı öz tərkib hissəsi sayan Azərbaycan var. Və bu ziddiyyət hələ ki hansısa həllə gətirməyib” - Malaşenko vurğulayıb.

“Bəs sizcə, Rusiya hərbi toqquşmalardan qaçmaqda pozitiv yoxsa neqativ rol oynayır” sualına politologiya professoru belə cavab verib: “Fikrimcə, Rusiya silahlı konfliktin bərpasında maraqlı deyil, çünki o halda hansısa mövqe tutmalı olacaq, nəinki sadəcə, arbitr rolunda qalacaq. Moskva hazırda olduqca sürüşkən olan sülh prosesini dəstəkləyir. Bu, Kremli tamamilə qane edir”.

***

Bəs yaranmış vəziyyətdə Azərbaycan ən çox nəyə diqqət eləməli, Qarabağ siyasətinə hansı düzəlişlər etməlidir? Əksər analitiklərə görə, Bakı öz hərbi və iqtisadi qüdrətini durmadan artırmaqla yanaşı, hələ ki Dağlıq Qarabağ məsələsində Rusiya amilini ciddiyə almaq və öz “ulduz saat”ını gözləmək zorundadır.

musavat.com

Şərhlər

XƏBƏR LENTİ