XalqXəbər.Az

Manaf Ağayev keçmiş kürəkənini gizli generalın “qisası” ilə hədələyir..?

yüklənir...
Manaf Ağayev keçmiş kürəkənini gizli generalın “qisası” ilə hədələyir..?
6-02-2019, 12:15
yüklənir...

Artıq bir neçə müddətdir ki, ölkə mətbuatında gündəmə çıxarılan məsələlərdən biri də tanınmış müğənni Manaf Ağayevin ailəsi ilə onun keçmiş kürəkəni Taleh Hüseynovun aralarında yaşanan problemlə bağlıdır. Sözün açığı, bu problemin daha çox məhz ailədaxili məsələ olduğunu nəzərə alıb, ilk əvvəl onun barəsində hansısa bir araşdırmanın geniş oxucu auditoriyası üçün elə də maraq kəsb etməyəcəyini düşünmüşdük. Eyni zamanda da baş verənlərin təfərrüatları mediada yetərincə işıqlandırılıb. Lakin, bu günlərdə bilavasitə redaksiyamıza müraciət edən Taleh Hüseynov problemin daha dərin və daha ciddi olduğunu bildirdi. Onun iddiasına görə, keçmiş qaynatası Manaf Ağayevin bu süni şəkildə şişirdilmiş məsələnin "həllinə” eyni zamanda həm kriminal aləmin, həm də hüquq-mühafizə orqanlarının təmsilçilərini cəlb etməsi, nəhayətdə Taleh Hüseynovun azadlığı və həyatı üçün ciddi təhlükə yaradıb. Yenə də Taleh Hüseynovun sözlərinə görə, onun hətta xaricdə yaşayan qohumları və biznes tərəfdaşları da Manaf Ağayevin təhdidlərinə məruz qoyulurlar.

Beləliklə, "Yeni Sözçü” qəzeti olaraq, biz də qərara aldıq ki, redaksiyamıza müraciət etmiş Taleh Hüseynovun başına gələnləri elə onun öz dilindən, danışdığı kimi oxucularımıza təqdim edək.



"Mən, Hüseynov Taleh Eldar oğlu, 1979-cu idə Ağdam şəhərində anadan olmuşam. 2005-ci ildən Almaniyanın Hamburq şəhərində avtomobil alqı-satqısı sahəsində bizneslə məşğul idim. Özüm Azərbaycan vətəndaşıyam, Almaniyada "oturum” almaqla işlərimi davam etdirirəm. 2015-ci ildə növbəti dəfə Azərbaycana gəldim. Məhz elə bu gəlişimdə də Manaf Ağayevin qızı ilə ailə qurdum. Düzü o zaman da bu evliliklə bağlı bəzi xoşagəlməz anlar yaşamışdım. Məsələ bundadır ki, ailə qurduğum xanım artıq bir dəfə evli olub boşanmışdı. Amma o zaman mənə bu məsələni bir qədər başqa cür təqdim etmişdilər. Cəmi 20 gün içərisində həm tanış olduq, həm nişanlandıq, həm də evləndik. Bir müddət sonra, Manaf Ağayevin təklifi ilə Hamburqdan Kölnə yollandım. Burada onun bir neçə dost-tanışı tikinti biznesi ilə məşğul olurdular. Məsələn, Şakir adlı bir ailəvi dostu və Ağa adlı bir həmkəndlisi Kölndədirlər. Tanışlıqdan sonra mən də bu insanlara qoşuldum və biz birlikdə biznes fəaliyyətinə davam etdik. Mənim özümün şirkətim var. Biz müxtəlif ərazilərdə torpaq sahələri, üzərində köhnə tikililər olan ərazililər alırıq və sonradan həmin tikililəri uçurub, ya yeni bina inşa edirik, ya da boş ərazini başqalarına satırıq. Nə isə, işin bu tərəfi elə də önəmli deyil. Məsələ bundadır ki, 2017-ci ildə Manaf Ağayev də bizim biznesə qoşulmaq üçün mənə müraciət etdi. Dedi ki, mənim 50 000 avro vəsaitim var, onu da götürüb öz kapitalınıza qoşun, mənə də əldə olunan gəlirdən müəyyən pay verin. Onu da deyim ki, biz Almaniyada 6 nəfər şərikik. Onlarla da razılaşdırdıqdan sonra, Manafa dedim ki, pulu göndərsin. Onun özünün şirkəti, hesabı olmadığı üçün pulu nəğd şəkildə göndərdi. Həm də ilkin dediyi kimi 50 000 deyil, 40 000 avro məbləğində Beləcə pul 10-15 "ötürücü”dən keçəndən sonra mənə gəlib çatdı. Həmin vaxt biz öz vəsaitlərimizin üstünə bir qədər də bankdan kredit alıb qoymaqla Bonn şəhərində 1000 kv.m-lik torpaq sahəsi aldıq. Bu da bizə 750 000 avroya başa gəldi. Hal-hazırda da həmin ərazidə işlər normal templə davam edir. O zaman nəzərdə tutulmuşdu ki, Manaf Ağayevin payına hər ay, qoyduğu vəsaitin təxminən 2-3 faizi məbləğində gəlir düşəcək. Təbii ki, qazanc əldə olunmağa başlayandan sonra.

2018-ci ilin qışında mən növbəti dəfə Bakıya gəldim. Məqsədim ailəmi götürüb Almaniyaya qayıtmaq idi. Onu da deyim ki, evliliyimizin ilk vaxtlarından, daha dəqiq desəm artıq birinci ilin tamamından mütəmadi olaraq bizdə ailədaxili söz-söhbətlər yaranırdı. Səbəb də uşağımızın olmaması idi. Hətta Azərbaycana son gəlişimdən bir qədər əvvəl münasibətlər elə gərginləşmişdi ki, biz rəsmi olaraq boşanmışdıq. Amma mən yenə də ailəmin dağlmasını istəmirdim. Elə buna görə də yoldaşımı özümlə Almaniyaya aparmaq üçün bura gəldim. Ümid edirdim ki, bəlkə orda bizim uşaq problemimizin həllini tapa bilərlər. Lakin Bakıya döndüyümdə Manaf Ağayevlə xoşagəlməz söhbətim oldu. Mənə dedi ki, qızımın uşağı olmayacağı barədə həkimlərin rəyi qətidir. Sonra da mənə övladlığa uşaq götürməyi təklif etdi. Dedim ki, biz hələ cavanıq, ümidi itirmək lazım deyil. Hər halda Almaniyada səhiyyə bizdə olduğundan daha gücül inkişaf edib. Amma məni eşidən olmadı. Beləliklə də yoldaşımla ayrılmalı olduq. Onu da deyim ki, ayrılmağımız xoşluqla, problemsiz keçdi. Onsuz da dediyim kimi, rəsmi olaraq artıq bir qədər də əvvəldən nigahımız pozulmuşdu. Amma bir qədər sonra problemlər yaranmağa başladı. Əvvəlcə Manaf Ağayev mənə qarşı cehiz iddiası qaldırdı. Təbii ki, boşanandan sonra mən keçmiş yoldaşımın gətirdiyi cehizləri özümdə saxlamaq niyyətində deyildim. Amma Manafın dərdi başqa idi. Cehizləri sadəcə bəhanə edib, məni şərləmək istəyirdi. Məsələnin gərginləşdiyini görüb, mən də bu işi qanunla, sübut-şahidlə görmək qərarına gəldim. Nəhayət məhkəmənin qərarı ilə icraçılar baxış keçirdilər və bütün əşyaların yerində olduğunu təsdiqlədilər. Yalnız bir neçə krem və şampunun çatışmaması səbəbindən Ağayevlər ailəsi təkrar məhkəməyə müraciət etdilər. Baxmayaraq ki, baxış yoxlama keçirilib və icra müddətindən altı aydan çox vaxt ötüb, məndən əşyaları hələ də qəbul etmirlər. Hələ o vaxt, Nizami rayon məhkəmə icraçılarının baxış yoxlamasından sonra, mən bütün əşyaları yük daşıma xidməti vasitəsilə qablaşdıraraq Manaf Ağayevin yaşadığı ünvana, Şağan kəndindəki villalarına apardım. Amma onlat əşyaları qəbul etməkdən imtina etdilər. İki gün yük maşınları onların evinin önündə dayanıb və bu da mənə külli miqdarda ziyan vurub. Dayanmaya görə, yükdaşıma xidmətinə 1800 manat əlavə pul ödəmişəm. Sonda məcbur qalıb, əşyaları icarəyə götürülmüş anbara boşaltdırmışam. Fikir verin, Manaf Ağayev qızına cehiz qoşanda fəxrlə deyirdi ki, bu əşyalara 25 000 manat pul ödəyib. İndi isə, həmin əşyalara görə məndən 150 000 manat pul almaq istəyir. Halbuki, cehizləri video-çəkilişlə, icraçıların və daha 12 nəfər şahidin iştirakı ilə qaytarmaq istəmişəm, özləri qəbul etməyiblər. İşi necə düzüb-qoşubsa, Nizami rayon İcra şöbəsinin işçiləri də prosesi bilərkdən uzadırlar. Amma sən demə, bütün bunlar hələ işin müqəddiməsi imiş.

Belə ki, bu yaxınlarda telefonuma bir zəng gəldi. Açdım. Zəng edən şəxs özünü Bakı Şəhər Baş Polis İdarəsinin Təhqiqat şöbəsindən Asif Qubadov kimi təqdim etdi. Soruşdu ki, Azərbaycandayam, ya yox. Dedim ki, bəli, burdayam. Dedi ki, sənin barəndə keçmiş qaynanan şikayət ərizəsi verib. İki günə gələrsən İdarəyə. Soruşdum nəylə bağlı? Dedi ki, gəlib burda öyrənərsən. Sən demə, Manaf özü həyat yoldaşı Fərqanə xanımı göndərib Bakı Şəhər Baş Polis İdarəsinə ki, məndən o şikayət versin. Nə isə, deyilən vaxt vəkilimlə gəldim İdarəyə. Amma aşağıdan müxtəlif bəhanələrlə vəkilimi buraxmadılar. Hələ bir Asif Qubadov da dedi ki, vəkilə nə ehtiyac var, iki sual verib buraxacağam. Lakin içəridə söhbət dəyişdi. Təhqiqatçının mənə birinci sualı bu oldu ki, Manaf Ağayevin 40 000 avro pulunu alıb, dələduzluq edirsən? İkinci sualı da bu oldu ki, sən bilirsən o pulların yarısı mənə məxsusdur? Əvvəlcə istədim real vəziyyəti ona izah edim. Deyim ki, mən pulu danmıram, aramızda razılaşma olub, vəsait dövriyyədədir və sairə, və ilaxır. Amma Asif Qubadovu bütün bunlar maraqlandırmırdı. Məni xeyli təhdid və təhqir edəndən, hədə-qorxu, kobudluq nümayiş etdirəndən sonra dedi ki, sənə 4 gün vaxt qoyuram. Pulları gətirməsən, səni həbs edəcəyəm. Təbii ki, pulu verə bilmədim, indi mənə qarşı qondarma cinayət işi açıblar, heç maddəsini də bilmirəm. Özümə də heç bir əsas olmadan ölkədən çıxmağıma qadağa qoyublar. Diqqət edin, əvvəla mənim söhbətim, razılaşmam Manafın özü ilə olub, yoldaşı ilə deyil. Bəs niyə şikayəti Fərqanə xanım edir? Sonra, bizim bütün işlərimiz Almaniyadadır. Pulu da mənə Almaniyada veriblər və pulu mənə çatdıran şəxsin özü də həmin ölkədədir. Əslində mən heç Manaf Ağayevdə əlbəəl pul da almamışam. Amma mən yenə də olanları danmıram. Çünki mən iş adamıyam, dələduz deyiləm. Sadəcə olaraq bilmək istəyirəm, bütün bu məsələlərin Bakı Şəhər Baş Polis İdarəsinə, şəxsən Asif Qubadova nə aidiyyatı var?

Amma Manaf Ağayev bütün bunlarla da kifayətlənmir. Artıq Almaniyada onun adından özlərini kriminal aləmin mənsubları kimi təqdim edən şəxslər mənim şəriklərimlə təmasa giriblər. Mənim şirkətimlə, gördüyümüz işlərlə maraqlanıblar. Digər tərəfdən Ukraynada yaşayan dayımın telefonuna zənglər olunur və o da təhdid edilir. Bir tərəfdən də Manaf özü məni hansısa gizli generalın "qisası” ilə hədələyir... Mən artıq bütün bu qanunsuzluqlara, hədə-qorxulara, təpki və təhdidlərə necə qarşı duracağımı bilmirəm.

Nəhayət qərara gəldim ki, özümün və yaxınlarımın təhlükəsizliyimizin təmin olunması xahişi ilə mətbuat vasitəsilə ölkə rəhbərliyinə, o cümlədən Baş Prokurorluğa və Daxili İşlər Nazirliyinə müraciət edim. Xüsusilə Daxili İşlər Naziri cənab Ramil Usubovdan artıq dərəcədə xahiş edirəm ki, bu işin Bakı Şəhər Baş Polis İdarəsindən alınaraq, bilavasitə DİN-in müvafiq şöbələrindən birinə verilməsi üçün müvafiq göstəriş versin. Öz tərəfimdən, həm Nazirlikdə bu işin obyektiv araşdırılacağına, həm də özümün tam günahsız olduğuma əmin olaraq bildirirəm ki, əgər mənim hər hansı cinayət əməli törətdiyim müəyyən edilərsə, hər cür məsuliyyət daşımağa hazıram.

Bir daha tam ciddiliyi ilə bəyan edirəm ki, mövcud vəziyyətdə mənim və yaxınlarımın həyatımız Manaf Ağayev və onun ətrafı tərəfindən real təhlükə altına alınıb. Bütün səlahiyyətli orqanların bunu nəzərə almasını xahiş edirəm.

"Yeni Sözçü”qəzeti

yüklənir...
GÜNDƏM
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.