SON DƏQİQƏ
XalqXeber.Az » Şou-Biznes » Sabiq məmurların milyonluq mülkləri özlərinə qismət olmaya bilər - GƏLİŞMƏ

Sabiq məmurların milyonluq mülkləri özlərinə qismət olmaya bilər - GƏLİŞMƏ

Tarix:

24-11-2018, 13:55

/ 1 552 dəfə oxundu.
Sabiq məmurların milyonluq mülkləri özlərinə qismət olmaya bilər - GƏLİŞMƏ

Ölkə mətbuatında son zamanlar vəzifələrindən azad edilən məmurların mülklərinin siyahısı yayılır. Siyahılardan məlum olur ki, həmin məmurlar doğrudan da dövlət büdcəsini talayıb, külli miqdarda varidata sahib olublar.

Bütün bu siyahıların yayılması bir tərəfdən onu da göstərir ki, məmurların vəzifədən azad edilmələri ilə bağlı verilən qərarlar tamamilə əsaslı və doğrudur. Çünki bu məmurlar göstərilən etimaddan və xüsusilə də vəzifələrindən sui-istifadə ediblər ki, bu da qanunvericiliyə görə də cinayət sayılır.

Məmurların bahalı avtomobilləri, mülkləri sözsüz ki, büdcə ilə bərabər həm də xalqın cibindən oğurladıqları vəsaitlər hesabına alınıb. Buna görə də bir çox ictimai şəxslər hesab edirlər ki, həmin məmurların mülkləri dövlət tərəfindən müsadirə edilərək, xalqın müəyyən kəsiminin ehtiyaclarının ödənilməsinə sərf edilsin. Məsələn, deputat Fəzail Ağamalı parlamentin son iclaslarının birində işdən çıxarılan məmurların əmlaklarının müsadirəsi ilə bağlı təklif səsləndirdi. Deputat konkret şəkildə Azərbaycan Beynəlxalq Bankı İdarə Heyətinin hazırda həbsdə olan sabiq sədri Cahangir Hacıyevin və Maliyyə Bazarlarına Nəzarət Palatası Direktorlar Şurasının sabiq sədri Rüfət Aslanlının əmlaklarının əlindən alınmasını təklif etdi. Faktiki olaraq bu iki şəxs, dövlət bücəsini “xortumlayıb” böyük mülklərə, bahalı avtomobillərə və aksessuarlara sahib olublar. Onlardan biri yəni Cahangir Hacıyev həbsdə olsa da, Rüfət Aslanlı azadlıqdadır və həbsinə qərar verilməyib. Rüfət Aslanlının da mətbuatda dəyəri yüz minlərlə ölçülən varidatının siyahısı yayılıb.

Ağamalı çıxışında bildirdi ki, Cahangir Hacıyevin və Rüfət Aslanlının mülkləri, obyektləri, maşın kolleksiyaları satışa çıxarılsın, həmin mülklərin pulları vətən yolunda şəhid olan insanların vərəsələrinə verilsin: “Çünki həmin pullar xalqın, dövlətin puludur. Bu barədə düşünmək vacibdir”.

Eləcə də son günlər Bakı Dövlət Universitetinin rektoru vəzifəsindən azad edilən Abel Məhərrəmovun da xeyli sayda mülklərinin olduğu iddia edilir və mətbuatda həmin mülklərlə bağlı siyahı da yayılıb. Lakin hələ ki bu mülklərin həqiqətən ona məxsus olub-olmaması, Abel Məhərrəmovun bundan sonrakı taleyinin necə olacağı ilə bağlı konkret rəsmi faktlar mövcud deyil.

Politoloq Qabil Hüseynli “Yeni Müsavat”a bildirib ki, deputat tərəfindən səsləndirilən təkliflərlə o da razıdır: “Həmin məmurların mülkləri müsadirə edilməlidir. Çünki bu mülklər xalqdan oğurlanan, haram pullar hesabına alınıb. Ancaq məsələ burasındadır ki, hələ bu prosesin necə aparılmasının şahidi olmamışıq. Ona görə ki, məsələ ilə bağlı ictimaiyyətə açıq məlumatlar verilmir. Yığılmış pullar dövlət büdcəsinə keçirilməli olduğu halda, haralara gedir, bu haqda ictimaiyyət məlumatlandırılmır. Eləcə də həmin mülklərin miqdarı ilə bağlı da məlumat verilmir. Bəzən böyük məbləğlərdən danışırlar. Bu məbləğlər Müdafiə Sənayesi Nazirliyinə, mərkəzi büdcəyə də keçirilə bilər. Ümumilikdə deyə bilərəm ki, bu məsələdə mübarizə görüntüsü yaradılsa da, mübarizənin nəticələri məmnunedici deyil. Bütün proseslərə nəzarət olunmalıdır. Sovet dövründə hər bir şey qəpiyinə qədər hesablanıb, nəzarət edilirdi. Müsadirə edilən mülk və onun dəyərləndirilməsi, satışa çıxarılması aktlaşdırılırdı. Hər şey məhkəmənin qərarı ilə edilməlidir. Bundan sonra isə həmin vəsaitlər dövlət büdcəsinə keçirilməlidir. Dövlət büdcəsindən isə vəsaitlər haraya istiqamətləndirilərsə, orada da istifadə olunmalıdır. Lakin hələ ki heç bir nümunə görmürük. İstənilən vəzifəsindən azad edilən məmurdan nə qədər vəsaitin geriyə qaytarılması, həmin vəsaitlərdən harada istifadə olunması açıqlanmayıb”.

Politoloq bildirib ki, bu cür məlumatları almaq üçün xüsusilə deputatlar sorğu göndərməlidir: “Xüsusi deputat komissiyası yaradılmalıdır. Yaxud da Hesablama Palatasından bunu soruşa bilərlər. Əvvəllər Prezident Aparatında maliyyə və digər hüquqi pozuntulara nəzarətedici qurum var. Həmin qurum bu işlə məşğul olumalıdır. Eyni zamanda Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi var ki, onlar da bu məsələni diqqətdə saxlamalıdır. Belə görünəndə rüşvət, korrupsiya və müsadirə ilə məşğul olan idarələrin sayı da kifayət qədər çoxdur. Yayılan məlumatlarla bağlı hansı işlərin aparılması barədə cəmiyyət məlumatlandırılmır. Bunun nəticəsində isə ictimaiyyətdə müxtəlif şayiələr, məlumatlar baş alıb gedir. Bütün bu proseslər isə dövlətin imicinə, xalqın idarəçilik sisteminə olan inamına ciddi zərbə vurur. Ona görə də bu cür məsələlərdə ictimaiyyəti sona qədər məlumatlandırmaq lazımdır”.

Şərhlər

XƏBƏR LENTİ