SON DƏQİQƏ
XalqXeber.Az » Şou-Biznes » “Tatyananın arxasında Britaniya xüsusi xidmətləri durur” - Milyarder Fərhad Əhmədov

“Tatyananın arxasında Britaniya xüsusi xidmətləri durur” - Milyarder Fərhad Əhmədov

Tarix:

3-09-2018, 10:33

/ 1 420 dəfə oxundu.
“Tatyananın arxasında Britaniya xüsusi xidmətləri durur” - Milyarder Fərhad Əhmədov

Azərbaycan əsilli biznesmen Fərhad Əhmədov Dubayın şəriət məhkəməsinin ona məxsus 115 metrlik “Luna” superyaxtasının keçmiş arvadının xeyrinə müsadirə olunmasına dair London məhkəməsinin qərarını müdafiə edən hökmündən apellyasiya verib.

Virtualaz.org-a istinadən xəbər veririk ki, biznesmenin nümayəndəsi yaxtanın F.Əhmədovun keçmiş arvadı Tatyana Əhmədovanın mülkiyyətinə keçəcəyi barədə vəkillərin dediklərini “tərtəmiz fantaziya” adlandırıb.

Xatırladaq ki, F.Əhmədovun hələ uzaq 2000-ci ildə Rusiyada bu ölkənin qanunları əsasında boşandığı keçmiş arvadının iddiası əsasında London məhkəməsinin 2016-ci ildə çıxardığı hökm neçə vaxtdır beynəlxalq qalmaqala çevrilib. Biznesmen bu hökmü qanunsuz saymışdı və tanımadığını elan etmişdi, bildirmişdi ki, həmin hökm əsasında keçmiş arvadına bir sent də ödəmək fikrində deyil. Çünki bu boşanma əslində 2000-ci ildə baş tutub, məhkəmənin hökmü ilə bölünməli olan sərvət isə boşanmadan sonra qazanılıb.

Lakin bu dəfə London məhkəməsi azərbaycanlı biznesmenin aktivlərinin ovuna çıxıb və dəyəri 550 milyon dollar olan “Luna” yaxtasına həbs qoyulması barədə qərar verib. Həmin qərar əsasında bu ilin fevralında Dubayın ingilis yuridikasiyası əsasında fəaliyyət göstərən beynəlxalq maliyyə mübahisələri məhkəməsi DİFC texniki baxış üçün “Port Rashed” limanına yan alan yaxtaya həbs qoyub. Həmin vaxtdan biznesmenin yaxtanı həbsdən çıxarmaq üçün hüquqi mübarizəsi davam edir.

Bu ilin iyul ayında Dubayın yüksək məhkəmə instansiyası-Birləşmiş Məhkəmə Komissiyası qərar vermişdi ki, London məhkəməsinin qərarı əsasında DİCF məhkəməsinin yaxtaya həbs qoyması bu instansiyanın səlahiyyətində deyil və işə şəriət məhkəməsi baxmalıdır. Çünki məsələ kommersiya mübahisəsi deyil, mülkidir, yəni boşanma məsələsidir. Qərarın ardınca yaxta ekipajının müsadirə edilmiş pasportları qaytarılmışdı və gəmiyə limandan lövbərləri geri çəkib sınaq manevrləri etməyə icazə verilmişdi.
Həmin qərar Tatyananın ciddi uğursuzluğu idi, çünki şəriət məhkəməsinin ərinə xəyanət edən arvadın tərəfini saxlaması real deyildi. Hansı ki, onun ərinə xəyanəti London məhkəməsinin sənədlərində də əksini tapıb. Lakin Tatyananın vəkilləri Dubay Şəriət Məhkəməsinin birinci instansiyasında London məhkəməsinin qərarının təsdiqlənməsinə nail olublar və bunu “qələbə” kimi şərh ediblər.

“The Daily Mail” qəzetinin yazdığına görə rusiyalı oliqarx əvvəlki kimi əmindir ki, o Dubayda həbs qoyulmuş yaxta uğrunda hüquqi mübarizəni udacaq. Cənab Əhmədovun vəkilləri deyiblər ki, Tatyana Əhmədovanın yaxtanın sahibinə çevriləcəyi barədə deyilənlər “tamamilə fantaziyadır” və növbəti məhkəmə instansiyası bütün faktları nəzərdən keçirəndən sonra yaxtanı sahibinə qaytaracaq.

“İddia edirlər ki, “Luna” yaxın vaxtlarda Tatyananın vəkillərinin əlinə keçəcək və məhkəmənin həmin müvəqqəti qərarı əsasında satılacaq. Bu tərtəmiz fantaziyadır. Dubayda bütün qanuni proseslərin tükənməsi uzun illər tələb olunur”-Fərhad Əhmədovun nümayəndəsi bildirib.
Biznesmenin nümayəndəsi əlavə edib ki, ötən həftə sonu Dubayın Şəriət Məhkəməsi cəmi bir hakimin iştirakı ilə işə baxıb və hüquqi arqumentləri detalları ilə nəzərdən keçirməyib. Bu detallar yuxarı instansiya məhkəməsində nəzərdən keçiriləcək.

“Biz artıq apellyasiya vermişik. Məhkəmə baxışının bu mərhələsindən biz əslində hər hansı başqa nəticə gözləmirdik və əminik ki, yuxarı instansiya hakimləri bütün faktları nəzərdən keçirəndən sonra “Luna” Dubay limanını tərk edəcək”-Əhmədovun nümayəndəsi deyib.

Habelə Fərhad Əhmədov hesab edir ki, gələn ay Rusiya məhkəməsi onun keçmiş arvadı ilə 2000-ci ildə boşanmasına dair məhkəmə hökmünün həqiqiliyini də təsdiqləyəcək.

“Rusiyada çıxarılmış bu boşanma hökmü İngiltərə Yüksək məhkəməsinin 2016-cı ildə çıxardığı boşanma qərarının, habelə DİFC məhkəməsinin “Luna”ya həbs qoyulması barədə qərarın üzərindən qalın xətt çəkir”-biznesmen bildirib.

Qəzet xatırladır ki, Tatyana Əhmədova məhkəmələr yolu ilə maliyyə mübahisələrini həll edib bundan öz payını almaqla ixtisaslaşan “Burford Capital” şirkəti ilə müqavilə bağlayıb və keçmiş ərinin sərvətinin yarısını ələ keçirə bilsə bunun 30 faizini həmin şirkətə verəcək.
Lakin F.Əhmədov dəfələrlə bildirib ki, London məhkəməsinin onun Moskvada boşandığı keçmiş arvadının iddiasını təmin edib ikinci dəfə boşanma hökmü çıxarmaqla qanunsuzluq edib. Və bu qərar rusiyalı oliqarxlara qarşı Qərbdə başladılmış təqiblərin bir hissəsidir. Xatırladaq ki, F.Əhmədov London məhkəməsində onun işinə baxılması ərəfəsində bir neçə dəfə Qərbin antirusiya kampaniyasını kəskin tənqid edən müsahibələr vermişdi.

Digər tərəfdən biznesmen ona xəyanət etdiyi üçün boşandığı keçmiş arvadına ildə bir neçə milyon dollar pul, London ətrafında malikanə və s. ayırıb. Tatyana illərdir keçmiş ərinin hesabına kraliçasayağı həyat tərzi keçirib.

252763_src2012-ci ildə biznesmen Rusiyada ona məxsus “Nortgaz” şirkətini “Qazprom”a 1.2 milyard dollara satan kimi onun keçmiş arvadı gizlicə London məhkəməsində boşanma və təzminat iddiası qaldırıb. Və məhkəmə F.Əhmədovun iştirakı olmadan hökm çıxararaq dünya üzrə onun aktivlərinin ovuna çıxıb.

Virtualaz.org Dubay Şəriət Məhkəməsinin birinci instansiyasının çıxardığı hökm və “Luna” yaxtasının taleyi ilə bağlı qalmaqal barədə F.Əhmədovun özündən də şərh alıb. Biznesmen elektron poçt üzərindən göndərdiyi açıqlamasında bildirib ki, həmin məhkəmə qərarı barədə keçmiş arvadının vəkillərinin yaydıqları şaiyələrə Brianiya xüsusi xidmət orqanlarının antirusiya fəaliyyəti kontekstində baxır. Və Tatyananın vəkillərinin işi udduqları barədə dedikləri “ağı qara görməkdir”.

“Onun arxasında ingilis xüsusi xidmət orqanları dayanıb. Köhnə İngiltərə öz oyun qaydalarını dəyişmir. Mən London məhkəməsinin hökmünün tamamilə siyasi motivli olması barədə bundan əvvəl verdiyim bəyanatlara sadiq qalıram və hüquqi mübarizəni axıradək davam etdirəcəyəm”-biznesmen bildirib.

Şərhlər

XƏBƏR LENTİ