SON DƏQİQƏ
XalqXeber.Az » Siyasət » “Nazirlər Kabineti və baş nazir postu ləğv edilməlidir”

“Nazirlər Kabineti və baş nazir postu ləğv edilməlidir”

Tarix:

20-04-2018, 10:05

/ 1 216 dəfə oxundu.
“Nazirlər Kabineti və baş nazir postu ləğv edilməlidir”

Aprelin 11-də Azərbaycanda keçirilmiş prezident seçkilərində qalib gələn hazırkı dövlət başçısı İlham Əliyev andiçmə mərasimindən sonrakı çıxışında ölkədə aparılacaq islahatların anonsunu verib.

Cebhe.info xəbər verir ki, prezident gələcək illərdə biznes mühitinin inkişafı üçün əlavə addımların atılacağını bildirib. “İqtisadi islahatlar dərinləşəcək. İqtisadiyyatda tam şəffaflıq təmin edilməlidir. Xoşagəlməz hallara son qoyulmalıdır. Ölkəmizdə qeyri-neft sektorunun inkişafı təmin olunub. Növbəti illərdə çalışmalıyıq ki, iqtisadiyyatımız dayanıqlı şəkildə inkişaf etsin və neft-qaz amilindən asılılığı azaldaq”, - deyə İlham Əliyev qeyd edib.

“Nazirlər Kabineti və baş nazir postu ləğv edilməlidir”

Prezidentin islahat anonsunu Cebhe.info-ya şərh edən REAL Partiyasının icra katibi, iqtisadçı-ekspert Natiq Cəfərli ölkənin siyasi həyatında maraqlı vəziyyətin yarandığını bildirərək qeyd edib ki, 2016-cı ildə keçirilmiş referendumdan sonra vitse-prezidentlik institutlarının formalaşması baş verməliydi. Hələlik I vitse-prezidentin təyin edildiyinə diqqət çəkən ekspertin sözlərinə görə, hələlik digər vitse-prezidentlərin təyinatı ilə bağlı fikir yoxdur:

“Əgər struktur islahatlarından söhbət gedirsə, bununla bağlı siyasi qərar olmalıdır. Məsələn, Nazirlər Kabineti tamamilə zəiflədilmiş formal quruma çevrilməlidir. Gələcəkdə isə birdəfəlik ləğv edilməlidir. Çünki prezident respublikalarının əksəriyyətində Nazirlər Kabineti anlayışı yoxdur. İcra hakimiyyətinin başçısı prezidentin özü sayılır deyə qərarlar birbaşa prezidentin sərəncamı, yaxud iştirakı ilə verilir. Beləliklə də Nazirlər Kabineti lazımsız quruma çevrilir.

Nazirlər Kabineti sıradan çıxarılıb, vitse-prezidentlik institutu genişləndirilməli, onların sahələr üzrə təyinatı baş verməlidir ki, hərəsinin öz sahəsi olsun və birbaşa prezidentə tabe olsun. Əgər bu olmayacaqsa, o zaman 2016-cı ildə keçirilmiş referendumun heç bir mənası olmayacaq. Ya da Nazirlər Kabinetinin səlahiyyətləri gücləndirilməlidir ki, cavabdehlik məsələsi qabağa çıxsın. Azərbaycanın ən böyük problemlərindən biri cavabdehliyin olmamasıdır. Məmurlar və nazirlər bəzən öz sahələrində yaranmış problemlərə görə tənqidlər edirlər, şikayətlər verirlər. Halbuki həmin insanlar 10-15 ildir ki, həmin sahəyə cavabdehdirlər. Bu da ölkədə qəribə situasiya yaradır”.

Natiq Cəfərli hesab edir ki, problemlərin həlli struktur islahatlarından asılıdır. İqtisadçının sözlərinə görə, iqtisadiyyatdakı problemlər siyasi qərarlarla həll edilməsə, heç bir addım effekt verməyəcək:

“Bunun nəticəsidir ki, son bir neçə ildə iqtisadi inkişafla bağlı “yol xəritələri” qəbul edildi, sərəncamlar verildi, amma bunlar effekt vermədi. Buna görə də gələcəkdə Nazirlər Kabineti və baş nazir postu tamamilə ləğv edilməlidir. Bundan sonra vitse-prezidentlər təyin edilməlidir ki, daha effektli idarəetmə sistemi formalaşsın. Düzdür, bunun üçün Konstitusiyaya dəyişiklik edilməlidir ki, “Nazirlər Kabineti” anlayışı çıxarılsın. Hesab edirəm ki, islahatlar bu yöndən başlasa, daha effektli olacaq. Bu da idarəetmənin hansı formada saxlanılmasından asılı olacaq”.

Şərhlər

XƏBƏR LENTİ