SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » Azərbaycan İŞİD-i sərhəddə gözləyir – sensasion təfsilatlar

Azərbaycan İŞİD-i sərhəddə gözləyir – sensasion təfsilatlar

Tarix:

12-10-2017, 16:15

/ 108 302 dəfə oxundu.
Azərbaycan İŞİD-i sərhəddə gözləyir – sensasion təfsilatlar

Son aylar Azərbaycanın şimalında-Dağıstan və həmsərhəd rayonlarda terrorçu qruplaşmaların yenidən fəallaşması müşahidə olunmaqdadır. Dağıstan prezidenti Ramazan Abdulatipovun gözlənilmədən istefaya göndərilməsi, onun yerinə DİN generalı Vladimir Vasilyevin təyinatı və Rusiya FTX rəhbəri Sergey Patruşevin Bakıya yenidən səfəri göstərir ki, hər iki ölkə bölgədə gərginliyin artmasından narahatdır. Yaxın Şərqdən sıxışdırılıb çıxarılan potensial terrorçuların Dağıstana və Azərbaycana sızma ehtimalı olduğundan qarşılıqlı fəaliyyət gücləndirilib.
Amerikanın “Stratfor” Analitika Mərkəzi də hesabatında qeyd edib ki, Rusiya terror hücumlarını önləmək üçün son aylar xüsusən Azərbaycanla təhlükəsizlik sahəsində əməkdaşlığı möhkəmləndirir. Yeri gəlmişkən, oktyabrın 11-də Soçidə başlayan MDB ölkələrinin zirvə toplantısında da əsas müzakirə mövzularından biri terror təhdidlərinə qarşı birgə mübarizədir.

***

Ötən həftə Bakı Ağır Cinayətlər Məhkəməsində terrorçuluq və digər cinayətlərdə ittiham olunan Fərid Sadıqovun cinayət işi üzrə yekunlaşan məhkəmə Azərbaycanın terror qruplaşmalarının hədəfində olduğunu bir daha təsdiqləyib.
F.Sadıqov bu ilin fevralında Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi xüsusi əməliyyat nəticəsində həbs edilib. O, dini ekstremizm zəminində xüsusilə ağır cinayətlərin törədilməsinə hazırlaşan Azərbaycan vətəndaşları - “Abu Hafsa” ləqəbli M.Ulubəyovun, “Abdulqərib” ləqəbli Q.Dəmirovun, T.Alməmmədovun və “Abdullah” ləqəbli S.Məmmədovun tutulması zamanı sağ ələ keçirilən yeganə qrup üzvüdür.
Əməliyyat zamanı qrup üzvlərindən M.Ulubəyov, T.Alməmmədov, Q.Dəmirov və S.Məmmədov avtomat və tapançadan atəş açmaqla birgə silahlı müqavimət göstərərkən məhv edilib.
Başa çatan məhkəmədə “Əbdülxaliq” dini ləqəbli F.Sadıqovun İŞİD terror təşkilatının ideyalarının Azərbaycanda qəbul olunması və cinayətkar məqsədlər üçün qrup yaratdıqları məlum olub. F.Sadıqov İŞİD-in tərkibində Suriyada döyüşən azərbaycanlılarla əlaqə saxlayaraq bu terror qruplaşmasının ideyalarını qəbul edib. Onlarla ünsiyyət zamanı İŞİD-in Azərbaycandakı “qolu” kimi qəbul olunmaq, təşkilatın məqsədləri üçün cihada başlamaq barədə sövdələşib.
İstintaq sənədlərində göstərilir ki, qrup Azərbaycan ərazisində seriya terror hücumları həyata keçirmək üçün planlar qurub. Hücumların hədəfi isə hüquq-mühafizə orqanlarının, nazirliklərin inzibati binaları, strateji əhəmiyyətli digər obyektlər, habelə Bakı Dövlət Universiteti, Bakı İlahiyyat Universiteti, Azərbaycan Neft və Sənaye Universiteti olub. Bundan əlavə, qruplaşma pul və qənimət ələ keçirmək üçün Bakıdakı şərab evlərinə, mağazalara, lombardlara hücumlar planlaşdırıb.
Təsadüfi deyil ki, terrorçu qrupun Azərbaycanın şimal bölgəsi ilə də bağlı xüsusi planları olub. Onlar bu bölgədə fəaliyyət göstərən iş adamlarına, yerli icra hakimiyyəti orqanlarına silahlı basqınlar etməyi planlaşdırıblar. Qrup üzvləri qərara alıblar ki, silahlı hücumlara başlayandan sonra Qusar rayonundakı meşələrə çəkilsinlər, əldə etdikləri qənimətləri, silah-sursatları orada və Bakıda kirayə yaşadıqları mənzildə gizlətsinlər. Sonrakı mərhələdə isə onlar Qafqazdakı bütün müsəlmanların biət edəcəyi əmiri seçməyə hazırlaşıblar.
Terrorçu qrupun ilk hücum hədəfi Qusar Rayon Polis İdarəsi olmalı imiş. Onlar hücumu idarənin qarşısında polislərin sıra baxışına düzüldüyü vaxt törətməyi planlaşdırıblar. F.Sadıqov ifadəsində bu epizodu belə nəql edib: “Plan belə idi ki, partlayış törədək, iki-üç nəfər həlak olsun, şöbəyə ziyan dəysin. Məhəmməd pul üçün ”Dəmirbank" və “Atabank”ın Qusar şöbəsinə basqın etməyi təklif edəndə mən dedim ki, silahımız azdır. Bir-iki silahla banka girmək çətin olacaq. Odur ki, banka deyil, şərab mağazaları və lombardlara girməyi planlaşdırdıq".
Qrup üzvləri Quba rayonu ərazisində “Qırmızı qəsəbədə” yaşayan yəhudilərdən birinin evinə, Qusar rayonundakı hərbi hissəyə silahlı basqınlar, DTX və DİN-in Polis Akademiyalarında terror aktları keçirmək təklifini irəli sürüb. Milli Məclisə basqın etməyi, deputatların hamısının bir yerdə olduğu vaxt onlara qarşı terror törədilməsi də planlaşdırılıb.
Məhkəmənin hökmü ilə Fərid Sadıqov 11 il müddətinə azadlıqdan məhrum edilib.

***

Qeyd edək ki, fevralda zərərsizləşdirilən qrupdan sonra da DTX mart ayında daha iki terrorçunu zərərsizləşdirib. Əməliyyat zamanı Azər Hüseynov və Əli İslamov yaşayış sahəsində silah tətbiq edərək müqavimət göstərib və xüsusi əməliyyat qrupu tərəfindən məhv edilib. Onlardan 1 ədəd “AKSU-74" tipli avtomat, 2 ədəd ”Makarov" tipli və 1 ədəd kustar üsulla hazırlanmış tapançalar, 400 və 75 qramlıq partlayıcı maddələr və xeyli sayda müxtəlif çaplı patronlar götürülüb.
Son olaraq avqustun 28-də DTX odlu silah və partlayıcı maddələr əldə etməyə, dövlət təsisatına hücum edərək terror aktı törətməyə hazırlaşan Yaşar Cavadovu zərərsizləşdirib. Yaşar Cavadov avqustun 27-də İsmayıllı şəhəri ərazisində xüsusi əməliyyat qrupu tərəfindən məhv edilib. Axtarışlar zamanı xaricdə fəaliyyət göstərən terror təşkilatının maliyyələşməsi prosesinə aid, habelə iş üzrə əhəmiyyət kəsb edən digər sənədlər aşkar edilib.

***

Azərbaycanın Dağıstanla sərhəd şimal bölgəsindən İŞİD və digər terror qruplaşmalarına qoşulanların sayı hər zaman diqqət çəkib. Qeyri-rəsmi məlumatlara görə, umumilkdə Şəki, Zaqatala, Quba, Qusar və Xaçmaz rayonundan terror qruplarına qoşulanlar 350-400 nəfər civarında olub. DTX rəisi Mədət Quliyevin bu günlərdə açıqladığı statistika da maraq doğurur. M. Quliyev deyib ki, Azərbaycandan 900 vətəndaş İŞİD terror təşkilatına qoşulub. Onlardan 85 nəfər hazırda həbsdədir, 195 nəfər isə vətəndaşlıqdan çıxarılıb. “Bizə məlumat daxil oldu ki, 300-ə yaxın azərbaycanlı orda döyüşlərdə həlak olub. Hazırda bizim əməkdaş İraqdadır və biz bu məlumatın doğru olub-olmadığını araşdırırıq” deyə, DTX rəisi bildirib. Maraqlıdır ki, son günlər Dağıstanda antiterror əməliyyatı rejimi tətbiq edilib və hətta operativ qərargah da yaradılıb. Bildirilir ki, təhlükəsizlik xidmətinin əməkdaşları silahlıları və onlarla əlbir olanların axtarışını həyata keçirir.
Baş verən hadisələrin təhlili və eləcə də Azərbaycanda antiterror əməliyyatları və başa çatan son məhkəmədə üzə çıxan faktlar göstərir ki, İŞİD və digər terror qruplaşmaları ilə mübarizə həlledici mərhələyə daxil olub. Bu həm də təhlükəli bir dönəmdir...

“YM”

Şərhlər

XƏBƏR LENTİ