SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Bayılda sakinlər özəlləşdirilmiş mənzillərindən çıxarıla bilər

Bayılda sakinlər özəlləşdirilmiş mənzillərindən çıxarıla bilər

Tarix:

26-09-2018, 21:11

/ 1 463 dəfə oxundu.
Bayılda sakinlər özəlləşdirilmiş mənzillərindən çıxarıla bilər

Bayılda üç evin sakinləri özəlləşdirilmiş mənzillərindən çıxarıla bilər

Ötən həftə Apellyasiya Məhkəməsi (AM) Bakının Səbayel rayonunda Ə.Hüseynzadə küçəsi, 8 saylı binanın sakinlərinin, Xanlar küçəsi 20, 10, 12, 14, 16-cu evlərin və Əlibəyov qardaşları küçəsindəki 15, 17, 17a, 17b və 19 saylı evlərdə mənzil sahiblərinin şikayətinə baxıb. AM ailələrin özəlləşdirilmiş evlərdən zorla çıxarılması barədə Səbayel Rayon Məhkəməsinin qərarını qüvvədə saxlayıb. Rayon məhkəməsi vətəndaşları daşınmaz əmlak hüququndan məhrum edib və Sabah Residence tikinti şirkətinin qarşısında onlara hər ay 300 manat kirayə haqqı ödəmək və sökülən binanın yerində bina tikildikdən sonra onları mənzillə təmin etmək öhdəliyini qoyub. Səbayel Rayon Məhkəməsinin qərarında vətəndaşların iddiaları əsassız və şişirdilmiş adlandırıb. AM Sabah Residense şirkətinin öhdəliklərini qüvvədə saxlayıb, lakin əgər növbəti instansiya məhkəmə öncəki qərarı ləğv etməsə vətəndaşların əvvəlki mənzilə hüququ olmayacaq.

Bu barədə Turan agentliyinə şikayətçilərdən biri Vüqar Məmmədov məlumat verib. Bundan öncə Bayıl massivindəki sözügedən evlərin sakinləri kömək üçün ölkənin birinci vitse-prezidentinə müraciət ediblər. Ancaq məhkəmə prosesinin yekunlarından bəlli olur ki, bunun sakinlərə faydası olmayıb.

Mənzil sahibləri öz evlərini tərk etmək istəmirlər, çünki Sabah Residense şirkətinin onları icarə zamanı mənzillə təmin edəcəyinə və sökülən evlərin yerində tikiləcək yeni binada mənzil verəcəyinə əmin deyillər.

Vətəndaşlar bu şirkətin təsis sənədlərini öyrəniblər və əmin olublar ki, Sabah Residense-in bank hesabında sakinlərə vəd edilən öhdəliklərin yerinə yetirilməsi üçün kifayət qədər vəsait yoxdur. Şirkətin sahibi Abil Səfərov sakinlərlə görüşündə bildirib ki, binanın tikintisi zamanı müvəqqəti icarə haqqı və tikintinin maliyyələşdirilməsi üçün pul tapacaq. Ancaq vətəndaşlar inanmırlar, belə ki, dövlət Bakıda yaşayış evlərinin renovasiyası barədə Nazirlər Kabinetinin 86-cı qərarı çərçivəsində belə müqavilələrin icrasına qarant kimi çıxış etmir.

O zaman Səbayel Rayon İcra Hakimiyyətinin başçısı olan Eldar Əzizov (bu yaxınlarda paytaxt İH-in faktiki rəhbəri olub) sakinlərin razılığı ilə köhnə evlərin sökülməsi və yeni binanın tikilməsi üçün bu ərazinin tikinti üçün Sabah Residence-ə ayrılmasına sərəncam verib.

Artıq deyildiyi kimi, vətəndaşlar tikinti şirkətinin şərtləri ilə razı deyil. Şirkət onun tələbləri ilə razılaşmayan və razılaşma sənədini imzalamayan sakinləri onların mənzillərində yanğınla təhdid edib, boruları kəsərək, divarları sındıraraq mənzillərindən çıxmağa məcbur edib.

Vətəndaşlar AM-ə verdikləri iddiada bildiriblər ki, tikinti şirkətinin rayon məhkəməsinə şikayət etmək hüququ yoxdur, çünki vətəndaşların daşınmaz əmlak hüququ M.Bağırovun şikayəti əsasında Ali Məhkəmənin kollegiyasında baxışın (4 may 2007-ci il) yekunları ilə təsdiqlənib. Mübahisə tərəfləri bərabər hüquqi statusa malikdir və odur ki, münaqişə tərəflərinin biri digər tərəfin mülkiyyət hüququndan məhrum edilməsi barədə iddia qaldıra bilməz.

Sakinlər hesab edirlər ki, tikinti şirkəti Bakıda qəbul edilmiş şəhərsalma normalarını pozur. Rayon hakimiyyəti çoxmənzilli binanın taleyini həll edərkən orada yaşayan insanların rəyini soruşmayıb. Hakimiyyət "Azərdövləttikintilayihə" Dövlət Layihə İnstititunun qərarına əsaslanıb. Komissiya binaya baxış keçirdikdən sonra 2017-ci il sentyabrın 22-də binanın "qismən yararlı" olması barədə qərar çıxarıb. Sentyabrın 25-də isə Səbayel rayonunun icra başçısı Eldar Əzizov əvvəlki sənədə əsaslanaraq bu ərazinin tikinti üçün Sabah Residence-ə ayrılmasına sərəncam verib. Ancaq sakinlər şikayət edirlər. Onlar hesab edirlər ki, binaya baxış GOST 31937-2011 və həmin institutun AzDTN 1.7-1 normalarının pozulması ilə keçirilib. Eyni zamanda institut binanın sökülməli olması barədə qərar verməyə səlahiyyətli deyil. Sakinlər əmin olublar ki, Sabah Residence yeni yaşayış massivinin tikintisilə bağlı icazə sənədlərinin hamısına malik deyil. Bu şirkətin digər evlərlə bağlı əvvəlki münaqişələri də bu fikri möhkəmləndirir.

Vətəndaşlar qeyd edirlər ki, Bayıl sürüşmə zonasında 18 mərtəbəli binanın tikintisi üçün Sabah Residence-ə icazə verilib.

Sakinlərin iddiasında İnzibati-Prosessual Məcəllənin 40.1, 40.2, 40.3-cü bəndləri xatırladılır. Bu, tərəflər razılığa gələnə qədər binada yaşamağa ümid verir. Vətəndaşlar hesab edirlər ki, onların evləri ilə bağlı qəbul edilmiş əvvəlki sənədlər və instansiya qərarları qanunsuzdur, belə ki, daşınmaz əmlak sahiblərinin qanuni maraqlarını nəzərə almır.

Bununla belə, AM tikinti şirkətinin tərəfini tutub və rayon məhkəməsinin qərarını təsdiqləyib. Sakinlər növbəti instansiya məhkəməsində öz tələblərinin qanuniləşdirlməsinə nail olmaq niyyətindədir.

Sabah Residence tikinti şirkətinin hüquq şöbəsi Turan İA-nın suallarını cavablandırmaqdan imtina edir və bunu şirkətin qərarını şərh etmək səlahiyyətinə malik olmaması ilə izah edir.

/Turan.az/

Şərhlər

XƏBƏR LENTİ