SON DƏQİQƏ
XalqXeber.Az » Müsahibə » Bağlanmış Qafqaz Universitetinin tələbələri ADA-ya köçürülə bilər

Bağlanmış Qafqaz Universitetinin tələbələri ADA-ya köçürülə bilər

Tarix:

25-01-2017, 10:24

/ 2 647 dəfə oxundu.
Bağlanmış Qafqaz Universitetinin tələbələri ADA-ya köçürülə bilər

Son günlər Azərbaycan təhsil sistemində baş verən ən önəmli hadisələrdən biri də Təfəkkür və Qafqaz universitetlərinin bağlanmasıdır. Bu ali təhsil müəssisələrində təhsil alan tələbələrin digər universitetlərə yerləşdirilməsi üçün Təhsil Nazirliyi İşçi Qrup yaradıb.

Bəs bu prosesdə tələbələrin hüquqlarının pozulmaması üçün hansı məqamlara diqqət edilməlidir? Bu və digər sualları təhsil eksperti Kamran Əsədov müsahibəsində cavablandırıb.

- Kamran bəy, məlum olduğu kimi, indiyə qədər Azərbaycanda bir sıra ali təhsil müəssisələri fəaliyyətini dayandırıb. Hansı universitetlər bu aqibəti yaşayıb və bu zaman tələbələrin taleyi necə həll olunub?

- Sovetlər dövründə Azərbaycanda regionlar da nəzərə alınmaqla, 17 ali təhsil müəssisəsi var idi. Müstəqillik qazandıqdan sonra bu sayda ciddi artım nəzərə çarpmağa başladı. 2016-cı ilin rəsmi rəqəmlərində filiallarda nəzərə alınmaqla, 54 ali təhsil müəssisəsi var idi. Zaman-zaman onlardan fəaliyyətini dayandıranlar da olub.

2014-cü ilə qədər fəaliyyəti ləğv olunan universitetlər Müstəqil Azərbaycan Universiteti, Moskva Dövlət Açıq Universiteti, sonra isə Azərbaycan Beynəlxalq Universiteti idi. Bu təhsil müəssisələrinin tələbələri digər özəl universitetlərə köçürülsə də, Azərbaycan Beynəlxalq Universitetinə yalnız TQDK-nın qəbul imtahanları nəticələrinə əsasən qəbul olmuş tələbələr təhsillərini davam etdirə bildilər.

2014-cü ildə Azərbaycan İctimai Siyasi Universiteti Təhsil Nazirliyi tərəfindən lisenziya ala bilmədiyinə görə fəaliyyətini dayandırdı və onun tələbələri ixtisaslarına uyğun olaraq Bakı Biznes, Odlar Yurdu, Qərb Universiteti arasında bölüşdürüldü. Nəzərə alsaq ki, bu qeyd olunan özəl universitetlərə qəbul zamanı formalaşmış keçid balları o qədər də fərqli olmadığına görə bu köçürmələrdə bir problem olmadı.

2015-ci ildə Bakı Asiya Universiteti növbəti ildən təhsil ocağına tələbə qəbulu aparmaq istəmədiklərini və fəaliyyətlərini müvəqqəti olaraq dayandırdıqlarını elan etdilər. Bu təhsil ocağının TQDK-nın (DİM) inzibati binası kimi istifadə olunması bu addımın labüd olduğunu göstərir.

Son illər təkcə özəl ali təhsil ocaqları fəaliyyətini dayandırmayıb, bu taleyi dövlət universitetləri də yaşayıb. Belə ki, 2015-ci ilin sonunda Azərbaycan Müəllimlər İnstitutu fəaliyyətini dayandıraraq Azərbaycan Pedaqoji Universitetinə birləşdirildi. Azərbaycan Müəllimlər İnstitutunun filialları Bakı Dövlət Universiteti, İqtisad Universiteti arasında bölüşdürüldü.

- 2017-ci ilə iki universitetin bağlanması ilə başladıq. Bu universitetlərin tələbələrini nə gözləyir? Siz nələri təklif edirsiniz?

- Azərbaycan ərazisində 20 ildən artıqdır ki, ölkədə insanların və təhsilin tərəqqisinə xidmət edən, qayəsini, dövlətini və millətini sevən, elmi və texnoloji biliklərə yiyələnmiş demokratik ruhlu mütəxəssislər yetişdirən Qafqaz Universiteti fəaliyyətini təəssüflər olsun ki, dayandırdı. Rəsmi məlumatlara görə, Müşahidə Şurası toplantı keçirərək bu qərara gəlib ki, universitet ləğv olunsun. Lakin bir sıra mütəxəssislər hesab edirlər ki, bu təhsil ocağının bağlanmasının səbəbi Azərbaycanda fəaliyyətini dayandıran digər universitetlərdən fərqli olaraq, siyasi qərardır. Yəni Türkiyədə gedən daxili proseslər, FETÖ-çülərə qarşı haqlı olaraq başlanmış fəaliyyətlə yaxından əlaqəlidir. Qafqaz Universitetinin universitet şəhərciyi, tədris sistemi və s. ilə bağlı uzun-uzadı danışmaq olar. Amma indi məsələ tamam ayrıdır.

- Kamran bəy, sizcə, Qafqaz Universitetinin tələbələrini də indiyə qədər fəaliyyəti dayanmış digər universitetlərin tələbələrinin taleyi gözləyir? Yoxsa onlara hər hansı fərqli yanaşma olacaq? Məlumdur ki, orada təhsil alanların əksəriyyət yüksək balla qəbul olmuş gənclərdir.

- Təfəkkür Universiteti bağlanandan sonra oradakı tələbələrin aqibətinin əvvəlki təcrübədə ilə oxşar olacağı gözləniləndir. Təfəkkür Universitetində təhsil alan tələbələrin qəbul zamanı topladıqları balın yüksək olmaması TQDK-nın məlumatlarında da öz əksini tapıb. Deməli, Təfəkkür Universitetinin tələbələri Bakı Biznes, Azərbaycan, Odlar Yurdu, Avrasiya, Kooperasiya kimi universitetlərdə təhsillərini davam etdirəcəklər. Amma fəaliyyəti dayandırılmış Qafqaz Universitetində situasiya kifayət qədər fərqli və həssasdır. Qəbul imtahanlarında əldə olunmuş statistik məlumatlara nəzər saldıqda görürük ki, burda təhsil alan tələbələrin qəbul zamanı topladıqları ballar fərqli görüntü və münasibət formalaşdırır. Qafqaz Universitetinə qəbul olan tələbələrin rəsmi göstəricilərinə baxsaq, 16 nəfəri 700 bal toplayıb və onlardan hazırda 6 nəfəri orada oxuyur. Bu universitetin tələbələrindən 124 nəfəri “Prezident təqaüdüçüsüdür və onlardan 46 nəfəri indi də təhsil alır.

Universitet tələbələri arasında “Gələcəyin müəllimi” təqaüdçüləri 59 nəfərdir. Bu il Qafqaz Universitetinə bakalavr və magistr pilləsi üzrə birlikdə 952 nəfər qəbul olub. Onlardan 703 nəfəri bakalavriat, 249 nəfəri isə magistratura təhsili üzrədir. Bu il 600 baldan yuxarı nəticə göstərən abituriyentlərdən 229 nəfəri məhz Qafqaz Universitetini seçib. 650 baldan yuxarı toplayanlardan isə 60 nəfəri bu universitetdə təhsil alır. Göründüyü kimi, Qafqaz Universitetinin tələbələrinin köçürülməsi indiyə qədər qarşılaşdığımız mənzərələrdən çox fərqli olacaq. Əgər indiyə qədər fəaliyyəti dayandırılmış universitetinin bir fakültəsinin, ixtisasının tələbələri bütünlüklə hansısa təhsil ocağına köçrülürdüsə, Qafqaz Universitetində belə yanaşma özünü doğrultmayacaq. Hesab edirəm ki, burda fərdi yanaşma tətbiq edilməsi ən uyğun variant ola bilər.

- Fərdi yanaşma hansı formada həyata keçirilə bilər? Sizin təklifləriniz varmı?

- Köçürmə zamanı nəzərə alınmalı bir neçə vacib xüsusiyyət var. Birincisi, 2002-2003-cü tədris ilindən etibarən ixtisas fənlərinin ingilis dilində tədrisinə başlayan Qafqaz Universiteti yetişdirdiyi tələbələrin ixtisas, xarici dil və kompüter biliklərinə yiyələnmələrinə müstəsna əhəmiyyət verir. Bunu hansı ali təhsil müəssisələri hazırda həyata keçirir, bu nəzərə alınmalıdır. İkincisi, ölkə daxilində bakalavriat səviyyəsində tələbələrin bir ali təhsil müəssisəsindən digərinə köçürülməsi qayalarına görə Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən keçirilən qəbul imtahanlarında tələbənin topladığı bal qəbul olunduğu ildə köçürülmək istədiyi ali təhsil müəssisəsində müvafiq ixtisas üzrə minimal keçid balından az olmamalıdır. Bu zaman tələbənin qəbul olunduğu və köçürülmək istədiyi ixtisaslar TQDK tərəfindən müəyyən olunmuş eyni ixtisas qrupu daxilində olmalıdır.

II və III ixtisas qruplarında müəyyənləşdirilmiş tarix və coğrafiya müəllimliyi, tarix müəllimliyi və tarix ixtisasları öz aralarında, eləcə də II ixtisas qrupunda müəyyənləşdirilmiş beynəlxalq münasibətlər və regionşünaslıq ixtisasları isə III ixtisas qrupuna daxil olan digər ixtisaslarla uyğun hesab edilməlidir. Təbii ki, mədəniyyət və incəsənət ixtisasları istisna olmaqla...

Deməli, Qafqaz Universitetinin tələbələri bir ixtisas və ya fakültəsi ümumilikdə hansısa universitetə köçürülməyəcək. Onlar topladıqları ballara uyğun olaraq hansısa universitetlərə köçürüləcəklər. Bundan əlavə, Qafqaz Universitetində hələ də hazırlıq kursunda oxuyan tələbələrin də taleyi ciddi şəkildə diqqətdə saxlanılmalıdır.

Bundan başqa, rəsmi tələbələrin köçürülmə şərtlərinə görə, bir ali təhsil müəssisəsindən digərinə köçürülən, ixtisasını dəyişən şəxslər təhsillərini yalnız ödənişli əsaslarla davam etdirirlər. Bu yalnız dövlət sifarişi əsasında təhsil alanların eyni ixtisas üzrə köçürülməsi zamanı tətbiq olunmur. Amma Qafqaz Universitetinə qəbul olmuş tələbələr müəyyən sayda var ki, onlar ödənişli əsaslarla təhsil alırlar, amma digər universitetlərdə həmən ixtisas üzrə ödənişsiz əsaslarla təhsil alan tələbələr var.

- Kamran bəy, magistr və doktorantların durumu necə olacaq?

- Əlbəttə, Qafqaz Universitetinin vəziyyətini digərlərindən fərqləndirən başqa bir amil də burda təhsil alan magistrlərin sayı ilə bağlıdır. Ali təhsilin magistratura səviyyəsində tələbələrin bir ali təhsil müəssisəsindən və ya ixtisasdan digərinə köçürülməsinə yol verilmir. Həmin səviyyədə təhsil alan tələbələr yalnız təhsil alma formasını dəyişməklə, xaric olunanlar isə öz ixtisası üzrə əvvəl təhsil aldığı ali təhsil müəssisəsinə bərpa olunmaq hüququna malikdirlər. Bu o deməkdir ki, ən çətin vəziyyət magistr və doktorantura pilləsində təhsil alanlarla bağlı olacaq.

- Sizcə, yüksək balla Qafqaz Universitetinə qəbul olunan tələbələr hansı universitetlərə köçürülsə daha ədalətli olar?

- Mən hesab edirəm ki, Qafqaz Universitetinin tələbələrinin təhsillərini davam etdirməsi üçün ən uyğun universitet Azərbaycan Diplomatik Akademiyası (ADA) ola bilər. Çünki ADA qısa müddət ərzində dünya standartlarına cavab verən təhsil idarəçiliyi və tədris mühiti yarada bilib. Amma tələbələrin əvvəlki illərdə ödədikləri təhsil haqqını artırmamaq şərti ilə... Azərbaycan Diplomatik Akademiyası təzə yarananda belə bir hadisə yaşanmışdı. Belə ki, prezident İnformasiya Texnologiyaları Universitetinin yaradılması haqqında sərəncam vermişdi. Həmən il bu universitetə 4 ixtisas üzrə 60 tələbə artıq qəbul olunmuşdu. Amma İnformasiya Texnologiyaları Universiteti 2014-cü ilin fevralından ADA-ya birləşdirildi və tələbələr təhsillərini burda davam etdirdilər.

Digər bir təklifim isə odur ki, hazırda Qafqaz Universitetinin mühəndislik ixtisasının hazırlıq kursunda oxuyanlar yeni yaradılmış Bakı Mühəndislik Universitetinin birinci kursunda təhsillərini davam etdirsin. Elə Qafqaz Universitetinin tədris binasında Bakı Mühəndislik Universiteti kimi fəaliyyətini davam etdirməsi məqsədəuyğun olar. Çünki Xırdalan ərazisində ali təhsil müəssisəsinin fəaliyyət göstərməsi burda kirayə evlərdən tutmuş nəqliyyata qədər və sairə iş yerlərinin daima mövcud olmasına şərait yaradır.

Bundan başqa, Qafqaz Universitetinin tələbələri ixtisasları və oxuduqları kurslar nəzərə alınmaqla, UNİC, ADNSU və Bakı Neft Məktəbi kimi ali təhsil ocaqlarında təhsillərini davam etdirə bilərlər. Qeyd edim ki, UNİC, ADNSU (Azərbaycan Neft və Sənaye Universiteti) son illər ərzində korrupsiyanın qarşısının alınması, innovasiyalara açıqlıq, modern təhsil mühiti, sağlam rəqabət, gəncliyə diqqət və ingilis dilli qrupların fəaliyyəti, imtahan proseslərinin şəffaflığı baxımından böyük uğurlara imza atıb.

Hesab edirəm ki, Qafqaz Universitetinin ibtidai təhsil və pedaqoji ixtisaslarının tələbələri Azərbaycan Dövlət Pedaqoji Universitetində təhsillərini davam etdirəcəklər. Çünki ölkədə pedaqoji ixtisaslar üzrə peşəkar kadr hazırlığı məhz bu universitetdə həyata keçirilir və yeni rektor Azərbaycan Dövlət Pedaqoji Universitetində qısa müddətdə ciddi islahatlar aparıb sağlam təhsil mühiti formalaşdıra bilib.

müsavat

Şərhlər

XƏBƏR LENTİ