yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

Deputat Məlahət İbrahimqızı Leyla Əliyevanın Milli Məclisə deputat seçilməsini təklif etdi

Deputat Məlahət İbrahimqızı Leyla Əliyevanın Milli Məclisə deputat seçilməsini təklif etdi
12-06-2017, 13:37 61 764 dəfə baxılıb
yüklənir...

Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Məlahət İbrahimqızı müsahibə verib.

Həmin müsahibəni oxuculara təqdim edirik:

"Hümanistliyimizi göstərib ermənilərə qucaq açmışıq"

- Bu yaxınlarda Ermənistan-Azərbaycan Sülh Platformasının üzvü olan Vahan Martirosyan Bakıdan gedən kimi öz erməni xislətinə sadiq qalaraq, Ermənistandan əfv diləyən bəyanat verib. Bu bəyanatla tanışsınızmı?

- Bu adamı Azərbaycana dəvət edən kim idi? Bilirsiniz, onu buraya heç kəs dəvət etməmişdi. Həmin Vahan Martirosyan və onun kimi digər ermənilər özləri bəyanat verib, Azərbaycandan kömək istəyiblər. Onlar Ermənistanın cinayətkar rejimindən xilas olmaq üçün bu addımı atmışdılar. Ümumiyyətlə, ermənilərin bu cür məkrli və cinayətkar siyasətinə cənab Prezident İlham Əliyev "dünya erməniliyi" deyə çox yerində söylənilən ad qoyub. Həqiqətən də bu bir erməni xisləti və genetikasıdır. Biz heç zaman bir xalqı bütöv təhqir etmək düşüncəsində olmamışıq. Ancaq baş verən proseslər onu göstərir ki, ermənilər özləri öz yalanlarına inanırlar. Vahan Martirosyan da vaxtilə özü yalvararaq, Azərbaycana müraciət edib. Biz də öz hümanistliyimizi göstərib, həmin ermənilərə qucaq açmışıq. Şübhəsiz ki, onlar Azərbaycanda olduğu dövrdə xüsusi xidmət orqanlarımızın nəzarətində olublar. Bu ermənilər bir ildən çoxdur ki, Azərbaycanda qalıblar. Nəticə də göstərdi ki, ermənilərdən hər cür insan şərəfini və ləyaqətini aşağılayan hərəkətlər gözləmək olar.

"Ermənilərin heç bir təşəbbüsünə inanmaq olmaz"

- Sizcə, Ermənistan-Azərbaycan Sülh Platformasına nə qədər ehtiyac var?

- Açığı, mənim bu Platforma ilə elə əlaqələrim yoxdur. Sadəcə mediadan məlumatlıyam. Mətbuatdan oxumuşam ki, guya Azərbaycan və Ermənistan arasında mövcud olan münaqişənin aradan qaldırılması üçün ermənilər tərəfindən sülh platforması irəli sürülüb. Bəzən bunu "xalq diplomatiyası" da adlandırırlar. Yenə də deyirəm ki, ermənilərin heç bir təşəbbüsünə inanmaq və ciddi qəbul etmək olmaz. Artıq erməni xisləti göz qabağındadır.

Digər tərəfdən isə sözsüz ki, hər bir təşəbbüs araşdırılmalıdır. Müsbət və ya mənfi təşəbbüs götür-qoy edilməlidir. Biz iki dövlət olaraq eyni regionda yaşayırıq. Atalarımızın da misalı var ki, qonşun pisdirsə, köç qurtar. Ancaq bu bizim fərdi qonşuluğumuz deyil. Biz ölkə və xalq olaraq qonşuyuq. Ona görə də nə Ermənistan, nə də Azərbaycan oradan köçən deyil. Ona görə də bu cür təşəbbüslərə qoşulanlar və müəyyən fikirlər səsləndirənlər olur. Əgər kimsə bu cür təşəbbüslərə qoşulubsa, bu o demək deyil ki, biz öz dədə-baba torpaqlarımızdan zərrə qədər də vaz keçəyik. Yadınıza gəlirsə, Ermənistan-Azərbaycan Sülh Platforması gündəmə gələndən bir neçə ay sonra aprel döyüşləri baş verdi və Azərbaycan hərbçiləri Ali Baş Komandan cənab İlham Əliyevin göstərişi ilə ermənilərin işğal etdiyi ərazilərin müəyyən hissəsini azad etdi. Həmin dövrdə biz erməniləri müəyyən postlardan qovduq. Yəni, bütün bunlar bir daha onu göstərir ki, Ermənistan-Azərbaycan Sülh Platformasının yaradılması o demək deyil ki, biz torpaqlarımızı ermənilərə güzəştə gedəcəyik. Bu qətiyyən belə deyil. Əminəm ki, gələcəkdə də hər hansı sülh təklifi olarsa, o zaman da biz torpaqlarımızı ermənilərə güzəştə getməyəcəyik. Cənab Prezident də bəyan edir ki, Azərbaycan hələ ki, sülh danışıqları naminə hərbi yolu seçməyib. Çünki biz müharibələrin nə qədər ağır fəsadlara yol açdığını gözəl bilirik. Baxın qonşu Gürcüstana, mən bu yaxınlarda qatarla Tiflisdən Bakıya gəldim. Tiflisin dəmiryolu stansiyası SSRİ dövrünü xatırladır. Təsəvvür edin ki, Azərbaycanın "Böyük kəsik" kənd stansiyası Tiflis dəmiryolu stansiyasından çox inkişaf edib. Bu gün Tiflis dəmiryolu stansiyası Böyük kəsiyin vağzalı ilə müqayisə olunası deyil. Nəinki Şəmkirin, Gəncənin, Biləcərinin, Keşlənin və sairə. Təkcə qonşu Gürcüstan ən azı 15-20 il Azərbaycandan geridir. Bütün bunlar nəyin nəticəsidir? Əlbəttə ki, cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasətin. Həqiqətən də adam buna görə qürur duyur. Görün biz nə qədər nailiyyətlər əldə etmişik. Mən bütün bunları ona görə misal çəkirəm ki, Azərbaycan müharibəni məhz buna görə istəmir. Gürcüstan, Ukrayna və digər ölkələrdə baş verən müharibələrin yaratdığı fəsadlar gözümüzün qarşısında bir nümunədir. Bizim üçün danışıqlar yolu hələ tükənməyib. Əgər danışıqlar yolu tükənərsə, o zaman biz hərbi yolla torpaqları işğaldan azad edəcəyik. Buna heç kəsin şübhəsi olmasın.

"Ümumrusiya Azərbaycan Konqresinin fəaliyyəti bərpa olunacaq"

- Ümumrusiya Azərbaycan Konqresinin fəaliyyəti yaxın vaxtlarda bərpa oluna bilərmi?

- Əlbəttə ki, mümkündür. Çünki Ümumrusiya Azərbaycan Konqresi bu ölkədəki soydaşlarımızı bir araya gətirən qeyri-hökumət təşkilatıdır. Rusiyada da minlərlə qeyri-hökumət təşkilatları var. Burada da erməni lobbisinin təsirini istisna etmək olmaz. Bu gün dünyada erməni lobbisinin ən güclü fəaliyyət göstərdiyi yerlərdən biri Rusiya və onun paytaxtı Moskvadır. Hələ Sovet İttifaqı dövründə Moskvada elə dövlət qurumu yox idi ki, orada "erməni dəhlizi" olmasın. Rusiyanın ən vacib qurumları və vəzifələrini ermənilər tutmuşdu. Ona görə də bu gün Azərbaycanın artan gücü və inkişafı erməniləri razı sala bilməz. Ermənistanda isə aclıq və səfalət hökm sürür. Çalışırlar ki, Azərbaycanı öz inkişafından ləngitsinlər, münaqişənin müddətini uzatsınlar və sairə. Bu baxımdan da Rusiyadakı erməni lobbisi hərəkətə keçib. Azərbaycana bu cür yollarla təzyiq etməyə çalışırlar. Hesab edirəm ki, Ümumrusiya Azərbaycan Konqresinin ləğvi məsələsində də erməni lobbisinin böyük rolu olub. Ancaq əminəm ki, bu məsələ də öz həllini tapacaq. Çünki Rusiya və Azərbaycan dövlət başçıları arasında çox yaxşı münasibətlər mövcuddur. Sadəcə olaraq burada müəyyən məkrli qüvvələrin səyi nəticəsində Ümumrusiya Azərbaycan Konqresinin qeydiyyatı ləğv olunub. Ancaq Konqresin yenidən qeydiyyatdan keçməsi problem deyil. Yəqin ki, bu da mümkün olacaq.

Onu da xüsusi bildirim ki, Leyla xanım Əliyevanın rəhbərliyi sayəsində Rusiyada Heydər Əliyev Fondu çox peşəkar və nöqsansız fəaliyyət göstərir. Heydər Əliyev Fondunun Rusiya və Azərbaycan cəmiyyətinin həyatında müstəsna rolu vardır. Mən Rusiyada fəaliyyət göstərən digər Azərbaycan təşkilatlarını da Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyindən nümunə götürməyə çağırıram. Çünki Leyla xanım Əliyevanın başçılıq etdiyi nümayəndəlik indiyədək bir dəfə də nöqsana yol verməyib, hər zaman soydaşlarımızın yanında olub. Ümumiyyətlə, Heydər Əliyev Fondu təkcə Rusiyada deyil, dünyanın digər yerlərində də uğurlu fəaliyyəti ilə seçilir. Bütün bunlar isə Azərbaycan dövlətinin və xalqının dünyaya gözəl təqdimatı deməkdir. Təsədüfi deyil ki, bu gün dünyada fəaliyyət göstərən erməni lobbisi öz məkrli planlarının məhz Heydər Əliyev Fondu tərəfindən ifşa olunduğunu və pozulduğunu açıq etiraf edir.

"Leyla Əliyevanın Milli Məclisdə təmsil olunması parlamentin fəaliyyəti və gənclər üçün müsbət töhfələr verər"

- Bu gün Azərbaycan cəmiyyətində və sosial şəbəkələrdə Leyla Əliyevanın Milli Məclisin deputatlığına namizədliyinin irəli sürülməsi çağırışları səslənir. Belə çağırışlarla bağlı sizin fikirləriniz necədir?

- Mən hesab edirəm ki, Leyla xanım Əliyevanın Milli Məclisdə təmsil olunması ilk növbədə Azərbaycan gəncliyinə verilən böyük etimad və töhfə olar. Bu gün kifayət qədər Azərbaycan gəncləri parlamentdə və digər vəzifələrdə təmsil olunurlar. Çünki Azərbaycan dövlətinin və xalqının öz gənclərinə böyük inamı və güvəni var. Ötən il Azərbaycanda keçirilən referendumda da xalqın səs çoxluğu ilə parlamentdə təmsil olunmaq üçün yaş fərqini 18 yaş etmişik. Bu il isə qardaş Türkiyədə keçirilən referendumda yaş fərqi 18-ə endirilib. Bu təcrübə bir çox demokratik ölkələrdə var. Çox sevinirəm ki, bu addım Türkiyə və Azərbaycanda eyni vaxtda reallaşıb. Bütün bunlar bir növ potensiallı gənclərə meydan verməkdir.

Bu gün sosial şəbəkələr, internet əsridir. Belə bir dövrdə nə qədər gənclərin təmsil olunmasına diqqət etmək lazımdır. Bizim ulu babalarımız da öz bacarıqları ilə böyük işlər görüblər. Sultan Fateh 21 yaşında Konstantinopolu fəth edib. Eləcə də Uzun Həsən, Şah İsmayıl Xətai və digər tarixi şəxsiyyətlərimiz buna nail olublar.

Gənclərin cəmiyyətdə rolu böyükdür. Azərbaycanın ərazi bütövlüyü və müstəqilliyi uğrunda nə qədər gənc şəhid olub. Bu baxımdan da indiki Azərbaycan gəncliyi çox vətənpərvər, istedadlı və dünyagörüşlüdür. Ona görə də gənclərimizə geniş meydan verib, onlara dəstək olmalıyıq ki, onlar öz bilik və bacarıqlarını reallaşdırsınlar.

Leyla xanım Əliyeva da Azərbaycan dövləti və xalqı üçün böyük və əvəzsiz işlər görüb. Onun müsbət və uğurlu fəaliyyəti bu gün də davam edir. Hesab edirəm ki, Leyla Əliyevanın Milli Məclisdə təmsil olunması parlamentin fəaliyyəti və gənclər üçün müsbət töhfələr verər. Şübhəsiz ki, onun gördüyü işlər Leyla Əliyevanın Milli Məclisdə təmsil olunmasına layiq olduğunu bir daha sübut edir.

"Ölkə.Az"


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: Milli, Deputat, Eliyevanin, Meclise, Leyla, deputat, etdi, Melahet, teklif, brahimqizi, sechilmesini
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

22-09-2017

BÜTÜN XƏBƏRLƏR

Sunayla Hüquqdan Danış

[email protected]


/sunayla_huquq_danish/

GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ