SON DƏQİQƏ
XalqXeber.Az » Müsahibə » “Kim öz nişanlısını, bacısını götürüb tərbiyəsiz aktyorun tamaşasına gedər?” - Xalq artisti

“Kim öz nişanlısını, bacısını götürüb tərbiyəsiz aktyorun tamaşasına gedər?” - Xalq artisti

Tarix:

15-05-2017, 10:03

/ 42 974 dəfə oxundu.
“Kim öz nişanlısını, bacısını götürüb tərbiyəsiz aktyorun tamaşasına gedər?” - Xalq artisti

Budəfəki müsahibimiz Xalq artisti, Akademik Milli Dram Teatrının aktyoru Cəfər Namiq Kamaldır. Aktyorla çalışdığı teatrda, qrim otağında görüşüb, söhbətləşdik:
- Necəsiz? Teatrdakı işləriniz necə gedir?
- Sağ olun. Özüm pis deyiləm, teatrdakı işlər də pis deyil. Təzə tamaşalarda hələ yoxam. Amma yəqin ki, İnşallah olaram. Axırıncı tamaşam Vaqif Səmədoğlunun “Generalın son əmri” oldu.
- Generalı oynamışdız.
- Bəli, iki il bundan əvvəl. Xalq artisti Ramiz Həsənoğlu tamaşanın rejissoru idi.
- Bəs son zamanlar niyə yoxsuz tamaşalarda?
- Hələ ki... ola bilsin, mənə uyğun tamaşa yoxdur. Nəsə, belə başa düşürəm.
- Bəs yeni tamaşalar üçün darıxmırsız?
- Evdən çıxanda gərək biləsən ki, hansı tamaşa üzərində işləməyə, hansı rol üçün gedirsən. Yalnız rol xətrinə oynamaq, belə olmur. Şəxsən mən belə deyiləm. Gərək rol oynayanda qəliz, yaxşı obrazlar yaradasan. Obraz da insandır da, rol oynayanda həyatda olmayan yeni insanı dünyaya gətirirsən.
- Sizi teatrda baş verən qalmaqallardan da kənarda görürük. Son illərdə teatrın həyatında məlum çoxsaylı qalmaqallar oldu. Amma heç birində sizi görmədik.
- Yox, heç görməyəcəksiz də (gülümsəyir). Mənim belə işlərə münasibətim yaxşı deyil.
- Amma etiraf edək ki, bəzən bu qalmaqallar sayəsində gözdən kənarda qalmış sənətkarlarımız yenidən yada düşür, gündəmə gəlir.
- Hesab etmirəm ki, mən gözdən kənarda qalmışam. Yəni bunu hiss etmirəm. Hazırda televiziya kanallarından çox zənglər olur. Amma nəsə getmək istəmirəm. Ümumiyyətlə, hər təklifə, çağırışa getmirəm. Gedəndə də işimlə gedirəm. Məsələn, ya tamaşalarımı göstərirəm, ya deyirəm orda monoloq deyim. Mən adi sual verirəm, görürəm ki, çoxu aciz qalır. Deyirəm, rəqqas çağıranda orda nə edir, işi-peşəsi nədir, rəqs edir də orda. Şairi çağıranda şeir deyir, müğənni mahnı ifa edir və sairə. Bəs niyə aktyor çağıranda orda qeybət etməlidir? Aktyoru da çıxart monoloq desin, bədii qiraət desin, ya onun tamaşalarından göstərilsin.
- Sizi seriallarda, yeni çəkilən filmlərdə də görə bilmirik. Demək olar ki, “Üç bacı” serialından sonra görünmədiz.
- Təklif olur, amma yenə qeyd edim ki, mən bu yaşıma qədər pul dalınca qaçmamışam. Yəni imkan, təkliflər olub, amma... Bundan əvvəl qeyd etdim ki, gərək işindən zövq ala biləsən. “Üç bacı”da çox gözəl kollektiv alınmışdı. Çox gözəl rejissor, texniki heyət var idi. Çox güman onu təşkil edənin əməyi idi. Elə adamları yığmışdı ki, mən öz işimdən, mənə olan münasibətdən zövq alırdım. Serialda Maarif kişini yaratdım, kim məni görür, deyir ki, “Bizim blokda da bu cür kişi, ona oxşayan biri var”(gülümsəyir). Nəsə maraqlı obraz alınmışdı.
- Həmin obrazınız sizə xeyli tamaşaçı sevgisi qazandırdı... Çəkildiyiniz son filmlərə gələk, onlardan isə öz narazılığınızı bildirmişdiz, hətta premyeralarına getmədiz.
- Nə bilim (düşünür)... Belə kaprizli adam deyiləm ki, hər şeyə “mız” qoyum. Amma aktyor sağ olan müddətdə onu başqası niyə səsləndirməlidir? (Söhbət rejissor Eldar Quliyevin çəkdiyi “Dərvişin qeydləri” filmindən gedir - X.G.) Əgər mənim səsim tutulubsa, o rola uyğun deyildimsə, heç məni çəkməyəydiz də. Mən gəlib səndən xahiş etməmişdim ki. Mənə 2-3 paltar kostyum tikilmişdi, mən onların “primerkalar”ına getmişdim. Qrim ediblər məni 3 saatlarla. Bunun çəkilişləri, məşqləri, dublları olub. İndi siz deyin, öz danışığımı mən yaxşı səsləndirə bilərəm, ya başqası gəlib qalstukda mətni oxuyub, gedən? Hansımız obraza daha yaxın olarıq? Mən axı işin içindəyəm. Tərəf müqabilimlə bir yerdə olmuşuq, bir-birimizi eşitmişik, duymuşuq və sairə. Amma birdən-birə kənardan birinə mətni verirlər ki, gəl bunu oxu. O da mətni boğazdan yuxarı oxuyub gedir. Olmadı ki, bu.
- Ümumiyyətlə, son vaxtlarda sənətkarlarımızın əksəriyyəti çəkildiyi filmlərdən narazılıq edir, premyeralara gəlmirlər. Məsələn, əfsanəvi aktyorumuz Rasim Balayev də çəkildiyi son filmin premyerasına gəlmədi, hətta açıqlama verdi ki, “bilsəydim, heç çəkilməzdim o filmə”. Sizcə, buna səbəb nədir? Əvvəllər də belə hallar var idimi?
- Əvvəllər... filmlər elə əvvəllər çəkilib də. Özünüz bunu məndən yaxşı görürsüz. Belə getsə, heç film görməyəcəksiz, çünki film çəkənlər rəhmətə getdi.
- Amma biz sizi filmlərdə elə 90-cı illərdən sonra gördük.
- Bilirsiz necədir, mən 1972-ci ildən 1996-cı ilə qədər Gənc Tamaşaçılar Teatrında işləmişəm. 1993-cü ildə Həsənağa Turabov məni Akademik Milli Dram Teatrına dəvət etdi. Amma mən 96-cı ildə, xatırlayıram ki, iyun ayında bura gəldim. Həsənağa Turabov həmişə məni görəndə deyirdi ki, “dolamısan məni, camaat məndən xahiş edir ki, onu bu teatra gətirək, amma səni çağırıram gəlmirsən?” Mənim xətrimi çox istəyirdi. Beləcə, həmin vaxt teatra gəldim. Mənə dedi ki, “bu vaxtı teatra gələrlər, 15 gündən sonra teatr məzuniyyətə çıxacaq”. Dedim ki, “onda mən gedim”. Ayağa qalxanda dedi ki, “otur, getsən, gəlməyəcəksən”. Zəng vurdu ki, Cəfərin əmrini verin. Yəni mən Gənc tamaşaçılar teatrında işləyəndə teatrın binası yox idi, sökmüşdülər, 11 il biz qastrollarda, çarx üstündə olmuşuq. Təsəvvür edin ki, gedirdik qastrollara, gəlib təzə tamaşa təhvil verirdik, yenə də teatr bağlanmasın deyə, yenidən qastrollara gedirdik. Həmin vaxtlarda da filmlər çəkilirdi - “Nəsimi”, “Babək” və digərləri. Hər halda Nəsimini oynamasaq da, onun dostlarından birini oynaya bilərdik. Yəni həmin vaxtlarda mən Bakıda tapılmırdım deyə, filmlərdən də kənarda qaldım, bizdən əllərini üzmüşdülər.
“Aktyor sağ olan müddətdə onu başqası niyə səsləndirməlidir?”
- Amma qardaşınız İlham Namiq Kamal həmin vaxtlarda çox tele-tamaşalara, filmlərə çəkilib.
- Yox, o da çox çəkilmədi... Nəsə mən hər dəvət edilən yerə getmirəm, bəlkə heç bu yaxşı deyil, bilmirəm...
- Müsahibələrinizin birində demişdiz ki, qardaşım məndən bir yaş böyük olsa da, ilk dəfə mən onun əlindən tutub teatra gətirmişəm. Amma maraqlıdır ki, daha çox İlham Namiq Kamal ekranlarda, tele-tamaşalarda oldu.
- Deyirəm də, həmin vaxtlar mən Bakıda olmamışam. Seriallara, tele-filmlərə də 96-cı illərdən sonra çəkilmişəm.
- Sizi yaxından olaraq ilk dəfə metroda gördüm. Çox təəccübləndim, ağlımdan bu sual keçdi ki, görəsən Xalq artistimiz niyə metrodan istifadə edir, xalqın içində daha çox olmaq üçün, ya avtomobili yoxdur?..
- Yox, avtomobilim var. Özüm ayaqla gəzməyi daha çox sevirəm. Bu gün tamaşadır, yenə avtomobilimdən istifadə etməmişəm. Bağa gedəndə əlimdən tutur. Amma belə, çox istifadə etmirəm.
- Yəni sadəliyi sevirsiz.
- Özümü belə rahat hiss edirəm. Həm də ayaqla gəzmək xeyirdir axı.
- Bəzən görürük ki, gənc nəsil ictimaiyyətdə olan sənətkarlarımızı tanımırlar. Bəs sizi necə, gənclər tanıyırmı, münasibətləri necədir?
Tanıyırlar, münasibətləri də çox yaxşıdır. Həm biz özümüzü elə günə qoymamışıq ki, başqa münasibət göstərsinlər. Aktyoru tanımamaq günah deyil, pis odur ki, onun haqqında pis fikirləri olsun və sairə. Gərək, aktyor şəxsiyyət olsun. Əslində ekran böyüdücü şüşədir, aktyorun hansı xarakterdə olduğunu tamaşaçılar görür. Tamaşaçı aktyoru hətta rolda da olanda bilir ki, bu necə adamdır. Kim öz nişanlısını, yoldaşını, bacısını götürüb davranışını bilməyən, tərbiyəsiz aktyorun tamaşasına gedər? Heç vaxt getməz. Aktyor, aktrisa gərək tərbiyəli olsun
- Bu, sizin fikrinizdir, “aktyorluq gözəl sənətdir, amma insan ömrünü qısaldır”.
- Bəli, belədir də.
- Bəs peşman deyilsiz bu sənətdə olmağınıza?
- (fikrə gedir)... Gərək qayğı olsun. Qayğı ona görə olmalıdır ki, bu insan bilə-bilə öz ömrünü qısaldır.
- Ailədən, yoxsa dövlətdən qayğı olmalıdır?
- Hər yerdən. Ailədə qayğı olması sənin özündən asılıdır. Amma digərləri insanın özündən asılı olan məsələ deyil.
- Qayğı görürsüz?
- Mən özüm Xalq artisti, prezident təqaüdçüsüyəm, prezident mənə ev bağışlayıb.
- Bildiyim qədər həmin evi bağ evi ilə əvəzləmisiz.
- Bəli, elə etdim ki, nəvələrim orda 3 ay istirahət etsinlər. Belə, həyatımdan narazı deyiləm. Amma bu qayğı olmalıdır, mən təkcə öz həyatımdan danışmıram, bütün aktyorlara şamil edirəm. Yəni insan tək öz dərdini çəkə bilmir, amma aktyor səhnədə bir ayda 10-12 nəfərin dərdini çəkir, onu içindən keçirir. Əgər keçirməsən zalda əyləşən sənə inanmayacaq, zalda əsnəyərək üzünə baxar, hətta ayağa qalxıb, çıxıb gedə bilər. Bu lap biabırçılıqdır.
- Gənc aktyorların bu sənətə marağı necədir?
- Onların marağı olmasa, universiteti bitirib bura gəlməzlər. Bizim dövrlə müqayisədə onlar üçün şərait daha çoxdur. Yəni əgər istedadı, ürəyində yanğısı varsa, o, işləyəcək, pul da qazanacaq
- Yəni istedadı varsa, önə çıxa biləcək.
- Mütləq. İstedadı nə ilə sıxmaq olar? Deyirlər ki, istedad ovucdakı xəmir kimidir, onu sıxırsan barmaqlarının arasından çıxır. İstedadı heç vaxt sıxıb öldürmək olmaz. Bir az sıxarsan, gec alınar, amma sonda nəticəsi olacaq.
- Son vaxtlar ölkəmizdə çoxsaylı beynəlxalq idman yarışları keçirilir, hazırda da İslam Oyunları artıq start götürüb. Bu cür oyunlara marağınız varmı, bilet alıb həmin yarışlara gedəcəksizmi?
- Mən özüm vaxtilə cavanlıqda idmanla məşğul olmuşam, boksa və digər idman növlərinin məşqlərinə getmişəm.
- Yəni, peşəkarcasına deyil, həvəskar olaraq məşğul olmusuz.
- Bəli, həvəskar idim. Ümumilikdə idmanı çox sevirəm. Doğrudur, indi bir qədər tənbəl olmuşam. Amma hər gün səhər saat 6-da bulvarda idman edirəm, qaçıram. İzləməyə gəldikdə isə, futbola baxmağı sevirəm. Beynəlxalq yarışları da elə ekrandan izləyəcəm.
- Bəs ekrandan hansı proqramları izləyirsiz?
- Mənə nə maraqlı gəlirsə, onu. Muğamı daha çox izləyirəm. Amma gərək muğam da muğam olsun, qışqırmaq olmasın. Muğam festivallarına da baxıram. Amma düşünürəm ki, ifaçıları gedib kəndlərdən yığsalar, daha yaxşı olar. Çünki məsələn, festivalda iştirak edən uşaq musiqi məktəbini, kollecini bitirib, indi də konservatoriyanın 4-cü kursunda oxuyur, ona nə festival? Həmin ifaçı bir aydan sonra artıq diplom alacaq, olacaq professional müğənni. Amma gərək festivala imkanı olmayan, tutaq ki, dağda çoban olan, amma istedad olan insanları cəlb etsinlər, təhsil almasına köməklik etsinlər. Mən belə düşünürəm.
- Geriyə boylananda nə sizi kövrəldir, incidir?
- Elə kövrəlməli bir şey yoxdur. Yəni mən heç vaxt boş dayanmamışam, Gənc Tamaşaçılar Teatrında əla rollarım olub. Bura gələndə də fasiləsiz işləmişəm.
- Amma indi deyəsən boşluqda qalmısız.
- Yox, boşluqda deyiləm, tamaşalarım olur. İndi bir azdan “Xanuma” tamaşasında iştirak edəcəm".

"YM"

Şərhlər

XƏBƏR LENTİ