SON DƏQİQƏ
XalqXeber.Az » Müsahibə » "Autizmli uşaqları məktəblərə, baxçalara qəbul etmirlər" - MÜSAHİBƏ

"Autizmli uşaqları məktəblərə, baxçalara qəbul etmirlər" - MÜSAHİBƏ

Tarix:

13-05-2017, 12:45

/ 85 683 dəfə oxundu.
"Autizmli uşaqları məktəblərə, baxçalara qəbul etmirlər" - MÜSAHİBƏ

Müsahibimə müraciət edərkən məqsədim autizmli (autizm - ömür boyu davam edən nevropsixiatrik pozuntudur, fərdin insanlarla qarşılıqlı münasibət qurmağına mane olur, məhdud və təkrarlanan davranışlara, özünə qapanmağa yol açır - müəllif) insanların və ailələrinin yaşadıqları problemləri işıqlandırmaq idi. Amma Aytən xanım müsahibə zamanı təkcə öz problemlərinin öhdəsindən necə gəlməsindən yox, həmçinin Azərbaycanda olan digər autizmli uşaqlara, onların ailələrinə dəstəyindən və cəmiyyətdə maarifləndirmə ilə bağlı gördüyü işlərdən bəhs etdi.

Aytən Qasımovanın oğlu Həmzə də autizm sindromludur. Bir yaşına qədər sağlam inkişaf edən Həmzədə sonradan valideynləri problem olduğunu görürlər. Belə ki, Həmzə göz kontaktına girmir, adı səslənərkən reaksiya vermir. Valideynləri onu həkimə aparsalar da, düzgün diqanoz qoyulmur. Təxminən bir il sonra valideynləri onu Türkiyəyə aparırlar və 10 dəqiqə ərzində Həmzəyə autizm diaqnozu qoyulur.

Aytən xanım həmin günü belə xatırlayır: “Heç vaxt eşitmədiyim tibbi termini eşidirdim. Həkimin təsəlli etməsinə baxmayaq xəsətəliyi izah edərkən işlətdiyi bir cümlə, "həyatı boyu davam edən bir xəstəlikdir" deməsi mənə bəs etmişdi. Həmin günü boş evdə oturub bağıra-bağıra ağladığımı xatırlayıram”.

- Bunu qəbul etmək necə, çətin oldu?
- Mənim qəbul etməyim uzun çəkmədi. Ağlayıb ürəyimi boşatldıqdan sonra oturub düşündüm, başa düdüm ki, iki yolum var. Ya mən də oğlum kimi ətraf mühitdən qopub içimə qapanaraq özüm də autizmə doğru getməliyəm. Bu ən çox övladıma ziyan vuracaqdı. Ya da mübarizə aparan birisi olaraq oğlum üçün güclü olmalı idim. Mən də məntiqli olanı seçdim

- Müalicəyə başlamaq çətin prosess oldu?
- Autizmi çətinləşdirən əsas problem əqli gerilikdir. Ümumiyyətlə autizmin müalicəsi realibitasiya təhsilidir. Əqli geriyili olan autizmli uşaqlar müqavimət göstərdikləri üçün bu proses çətin keçir. Lakin Həmzədə autizmin daha yüngül forması, əqli geriliyinin olmaması müalicəni bir az asanlaşdırırdı. Sadəcə, bir neçə günlük uyğunlaşma problemi olduğu üçün ağlamışdı.

- Bu proses nə qədər davam edir?
- Realibitasiya təhsilində erkən müdaxilə dövrü var ki, 0-6 yaş aralığında olur. Amma autizmli insanın öyrənmə prosesi həyatı boyu davam edir. 0-6 yaş aralığında məktəbəqədər təhsil, 6-12 yaş aralığında isə orta məktəb dövrü kimi qiymətləndirilir. Autizmli uşaqlar masa arxası təhsili sevmirlər və yeniyetməlik dövründən başlayaraq peşə bacarıqlarının öyrədilməsi və həyata keçirilməsi başlayır. Tam autizmli uşaqların təhsili çətin gedir və onlarda çox ümidverici şeylər yaşanmır. Amma erkən müdaxilə olunanlardan ali təhsil alanlar olub.

“Autizm, fərqli və bizdən biri”

- Bir çox valideynlər bu cür övladlarını cəmiyyətdən kənar saxlamağa çalışırlar, amma siz əksini etmisiniz. Həmzəni birliyinizin, demək olar ki, ölkədə autizmin simasına çevirmisiniz. Ümumiyyətlə nə vaxt bu birliyi qurmaq qərarına gəldiniz?
- Övladımın ilk realibitasiya təhsili ilə əlaqəli özümün də təhsil aldığım Türkiyəyə köçmək məcburiyyətində qaldım. Çünki, burada 2005-ci illərdə heç bir realibitasiya mərkəzi yox idi. Bir neçə QHT vardı ki, orada keçirilən dərs saatı lazımı qədər deyildi. Dünya tibbində təhsil müddəti həftəlik minimum 20 saat olsa da, həmin qurumlarda çox az idi. Təhsilim başqa yöndə olsa da, özümü autizmə yönəldərək, araşdırmağa, təlimlərdə iştirak etməyə başladım. Azərbaycana qayıdacağım zaman bunun yenə problem olacağını bilirdim. Əvvəlcə Azərbaycandan olan bir neçə mütəxəssisin Türkiyədə təhsil alması üçün layihə hazırladım və bəzi qurumlarla birlikdə bunu həyata keçirdik. Beləliklə, Azərbaycana qayıdıb həmin mütəxəssilərlə işləməyə başladım. İlk olaraq kommersiya yönümlü psixologiya mərkəzində uşaq bölməsi açdım. Amma gördüm ki, Həmzəylə yaşadığım maddi və mənəvi problemləri yaşayan ailə çoxdur. Onlara dəstək vermək istəyirdim. Bunu isə kommersiya qurumu ilə edə bilməyəcəyimi anladım. Nəticədə 2013-cü ildə “Birgə və Sağlam İctimai Birliyi”ni quraraq Azərbaycanda autizmlə bağlı maarifləndirmə işləri aparmağa, imkanı olmayan ailələrə dəstək olmağa başladıq.

- Valideynlər sizə müraciət etdikləri zaman ilkin narahatlıqları və bilmək istədikləri məqamlar hansılardır?
- Bilmək istədikləri ilk məsələ övladlarının sağalma ehtimalıdır. Onları özlərinin yoxluğunda övladlarının taleyi narahat edir. Bu əsnada valideynlərə başa salmağa çalışırıq ki, bunun öhdəsindən ağlamaqla gələ bilməyəcəklər, etməli olduqları şey gələcəyi düşünmək yox, indiki zamanı maksimum funksional keçirməkdir. Bizimlə bir müddət davam etdikdən sonra buna alışmağa başlayırlar, övladlarının daha yaxşı olacağına ümid bəsləyirlər.

Cəmiyyətin autizmə reaksiyası: “Avtobusdan qovmaq”

- Övladlarınız cəmiyyət arasına çıxdığı zaman necə reaksiya görür?
- Hazırda apardığımız layihələrimizin ən böyük məqsədi cəmiyyətin buna hazırlanmasıdır. İnsanlar uşaqlarımızın davranış problemlərini gördükdə qarşısında yoluxucu xəstəlik daşıyıcısı varmış kimi reaksiya verirlər. Bu valideynlərə pis təsir edir və nəticədə uşaqlarını cəmiyyətdən “qoruyurlar”. Cəmiyyət autizm mövzusunda heç də hazırlıqlı deyil və hazır olmadığı müddətdə biz rahat ola bilməyəcəyik. Cəmiyyətin müsbət davranışına ehtiyacımız var. Mən özüm də övladımla əlaqəli sıxıntılar yaşamışam. Oğlumun ağlama krizi tutduğu zaman avtobusdan enməyimi istəyiblər. Lakin mən hər kəsin ictimai nəqliyyatdan istifadə haqqının olduğunu bildirərək düşməmişəm. Oğlum ağladığı vaxt onu sakitləşdirmək üçün sərt reaksiya vermədiyim üçün qınayıblar.

- İkinci övladınız olacağını bildiyinizdə onun da autizmli olma ehtimalı sizi çəkindirmədi ki?
- Elmi olaraq baş verəmə ehtimalı var idi. Əvvəllər narahat idim, fikrimi dağıtmağa çalışırdım. Amma sonra düşündüm ki, ilk övladı sağlam olan valideyinin də digər övladlarında bunun olma ehtimalı var. Bu problemdən qaçmaq lazım olmadığını başa düşdüm.

- Qızınız doğulduğu zaman Həmzənin onu qəbul etməsi ilə bağlı problemlər yaşadınız?
- Qəbuletmə məsələsində problem yaşamadıq. Həmzə bacısını çox istəyir, bacısı da onu. Qızımı isə bu mövzuda düzgün böyütməyə çalışdıq. Ona heç vaxt "sənin qardaşın autizm sidromludur, ona daha çox diqqət etməliyik" demədik. Zamanla o, bunu özü dərk etdi. Ümumiyyətlə, ailələrdə edilən səhvlərdən birisi də elə budur. Valideynlər digər övladlarına bunu təkrarlayırlar və onlara daha az diqqət edirlər. Bu isə sağlam uşaqların psixologiyasına təsir edir.

- Autizmli övladınız olduğu səbəbindən evdə hər hansı diqqət etməli olduğunuz nələrsə var?
- Həmzənin autizm sindromu səbəbindən yox, amma onun un və inək südü məmulatlarına allergiyası olduğu üçün bu məhsullardan istifadə etmirik. Yalnız Həmzə yatdığı zaman ehtiyacımız olanı istifadə edirik. On ildən çoxdur ki, bu həyatı yaşayırıq.

“Sağlam uşaqların valideynləri etiraz edirlər”

- Azərbaycanda bu sahə ilə bağlı mütəxəssis və vəsait problemi varmı? Bunu necə həll edirsiniz?
- Bu sahədə ən böyük problemlər işini düzgün görən mütəxəssislərin olmaması və vəsait qıtlığıdır. Bununla bağlı həyata keçirdiyimiz və planlaşdırdığımız layihələrimiz var. Amerikadan, Türkiyədən mütəxəssis gətirib kurslar təşkil edirik, ya da öz işçilərimizi ildə bir-iki dəfə Türkiyəyə göndəririk. İndiyə qədər iki vəsait çap etmişik. Keçən il Təhsil Nazirliyinə müraciət etdik və autizmlə bağlı kitab tərcümə olunaraq bütün məktəblərə paylandı. Realibitasiya təhsili üçün lazım olan qiymətləndirmə və digər vəsaitləri də həmçinin xaricdən gətiririk.
- Özünüz işlədiyiniz zaman Həmzənin qayğısına kim qalır?
- İşdə olduğum müddətdə Həmzə özəl müəllimi ilə (life coach) olur, birlikdə öyrənirlər. Həmzə idmanla məşğul olmağı və musiqiyə qulaq asmağı xoşlayır İşdən sonra isə ailəvi olaraq müxtəlif fəaliyyətlə məşğul oluruq.

- Autizmli uşaqlar ictimai məktəblərə gedə bilirlər?
- Ən böyük problemlərimizdən biri də övladlarımızın təhsil ala bilməməsidir. Təəssüf ki, bizim övladlarımızı ictimai məktəblərə, hətta baxçalara qəbul etmirlər. Davranış problemlərinə görə sağlam uşaqların valideynləri etiraz edir. Son illərdə inkluziv təhsil mövcuddur, amma qəbul üçün uşaqları komissiyadan keçirirlər və autizm dərəcəsi az olanları qəbul edirlər.

Şərhlər

XƏBƏR LENTİ