yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

“Bəlkə də Allah məni ona görə sağ saxlayıb ki...” - 50 yaşlı Rey Kərimoğlunun üç arzusu

“Bəlkə də Allah məni ona görə sağ saxlayıb ki...” - 50 yaşlı Rey Kərimoğlunun üç arzusu
9-05-2017, 08:55 58 237 dəfə baxılıb
yüklənir...

Bu gün Qarabağ qazisi, tanınmış jurnalist Rey Kərimoğlunun 50 yaşı tamam olur. Vətən uğrunda döyüşən, illərlə Qarabağ əlillərinin, şəhid ailələrinin hüquqları üçün savaşan bu insanı yubileylə bağlı redaksiyamıza dəvət edib, onun keçdiyi həyat yoluna işıq saldıq.

- Rey bəy, öncə sizi yubiley münasibətilə kollektivimiz adından təbrik edirik. 50 yaşında olmaq, bir əsri yarılamaq necə bir hissdir? Geriyə baxanda nələr düşünürsünüz?

- 50 yaşı tamamlamaq heç də düşündüyümüz kimi, qeyri-adi bir hiss deyil. Düzü, heç bu haqda düşünməyə vaxtım da olmayıb ki, 50 yaşında olmaq necədir? 50 yaş yaxşı yaşdır. Sadəcə, buradan dönüb keçdiyim həyat yoluma baxanda o qədər keşməkeşli, çətin yollar keçmişəm ki... Mənə təsir edən əsas məsələ 50 yaşımı Qarabağsız keçirməyimdir. Əvvəllər fikirləşirdim ki, 50 yaşıma qədər Qarabağ azad olunacaq, gedib Ağdamda, öz kəndimizdə yaşayacağam, ömrümü orada başa vuracağam. Həmişə belə düşünürdüm. Ağlıma gəlməzdi ki, 50 yaşımı Qarabağsız keçirərəm. 50 yaş deyəndə ağlıma gələn ancaq o olur ki, bu günə qədər torpaqlarımıza qayıda bilmədik.

- 50 illik həyat yolunuzdan danışın... Necə bir ailədə doğulmusunuz, necə keçib uşaqlığınız, gəncliyiniz, müharibə illəri...

- 1967-ci il may ayının 9-da Ağdam rayonunun Şıxbabalı kəndində, sadə bir fəhlə ailəsində anadan olmuşam. Ancaq hərbi xidmətə payızda getdim deyə, valideynlərim doğum tariximi 9 iyul kimi qeydiyyatdan keçiriblər. Adım da fərqli bir addır, hamı soruşur ki, bu adı haradan qoyublar. O vaxt kəndimizdə Rey adlı çox hörmətli bir kişi olub. Ağdamda çox böyük hörmət sahibi olub. Ona görə mənim də adımı Rey qoyublar. Atam dülgər olub. Böyük Vətən müharibəsinin iştirakçısı olub, orada fərqlənib, medalları, təltifləri olub. Dülgər olmasına baxmayaraq, Ağdamda Kommunist Partiyasının Təşkilat Komitəsinin rəhbəri idi. Atam müharibəyə gedəndə orada bir rus qadınla evlənib, mənim orada bir qardaşım var. 2007-ci ildə gedib onu tapdım. Atam isə 1996-cı ildə rəhmətə getdi. Öz ailəmizdə isə 3 qardaş, bir bacı olmuşuq. Mən orta məktəbdə oxuyanda belə bir qayda var idi ki, rus dilini bilən adamların hərbi məktəbə qəbulu asan olurdu. Mən də rus dilini yaxşı bilirdim, ona görə də gəlib imtahan verdim. Ukraynada ali hərbi məktəbə daxil oldum. Ancaq qardaşlarım məni orada oxumağa qoymadılar. 1985-87-ci illərdə sovet ordusu sıralarında xidmət etmişəm. Əvvəlcə Ağdam Kənd Təsərrüfatı Texnikumunun inşaat, sonra isə Sankt-Peterburq Xarici İqtisadi Əlaqələr və Hüquq İnstitutunun hüquq fakültəsini bitirmişəm. Hərbi xidmətə gedənə qədər sovxozda, çaxır zavodunda işləmişəm. Hərbi xidmətdən sonra Ağdamda kinoteatrda kinomexanik kimi işə düzəldim. 1991-ci ildə Ağdamda artıq gənclər orduya yazılırdı, mən də getdim yazıldım. Müharibədə başımıza gələnlər də hər kəsə bəllidir.

- Cəbhədə vuruşduğunuz illəri necə xatırlayırsınız?

- Mən cəbhə xatirələrimin əksəriyyətini lent.az-da yazdım, indi o yazılar APA Holdinqin dəstəyi ilə kitab kimi nəşr olunacaq. Hazırda çapa hazırlanır. Müharibədə gördüklərimdən yazılması mümkün olan hər şeyi orada yazmışam. Elə şeylər də var ki, nəinki mətbuatda, heç dostlar arasında da danışmaq olmur. Çünki müharibə çox dəhşətli hadisədir. Mən orada çox qarışıq proseslərin şahidi oldum. Elə şey var ki, hərbi sirdir. Biz ümidliyik ki, bir gün torpaqlarımız azad olunacaq. Ona görə də ehtiyat edirəm ki, həmin məsələləri danışsam, bu işə mane olaram. Müharibə böyük fəlakətdir, ancaq bizim başqa yolumuz yoxdur. Sülh danışıqlarına inanmıram. Bununla paralel, hərbidə də addımlar atılmalıdır. Zakir Həsənovun təyin olunmasından sonra orduda bir çox parametrlər üzrə müsbət dəyişikliklər olub. Allahın köməyi ilə torpaqlarımızı azad edəcəyik.
Müharibə xatirələrimdə çox acı insan taleləri var. 18-19 yaşında cavanlarımız olub ki, bu dünyadan nakam köçüblər. O hadisələrdən sonra həmişə fikirləşirdim ki, kaş orada dostlarımla bir yerdə mən də öləydim, bu hadisələri görməyəydim. Ancaq xatirələrimi yazdıqda fikirləşdim ki, bəlkə də Allah məni ona görə sağ saxlayıb ki, o gənclərin həyatını yazım. Çünki onlar haqqında heç kim yazmayıb. Onlar vətən uğrunda necə iztirablar çəkiblər. Bəlkə ona görə sağ qaldım ki, onlardan yazım, onlar unudulmasın. Müharibədən sağ gəlmiş uşaqların içində məndən də çox dəhşətlər görmüş insanlar var. Ancaq onlar mənim kimi yaza bilmirlər, dost məclislərində danışsalar da, mətbuata çıxıb danışa bilmirlər. Ona görə də xatirələrimi yazdım, torpaqlarımız işğaldan azad olunduqdan sonra yaza bilmədiklərimi də danışacağam.

- Qarabağ müharibəsi həyatınızdan nələri aldı və təzadlı olsa da, sizə nələri qazandırdı?

- Müharibə mənim gəncliyimi aldı. İlham Məhərrəmov adında bir Qarabağ əlili var, o gənclər günündə bir status yazmışdı ki, bəs bizim gəncliyimiz necə oldu? Biz nədən danışaq? 22 yaşında yatağa, əlil arabasına məhkum olan insanlar oldu ki, onlar gəncliyin nə olduğunu bilmədilər. Əvəzinə nə verirsən ver, hamısı boşdur. İki ayağını itirən insana milyon manat versən, nə dəyişər? Kimdənsə soruşsalar ki, gəl, sənin iki ayağını kəsim, əvəzində 1 milyon manat verim, kim razı olar? Heç kim razı olmaz. Ancaq onlar vətən naminə getdilər, sağlamlıqlarını, canlarını qurban verdilər. Bu işdə qazanc yoxdur. Qazanc yalnız şəhidlik və qazilik adıdır ki, o hər bir vəzifədən üstündür. “Bütün vəzifələr gəldi-gedərdi, ancaq şəhidlik və qazilik əbədidir”. Bu, Qazilər Birliyinin sədri Etimad Əsədovun sözüdür. O adı heç kim pulla ala bilməz. Müharibə mənim gəncliyimi, uşaqlıq xatirələrimi aldı. Mənim uşaqlığımın, məktəb illərimin keçdiyi kənd indi işğaldadır, oraya əlim çatmır. Məktəb xatirələrində hamının ən saf duyğuları var, ilk sevgisi var... Orada o qədər ilklər var ki... İndi onlara əlimiz çatmır. Ona görə də bunlar mənə çox ağırdır. Müharibə olmasaydı, mənim həyatım başqa cür ola bilərdi. İnşaat sahəsində mənim arzularım var idi. Müharibədən sonra qaçqınlıq həyatı yaşadıq. Təhsilsiz, işsiz insanlar taleyin ümidinə qaldı. Sağlamlığını itirən kim, övladını, ailə başçısını, qohumlarını itirən kim. Elə o vaxtdan Qarabağ əlillərinin, şəhid ailələrinin haqları uğrunda savaşa-savaşa, onların hayına qala-qala bir də ayıldıq ki, bu işlərin içindəyik. Mən Bakıda tikinti şirkətində fəhlə işləyirdim, zülm çəkirdim, ailəmi, valideynlərimi saxlayırdım. Qarnım-başım, ayaqlarım yarıq-yarıq idi. Əməliyyatdan çıxmışdım. O vəziyyətdə Sumqayıta gedib oradan kisə ilə yuyucu toz alıb gətirirdim, gətirib yataqxanada onu qonşulara satırdıq, 3-5 manat qazanıb çörəkpulu edirdik. Elə həmin vaxtlarda Qarabağ qazisi Etimad Əsədovla rastlaşdıq, məni Qazilər Birliyinə dəvət elədi. Elə o vaxtdan proseslərə qarışdıq.

- Jurnalistikaya gəlişiniz necə oldu?

- Elə bu təşkilatda əlillərin, şəhid ailələrinin problemlərindən danışa-danışa, yaza-yaza bir də gördüm ki, jurnalistikadayam. Bir ara gördüm ki, jurnalistlər danışdıqlarımı olduğu kimi yazmırlar, sonra özüm yazmağa başladım. Bir də ayıldım ki, jurnalistikanın içindəyəm. Bu sahədə də əlimdən gələni elədim, zəhmətlə çalışdım. Jurnalist fəaliyyətimə 1995-ci ildə “Zaman” qəzetində başladım. Qarabağ Əlillər Cəmiyyətinin mətbu orqanı idi. 1997-ci ildə özümüzün “Əlillər” adlı qəzetimizi təsis elədik. 2001-ci ilə qədər o qəzeti çıxartdıq. Həmin arada mən “Şərq” qəzetində də işlədim. Orada çox gözəl bir jurnalist kollektivinin içində oldum. Sonra 2001-ci ildə cəmiyyətimizi ləğv elədilər, qəzetimizin çapı dayandı. Bunun ardınca “Yeni Müsavat” və “Azadlıq” qəzetlərində köşələr yazdım. Daha sonra “Bizim yol” qəzetində işlədim. O indiki “Bizim yol” deyildi, baş redaktoru Məhəmməd Ərsoy idi. Ondan sonra “Milli yol"u yaratdıq. ”Vətəndaş Həmrəyliyi" qəzetində də işləmişəm. 2005-ci ildə “Yeni Müsavat” qəzetinə gəldim, 2007-ci ilə kimi burada işlədim. Mənim jurnalist fəaliyyətimdə təcrübə baxımından “Şərq” qəzeti ilə “Yeni Müsavat” qəzetinin xüsusi yeri var. Yazı vərdişini, peşəkarlığı bu qəzetlərdə mənimsədim. Ancaq jurnalistikada ilk müəllimim Adil Hüseynli olub. “Yeni Müsavat”da Rauf Arifoğlunun çox maraqlı iclasları olurdu, bunlar yadımdadır. Qəzetin əməkdaşları ilə maraqlı projelər həyata keçirirdik. Yazılarım yəqin ki, arxivdə var. Sevinc Telmanqızı, Səbuhi Məmmədli, Kənan Rövşənoğlu ilə projelər eləmişik. Rauf Arifoğlu hər zaman deyirdi ki, sizin bu layihələr jurnalistikamızın tarixinə qızıl hərflərlə yazılır. 2007-ci ildə “Yeni Müsavat”dan çıxdım. Ancaq 4-5 il ölkədə hansısa hadisə baş verəndə elə bilirdim indi Azər Ayxan, ya Rauf Arifoğlu zəng edəcək ki, çantanı götür get hadisə yerinə. O hiss məndə qalmışdı. Ümumilikdə, həyatıma nəzər salanda görürəm ki, ən kritik anlarda doğru qərarlar qəbul eləmişəm. Həm müharibədə, həm ictimai həyatda, həm jurnalistikada bacardığımı elədim.

- Ailəniz haqqında nə deyə bilərsiniz?

- 2004-cü ildə ailə həyatı qurmuşam. Ancaq daha öncə heç zaman evlənmək fikrində olmamışam. Fikirləşirdim ki, torpaqlarımız azad olunsun, sonra evlənərəm. Daim proseslərin içində idim, ona görə də evlənib kimisə gözüyaşlı qoya bilməzdim. Sevib-seçdiyim olub, ancaq buna görə ailə qurmamışam. Nə müharibə bitdi, nə qaçqınlıq bitdi. Nəhayət, subaylıqdan bezdim və ailə qurdum.

- Rey bəy, söhbətimizin sonunda istərdim arzularınızdan danışasınız.

- Şablon kimi səslənsə də, ən böyük arzum, həyatımın amalı Qarabağın azad olunmasıdır. Daha sonra, istərdim Qarabağ əlillərinə, şəhid ailələrinə münasibət köklü dəyişsin. Onlar məmurların qarşısında boyunlarını bükməsinlər. Qanunvericilikdə güzəştlər artırılsın. Ölkə başçısı, I vitse-prezident nə qədər tapşırıq versə də, məmurların 99 faizinin şəhid ailələrinə, Qarabağ əlillərinə münasibəti yaxşı deyil. Canını vətən uğrunda qurban verənin ailəsi 180 manatın ümidinə buraxılmamalıdır. Təsəvvür edin, 1992-ci ildə oğlan şəhid olub, 3 balası qalıb. O qadın qaçqınçılıqla 3 qız böyüdüb, hamısına ali təhsil verib. Ancaq 3 ali təhsilli balasından birinə iş tapa bilmir. Bunun adı nədir? O ana bu həyatda kipriyi ilə od götürüb axı... Bunlar düzəlməsə, bu ölkənin nicatı yoxdur. Bugünkü gənc o döyüşçüyə, şəhidin ailəsinə münasibəti görüb silaha sarılmalıdır. Pisi görsə getməyəcək.

Bu gün Daxili İşlər Nazirliyi yeganə sistemdir ki, Qarabağ əlillərinə, şəhid ailələrinə yaxşı münasibət göstərir. Bu da nazir Ramil Usubovdan gəlir. Elə bir müraciət yoxdur, onu cavabsız qoysun. Ancaq digər məmurlarla bağlı bunu deyə bilmərəm. Türkiyədə belə bir qanun var ki, şəhidin ailəsinin iki üzvünü təhsilinə uyğun olaraq dövlət məmuru kimi işə götürürlər, bu məcburidir. Bizdə bu güzəştlər yoxdur. Biz bununla bağlı Hadı Rəcəbliyə, Səlim Müslümova müraciət etmişik. Səlim Müslümov nazir təyin olunduqdan sonra şəhid ailələri ilə bağlı köklü dəyişikliklər olub. Ancaq ciddi problemlər hələ də var. Bütövlükdə qanunvericilik, məmurların münasibəti dəyişməlidir. Türkiyədə şəhidin ailəsinə müxtəlif dövlət qurumlarından 500 min türk lirəsi təzminat verilir. Bizdə bu 11 min manatdır, bəzi ailələr 20 ildir bunu ala bilmirlər. Yubiley müsahibəsi olsa da, mən bundan danışmaya bilmərəm. Mənim həyatımda bundan kənarda heç nə yoxdur. Arzum Qarabağın azadlığı, şəhid ailələrinə, qazilərə münasibətin dəyişməsi və normal bir hüquqi dövlətin, cəmiyyətin qurulmasıdır. Gözləntimiz budur. Məgər bu çoxdur?

- Xeyr, tam haqlı gözləntilərdir. Biz də arzu edirik ki, 55 illik yubileyinizi doğulduğunuz kənddə qeyd edəsiniz, növbəti yubiley müsahibəsi üçün orada görüşək...

- Təşəkkür edirəm. “Yeni Müsavat”ın mənim üçün doğma olan kollektivinə, rəhbərliyinə də minnətdaram.


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: yashli, ki, , ona, Belke, de, Kerimoglunun, Rey, saxlayib, 50, meni, gore, uch, sag, Allah, arzusu
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

28-06-2017

BÜTÜN XƏBƏRLƏR
yüklənir...
GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ