SON DƏQİQƏ
XalqXeber.Az » Müsahibə » Heydər Əliyev onu görən kimi kövrəldi – Lujkovdan unikal xatirə

Heydər Əliyev onu görən kimi kövrəldi – Lujkovdan unikal xatirə

Tarix:

5-05-2017, 17:51

/ 140 929 dəfə oxundu.
Heydər Əliyev onu görən kimi kövrəldi – Lujkovdan unikal xatirə

May ayının 10-da Azərbaycanın ümummilli lideri, görkəmli siyasi xadim Heydər Əliyevin anadan olmasının 94-cü ili tamam olacaq. Bu münasibətlə Heydər Əliyevi şəxsən tanıyan Moskvanın eks-meri Yuri Lujkov “Moskva-Bakı” nəşrinə müsahibəsində ümumilli liderlə bağlı xatirələrini, Azərbaycan diasporu ilə qarşılıqlı fəaliyyəti haqqında danışıb.

Sözügedən müsahibəni təqdim edirik:

– Yuri Mixayloviç, siz Azərbaycanın keçmiş prezidenti Heydər Əlirza oğlu Əliyevi tanıyırdınız, onu son mənzilə yola salmısınız. Onun haqqında həm bir insan, həm də bir dövlət xadimi kimi düşündüklərinizi dinləmək xoş olardı.

– Mən Heydər Əlirza oğlu Əliyevi hələ prezident olmadığı vaxtlardan tanıyırdım. Biz onunla dəfələrlə görüşmüşük və mənim xatirimdə o, postsovet dövrünün ən görkəmli dövlət xadimlərindən biri kimi qalıb. O, öz təşəkkülünü sovet dövründə keçib. Sovet dövrü İttifaq vətəndaşlarında strateji dövlət təfəkkürü, yüksək ədəb-ərkan, tərbiyə yetişdirirdi. Cəmiyyətimizin bilik səviyyəsi bizim bu gün müşahidə etdiyimizdən çox yüksək idi. Prinsipiallıq, vətənə xidmət, işgüzar yanaşma, insanların ehtiyaclarını anlamaq – bütün bunlar rəhbər şəxslər üçün böyük önəm kəsb edirdi, ələxsus Sov.İKP MK Siyasi Bürosunun üzvü Heydər Əliyev kimi bir rəhbər üçün. O, bütün bu keyfiyyətlərə sahib idi və tutduğu vəzifədən asılı olmayaraq, ən layiqli şəkildə idarəçilik öhdəliyini yerinə yetirirdi. O, dövlət təfəkkürünə və fövqəladə bacarığa malik idi. Məni həmişə onun rəqəmlərlə bağlı olan yaddaşı, dövlət planlarını, iştirak etdiyi tədbir və hadisələri hər detalı ilə, dəqiqliklə xatırlaması heyran edirdi. Bu unikal istedadından Heydər Əliyev yeni dövrdə öz xalqına yardım etmək üçün istifadə etdi. Xatirimdədir, bir vaxt Azərbaycanda, Bakıda çox mürəkkəb və faciəli hadisələr baş verirdi; Azərbaycan hakimiyyətinin keçid mərhələsi yadımdadır. Bakı - Sovet İttifaqının dağılmış təsərrüfatı şəraitində hətta adi ərzaq, buğda tədarükü ilə bağlı ağlasığmaz çətinliklər yaşayırdı. Mən bu problemin həlli yolunu tapmaq məqsədilə gəldikdə Abbas Abbassovla görüşdüm. Biz həmçinin Azərbaycanın keçmiş prezidenti Əbülfəz Elçibəylə də görüşdük. Yadımdadır ki, o, birdən-birə bizlə tərcüməçi vasitəsilə danışmağa başladı. Bu məni çox təəccübləndirdi. Sonra Heydər Əliyev hakimiyyətə gəldi, vəziyyət yaxşılaşdı: müdriklik, strateji bilik və uzaqgörənlik, siyasi vəziyyətin məharətlə idarə olunması Azərbaycanın dadına yetdi. O, nəinki öz ölkəsinin rəhbəri idi, Azərbaycanın rifahı naminə hökumətin bütün resurslarından istifadə edən parlaq siyasi xadim idi.

Heydər Əliyeviç həm də gənc yaşda həyatdan gedən həyat yoldaşını çox sevirdi. Moskvada işlədiyimiz vaxtlarda işdən bir neçə dəqiqəlik də olsa sərbəst vaxt tapan kimi Novodeviçe qəbiristanlığına gedib, Zərifə xanımı yad edirdi. O, prezident olanda mən görkəmli bir heykəltaraşın bu xanımın gözəlliyindən ilhamlanaraq hazırladığı büstünü tapdım. Heydər Əliyevin bundan xəbəri yox idi. Azərbaycana olan ilk səfərimdə bu büstü Bakıya apardım. Mühafizəçilərlə danışdım ki, qabaqcadan ona bu haqda heç bir məlumat verilməsin. Azərbaycan çayı içərək başladığımız müzakirəmiz sona çatanda o məni qonaq dəvət etdi. Mənsə büstün olduğu yan otağa keçməyimizi xahiş etdim. Büstü gördükdə gözlərindən yaş axdı. O anda ağlayan şəxs təkcə bacarıqlı bir idarəçi deyil, həm də böyük ürəkli və həssas qəlbli bir insan idi.

Sonradan isə Bakıda Moskva günləri keçirilməyə başladı və iki xalq arasındakı dostluq münasibətləri inkişaf etdi. Möhtəşəm konsert idi, biz Heydər Əliyeviçlə yanaşı oturmuşduq və qardaşlıq ruhunun bizi birləşdirməsindən zövq alırdıq.

– Sizin Moskvadakı Azərbaycan diasporu ilə münasibətləriniz necə yaranmışdı?

– Çox çətin sualdır. O vaxt Moskvada heç də ümidverici olmayacaq əhval-ruhiyyə hökm sürürdü: insanlar narazı idi, maliyyə problemləri hər bir ailədə müşahidə olunurdu. Onu deyə bilərəm ki, Azərbaycan diasporunun və Moskva hakimiyyətinin din xadimlərinin birgə qəbul etdiyi qərar bəzilərində qıcıq yaratdı, amma şəhərə lazım olan şeyi saxladı: axı Azərbaycanın cənubundan meyvə, gül, tərəvəz gətirilirdi. Azərbaycan bu istiqamətlər üzrə əsas təchizatçı idi. Lakin konfliktlər, qarşıdurmalar da var idi. Çox mürəkkəb ərəfə idi. Bununla belə, biz xalqlarımız arasında qarşılıqlı münasibətlərin sivil xarakter almasına nail ola bildik. Azərbaycan diasporu bu günədək Moskva cəmiyyətində ən hörmətli və nüfuzlu diaspor sayılır. Biz bir çox sahələrdə - elmi, istehsal, mədəni, təhsil, tibbi sahələrdə Azərbaycan diasporu nümayəndələrinin fəaliyyətini görə bilərik.

– Sizin fikrinizcə, Azərbaycan bu gün inkişaf edir?

– Mən müasir Azərbaycana yaxşı mənada qibtə edirəm. Biz Moskva üçün çox işlər görmüşük və onun inkişaf səviyyəsi böyük şəhərlərin ən yüksək tələblərinə uyğundur. Və mən deyə bilərəm ki, bütün şəhərlər arasında postsovet məkanının üç şəhəri tamamilə nadir sürətlə inkişaf edir: Bakı, Astana, Moskva.

– Rusiya – Azərbaycan münasibətlərinin bugünkü səviyyəsini necə xarakterizə edərdiniz?

– Düşünürəm ki, Rusiya – Azərbaycan münasibətlərinin bugünkü səviyyəsi xalqlarımız arasında çoxəsrlik birgə tarixə görə yaranan yaxınlığın səviyyəsinə və iki ölkə arasında reallaşdıra biləcəyimiz imkanlara kifayət qədər uyğun deyil. Mürəkkəb dövrlər olub, ancaq bizim bütün bu yüzilliklər ərzində yaranan ümumi cəhətlərimiz, çox oxşar mentalitetimiz var.

Mən Azərbaycanda rus dilinin dəstəklənməsini, Rusiya və Azərbaycan arasında şüurlu və fəal münasibətlərin – həm ölkə rəhbərliyi, həm də cəmiyyət tərəfindən – yüksək səviyyədə qorunub saxlanılmasını çox müsbət qiymətləndirirəm. Başqa necə ola bilərdi? Bizim çoxsaylı hər iki millətə məxsus üzvlərdən olan qarışıq ailələrimiz, birlikdə həyata keçirdiyimiz proqramlarımız, yaradıcı iş və təşəbbüslərimiz var.

axar.az

Şərhlər

XƏBƏR LENTİ