SON DƏQİQƏ
XalqXeber.Az » Müsahibə » “Dəbdəbəli toy edənlər dövlət tərəfindən cəzalandırılır” — deputatdan SENSASSİON AÇIQLAMA

“Dəbdəbəli toy edənlər dövlət tərəfindən cəzalandırılır” — deputatdan SENSASSİON AÇIQLAMA

Tarix:

26-04-2017, 17:23

/ 84 078 dəfə oxundu.
“Dəbdəbəli toy edənlər dövlət tərəfindən cəzalandırılır” — deputatdan SENSASSİON AÇIQLAMA

“Toydur, yasdır, burada cəza olmur. Ancaq kimlər ki, dəbdəbəli toy və ya yas edirsə, onlar təkcə ictimai deyil, həm də dövlətin diqqət mərkəzində olurlar. Yəqin ki, sonra bunun hesabını soruşurlar. Yəni, o adamlar sonradan öz hərəkətlərinin cəzasını çəkirlər. Çəkməyə də bilməzlər”.

Bu fikirləri açıqlamasında Milli Məclisin deputatı Nizami Cəfərov qızının dəbdəbəli toyu və zəngin həyatı ilə gündəmə gələn Bakı Lift İdarəsinin rəisi Qüdrət Şükürovla bağlı yazılan xəbərlərə münasibət bildirərkən deyib.

N.Cəfərovun sözlərinə görə, bəzən elə əxlaqa sahib olan insanlar var ki, onlar bu cür cəzaları belə gözünün qabağına alıb mənfi hərəkətlərə yol verirlər:

“Yəqin ki, oradan sürüşəcəklərinə əmindirlər. Burada bir məsələdə var ki, Azərbaycan dünyadan təcrid olunan ölkə deyil. Azərbaycan bu gün dünyada gedən proseslərin tərkib hissəsidir. Bizdə elə insanlar var ki, onlar mənsub olduğu xalq və onun həyat tərzi ilə hesablaşmır, ayrı bir həyat tərzi keçirir. Onlar özünün müdafiəsini də həmin tərəfdə görürlər. Onlar əmindir ki, əgər Azərbaycanda qınanacaqlarsa, mütləq gedib başqa yerlərdə yer tapacaqlar”.

Deputat qeyd edib ki, hər bir insan yaşadığı cəmiyyətin iqtisadi, mənəvi vəziyyətinə müvafiq olaraq arzularını həyata keçirməlidir:

“Yəni, sənin çox yaxşı imkanların ola bilər. Amma onu bilməlisən ki, əgər sənin kəndində və ətrafında imkansız adamlar varsa, buna əks addım atmaq doğru olmaz. Ümumiyyətlə, internet və sosial şəbəkələrin bu qədər inkişaf etdiyi dövrdə bir naqis iş görmək olmaz. Əgər olarsa, mütləq müzakirə obyekti olacaqsan. Bunu həmin insanlar da nəzərə almalıdır. Çox təəssüf ki, belə vəziyyətdə də müzakirə obyekti olmaq istəyən şəxslər var. Görünür ki, onların ya dünyadan xəbərləri yoxdur, ya da heç nəyi veclərinə almırlar”.

N.Cəfərov vurğulayıb ki, ümumiyyətlə, dəbdəbəli həyat tərzi mümkün qədər yığışdırılmalıdır:

“Dəbdəbə olanda da içərisində bir məzmun olmalıdır. Əslində, dəbdəbə pis şey deyil. Əgər cəmiyyət inkişaf edirsə, bu olmalıdır. Biz bunu bəzi filmlərdə də görürük. Bizim xalq ədəbiyyatında da var ki, filankəs 40 gün, 40 gecə toy edib. Ancaq o toyların özü bir ədəb nümunəsi olub. Yəni, toyu camaatla, xalqla edirlər. Bunun məzmunu tamamilə ayrıdır. Biri də var ki, camaatın pulunu oğurlayırsan, sonra da qohum-əqrəbaları deyil, bir-biri ilə düşmən olan adamları ora yığırsan. Bu cür toylar özünü doğrultmur. Burada məqsəd də cavanların taleyi olmur. Məqsəd özünü göstərmək olur. Hətta, elə adamlar tanıyıram ki, vaxtında öz yaşlı ata-anasına hörmət etmir, onların müalicəsi ilə məşğul olmur, amma valideynləri rəhmətə gedəndə çox dəbdəbəli yas keçirir. Bu kimə lazımdır? Düzdür, bura camaat da gəlir. Ola bilsin ki, utanıb, abrına qısılıb gəlir, amma gələndə də deyirlər ki, bu rəhmətlik acından, qayğısızlıqdan, hörmətsizlikdən öldü”.

“Ölkə.Az”

Şərhlər

XƏBƏR LENTİ