yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

“Heydər Əliyev dedi, sənin haqqında çox eşitmişdim, tanış olmaq istədim” - Bahar Muradova

“Heydər Əliyev dedi, sənin haqqında çox eşitmişdim, tanış olmaq istədim” - Bahar Muradova
25-04-2017, 15:24 83 200 dəfə baxılıb
yüklənir...

Milli Məclisin vitse-spikeri Bahar Muradovanın müsahibəsi.

– Bahar xanım, uşaqlığınız, gənclik illəriniz necə keçib, yadınıza gəlirmi?
– Uşaqlıq illərimi xatırlayıram. Amma o xatirələrin əvvəlki kimi aydın bir şəkildə yaddaşda özünə yurd salması və yaddaşın yenilənməsi üçün gərək uşaqlığın keçdiyi yerlərə vaxtaşırı səfər edəsən. Mən də bir milyondan artıq Azərbaycan vətəndaşından biri, öz yerindən-yurdundan didərgin düşmüş bir insan kimi artıq münaqişənin tarixi qədər öz evimdə olmamışam, o yerlərdə gəzib-dolaşmamışam. Ona görə də sanki illər keçdikcə yaddaşımın üzərinə bir örtük çəkilməkdədir.
Elə hadisələr də var ki, əlbəttə, aydın şəkildə yadımdadır...
– Siz heç kənd qızı olubsunuz?
– Biz Füzuli rayonunun mərkəzində yaşayırdıq. 15 yaşımda isə Bakıya oxumağa gəlmişəm. Orta məktəbdə oxuyanda bir-iki dəfə babam, dayımgilə getmişəm, kəndi onda görmüşəm. Kənddə yaşayan qohumlarımız bizə “şəhərli” deyirdilər. (gülür)
– Deməli, toyuq, cücə, qoyun-quzu saxlamamısınız.
– Elə də böyük təsərrüfatımız olmayıb. 10-15 dənə toyuq hər zaman var idi. Amma biz onları bir çərçivədə saxlayırdıq. Həm də şəhərin mərkəzində yaşamağımıza baxmayaraq, ucqar tərəflərdə mal-qoyun saxlayan sakinlər də var idi, o heyvanlar bizim küçəmizdən səhər və axşam keçirdilər və mən onları görürdüm. Amma çox gözəl bağımız var idi. Hər cür meyvə tapa bilərdin o bağda. Hələ də gözümün önündədir.
– İxtisasınız nədir?
– İki təhsilim var. Filologiya və hüquq.
– Universitetin ictimai həyatında fəal olmusunuz, yoxsa sadə, adi bir tələbə?

– Mənim həyatım heç vaxt adi olmayıb. İbtidai sinifdən bu yana hər zaman ictimai fəallar içərisində olmuşam. Universitetə qədər Bakı Yüngül Sənaye texnikumunu bitirdim və sonra istehsalata gəldim, bir nömrəli tikiş fabrikində işləməyə başladım. Burada işləyə-işləyə axşam təhsilimi davam elətdirdim. Filologiya fakültəsinin axşam şöbəsində oxumuşam, bu zamanlar da həyatım başdan-başa ictimai fəaliyyətdən ibarət idi. Əvvəl komsomol, daha sonra partiya fəalı kimi çalışırdım. Daha sonra rayon miqyasında ictimai fəaliyyətə cəlb olundum. Yasamal rayonu üzrə Kitab və Qayğı cəmiyyətlərinin məsul katibi işlədim. Bu dövrdə əlbəttə, Azərbaycanda gedən bütün ictimai-siyasi proseslərdə yaxından iştirak edirdim.
Təbii, bütün bunlar mənim Yeni Azərbaycan Partiyasının qurulması prosesinə cəlb olunmağım üçün bünövrə rolunu oynadı. Sonrakı həyatım isə bütövlükdə Yeni Azərbaycan Partiyası ilə bağlıdır.
– Heç məişət həyatında çətin günləriniz olubmu? Pulsuzluq, maddi problemlər, ehtiyac, borc...
– Çoxuşaqlı ailə olduğumuzu nəzərə alsaq, əlbəttə, çətinliklərimiz çox olub.
– Neçə uşaq olmusunuz?
– Doqquz. Yeddi bacı, iki qardaş. Şükür ki, bu gün də hamısı həyatdadır.
– Siz neçənci övladsınız?
– Səkkizinci...
– Bahar xanım, 1980-ci illərdə Azərbaycanda gedən proseslər dövründə siz nə işlə məşğul idiniz?
– Mən bu illərdə Azərbaycanda gedən proseslərin demək olar ki, mərkəzində idim. Dağlıq Qarabağdakı hadisələr, Ermənistan-Azərbaycan münaqişəsi... Şüurlu, normal adam bu işlərdən kənarda qala bilməzdi. Heydər Əliyev hakimiyyətə gələnə qədər artıq müəyyən bir yol keçmişdim. Özünəməxsus təcrübəm, məni tanıyan, mənə inanan dostlarım, yoldaşlarım vardı. Və əlbəttə, Heydər Əliyevin yüz minlərin içərisindən seçib dəyərləndirdiyi, irəli çəkdiyi birinci insanlardan biri də mən olmuşam.

– Meydan hərəkatından danışanda o dövrün əsas qəhrəmanları kimi ancaq kişilərin adı çəkilir. Siz isə deyirsiniz ki, o proseslərin içində olmusunuz. Sizi meydan hərəkatının qadın qəhrəmanı saymaq olarmı?
– Təkcə meydan hərəkatının yox, ümumiyyətlə, digər ictimai-siyasi proseslərin də qadın qəhrəmanları çox azdır. Mən isə özümü meydan hərəkatının iştirakçısı saymıram. Çünki bu hərəkatın əsas iştirakçıları başqa istiqamətə getdilər. Mən Azərbaycana qarşı qəsdləri qəbul etməyən, buna etiraz edən kütlə içərisində idim. Və heç zaman özümü meydan hərəkatının şinelindən çıxan partiyalarda görməmişəm.
– Niyə, səbəb nə idi?
– Düzü, proseslərin içərisində bu qədər fəallığın müqabilində bu partiyalarda təmsil olunmamağım bir çoxlarını təəccübləndirirdi. Əlbəttə, bunun üçün öz arqumentlərim var idi. O arqumentlərin nədən ibarət olduğu bu gün təmsil olunduğum düşərgədən bəllidir. Çünki elə hərəkətlər vardı ki, onu qəbul eləyə bilməzdim. Mən də bir çoxları kimi ittifaq rəhbərliyinin Azərbaycanın mənafeyini qurban verməsinə, Ermənistanın bizə olan qəsdlərinə isə şərait yaratmasına etiraz edir, bu vəziyyətdən çıxmaq üçün Heydər Əliyevin imkanlarından istifadə edilməsini məqbul sayırdım.
Sovet imperiyasının son illərində Mixail Qorbaçov hakimiyyətə gələndən sonra cəmiyyətdə bir dirçəliş başladı. Kim nə deyir-desin, onun yeritdiyi siyasət SSRİ-də, ayrı-ayrı respublikalarda ictimai siyasi fəallığın genişlənməsinə müsbət təsir göstərdi. İctimai-fəal insanlar prosesin önünə çıxdı.
– Yəni demək olarmı, Qorbaçov özü də bilmədən xalqlara xidmət elədi, onlara müstəqil olmaq üçün münbit şərait yaratdı?
– Bu məsələ araşdırmalar və tədqiqatlar tələb edir. Əlbəttə, Qorbaçovun gəlişi, fəaliyyəti, anlaşılmaz görünən qərarları SSRİ-nin dağılmasını sürətləndirən amillərdən biri idi. Bunu dəqiqliyi ilə söyləmək üçün zaman lazımdır. Qorbaçov bunu bilərəkdən etdi, yoxsa bilməyərəkdən, konkret bir söz deyə bilmərəm. Yəqin ki, buna zaman lazımdır. Amma hər halda onun mərkəzdənqaçma meyllərinin gücləndirilməsi sahəsində Azərbaycana, eləcə də digər respublikalara çox faydası oldu. Bunu birmənalı şəkildə demək lazımdır.

– Bahar xanım, cəmiyyətimizdə qadınlara qarşı xüsusi ehtiram, hörmət var. Məsələn, avtobusda, metroda onlara əyləşmək üçün yer verilir. Hər hansı bir işdə növbə yaranırsa, birinci xanımlar irəli çəkilir və s. Siyasətdə də eyni prinsip varmı? Avtobusdakı kimi siyasətdə də qalxıb sizə yer göstərən olubmu?
– Siyasətdə öz yerini qadına yalnız qadın olduğu üçün verən birinə rast gəlməmişəm. Amma bu müddət ərzində ətrafımda olanlardan hər zaman hörmət görmüşəm. Qadın olduğum üçün mənə heç zaman açıq maneçilik törətməyiblər. Biz qadınlar üçün ən önəmlisi bilirsiniz nədir? Bərabər imkanlar mühitinin yaradılması. O zaman qabiliyyəti və siyasi bacarığı olanlar özünü mütləq göstərəcək. Ondan sonra bu tələblərə cavab verən qadınlara etimad göstərmək, daha sonra isə bu etimadı doğrultmaq mərhələsi gəlir. Mən siyasətdə bu hörməti, güzəşti, daha doğrusu, etimadı ulu öndər Heydər Əliyevdən gördüm. Çünki özümü yüz minlərdən biri hesab edərək, sadəcə, ictimai-siyasi tədbirlərdə iştirak edir, fikirlərimi çəkinmədən bildirir, bəzən hətta kimlərəsə məsləhət də verirdim. Əslində, mənim hədsiz cəsarətim təcrübəmdən deyil, daha çox gəncliyimdən irəli gəlirdi.
Bilirsiniz ki, 1992-ci ilin noyabrında Yeni Azərbaycan Partiyası təsis olundu. Proseslər elə gətirdi ki, 5-6 aydan sonra Heydər Əliyev hakimiyyətə gəldi. Artıq bizim partiyanın iqtidara gəlişi o zamandan başlanır. Əlbəttə, cəsarətli insanların, xüsusən də qadınların fəaliyyəti dərhal nəzərə çarpır. Bu da Heydər Əliyevin diqqətini çəkdi və məni 1995-ci il, oktyabrın 30-da Prezident Aparatına dəvət etdi.
– Heydər Əliyev sizə nə dedi?
– Dedi ki, sənin haqqında çox eşitmişdim. Ona görə də tanış olmaq istədim. 35-40 dəqiqə ərzində heç zaman unutmayacağım söhbət oldu. Həmin gün Prezident Aparatında İctimai-siyasi şöbənin əsası qoyuldu. Əli Həsənovla mən o şöbənin ilk işçiləri olduq. Beləliklə, məsuliyyət başladı.

– Məsuliyyətlə yaşamaq cəsarətli bir xanım üçün çətin deyil?
– Çətindir, amma vacibdir. Məsuliyyətsiz olmaz! Çünki əgər cəsarət məsuliyyətə söykənmirsə, sahibinə bir qayda olaraq problem yaradır.
– Heç azad, sərbəst həyat üçün darıxırsınızmı?
– Hərdən olur. Amma düşünəndə ki, tarix, zaman sənin üzərinə xalqın, dövlətin həyatı və qarşısında dayanan məqsədləri üçün görülən işlərə cəlb olunmaq kimi məsuliyyət qoyub, o zaman onu çəkmək elə də ağır olmur. Çünki bu, şərəfli bir missiyadır. Bunun qədrini bilmək və qorumaq lazımdır. Təkcə özün üçün yox, sənə bu məsuliyyət yükünü etibar etmiş siyasi qüvvəni, onun rəhbərliyini, sənə inanan insanların etimadını doğrultmaq lazımdır. Ən əsası isə özünün özündən razı qalmağın böyük bir şeydir.
– Özünüzdən heç bir narazılığınız yoxdur?
– Elə bir şey olarmı ki, özündən narazı olmayasan?
– Nə edibsiniz ki, özünüzdən narazısınız?
– Özümə hər zaman tənqidi yanaşıram. Başqasına rəva bilmədiyimi özümə heç rəva bilmirəm. Ona görə də daim özüm-özümü – bir çox çıxışlarımı, fikirlərimi təftiş etməli oluram. Bir çox hallarda tərzimi bəyənmirəm. Həddən artıq emosional olanda özümdən xoşum gəlmir.
Məsələn, heç vaxt ola bilməz ki, deməyə bir sözüm olsun, amma susum. Bu dözümsüzlük mənə müəyyən problemlər yaradır. Fikirləşirəm ki, belə hallarda daha tədbirli, daha müdrik və həyəcansız olmaq lazımdır. Bəzən olur ki, təkrar-təkrar özümdə nöqsanlar tapıram və təkrar-təkrar da onu düzəldə bilmirəm. Mövqeyimdən isə qəti narazı deyiləm.

– Bahar xanım, tez-tez cəsarət sözünü işlədirsiniz. Nədir sizin üçün cəsarət? İqtidarda təmsil olunursunuz, bütün imkanlar əlinizdədir. Burda cəsarət nəyə lazım olur ki? Cəsarətli olmaq o zaman vacib sayılır ki, əlində heç bir imkan olmur, tək olursan, sözünü də çəkinmədən deyirsən. Elə deyil?
– Bilirsinizmi, bizim cəmiyyətdə cəsarəti imkana bağlamaq kimi yanlış bir mövqe var. Əksəriyyət düşünür ki, cəsarət imkansıza aid olan bir şeydir. Doğru deyil. Cəsarət ilk növbədə sidq ürəklə, qəlbən inandığını kimlərinsə onu necə dəyərləndirəcəyindən asılı olmayaraq, çəkinmədən, istənilən şəraitdə açıq şəkildə ortaya qoymaqdır, tənqid, hətta təhqir olunacağını bilə-bilə geri çəkilməməkdir, öz mövqeyini müdafiə etməkdir. Mən ümumiyyətlə, hər kəsin tutduğu yola, inandığı əqidəyə sadiqliyinə üstünlük verən şəxsəm. İnsanlara belə dəyər verirəm. Amma əlbəttə ki, doğru olana sədaqətdən söhbət gedir.
– Sizin bir fikriniz sosial şəbəkələrdə müzakirə olundu: “Ayağınızı yorğanınıza görə uzadın”.
– Bu yaxınlarda İslam həmrəyliyi mövzusunda bir konfrans keçirilirdi. O konfransda bəlkə 15 kamera saydım. Nə qədər fotoqraf, nə qədər jurnalistlər vardı. Amma bütün mətbuat orqanlarında tam bir-birinin eyni olan informasiyalar getdi. Hər bir mətbuat orqanının öz siması, öz yanaşması, öz mövqeyi olmalıdır. Axı ola bilməz, bütün mətbuat orqanları üçün eyni məsələlər önəmli olsun.
Sürəti çıxarılmış informasiyalar nə üçündür? Eynilə parlamentin fəaliyyəti də bu şəkildə işıqlandırılır.
Büdcə müzakirələri idi. Beş komitənin birgə iclası keçirilirdi. İclası mən aparırdım. Hökumət nümayəndələri də iştirak edirdi. Orda nə mən, nə də digər çıxışçılar tərəfindən belə bir ifadə işlədilmişdi ki, camaat ayağını yorğanına görə uzatsın, kasıblığa hazırlaşsın, özünü qənaət rejiminə öyrətsin və s. Qətiyyən belə fikirlər olmayıb. Bu sadəcə kimlərəsə sensasiya üçün lazım idi.
– Bəs niyə məhkəməyə vermədiniz?
– Elə onlara da bu lazım idi. İstəyirdilər ki, məhkəməyə verəm, onlar da yazalar, söz və fikir azadlığı boğulur və s.
– Niyə bu qədər səbirlisiniz?
– Səbirli olmasaydım, bu yerə gəlib çıxmazdım. Başqasını ləkələməklə özünü ifadə edənlərin “qəhrəmana” çevrilməsində iştirak etmək mənim işim deyil.
– Feysbuka səhv eləmirəmsə, yeni daxil olmusunuz. Maraqlıdırmı?
– Həyatımızın yeniləşən, dəyişən məqamları var ki, onu nəzərə almaq lazımdır. Bu mənada əlbəttə, feysbuk maraqlıdır. Şübhəsiz, zərərli tərəfləri də var. Bu, birmənalıdır. Amma üstünlüklərindən istifadə edib onları zərərsizləşdirmək olar. Biz artıq bu yeniliyi qanunlarımızda nəzərə almağa başlamışıq.
– Bir qızınız var...
– Bəli... Özü də mütləq siyasətçi olacaq.
– Neçə yaşı var?
– On bir...
– Bəs yaşı niyə azdır?
– Bir az gec dünyaya gəlib. (gülür) Mənim də az yaşım yoxdur. 55 yaşım var. Amma gec ailə qurmuşam. Siyasət, ictimai həyat...
– Qızınızın 11 yaşı var. Hələ çox balacadır. Niyə elə düşünürsünüz ki, o da siyasətlə məşğul olacaq?
– Çünki ətrafında baş verənlərə çox böyük maraq göstərir. İctimai-siyasi proseslərlə bağlı özünəməxsus mövqeyi var, ondan da geri çəkilmir. Uşaq hüquqları ilə məşğul olur. Respublika miqyaslı tədbirlərdə iştirak edir. Ən yaxın rəfiqələri isə özünün dediyinə görə Elmira Süleymanova və Hicran Hüseynovadır.
– Ana-bala şəhəri gəzməyə çıxırsınızmı?
– Çox olmur. Amma olanda da evimizdə bayram olur.
– Bulvara çıxırsınız gəzməyə?
– Çox az hallarda. Həftə sonları əsasən, bağa gedirik. Bağda ağaclarla, çiçəklərlə məşğul olmağı çox xoşlayıram. Təsəvvür edin, iclaslarda oturmuşam, telefonla danışıram, iş həll edirəm, eyni zamanda beynimin bir küncündə fikirləşirəm ki, bağda hansı gülü hara əkəcəm, hansı ağac harada olacaq... (gülür).
Bəzən isə bu istək elə güclü olur ki, həftə sonunu gözləməyə səbrim çatmır.
– Bahar xanım, Mircəfər Bağırovun qızı ilə məşhur bir dialoqu var.
Qızı soruşur:
– Ata, bu dünya bizimdir?
– Yox, qızım. Bizim deyil.
– Ata, bu ölkə bizimdir?
– Yox, qızım. Ölkə də bizim deyil.
– Ata, bəs şəhər necə?
– Şəhər də bizim deyil.
– Bəs kənd bizimdir?
– Yox...
– Ata, bu həyət bizim deyil?
– Yox, qızım.
– Ata, ev də?
– Qızım, bu ev də bizim deyil.
– Ata, bəs nə bizimdir?
– Qızım, təkcə zaman bizimdir?
Necə düşünürsünüz, “təkcə zaman bizimdir” deyəndə Bağırov qızına düzmü cavab vermişdi?

– Bilirsiniz, çox zaman müdrik deyimlərlə həyat, fəaliyyət üst-üstə düşmür. Gətirdiyiniz dialoqa əlavələr etmək istəmirəm, amma ümumilikdə zaman da insan kimi keçib gedir. Həm də zaman insanlıq üçün təkrarlanan bir şeydir. Bu baxımdan fərd olaraq əlbəttə ki, yalnız bizim olan zamandır. Toplum olaraq isə zaman hər hansı fərdin bizə buraxdığı nöqsanı aradan qaldırmaq, görə bilmədiyi işi başa çatdırmaq üçün şans verir. Sadəcə, zamanın yaratdığı şansı dəyərləndirmək lazımdır. Amma çox təəssüf ki, insanlar bu dünyada heç nəyin onun olmayacağını bilə-bilə hər şeyi əldə etməyə və saxlamağa çalışır.
– Dünyanın ilk qadın baş naziri Marqarita Tetçerin məşhur bir əhvalatı var. O əhvalatı danışmaq uzun vaxt aparar, ancaq mahiyyət bundan ibarətdir ki, sevgi “dəmir ledi”ni də ağladır. Siz də uzun müddət siyasətin içində olan bir xanımsınız. Bəs sizi nə ağlada bilər?
– Mən o düşüncələri bölüşmürəm ki, siyasətçilər baş verən hadisələrə qarşı laqeyd və biganə olurlar. Sadəcə, siyasət insana hisslərini gizlətmək bacarığı, vərdişi verir. Ulu öndər Heydər Əliyev “Azərbaycan” şeirini söyləyəndə qəhər onu necə boğur, görmüsünüzmü? O qədər böyük bir insanın kövrəlməsinin özü belə böyüklükdür.
Mənə gəldikdə isə adicə bir gilas çiçəyinin qoxusu, su şırıltısı, uşaq vaxtı əlimizin üstündə uçurduğumuz qırmızı böcək məni kövrəldə bilir. Yenə deyirəm, yanlış fikirdir ki, siyasət insanı sərtləşdirir, insanlıqdan çıxarır. Necə ola bilər ki, sən bir şəhid anasını qəbul edəsən, dərdini dinləyəsən və kövrəlməyəsən? Mümkün deyil. Amma ona ürək-dirək vermək, rahatlatmaq üçün məcbursan ki, hisslərini cilovlayasan.

Lent.az


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

29-05-2017

BÜTÜN XƏBƏRLƏR
yüklənir...
GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ