yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

"Hamı deyir “pul yoxdur", amma pul olsa nə dəyişəcək ki?"

25-04-2017, 15:03 83 579 dəfə baxılıb

Bu gün tanınmış jurnalist Zahir Əzəmətin 42, rəhbəri olduğu "Qaynarinfo"nun isə 10 yaşı tamam olur. Zahir bəylə söhbətimiz də onun ad gününə təsadüf etdi.

- Zahir bəy, sizi təkcə 10 yaşlı saytın baş redaktoru kimi yox, ən əsas Azərbaycanda internet medianın flaqmanı kimi tanıyırıq. Bu gün həm sizin, həm də "Qaynainfo”nun ad günüdür. İlk sualım belədir: "Qaynarinfo" bu 10 ildə cəmiyyətə nə verib?

- Xoş sözlərə görə təşəkkür edirəm. Amma hesab edirəm ki, məndən əvvəl də, məndən sonra da internet mediasının inkişafına böyük ölçüdə təsir edən şəxslər və layihələr az olmayıb. O da doğrudur ki, biz yarananda yalnız agentliklər, bir neçə qəzetin internet versiyası və 3-4 xəbər saytı vardı. Onların iş rejimi də indiki kimi deyildi. Ara günlərdə saat 18:00-dan sonra xəbər qoymur, şənbə-bazar günləri işləmir, nadir hallarda video və ya fotosessiyalar edirdilər. Saytların dizaynı, texniki imkanları çox bəsit idi. Biz bu streotipləri dəyişdik. Demək olar ki, fasiləsiz, gecə-gündüz demədən çalışdıq və qısa zamanda populyarlıq qazandıq. Həm də o vaxtlar idi ki, qəzetlər dominat idi, bir xəbər saytının geniş oxucu toplaya biləcəyinə inanlar az idi. Biz bütün mənada alternativ mediaya çevrildik. "Qaynarinfo” yeni başlayan jurnalistlərin, könüllülərin və təcrübəli həmkarlarımızın ortaq platformasına çevrildi. Medianın iqtidar-müxalifət mediasına bölündüyü bir vaxtda, bizdə bütün tərəflər eyni dərəcədə tənqid və təmsil olunmağa başladı. Bütün bunlar o vaxt üçün yenilik idi əlbəttə. Biz bunu qazandırdıq, biz mediaya çoxsaylı müəlliflər, gənclər qazandırdıq. Bizdən sonra yaranan heç bir xəbər saytına rəqib kimi yox, yol yoldaşı kimi yanaşdıq, imkanımız daxilində dəstək olduq. Bu gün az qala hər bir saytda bu və ya digər dərəcədə bizə bağlı olan şəxslər, kadrlar var. Hamı ilə sağlam, dostluq münasibətlərimiz var. Bunlar az şey deyil. Məsələn, 10 il öncə bir müxalifət qəzetinin jurnalisti ilə, "Yeni Azərbaycan” qəzetinin müxbirini bir restoranda, bir çayxanada, bir masada görmək sensasiya sayılardı. Amma internet mediası bu qarşıdurma ənənəsini aşa bildi.

- Hər zaman yeniliklər axtaran, kreativ ideyalar irəli sürən baş redaktor olmusuz. Bir media kapitanı olaraq Azərbaycan mediasının bugünkü durumu sizi qane edirmi?

- Qane etmir. İstər "Qaynarinfo” olsun, istər "Azxəbər” olsun, istər digər dost saytlar- hamımız aşağı-yuxarı eyni problemləri yaşayırıq. Əksər saytların tərzi eynidir. Başlıq tipindən tutmuş, yazı üslubuna və məzmuna qədər. Bir çox hallarda hətta texniki məsələlər və tərtibat da oxşardır. Bütün bunlardan danışanda isə səbəb kimi eyni şeyi göstəririk: "Pul yoxdur, reklam yoxdur”. Amma pul olsa nə dəyişəcək ki? Öncə yanaşmamızı dəyişməliyik. Maddi sıxıntı və asılılıqdan qurtulmağın daha sivil yollarını axtarmalıyıq. Bəlkə də saytlarımızın idarəetməsinə menecerlər. marketoloqlar cəlb etməliyik. Gücümüzü bizi təsir altında saxlamağa çalışan kənar mənbələrin axtarışından daha çox, daxili potensialımızn kəşfinə yönəltməliyik. Əgər bir sayta gündə 50-100 min arası oxucu girirsə, deməli o, yalnız bir xəbər saytı deyil, həm də ölkənin, hətta bütün Qafqazın ən böyük bazar yeri, virtual ticarət mərkəzi, insanların könüllü toplaşdığı bir qovşaqdır. Bəs bu böyük axından necə yararlanmalı? Bu nəhəng trafiki necə pula çevirməli? Bizim əsas səhvimiz həm də odur ki, "hər şeyi hamıdan yaxşı bilirəm” qənaətindəyik. Halbuki bu işi daha yaxşı bacara biləcək menecerlər var, onları cəlb etməli və çıxış yolu axtarmalıyıq. Jurnalistin işi yazı yazmaqdır, amma bir saytın əməkdaşlarının daha böyük qismini dizaynerlər, proqramçılar, marketololqar təşkil etməlidir. Biznes struktura çevrilməliyik. Yoxsa yaxın 2-3 il içində yaranan yeni situasiya bir çox saytın başını yeyəcək. Yenilənmək və fərq yaratmağın zamanıdır artıq. Yeni tendensiyalarla ayaqlaşmaq lazımdır.

- Zahir bəy, ilk zamanlar "Qaynarinfo”da müxalifətə geniş yer ayırırdız. Ancaq son illər görürük ki, saytınız siyasətə çox da qarışmır. Bu nə ilə bağlıdır?

- Bayaq dediyim kimi, təkcə müxalifətə yox, həm də qarşı tərəfə, üçüncü- müstəqil və fərqli düşünən insanlara da geniş yer verən bir platforma idik. O zamanlar ictimai-siyasi həyat da qaynar idi. Məsələn, müəyyən mitinqlərə bəzən yüzminlərlə insan toplaşırdı, yəni yazdıqlarımızı oxumaq istəyən böyük bir auditoriya var idi. Amma bu gün mitinqlərə yüzlərlə adam gedir, onun da yarısı jurnalistlər və hüququ-mühafizə orqanlarının əməkdaşları olur. Oxucu bu gün siyasi yazıları oxumur. Amma biz yenə də öz istiqamətimizi qoruyub saxlamışıq. Bu gün də "Qaynarinfo” bütün tərəflərin normalar çərçivəsində öz fikrini rahat ifadə edə biləcəyi bir məkan olaraq qalır. Məsələn, "Qaynarinfo”nun köşə yazarı, illərin siyasi təhlilçisi, çox dəyərli yazar Hüseynbala Səlimov həftəlik köşələrində mütəmadi hakimiyyəti tənqid və təhlil edir. İqtidar partiyasının təmsilçilərinin açıqlama və müsahibələrinə də geniş yer verilir. Bütün tərəflərə eyni məsafədə qalmağa çalışırıq. Amma hamı üçün eyni dərəcədə açıq platforma olmaq ayrı şeydir, onlardan hanısınsa təbliğat ruporu olmaq ayrı şey. Biz heç bir tərəfə yox, oxucuya faydalı olmağa çalışırıq və bu, hər zaman da belə qalacaq.

- Saytın bu günə qədər bir neçə baş redaktoru olub, onların hər biri də siyasi mövqeyi olan şəxslərdir. Sizcə siyasətlə məşğul olan adamın baş redaktor olması nə dərəcədə düzgündür?

- Məsələn, Fərid Şahbazlı hökümətyönlü, Şəmşad Ağa isə müxalifyönlü olub. Mən də liberal dəyərlərin tərəfdarı olan bir adamam. Hər bir vətəndaşın, habelə jurnalistin hansısa siyasi baxışları ola bilər. Önəmli olan bunu işinə yansıtmamasıdır. Bir sayta gün ərzində onminlərlə insan girirsə, o saytı necə bir şəxsin tribunasına çevirmək olar? Şükür ki, bəzi qüsurlarımıza baxmayaraq, ümumilikdə öz yolumuzdan sapmamışıq. Ən çətini də budur.

- Bu gün görürük ki, bir zamanlar "siyasi məhbus”, "hüquq müdafiəçisi", partiya sədri olan şəxslər xəbər saytı açırlar. Sizcə bu nə ilə bağlıdır?

- Olsun. Biz onun ortaya qoyduğu məhsulu, saytı dəyərləndirək. Bir də elə məsələlər var ki, zamanın öhdəsinə buraxmaq lazımdır. Məsələn, ümumi danışmaq əvəzinə. Bir az konkretləşdirək. Götürək Eynulla Fətullayevi. Adam həm rus, həm azərbaycan dilində istedadlı mətnlər ortaya qoya bilir. Adam bir çox maraqlı media layihələri yarada bilib. Mənim fikrimcə, onun başlıca qüsuru istedadına rəğmən ədalətli ola bilməməsidir. Pərviz Həşimlini nəzərdə tutursunuzsa, o da köhnə həmkarlarımızdan biridir, qələmi və xəbər duyumu yaxşıdır. Yeni layihə başlayıb. Haqsız həbsindən dolayı bir az bəlli struktur və şəxslərə qarşı qəzəbini unutmağı bacarsa, saytını daha da inkişaf etdirə biləcək. Ruslan Bəşirlini deyiriksə, onun da saytı seçilən saytlardan biridir, kollektivində yetərincə peşəkar olan təcrübəli jurnalistlər çalışır. Başqalarını da misal gətirə bilirik. Rəqabət və zaman özü hər şeyi həll edəcək. Daha yaxşı, daha güclü olanlar zamanla önə çıxacaq və ayaqda qalacaq. İndi bütün saytların qarşısında eyni sual dayanır: necə bir fərq yaratmalı, necə ayaqda qalmalı? Çünki situasiya 5-10 il əvvəlki kimi deyil.

- Azərbaycanda bir müddət öncə bir neçə baş redaktor reket adıyla həbs edildi. Sizcə bu hadisədən sonra reket medianın qarşısı alındı?

- Məncə, tam yox, həbs olunan birinin yerini digəri tutacaq və tutub da. Önəmli olan səbəblərin aradan qaldırılmasıdır. Tək rüşvət alanı yox, rüşvət verəni də həbs etmək lazımdır və qanunvericilik də bunu tələb edir. Digər tərəfdən dövlət qurumları, məmurlar və iş adamları da ciddi mətbuata daha açıq olmalı, öz informasiya siyasətlərini düzgün qurmalı, sorğulara operativ cavab verməlidir. Yalan informasiyalar yox, həqiqət danışmalıdırlar. Problemləri səmimi etiraf etməkdən çəkinməməlidirlər. Özünü tənqidi formalaşdırmalıdırlar və s.

- Yəqin ki, bu 10 ildə sizi də təhdid edən, hədə qorxu gələn məmurlar olub. Bu hadisələrlə bağlı ən yaddaqan nə olub?

- Müəyyən məhkəmə çəkişmələrimiz olub, hər birində də məhkəməni udmuşuq. Hazırda da "KFC” ilə iki uşağın zəhərlənməsi ilə bağlı dərc etdiyimiz sənədli-sübutlu bir xəbərə görə məhkəmə prosesimiz gedir. Amma heç vaxt hansısa açıq və ya birbaşa formada təhdid almamışıq. Belə bir faktla üz-üzə qalmamışıq.

- Sonuncu sualım. Nə vaxtsa jurnalistikadan uzaqlaşmağı düşünürsüz və ya son zamanlar dəb halını alan mühacir həyatı yaşamağı düşünmüsüz?

- Əslində bugünkü işim də jurnalistika deyil. Mən "Qaynarinfo”nun meneceriyəm, nadir hallarda yazı yazıram. Buna zamanım da olmur doğrusu. Bir çox fərqli internet layihələrimiz də var, onlar da xeyli vaxt alır. Ölkəni yalnız bir halda tərk edə bilərəm, hansısa layihəmizin böyüməsi, xaricə açılması bunu tələb edərsə. Mən ölkəmi sevirəm və hesab edirəm ki, hətta bu ölkəni tərk edənlər də bu ölkəni sevir, sadəcə mən burda qalıb faydalı olmağa çalışıram. Bütün problemlərə rəğmən. Digəri kənarda daha faydalı ola biləcəyini düşünürsə, qoy olsun. Amma istər burada, istər mühacirətdə əlindən heç bir iş gəlməyən insanlar da az deyil və təəssüf ki, çoxluq təşkil edir. Qoy elə bir ölkə quraq ki, heç kim buranı tərk etmək zərurəti hiss etməsin, hamıya sahib çıxmağı öyrənək, hamını sevək. Sözdə yox, əməldə də tolerant olmağı unutmayaq. Mühacirət – həm də beyin axını deməkdir, mütəxəssislərin, savadlı kadrların daha münbit şəraitə daşınması deməkdir. Hamını vətənpərvərlik nağılı ilə bir çətirin altına yığmaq mümkün deyil. İnsanların təbii istəkləri də var. İş, karyera, normal gəlir, ideyalarının dəyərləndirilməsi və s. Biz bu şəraiti quraq, hamını dinləməyi və dəyərləndirməyi öyrənək, dəstək olaq. Onda bu ölkədən beyinlər yox, avaralar və avantüristlər gedəcək. Ona da üzülməyə dəyməz.


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

23-11-2017

BÜTÜN XƏBƏRLƏR

Sunayla Hüquqdan Danış

[email protected]


/sunayla_huquq_danish/

GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ