yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

Zahir Əzəmət: "Əsas rəqibimiz "Facebook" və "Google"dur" - 10 yaşın söhbəti

Zahir Əzəmət:
24-04-2017, 19:41 76 769 dəfə baxılıb
yüklənir...

Aprelin 25-də Azərbaycanın ən uzunömürlü xəbər portallarından biri “Qaynarinfo.Az” portalının 10 yaşı tamam olur. “Qaynarinfo”nun keçdiyi yol və gələcək planları ilə bağlı saytın rəhbəri Zahir Əzəmətlə söhbətləşdik. Həmin müsahibəni təqdim edirik.

- 10 il əvvəl xəbər saytlarının perspektivinə inananlar az idi. Hələ ölkədə qəzet bumu yaşanırdı. Səhv etmirəmsə, özünüz də qəzetdə çalışırdınız. Bəs birdən-birə sayt açmaq ideyası necə yarandı?

- 2007-ci ilin əvvəlləri idi, o zaman yetərincə populyar olan “Alma” qəzetini buraxırdıq. Qəzetimiz çox oxunur və müzakirə olunurdu. Amma həftəlik olduğu üçün hadisələrə operativ reaksiya verə bilmirdik. Qəzetin saytı da, forumu da var idi. O zaman hələ sosial şəbəkələr ölkədə populyar deyildi. İnternetin sürəti zəif idi. Smart telefonlar yox idi. Amma internet istifadəçilərinin sürətlə artdığı hiss olunurdu. Ölkənin ictimai-siyasi həyatı da xəbər baxımından xeyli qaynar idi. “Alma”nın gənc köşə yazarı Turxan Qarışqanın da motivasiyası ilə ayrıca xəbər saytı yaratmaq ideyası doğdu və romantik bir həvəslə işə başladıq. İlk vaxtlar saytın xəbərlərini mən və Turxan qoyurduq. Sonra bir çox könüllülər də bizə qoşuldu. Subay vaxtlar idi, demək olar ki, gecə-gündüz çalışırdıq. İndi çoxlarına qəribə gələr, o zaman bir-iki xəbər saytı və agentlik var idi. Agentliklər istisna olmaqla, o xəbər saytlarının heç biri bu günə qədər yaşaya bilmədi. Bizə qədər internet saytları ara günlərdə saat 18:00-dan sonra xəbər qoymur, şənbə-bazar günləri işləmir, nadir hallarda video və ya fotosessiyalar olurdu. Biz bu streotipləri dəyişdik. Demək olar ki, fasiləsiz, gecə-gündüz demədən çalışdıq və bu da qısa zamanda saytın populyarlaşmasına səbəb oldu. İlk-üç il ərzində yüksəliş dövrünü yaşadıq. Saytın rus, türk versiyaları, bir çox qolları yarandı. 2007-ci ilin sentyabrında bu qollardan biri- saytın idman əlavəsi “Fanat.Az” adı altında ayrıca portala çevrildi və bu günə qədər də fəaliyyətdədir.

- Səhv etmirəmsə, sonra bir müddət saytın rəhbərliyindən uzaqlaşdınız.

- 2009-cu ildə bəzi kənar təsirlər ortaya çıxdı. Mən bir seçim qarşısında qaldım. Ya sayt fəaliyyətini dayandırmalı, ya da hansısa formada onun fasiləsiz fəaliyyəti təmin edilməliydi. O vaxt mənim üçün çox çətin olan bir qərar verdim. Saytın idarəetməsini gənc jurnalist dostumuz Fərid Şahbazlıya həvalə etdim. O da sağ olsun, bir neçə il saytın yaşaması üçün mümkün olan hər şeyi etdi. Nəhayət 2013-cü ilin yanvar ayında yenidən saytı öz idarəetməmə qaytardım, yeni kollektiv formalaşdırdıq və yeni dirçəliş dövrümüz başladı. O vaxt baş redaktor kimi bizə dostumuz Şəmşad Ağanın böyük qatqıları oldu. Sonra Şəmşad bəy özü ayrıca sayt yaratmaq qərarına gəldi və yenidən Baş redaktorluq vəzifəsini də üstümə aldım. Hazırda “Qaynarinfo” ölkənin aparıcı xəbər resurslarından biridir və öz inkişaf dövrünü yaşayır.

- ... Və artıq 10 yaşınıza çatdınız!

- Doğrudan da Azərbaycanda 10 il bir internet saytı üçün böyük rəqəmdir. Reklam bazarının yoxluğu, texniki imkanların azlığı fonunda xəbər saytını yaşatmaq asan başa gəlmir. Həm də təkcə saytı yaşatmaq yetərli deyil, oxucunun güvənini qazanmaq, müstəqilliyini qorumaq, inkişaf etdirmək, gələcək tendensiyaları düzgün müəyyənləşdirmək lazımdır.

- Gələcək tendensiyalar demişkən, “Qaynarinfo” ilə bağlı nə kimi yeni planlarınız var?

- İşin çətin tərəfi də budur. İndi bizi düşündürən xeyli suallar var. Növbəti 10 ildə də bazardakı yerimizi qorumaq və artırmaq üçün nələr etməliyik? Bu gün xəbər saytlarının sosial şəbəkələrdən asılılığı pik həddə çatıb, bunu minimuma endirmək, alternativ mənbələr yaratmaq üçün nələr edilməlidir? Bir xəbər saytının böyük biznes struktura çevrilməsi və daha yaxşı gəlir qazanması üçün hansı addımlar atılmalıdır? Son bir ildə bu istiqamətdə xeyli araşdırmalar aparmışıq, saytımızın növbəti 5 və 10 ili üçün strageyisanı hazırlamışıq. Demək olar ki, saytın strukturundan tutmuş, tərzinə qədər hər şeyi dəyişirik. Tezliklə yeni dizayn, mobil əlavələr və bir çox fərqli yeniliklərlə oxucunun qarşısına çıxacağıq. İlin sonuna qədər nəzərdə tutduğumuz bütün texniki yenilənmələrimizi başa çatdırmağı düşünürük. Demək olar ki, hər ay “Qaynarinfo”da bir yenilik hiss olunacaq, yeni imkanlar yaranacaq. Saytın kollektivi də gəncləşəcək. Hesab edirəm ki, “Qaynarinfo”ya yeni ruh və tərz dəyişikliyini də daha enerjili və kreativ gənclər gətirməlidir. “Mən hər şeyi hamıdan yaxşı bilirəm, bacarıram” düşüncəsi istənilən layihənin sonunu gətirə bilər. “Qaynarinfo”nu kreativ gənclərin öz potensiallarını, ideyalarını reallaşdıra biləcək bir platformaya çevirmək istəyirik. Bu mərhələni uğurla və zamanında başa vursaq, hesab edirəm ki, tezliklə “Qaynarinfo” həm xəbər resursu baxımından, həm də biznes strukturu kimi fərqli bir səviyyəyə adlayacaq. Artıq daha qısa domenə keçmişik – “Qaynar.az”. Əvvəlki domenlər də - qaynar.info və qaynarinfo.az da aktiv qalacaq. Bir neçə günə dizaynımız da yenilənir. May ayında mobil əlavələrimizi istifadəyə verəcəyik. Yeni dizaynımızda bir çox fərqli funksiyalar olacaq, xəbər siyasətimiz başlıq tipindən tutmuş, məzmuna qədər köklü dəyişəcək. Məsələn, ictimai əhəmiyyəti olmayan intihar, kriminal və məişət zorakılığı ilə bağlı xəbərlərin dərcindən imtina edəcəyik. Maqazin xəbərlərinin sayını azaldacağıq. Daha çox xəbər vermək əvəzinə, daha yaxşı və faydalı xəbər prinsipinə üstünlük verəcəyik. Saytda interaktivliyi artıracaq, yeni forumumuz vasitəsi ilə ictimai müzakirələr təşkil edəcəyik. Başqa fərqli layihələrimiz də var, hazırda tamamlanmaq üzrədir, onları da qısa zamanda təqdim edəcək və hamıya faydalı olmağa çalışacağıq.

- Hazırda “Qaynarinfo” gəlir gətirirmi? Ümumiyyətlə, Azərbaycanda internet mediası öz maddi sıxıntılarını necə həll etməlidir?

- Hər halda “Qaynarinfo” 10 il ayaqda dura bilibsə, deməli, özünə yetəcək qədər gəlir gətirir. Amma bu indiki mərhələdə bizi qane eləmir. Şərtlər hər gün dəyişir, bazar sürətlə böyüyür, hər gün yeni rəqiblər yaranır, reklam verənlərin, şirkətlərin tələbləri, sualları artır. Bütün bunlarla ayaqlaşmaq lazımdır. Hamımız reklam bazarının azlığından danışırıq və bu doğrudur. Amma vəziyyəti dəyişmək üçün nə edirik? Gəlin özümüzü bir də reklam verənin yerinə qoyaq. Məsələn, bir tikinti şirkətinin, bir bankın hansısa sayta reklam verməsi üçün təkcə həmin saytın yüksək girişi yetərlidirmi? Bəs biz oxucularımız haqqında hansı bilgilərə sahibik? Məsələn, onların yaşı, maraq dairəsi, cinsiyyəti, yaşadığı yer, təhsil səviyyəsi və s. Biz müştərilərimizə konkret hədəf kütlələri təqdim edə bilirikmi? Yox! Bütün bunları bilmədən, formalaşdırmadan, tətbiq etmədən bir reklam necə effekt verə bilər? Reklam bazarında “Facebook” və “Google” kimi nəhəng resurslar bu imkanları verir və yerli reklam bazarını əhəmiyyətli dərəcədə bizim əlimizdən alır. Məncə, böyümək istəyən, yaxın illərdə gəlir qazanıb ayaqda qalmaq istəyən xəbər saytları bu məqama mütləq diqqət etməlidir. Bizim rəqibimiz hər hansı digər xəbər saytı yox, “Facebook” və “Google”dur. Bu, hardasa qarışqanın əjdahalara qarşı vuruşmasına bənzəyə və kimlərinsə gözünü qorxuda bilər. Amma belə düşünmək yanlışdır. Dediklərim, internet reklamında adi əlifbadır. Bunlar olmadan bir sayt bu gün adi blogdan başqa bir şey deyil. Günün texnoloji yeniliklərindən də bəhrələnib yeni reklam formaları yaratmaq, reklam verənləri öz fərqliliyinlə, üstünlüyünlə maraqlandırmaq lazımdır. Əslində, öyrənməyə başlayanda sonsuz imkanlar olduğunu görürsən. Bir xəbər saytında bəlkə də jurnalistlərin sayından çox menecerler, marketoloqlar, dizaynerlər, proqramçılar çalışmalıdır. Hər gün yeni ideyalar doğmalıdır. Bayaqdan bir neçə dəfə vurğuladığım “biznes strukturu” ifadəsi təsadüfi deyil, biz saytlarımızı yalnız xəbər tirajlayan resurs olmaqdan daha çox biznes subyekti kimi görməyə, formalaşdırmağa çalışmalıyıq. Yoxsa maddi sıxıntılar bitməyəcək. Məsələn, yuxarıda qoyduğumuz suallara cavab tapmaq üçün bir sistem hazırlamışıq. Bu, iki ilə yaxın vaxtımızı alsa da, artıq böyük mənada bu problemi həll edə bilmişik. Təbii ki, hələ görüləsi işlər də çoxdur. Amma artıq biz reklam verən şirkətə onu maraqlandıran hədəf kütləsini və onu idarə etməyi təklif edə bilirik. Artıq reklam verən öz şəxsi kabineti vasitəsi ilə istənilən hədəf kütləsini seçə, büdcəsinə uyğun reklam yerləşdirə, onun effektivliyini birbaşa ölçə bilir. Qısa zamanda bunu avtomatlaşdırmağı düşünürük. Yəni "Facebook" və “Google”da olduğu kimi istənilən şəxs və ya şirkət, hətta bizimlə hər hansı təmasa keçmədən özü plastik kartlarla reklam yerləşdirə biləcək. İstədiyi vax reklamlarını redaktə etmək, dayandırmaq və yenidən başlamaq imkanı olacaq. Bütün bunlar xeyli vaxt və zəhmət tələb etdi, amma əvəzində yeni imkanlar qazandıq. Vəziyyəti dəyişmək istəyiriksə, öncə özümüz və yanaşmamız dəyişməlidir.

ölkə.az


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

26-05-2017

BÜTÜN XƏBƏRLƏR
yüklənir...
GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ