yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

"İşə nazir qarışıbsa, qarşıma kiçik təkliflərlə gəlməsinlər" — İfasıyla məşhurlaşan "çoban"dan QALMAQALLI AÇIQLAMALAR

24-04-2017, 12:39 57 907 dəfə baxılıb
yüklənir...

Bir neçə gündür ki, hər kəs ondan danışır. Hazırda onun Azərbaycanın ən məşhur "çobanı" olduğunu desək, yəqin ki, yanılmarıq.

Bildiyiniz kimi, söhbət Neftçala rayon sakini Pərvin Səfərovdan gedir. Klassik estradanı özünəməxsus tərzdə ifa edən Pərvin hətta o qədər məşhurlaşıb ki, onunla söhbət etmək elə də asan deyil. Elə söhbətimizə də buradan başlamışıq.

Pərvin Səfərovla müsahibəni təqdim edirik.

- Pərvin, bir az əvvəl zəng etdim. Bildirdin ki, bir saata zəng vurarsınız, münasib olsam, cavab verərəm. Doğrusu gözləyirdim ki, bu dəfə telefona ya prodüser, ya da menecer cavab verəcək.

- (gülür) Hələ ki elə bir vəziyyət yoxdur.

- Gələcəkdə ola bilərmi?

- Ola bilər, ümid var.

- Hazırda nə işlə məşğulsan?

- Biləsuvar regional mədəniyyət evinə gətiriblər. Burada məni yerli mədəniyyət evinə işə təyin edirlər.

- Orada işin nədən ibarət olacaq?

- Kütləvi işçi olacağam. Yəni, dərnəkçi, təşkilatçı kimi bir şey. Əslində, bu şeyi qəbul etmək istəmirəm. Çünki burada mənim inkişafım üçün o qədər də faydalı bir şey görünmür. Mənim özümün də şərtlərim olacaq.

- Məsələn?

- Deyəcəyəm ki, burada oturub fəaliyyət göstərmək istəmirəm. Səsimi, ifamı, cəmiyyət və ictimaiyyət bəyənibsə, ifaçı kimi fəaliyyət göstərmək istəyirəm.

- Toylara getmək fikrin var?

- Toy barədə ümumiyyətlə fikirləşmirəm. Peşəkar ifaçı olmaq, təhsil almaq istəyirəm. İlk müsahibəmdə də bunu vurğulamışam ki, peşəkar səhnələrdə çıxış etmək fikrim var.

- İndiyədək səhnədə, toyda çıxışların olub?

- Qonaq kimi getdiyim məclisdə deyiblər ki, oxu, qulaq asaq.

- Düşünürəm ki, ifanı sosial şəbəkələrə çoban qiyafəsində buraxmağın da məqsədli idi. Yəni daha böyük maraq doğurmağı üçün belə etmişdin...

- Mən kəndliyəm, təsərrüfatla məşğulam. Orada da olduğum kimi görünmüşəm. Gündəlik nə işlə məşğulamsa, necə yaşayıramsa, onu çəkmişdim. Məqsədim özümü nümayiş etdirmək deyildi. Sadəcə, cəmiyyət bunu maraqla qarşıladı.

- Sosial şəbəkələrdən istifadə edirsənmi?

- Bəli, "Facebook"da varam. Adətən "Youtube"da maraqlı videolara baxıram.

- "Youtube"da "Pervin Seferov Official" adlı akkaunt var. Bu nə zaman yaradılıb?

- İki-üç il əvvəl.

- Adətən bu kimi səhifələri məşhur insanlar yaradırlar axı.

- O mənim xəyalım idi. "Xəzər" televiziyası çəkəndən sonra "Pərvin Səfərov əslində" başlığıyla bir xəbər də yaymışdılar. Bildirilirdi ki, guya peşəkar müğənni və bəstəkaram. Düzdür, özüm də musiqilər yazıram, amma peşəkar deyiləm.

- Videolardan sonra kimsə əlaqə saxlayıb dəstək olmaq istədimi?

- Zəng vurub işləmək, efirə çıxmaq üçün təklif edənlər var. Görək nə qədər real olacaq. Böyük yerlərdən zənglər gəlir. Məsələn, mədəniyyət və turizm naziri məni bu işə təyin edib, sağ olsun. Amma bu mənimçün mühüm yenilik deyil. Onsuz da kənddə ola-ola dövlət səviyyəli tədbirlər, konsertlərdə iştirak edirdim.

- Yəni yenilik deyil...

- Özlərinə də demişəm ki, nazirimiz bu işlə məşğuldursa, qarşıma kiçik şeylərlə gəlməyin. İşə nazir qarışıbsa, elə bir şey olsun ki, edə bilmədiyim olsun.

- Nə cür kömək olunmağını istərdin?

- Yerli kənd mədəniyyət evində işə təyin ediblər. İnkişaf üçün bunun bir xeyri yoxdur.

- Əgər istəmirdinsə, marağın yox idisə, niyə təklifi qəbul edib, Biləsuvara gedirdin?

- Hörmətsizlik etmək istəmədim.

- Əməkhaqqın nə qədər olacaq?

- Təxminən 120 manat.

- Kimləri dinləyirsən?

- Akif İslamzadə, Rəşid Behbudov, Şövkət Ələkbərova, Azər Zeynalov kimi sənətkarlara, klassik estradaya qulaq asıram.

- Sənət adamlarından kimlərlə canlı ünsiyyətin olub?

- Böyük sənətkarlarla yox, amma Teymur Əmrahla ünsiyyətim olub. Zəng vurub əlaqə yaratdım, görüşməyimiz mümkün olmadı. Bu ilin yanvarında ATV-nin "Tanıdım səni" layihəsində iştirak etdim.

- Çıxışın qane etmədi?

- Ardı uzun məsələdir. Əslində, bir şey tələb etməsələr də, gördüm ki, nəsə umurlar. Dəstək olmadılar.

- Efirə gəlmişdin?

- Bəli, gəlmişdim. Orada istedadlıları axtarırlar da. Digər iştirakçıları bir həftə əvvəldən xəbərdar edirdilər. Amma mənə birbaşa zəng vurdular ki, sabah çəkilişdir, gəl. Oradakılar da təhsil almış, səhnə görmüş uşaqlardır. Mən isə fəhlə işləyirəm, traktor sürmüşəm, yollarda işləmişəm. Məşqsiz gəlib səhnəyə çıxdım, həyəcanlandım. Birinci ifam idi.

- Və beləcə uzaqlaşdırıldın...

- Alınmadı, şans da vermədilər. Ona görə onlardan narazı qaldım. Əslində, şans verə bilərdilər. Çünki xaric də oxumamışdım. Sadəcə, dondum qaldım, həyəcanlandım.

- Münsiflər Teymur Əmrah, Gülyaz Məmmədova və Gülyanaq Məmmədova idi?

- Xeyr, Gülyanaq Məmmədova yenicə ana olmuşdu deyə, orada deyildi. Bir neçə il öncə Gülyanaq xanım səsimi bəyənmişdi, bildirmişdi ki, qeyri-adi, maraqlı səsin var. Bəlkə o olsaydı, dəstək olardı. Gülyaz Məmmədovayla Teymur Əmrah oradaydı.

- Onlar da dəstək olmadılar?

- Teymur Əmrah dedi ki, sənə yüksək bal verəcəkdim, amma dayandın. Zaur Baxşəliyev özü də onlara təsir elədi ki, dayandın, belə-elə... Amma canlı efir deyildi. Bir dəqiqə vaxt lazım idi ki, özümə gəlim, təzədən çəksinlər. Sadəcə, Zaur Teymura və Gülyaza təsir göstərdi. Halbuki digər iştirakçılardan xaric oxuyanlara da şans verirdilər.

- Musiqidən başqa xüsusi marağın olan hansı sahələr var?

- Elektron cihazlara marağım var. Özüm "krosnu" antena qururam, kompüter format edirəm, proqram yazıram. Özümü məşq etdirirəm.

- Bunları haradan öyrənmisən?

- Heç kim öyrətməyib, ordan-burdan maraqlanıb öyrənmişəm.

- Son olaraq deyəcəyin varsa, buyur.

- Özüm də sosial şəbəkədə baxdım və reaksiyaları görüncə sevindim. Bəyənən hər kəsə də təşəkkür edirəm. Məqsədim istedadımı daha faydalı istifadə etməkdir.

ölkə.az


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

19-09-2017

BÜTÜN XƏBƏRLƏR

Sunayla Hüquqdan Danış

[email protected]


/sunayla_huquq_danish/

GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ