SON DƏQİQƏ
XalqXeber.Az » Müsahibə » Deputat Tahir Rzayev: “Qadın öz yerini bilməlidir, yürüyən ata qamçı vurmurlar”

Deputat Tahir Rzayev: “Qadın öz yerini bilməlidir, yürüyən ata qamçı vurmurlar”

Tarix:

19-04-2017, 14:04

/ 56 171 dəfə oxundu.
Deputat Tahir Rzayev: “Qadın öz yerini bilməlidir, yürüyən ata qamçı vurmurlar”

Milli Məclisin Yeni Azərbaycan Partiyasından (YAP) seçilmiş deputatı Tahir Rzayevin müsahibəsini təqdim edirik:
- Bu günlərdə Azərbaycanda hostellərin milli mentalitetimizə zidd olmasına dair fikirlər sosial şəbəkələrdə və KİV-də geniş müzakirələrə yol açıb. Bir çox insan hostellərin bağlanılmasını istəyir. Bu məsələyə sizin münasibətiniz necədir?
- Azərbaycana gələn hər bir turist ölkəmizin qanunlarına əməl etməlidir, ölkənin adət-ənənələrini, milli mentalitetini gözləməlidir. Çünki hər bir xalqın, millətin özünəməxsus xüsusiyyətləri, adəti, davranış qaydaları var. Bu baxımdan da Azərbaycana gələn turistlərin hər biri bu amilləri nəzərə almalıdır. Düzdür, elə ölkələr var ki, orada müəyyən məsələlər qəbul olunur. Ancaq Azərbaycanda daim böyük-kiçik yeri gözlənilib, qadınların isməti-namusu məsələləri qorunub. Ola bilər ki, bir çox ölkələrdə bu cür məsələlərə elə də əhəmiyyət verilmir. Ona görə də həmin ölkələrdə turistlər açıq-saçıq geyinir, küçədə və barlarda istədikləri kimi hərəkət edirlər və sairə. Ancaq bütün bunlar Azərbaycan cəmiyyətində qəbul edilən deyil. Əgər hər hansı turist gəlib burada açıq-saçıq geyinəcəksə, bulvarda bədənini göstərəcəksə, bu yolverilməzdir. Şübhəsiz ki, bu cür hallara bizim cavanlar və ya yaşlılar reaksiya verəcəklər. Hətta, mən şahidəm. Son vaxtlar yaşlı adamlar gənclərə etik qaydaları pozduqlarına görə etirazlarını bildirir. Ona görə də turistlərin Azərbaycanda gəlib əxlaqa zidd hərəkətlərə yol verməsi qəbul edilməzdir.

- Bu yaxınlarda Azərbaycanda gənclərin metroda öpüşməsi məsələsi cəmiyyətdə birmənalı qarşılanmadı. Bu məsələyə siz necə baxırsınız?

- Mən Almaniyada bir neçə dəfə olmuşam. Bilirsiz ki, Almaniya dünyanın ən inkişaf etmiş dövlətlərindən biridir. Təsəvvür edin ki, Almaniyada mən kiminsə küçədə açıq-saçıq hərəkətlərini, öpüşməsini və digər pis hərəkətlərini görmədim. Müəyyən adamlar var ki, onlar buna insan azadlığı adını qoyur. Birdə görürsən ki, kimsə küçədə oynayır, çalır və digər hərəkətlər edir. Bunu da təbii qəbul etmək olar, onlar da insandır. Ancaq bunun da bir həddi olmalıdır.

Doğrudur, son zamanlar Ərəb ölkələrindən Azərbaycana xeyli sayda turist gəlir. Bir tərəfdən bu sevindirici haldır. Digər tərəfdən isə həmin turistlərin gəlib Azərbaycanda milli mentalitetimizə zidd hərəkətlərə yol verməsi doğru deyil. Bizə pul lazım deyil, bizə daha çox insanların mənəviyyatı lazımdır. Turizmin inkişafı da bilavasitə insanların mənəviyyatının zənginləşməsinə xidmət edir. Çünki hər hansı bir insan xarici ölkəyə gedirsə, bu onun dünya görüşünü artırır, zənginləşdirir. Şərt o deyil ki, turist xarici ölkəyə gedirsə, mütləq o ölkədə barı gəzməlidir və sairə. Əslində, sivil və mədəni insanlar bu yola getmirlər. Həmin insanlar səfər etdikləri ölkələrdə mədəniyyətə, tarixə, ədəbiyyata, insanların rəftarına daha çox fikir verirlər, təcrübəni öyrənirlər. Turizmin də əsas məqsədlərindən biri insanların bir-birindən nəyisə öyrənməsidir, ölkələrarası münasibətlərin yaxşılaşmasıdır. Azərbaycanın zəngin tarixi və mədəniyyəti var. Əgər Azərbaycan gələn turistlər nə isə öyrənmək istəyirsə, ilk növbədə bunlara diqqət yetirsin. Turistlər Azərbaycanda İslama bağlılığı, mənəviyyatı, mədəniyyəti, insanlarımızda bir-birinə hörməti, böyük-kiçik münasibətləri, ağsaqqala, qadına hörməti öyrənməlidir. Yoxsa ki, Avropa ölkələrinin bəzi lazım olmayan adətlərini gəlib Azərbaycanda təbliğ etməməlidirlər. Ümumiyyətlə, biz bunları götürməməliyik. Bizə onların pulu lazım deyil.

- Belə turistlərlə rastlaşmısınızmı?

Açığı, mən belə turistlərə rast gəlməmişəm. Mən şəhərdə ən çox gəzən insanlardan biriyəm. Hər gün ən azı 2-3 saat 10-15 kilometr piyada gəzirəm. Gənclik illərimdən bunu adət etmişəm. Mən Badamdar ərazisində yaşayıram, orada müsəlman ölkələrindən gələn turistlərin sayı daha çoxdur. Ancaq orada turistlərin əxlaqa zidd hərəkətlərinə rast gəlməmişəm. Doğrudur, müsəlman tursitlərinin geyim-keçimi səliqəsizdir, ucadan səslə danışırlar və sairə. Ancaq çox pis hərəkətlərini görməmişəm. Ümumiyyətlə, turistlərin özlərini yaxşı aparması üçün bizim təbliğatımız da vacibdir. Azərbaycanın hava limanlarında, alış-veriş mərkəzlərində, paytaxtın turistlər çox olan ərazilərində xarici vətəndaşların etik normlar nümyiş etdirməsini təbliğ edən lövhələr olmalıdır. Misal üçün, xarici vətəndaşlar, turistlər təmizliyə riayət etməlidir, sakitliyi qorumalıdır, insanların dincliyini pozmamalıdır və sairə. Müxtəlif xarici dillərdə bu şüarlar nümayiş etdirilməlidir. Bundan əlavə, AZAL-ın təyyarələrində də bu cür təbliğat lövhələri yerləşdirilməlidir.

- Azərbaycanda ərəb turistlərin cinayət törətmələri ilə bağlı tez-tez xoşagəlməz xəbərlər yayılır. Bəzi mütəxəssislər hesab edir ki, həmin turistlər Azərbaycana ciddi valyuta gətirdiyi üçün onların nazı ilə oynamaq lazımdır. Sizin düşüncələriniz necədir?

- Bilirsiniz, belə hallar dünyanın hər bir ölkəsində mövcuddur. İnsan ilk növbədə öz davranışına nəzarət etməlidir, özünü dərk etməlidir. Nəinki Azərbaycana gələn turistlər tərəfindən, bizim öz vətəndaşlarımız tərəfindən də nə qədər oxşar hadisələr olur. Ona görə də bu məsələdən ajiotaj yaradıb, onu hər hansı turistin adına yazmaq və xof yaratmaq düzgün deyil. Bunu mətbuat gündəmə gətirməli deyil. Çünki sabah bu məsələ mətbuata çıxan zaman xarici ölkə vətəndaşları deyəcək ki, biz Azərbaycana getdik və orada şantaj olunduq və sairə. Buna ehtiyac yoxdur. Qanun var və qanunun tələbləri çərçivəsində hərəkət etmək lazımdır. Sadəcə olaraq biz gələn qonağa qanunları acı sözlə deyil, xoş üzlə izah etməliyik, turistlərə qarşı həssas olmalıyıq, əgər onun hərəkətində bir səhv varsa, ona yumşaq dillə doğrunu izah etməliyik. Yoxsa ki, biri balaca səhv edən kimi, gedib onun qolundan sərt şəkildə yapışmaq, ona kobud cavab vermək və ya təhqir etmək düzgün deyil. O da insandır, onun da şəxsiyyəti var.

Digər tərəfdən isə turistlərlə bağlı hər hansı xoşagəlməz xəbəri mətbuata çıxartmaq və yaymaq doğru deyil. Xarici ölkələrdə bundan daha pis hadisələr baş verir. Ancaq onlar bunu mətbuata çıxartmır.

İndi bəzi adamlar deyir ki, ərəb turistlər gəlib düz hərəkətlər etmir və sair. Əslində, həmin turistlər hər bir əməlləri ilə öz dövlətlərinin və xalqlarının adına fikir formalaşdırır. İndi bu ölkələrin ətrafında gedən müharibələr də müəyyən adamlarda stress yaradıb, psixologiyalarını dəyişdirib və sairə. Fikir verin, bu insanların ölkələrində müharibələr gedir, qardaş da qardaşı öldürür və sairə. Müsəlman ölkələrinin bir çoxunda belə hallar var. Bütün bunlar isə normal hal deyil. İnsana hərəkətlərinə və geyiminə görə qiymət verilir. Əgər bir insan ki, açıq-saçıq geyinir, əxlaqi normlara ziddi hərəkətlərə yol verirsə, ona müsbət qiymət vermək mümkün deyil. Ona görə də ərəblər əgər Azərbaycana turist kimi səfər edirlərsə, o zaman mütləq davranışlarına və sözlərinə fikir versinlər. Çünki burada Azərbaycan qanunları var. Ancaq eyni zamanda adi bir məsələni şişirdib sensasiya xatirinə nəyəsə getmək də olmaz. Mən turistlərlə bağlı bu cür xəbərlərin yayılmasının tərəfdarı deyiləm. Birdə görürsən ki, hansısa telekanalda və ya saytda kiminsə keçirdiyi avtomobil qəzası ilə bağlı xəbərləri yayırlar.

Yaxud da bir ailədə kişi ilə arvad evdə mübahisə edibsə, onu xəbər edib verirlər. Əgər ata oğluna bir sillə vurursa, media bunu da xəbər kimi yayır. Bütün bunlar bizim həyatımızdır, bu olmalıdır!

- Siz ailədaxili münaqişələrin mediada işıqlandırılmasına qarşısınız?

- Bilirsiniz, qadın öz yerini bilməlidir. Heç vaxt yürüyən ata qamçı vurmurlar. Əgər qadın evdə kişinin sözünü eşitmirsə, hegemonluq etmək istəyirsə, kişi də əsəbiləşib ona bir söz deməlidir də! Son zamanlar nə qədər qadının kişini öldürdüyünü görmüşük. Qadının balta və bıçaqla öz yoldaşını öldürməsini, boğmasını mətbuatdan da izləyirik. İndi təbliğat gedir ki, qadın hüquqları pozulur və sairə. Necə yani qadın hüquqları pozulur? Azərbaycanda qadın hüquqları elə də pozulmur. Biz deyirik ki, ay valideynlər, 12-13 yaşlı qızı ərə verməyin. Ancaq qız özü qoşulub, yalvara-yalvara gedir. Sonra da adını “qadın zorakılığı” və ya “qadın hüquqlarının pozulması” qoyuruq. Əslində, burada valideyn özü məsuliyyət daşıyır. Digər tərəfdən isə əgər qadın səhv hərəkət edirsə və kişinin ona söz demək cəsarəti yoxdursa, o zaman biz azərbaycanlı deyilik. Belə olan təqdirdə böyük-kiçik yeri də bilinməyəcək. Əgər bir ailədə kişi söz sahibi ola bilmirsə, orada böyüyün sözü eşidilməyəcək. Mənim az yaşım yoxdur, hər birimizin ailəsində oxşar problemlər olub və ya var. Problemsiz ailə yoxdur. O gün eşidirəm ki, Azərbaycanda altı ayda 6 min boşanma olub. Bu, çox dəhşətli bir rəqəmdir. Hələ bu nigah müqaviləsi bağlayanlardır. Hələ nə qədəri nigah müqaviləsi bağlamadan evlənib-boşanıb. Bu çox düşündürücü məsələdir. Birdə görürsən ki, evlənib 3-4 aydan sonra boşanırlar. Nəyə görə boşanırlar? Çünki onların evdə sözü keçən böyüyü yoxdur. Bu günlərdə bir halın şahidi olmuşam. Bir cavan ailədir, həm də tələbədir. Yoldaşı ondan tələb edir ki, hər gün restorana gedək və sairə. Oğlanın da imkanı yoxdur, necə alsın? Qız da oğlana deyir ki, səndən boşanıram. Ancaq ata-babalarımızın dövründə belə hal görməmişəm. Biz görmüşük ki, ailənin yükü iki nəfərin – kişi və qadının üzərinə düşür. Həmin iki nəfər öz aralarında götür-qoy etməli və vəziyyətə uyğun hərəkət etməlidir. Belə olanda ailə də dağılmır, əksinə qorunur və möhkəmlənir. Bu gün gənc ailələrin hamısında bəzi çətinliklər və ya problemlər olur. Onların hamısı boşanarsa, nə olar? İki tərəfdə bədbəxt olur. Ona görə də bu cür məsələləri mediada təbliğ etmək, işıqlandırmaq düzgün deyil. Mənəviyyatı olmayan adamların çıxıb efirdə kimlərəsə dərs deməsi əvəzinə, 40-50 il bir yerdə yaşayıb qocalan ailələri həmin verilişlərə çağırıb danışdırmaq lazımdır. Mətbuat da bu belə təbliğ olunmalıdır. Yalnız həmin insanlar boşanma hallarının qarşısının alınmasına töhfə ola bilər. Yoxsa ki, “ərim mənə filan sözü dedi”, “mən də ona cavab verdim”, “mənim qadın hüququm var”, “hüququmu niyə pozursan?” kimi ifadələri mediada işıqlandırmaq təbliğat deyil. Şəxsən mənim bütün qadınlara böyük hörmətim var. Onların yaxşıları mənim bacımdır. Problemləri olanlar da yenə Azərbaycan qadınıdır. Çalışmalıyıq ki, yaxşıları təbliğ edək və pislər bundan nə isə dərs götürsün. Daha pisləri təbliğ etməməliyik. Biz bir kişi olaraq da anamızı, xanımımızı və bacımızı özümüzdən bir pillə də yüksək tutmalıyıq. Kişi qadının yanında özünü sözü, nəvazişi, ağılı və xanıma münasibəti ilə göstərməlidir. Belə olanda qadın da o kişini qiymətləndirəcək. Yoxsa ki, axmaq kişi keflənib evə gəlsin, qadını döysün və sonra da desin ki, mən səndən yuxardayam, bu da doğru deyil. Mən bunun tərəfdarı deyiləm. Ancaq onun da tərəfdarı deyiləm ki, qadın imkansız olduğu üçün kişinin başına qaxınc etsin, evdə söz-söhbət yaratsın, ərinə desin ki, başqaları necə pul qazanırsa, get səndə elə qazan və sairə. Yaxud da qadının öz həyat yoldaşına “sən kimsən? Mən səndən üstünəm!” deməyi də səhvdir. Amma bizdə bunu təbliğ edib qiymətləndirənlər çoxdur. Ailədə ilkin bünövrə məktəbdən başlayır. Daha sonra isə münasibətlərin əvvəlcədən öyrənilməsidir. Bəzən elə insanlar olur ki, onlardan biri digərinin mühitinə düşəndən sonra problem yaranır və boşanırlar. Əgər zorla deyil, sevib ailə qurursansa, ilk növbədə oğlanı öyrənməlisən. Yaxud da oğlandırsa, qızın kim olduğunu öyrənməlidir. Yoxsa ki, Moskvadan zəng edib deyir ki, oradan mənə bir qız tapın, gəlib alacam. Valideynlər də oğluna deyir ki, burada da küçə ilə qəşəng qız gedir, gəl al. Oğlan da gəlib alır, sonra deyir ki, xasiyyətimiz tutmadı. Ona görə də ailə qurmamışdan öncə tərəflər bir-birinin xasiyyətini öyrənməlidir. Keçmişdə bizim ailələr nəyə görə möhkəm olurdu? Çünki o dövrdə evlənənlərin əksəriyyəti bir-birini tanıdıqları üçün eyni kənddən ailə qurublar. Həm də onların sosial, maddi vəziyyətləri, dünya görüşləri demək olar ki, eyni olub. Misal üçün, Sovet İttifaqı dövründə pambıqçı qız traktorçu oğlanla, fermada sağıcı işləyən qız da orada çalışan bir oğlanla evlənirdi. Ona görə də onlar zəhməti bilirdilər.

Ölkə.Az

Şərhlər

XƏBƏR LENTİ