yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

Qara bir adam Qarabağı alacaq - Şok öngörü

Qara bir adam Qarabağı alacaq - Şok öngörü
30-03-2017, 09:46 4 403 dəfə baxılıb

Firəngiz Sabirqızı şairdir. AYB-nin üzvü olan bu gənc şairə Qubada yaşayır. Mütəmadi olaraq şeirləri ilə sosial şəbəkələrdə, ədəbi portallarda oxucuları ilə həmsöhbət olur. Bu günlərdə onunla söhbətim zamanı başqa bir bacarığının da olduğunu söylədi. Sən demə, bu xanımda hadisələri qabaqcadan görmək qabiliyyəti var. Həm də bədənində maqnitləşmə gedir. Onunla Axar.az-ın “İnsan taleyi” layihəsində həmsöhbət oldum. Səməd Vurğun bağında vədələşdiyimiz görüş maraqlı alındı. Düşünürəm ki, oxucularımız üçün də maraqlı olacaq.

- Firəngiz xanım, şairliyin Allah vergisi olduğu deyilir, demək olarmı şairlər vergili insanlardır?

- Bəli! Allah istəməsə, biz heç kirpik qırpa bilmərik. Mən qələmi tuturam, yazdıran Allahdır. O ki qaldı şairlərin vergili olmasına, əlbəttə ki, hamısı yox. Məsələn, Nizami Gəncəvini oxuyanlar onun yazdıqlarının qeybdən gəldiyinə, qeyb haqda yazdığına əmin ola bilər.

- Bu yaxınlarda səninlə söhbət edərkən, özündə qeyri-adi bir qüvvənin olduğunu dedin. İddia etdin ki, sən Tanrı tərəfindən seçilmişlərdənsən.

- Məndə öncədən görmə qabiliyyəti var. Özü də hansısa əşyanın, kitabın vasitəsi ilə deyil, bəsirət gözü ilə görürəm. İmam Əli deyib ki, bəsirət gözü ilə görənlər Allahın seçdikləridir.

- O baxımdan sənin həyatda elə də çətinliyin olmaz. Öncədən bütün ağrı-acını görərsən, hər şeyi sahmana salarsan.

- Yox, əksinə... öncədən o ağrı-acını görmək və kömək edə bilməmək, necə əzabdır, bilsəniz...

- Kömək edə bilməmək deyəndə, heç olmasa, kiməsə nəyisə xəbərdar etmək olar da. İnanmırlar yoxsa?

- Xəbər edirəm, amma qarşısını almaq olmur olacaq hadisənin. Gördüyüm şey olmalıdır və olur da. Buna şahidlərim də var.

- Məsələn…

- Düzdür, əvvəlcə dediklərimə inanmırlar. Amma sonradan dediklərim yaşandıqda sübut olunur ki, düz demişəm. Dostluğumda Pərvanə adlı xanım var, kitabımı istədi. Heç görşməmişdik. Bakıya gəldikdə görüşdük, çay içdik. Maşını var, ayrılanda dedim ki, maşınını sağ tərəfdən gözlə, vuracaqlar. Dediyim kimi də olmuşdu. Bir gecə yuxudan dəli kimi ayıldım, ağrı anam tərəfdən gəlirdi. Gecə saat 4-də anama zəng etdim ki, sabah ehtiyatlı olsun. Səhər saat 11-də zəng vurdular ki, anan yıxılıb, iki qolu da çiynindən çıxıb. Bilirsiz, mən nəyi görürəmsə, o, ağrı kimi gəlir. Çabalayıram, ən dəqiq gördüyüm isə ölümlərdir.

- Nə vaxt hiss etdin bütün bunları? Ölümləri necə dəqiqliyi ilə deyirsən?

- Uşaqlıqdan hiss edirdim ki, məndə nəsə adi insanlardakı kimi deyil. Bizim kənd böyükdür, 5 min əhalisi var. Hamı bir-birini tanıyır. Gecə yarısı kənddə kim can verirsə, bu mənə agah olur, yoldaşım görür nə hala düşürəm. O, artıq bilir ki, kənddə kim isə can verir. Hər kəs bir dəfə ölür, mən isə hər ölənlə ölürəm. Kimin öləcəyini isə 1 ay öncədən deyirəm. Həmin insanın ruhu gəlir gözlərimin önünə. İnanmırlarsa, mütəxəssislər təcrübə apara bilər, icazə verirəm.

- Sən gənc yazar Mövlud intihar edəndə nəsə hiss etmisən. Amma yuxuna mən gəlmişəm, niyə?

- Mən kimisə şəxsən tanımasam da, onun yaxın bildiyi biri yuxuma gəlir. Mən axı nə Mövludu, nə də ona yaxın olan bir kimsəni tanıyırdım. Mövludu tanıyanlardan təkcə sizinlə tanışam. Dünyanın ən məşhur və dəqiq görücüsü olan Vanqa da hər şeyi yuxuda görüb, deyirmiş.

- Bəs sən elə ölüm, xəstəlik, bədbəxt hadisələri görürsən? Yuxuna çal-çağır, bayram, qələbə harayı gəlmir?

- Yox, hələ ki, gəlmir.

- Bəs beynəlxalq aləmdə vəziyyət necədir? Yoxsa elə adamların ölüb, xəstələnməsini görürsən? (Zarafat edirəm, o isə ciddi cavab verir)

- Yaxın gələcəkdə Rusiyada dağıdıcı təkanlar olacaq. Bu təkanlar bütün dünyanı əhatə etsə də, ən çoxu Rusiyaya düşəcək. Ölümlər olacaq, Rusiya böyüklüyünü itirəcək.

- İcazə ver, bir az şübhələnim…

- Bir dəfə Adilə Nəzərlə söhbət edərkən dedim ki, göydən uğultu səsi eşidirəm. O da şübhələndi, məsləhət bildi ki, özümü psixoloqa göstərim. Düz bir həftə sonra TV-də dedilər ki, Böyük Britaniyada göydən gələn uğultu səsi adamları vahiməyə salıb. Alimlər hələ də bu uğultunun nə olduğunu deyə bilmir. Amma mən bilirəm.

- Nə idi o uğultu?

- O uğultu göyün qatındakı kürənin səsidir. Sübut etməyə hazıram. O kürə zaman keçdikcə Yerə yaxınlaşır.

- Bəs nə mane olur sübut etməyinə?

- Bilirsiz, bütün bunlar bir-biriylə əlaqəli şeylərdir. Bayaq dedim, kənddə adam öləndə göyə sovruluram. Hətta bir dəfə yoldaşım çiyinlərimdən tutub saxlayıb, silkələyib, özümə qaytarıb. Kim isə öləndə göyün 7 qatı açılır, ruhu başlayır göyə qalxmağa. Mənim bədənimdə maqnit var. Göydə isə 7 qatdan yuxarı dəmir kürə var, fırlanır, hərəkət edir. Bir gün gün doğanda görünəcək. Dünyanı mavi rəngə boyayacaq, titrəyişlər başlayacaq. Dediyim kimi, ən çox ziyanı Rusiyaya dəyəcək. Çox hissəsi yerlə-yeksan olacaq. Müsahibə verməyə də ona görə razılıq verdim ki, bunları sübut etməyə vasitəçi olasız.

- Yəni demək istəyirsən ki, Rusiyada parçalanma ola bilər? Xalqlar öz müqəddəratını həll edib, müstəqil ola bilər?

- Mən Rusiyanı xaraba görürəm.

- Firəngiz xanım, bəs öz ətrafımızda nələr baş verəcək? Qarabağ, Ermənistan və sair…

- Sükut... hələ ki, bu sükut uzun sürə biləcək bir sükutdur. Lal adam sükutuna bənzər bir sükut.

- Deyirsən, bədənində dəmir parçaları özünü rahat hiss edir? Yoxlayaq?

- Bəli, inanmırsan, yoxlayaq. Dəmir parçaları, qəpiklər bədənimdə yapışıb qalır, rahat şəkildə gəzə bilirəm. Mənə gülüb, dəli deyənlər də olacaq, bilirəm. (Bunu sonra yoxlayırıq, rəfiqəsinin evində seanslar keçiririk. Fotolorı təqdim edirik. – F.B.). Amma unutmayaq ki, ağ və qara ruhlar, xeyir və şər qüvvələr var. Artıq ağ ruhların qara ruhlara gücü çatmır. Ona görə də insanlar bu qədər qəzəblidir, bir-birinin qanına susayıb. Qara demişkən, vaxt gələcək Azərbaycan qaraların olacaq, yəni ərəblərin.

- Başa düşmədim, deyirsən, Azərbaycan yenidən ərəb istilasına məruz qalacaq? Bunu biz görəcəyik?

- Bu, hissə-hissə həyata keçəcək. Lap o qədər də uzaq deyil. Biz görməsək də, cavan nəsillər görəcək.

- Qız, zəhrimizi yarma. Bəs ikinci Babək necə, dünyaya gələcək? Ərəblərlə vuruşacaq?

- Babək oduğunu bilmirəm. Amma ən ucada hündür, qolu çox güclü qara bir insan görürəm.

- Firəngiz xanım, heç olmasa, Qarabağla bağlı bir pozitiv xəbər de. Heç olmasa, bu, Qarabağı azad etdikdən sonra başlayacaq, yoxsa ərəb istilasına məruz qalanda hələ də Qarabağ problemimiz olacaq?

- Qarabağı da elə o qara adam alacaq. Amma pulla, qızılla, döyüşlə yox.

- Firəngiz xanım, metal cisimlər bədəninizə yapışaraq qalır. Bunun haqda hər hansı bir elmi tədqiqat instituna müraciət edilibmi?

- Xeyr, etməmişəm. Bir dəfə həkimə müraciət etdim, dedi ki, müalicəsi olmayan bir şeydir.

- Bəs özün nə hiss edirsən?

- Bədənimdə istilik çox olur, əlim-ayağım yanır, yayda buzdan istifadə edirəm.

- Bəlkə bu, sənin başqa bir keyfiyyətindən xəbər verir, məsələn, daha çox enerjili, sağlam, gənc olmandan və sevgi dolu bir həyat tərzindən.

- Xeyr. Bir xeyirli tərəfi var ki, əlimdə enerji var. Hər hansı ağrı olan yerə əlimi qoysam, 3 seansa o ağrı xəstədən keçəcək.

- Bunu mütəmadi olaraq tətbiq edə bilmisənmi?

- Bəli, etmişəm. Nəticəsi müsbətdir.

- O zaman sizin qapınız ağrılı adamlarla dolu olar axı, gələrlər, müraciət edərlər, müalicə alarlar…

- Yox, Faiq müəllim. Axı, mən bunu heç kəsə deməmişəm. Çox az adam bilir. Mənim müalicə etməyimə hələ icazə verilmir.

- Kim icazə vermir?

- Qeybdəki ağ qüvvələr.

- Nə deyirlər, icazə vermirlər? Sənə axırda sertifikat, diplom verəcəklər ki? Sən onlarla necə əlaqə yaradırsan axı?

- Sən zarafat edirsən, amma mən ciddi deyirəm. Ən çox onlarla yuxuda əlaqə saxlayıram, oyaq da olanda olur... Məni həmişə İmam Əli qoruyur. Əlaqəni isə işarələrlə saxlayırlar. Bir qoca orta boylu kişi mənə həmişə “arxamca gəl”, - deyir.

- Nə bilirsən o, İmam Əlidir, bəlkə tamam başqa biridir…

- Əlində çox vaxt ikidilli qılınc olur. Lap ilk dəfə soruşdum kim olmasını, dedi, Əliyəm.

- Firəngiz, nə deyirlər sənə, deyirlər ki, “camaatın ağrısını müalicə eləmə, hələ tezdir”, yoxsa “səni başa düşməzlər, daş-qalaq edərlər”? Axı belə insanlara çox vaxt həm də lənət oxuyurlar, qorxmursan?

- Hələ tezdir, deyirlər. Amma qulaq asmayıb bir-iki dəfə müalicə etmişəm, həmişə də əzabını çəkmişəm. Ya ayaqlarım tutulub, ya da qolum. Mənə deyirlər, tezdir, yoxsa şikəst qalacaqsan.

- Demək, sənin şikəst qalmağını istəmirlər, amma onlarla adamın ağrı çəkməyinə göz yumurlar. Daha nə deyirlər, məsələn, deyirlərmi ki, sən bəşəriyyəti xilas edəcəksən?

- Deməzdim bəşəriyyəti xilas edəcəm. Amma hər kəsi gələn bəladan xəbərdar edə bilərəm. Dedim, axı, məni İmam Əli həmişə qoruyur. Əgər kiməsə qəzəbim tutsa, həmin adam mütləq cəzalanır.

- Namaz qılırsan? Başqa dini ayinləri yerinə yetirirsən?

- Namaz qılırdım, amma sonuncu dəfə elə qorxdum ki, daha namaza yaxın durmuram.

- Bəs namaz qılanlar deyir ki, adam yüngülləşir, rahatlaşır. Sən niyə namazdan qorxdun?

- Şər qüvvələr mənə ən çox namaz qılarkən yaxınlaşır. Çox vaxt eşidirik e, deyirlər, filankəs namaz üstündə havalandı. Əsasən çiyinlərdə oturan mələklərə salam verəndə qəfil olaraq adamın bəsirət gözü açılır və şər qüvvəni görüb huşunu itirir.

- Yəni səndə də belə olub?

- Hə.

- Necə oldu?

- Bir gün günorta işdən evə gəldim. Evim ikimərtəbəlidir, aşağı mərtəbənin qapısı dəmirdəndir. Dəmir qapını cəftə ilə bağladım ki, namazdan sonra bir az dincələ bilim. Qapını açarla da bağladım. Hava isti olduğu üçün canamazı eyvanda sərdim. Namazı bitirdim, sonuncu səcdədə alnımı möhürə qoyanda alt mərtəbənin bağladığım qapı elə zərblə açıldı ki, yerimdəcə dondum qaldım. Qəzəbli addımların tappıltısı düz yuxarı qalxırdı. Bir təhər özümü ələ alıb sağ çiynimə tərəf döndüm salam verməyə, gördüm, uzun dırnaqlı, qapqara tüklü əl çiynimə uzanır, özümü itirmədim, dedim “Ya rəbbim, şər qüvvələrdən sənə sığınıram”. Əl çəkildi. Döndüm sol çiynimə, gördüm, həmin əl yenə uzanır. Düz 3 dəfə bu hal təkrarlandı. Şükür ki, şüurumu qoruya bildim.

- Firəngiz, bəs şəxsi həyatına necə, müdaxilə olunurmu? Yəni o qüvvələr sənin ailəli olmanı istəmirlərmi?

- Onlar tək adamları sevir. İnsanların gur olduğu yerdə başım gicəllənir.

- Demək, sənin ərinlə aranda soyuqluq yaradırlar da...

- Bəli.

- Bəlkə səni ərinə qısqanırlar?

- Yox, qısqanmırlar, amma qüsulsuz olanda çox incidirlər məni...

- Sən də qüsullan da, bu həm də gigiyenik qaydalardır. Bir də soruşum, Quranda deyim var ki, qadın kişinin əkin yeridir. Qadın kişinin cinsəl istəyini şərtsiz qəbul etməlidir. Bu tərəfdən də deyirsiz ki, belə...

- Aha, ən vacib yerə gəldik. Bayaqdan bu sualı gözləyirdim. Faiq müəllim, mən ağzım çatdıqca qışqırıram ki, Quranın bəzi vərəqləri çıxarılıb və dəyişdirilib. Ən əsas da o dəmir kürə olan yerlər. Bir vaxt gələcək o vərəqləri zühur etmişlər gətirib qoyacaqlar ortaya.

- Qız, dəmir kürəni saxladıq da Britaniyada, sənin dediklərin heç də sualıma cavab olmadı. Yəni deyirsən ki, Quranın səhifələri dəyişdirilib, əlavələr olunub? Məsələn, bayaq mənim dediyim qadınlara qarşı münasibət də?

- Bilirsiz, o kitabı neçə adam tərcümə edib? Hər kəs də özünə sərf edən tərzdə. Tərcüməçilərin də hamısı kişilər olub. Əgər bir qadın tərcümə etsəydi, inanmıram ki, o kitabda elə şey yazılardı. Bilirsən, qadını Allah kişilərə ancaq ehtiras soyutmaq üçün verməyib.

- Deyirsən ilahi qüvvələr səni qoruyur, hətta ərindən də. Sən onlara qulaq asıb ərinin xətrinə dəymisən heç?

- Ərimdən qorumurlar e, – bu dəfə ürəkdən gülür. - Ziyanlı yoldan həmişə qorunmuşam. Ərim Allahın mənə hədiyyəsidir ki, hələ də mənim bu əcaib hallarıma dözür.

- Gözəl şeirlərin var, sevgidən də yazmısan və yazacaqsan da. Sözsüz, bu şeirlərin hamısı ərinizə ithaf olunmayıb, qəlbinizin, xəyallarınızın bir lirik qəhrəmanı da var. Bax onları ürəyinizdən keçirib qələmə almanıza necə baxırlar?

-Yazdığım şeirləri ən birinci ərimə oxuyuram. O, anlayışlı insandır, hətta bir dəfə bir şeirimdən gözləri doldu, ağladı. Soruşdu kimə yazdığımı, bilmirəm, dedim.

- Ərini demirəm e, o səni qoruyan qeybdəki ağ qüvvələr, kişilər var ha, onları deyirəm, demirlər ki, bu şeiri kimə yazmısan?

- Onlar da soruşmur. Əslində, elə o qüvvələr yazdırır da şeiri mənə. Ona görə də çoxu anlamır yazdıqlarımı. Bilirsiz, şeirləri sağ qulağıma səsləndirirlər həmişə, mən də yazıram...

- Firəngiz, bu yazı bizim “İnsan taleyi” layihəmiz üçün nəzərdə tutulub, bu, sənin taleyindir, narahat deyilsən ki?

- Narahatam…

- Narahatlığın nədədir?

- Boşluq...

- Niyə boşluq olur ki? Ərin, yəqin, uşaqların da var, şeir yazırsan, kəndin, səni daim qoruyan ağ qüvvələr…

- Yanılırsınız... elə o boşluq övladsızlıqdır. 9 ildir ailəliyəm. 8-ci ildə hamilə oldum. Hər şey əla idi... 7 aylığımda UZİ-yə getdim. Həkim dedi, hamiləliyin əla gedir. Elə həmin gün yatdım, dediyim o kişi yuxuma girdi, ağlayırdı, soruşdum, nə olub? Dedi, bətnindəki uşağın 85 faizi məhv olub, bağışla, kömək edə bilmirəm. Dəli kimi yuxudan ayıldım. Ərimə dedim, gedək həkimə, UZİ-yə gedək. Dedi, axı dünən getmişik. Getdik, həkim də həmin kişinin dediyini əzbərləmişdi elə bil, o deyənləri dedi. Həkimə dedim ki, bilirəm, mənə artıq deyiblər... Bir gecə də yuxuma Müqəddəs Məryəm gəldi. Balaca qız uşağıyla… “Sənindir, sənə gətirmişəm”, - dedi, amma vermədi. Bir həftə sonra bildim ki, yenidən hamiləyəm.

- İndi necədir? Uşaq dururmu bətnində, - deyirəm və qeyri-ixtiyari nəzərlərimi Firəngiz xanımın üzərində gəzdirirəm.

- İnsan qanında dəmir var axı. Uşaqlarda isə daha çox olur. Məndə də maqnit var, maqnit dəmiri yeyir və döl qalmır. Mən isə doğrudan da sağlamam. Həkimlər deyir ki, anatomiya dərsliyinə salınacaq orqanların var.

- Hər şey yaradanın əlindədir. Niyə kömək edə bilmir sənə? Bəlkə bu səndə bir sarsıntıdır?

- Maqnitin nə sarsıntısı? Faiq müəllim, olar, mən də sizə bir sual verim? Amma səmimi cavab verin, xahiş edirəm…

- Buyur, əlbəttə.

- Bugünkü müsahibədən sonra mənim haqqımda nə fikirləşirsiz?

- Mənə maraqlı gəldin, çox maraqlı. Mənim tanışlarım çoxdur, dostlarım da az deyil. Hər biri özünün orijinallığı ilə seçilir. Mənim sənə heyfim gəlir. Gözəlsən, gəncsən, istedadlısan, ancaq ana olmamağın məni üzdü. Olacaqsan, inşallah... Sənə şeirlərindən marağım, diqqətim vardı, izləyirdim və elə düşünürdüm ki, səni çoxdan dostlarım sırasında görürəm. Müsahibəyə gəldikdə isə, düşünürəm ki, yalan danışmırsan. Bəziləri kimi demirəm, səndə anormallıq var, amma qeyri-adilik var… Sən yaxşısı budur, mənim səhhətim haqda düşün...

- Sizin səhhətiniz bir müddət ağrılı olacaq, amma çox yaşayacaqsız...

- Aldadırsan, hə?

- Mən heç vaxt yalan danışmıram. Yaxın 3-5 ayı görürəm adətən. Lap ölüm də görsəm, deyirəm. V.Ə. ilə aranız necədir?

- Tanış deyiləm. O redaktoru deyirsən də?

- Hə... Yaxşı kişidir. Mənim AYB üzvü olmağıma da o yardım etdi... Bu gecə onu yuxuda görmüşəm. Faiq müəllim, sizə bir söz də deyim... Sizin insanlara inamınız itib, daim sarsıntıdasız. Heç kəsə güvənmirsiz, amma hər kəs sizə güvənir. Daima gözünüz yol çəkir.

Daha danışmırıq, ayrılırıq… Yol boyu fikirləşirəm: Məni aldatmağa nə var, özümü aldanmış kimi göstərə bilirəm...


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

17-11-2017

BÜTÜN XƏBƏRLƏR

Sunayla Hüquqdan Danış

[email protected]


/sunayla_huquq_danish/

GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ