SON DƏQİQƏ
XalqXeber.Az » Müsahibə » Əkrəm İmamoğlunun azərbaycanlı junalistə böyük MÜSAHİBƏSİ

Əkrəm İmamoğlunun azərbaycanlı junalistə böyük MÜSAHİBƏSİ

Tarix:

3-06-2019, 16:29

/ 1 891 dəfə oxundu.
Əkrəm İmamoğlunun azərbaycanlı junalistə böyük MÜSAHİBƏSİ

İyunun 23-də İstanbulda təkrar bələdiyyə seçkiləri keçiriləcək. Hakim Ədalət və İnkişaf Partiyasının namizədi Binali Yıldırımdır.

Ana müxalifətin – Cümhuriyyət Xalq Partiyasının (CHP) isə namizədi Əkrəm İmamoğludur. O İmamoğlu ki, martın 31-də keçirilən ilkin seçkilərdə qələbə qazanmış, Ali Seçki Qurumundan mandatını almış, amma hakim partiyanın müdaxiləsindən sonra nəticələri ləğv edilmişdi.

Qeyd edək ki, Əkrəm İmamoğlu Azərbaycan xalqını 28 May Respublika günü münasibətilə təbrik edən tək-tük siyasətçələrdən idi.


O, təbrik mesajını “Tvitter” hesabında paylaşmışdı.

Modern.az saytı Əkrəm İmamoğludan müsahibə alıb. Onunla söhbəti təqdim edirik.

– Əkrəm bəy, Türkiyədə təkrar seçki öncəsi gərginlik müşahidə olunur. Bu gərginlikdə özünüzü necə hiss edirsiniz?

– Təşəkkür edirəm. Mən yaxşıyam, özü də çox yaxşı. Mənəvi duyğularımızın çox yüksək olduğu Ramazan ayını geridə qoyuruq. Mən hər iftarımı seçicilərimin evində açdım, onlarla gözəl anlar yaşadım, mənəvi gözəllikləri bir-birimizlə paylaşdıq. Bu ənənəni sahurlarda da davam etdirdim. Biz Ramazan bayramını idrak edirik. Ramazan ayı bizi bir-birimizə daha da yaxınlaşdırmaq, bir-birimizi daha da yaxşı anlamaq üçündür. Biz də keçdiyimiz bir ayı belə yaşadıq.

Bilirsiniz ki, İstanbulda seçkilərin nəticələri haqsız olaraq ləğv edildi. Bununla belə, xalqımızla çoxlu görüşlər keçirdik, bir-birimizə sevgi alıb-verdik, gözəl söhbətlər etdik. Anaların dualarını bir daha yanımda hiss etdim, uşaqların gözəl baxışları heç zaman üzərimdən əskik olmadı. Gənclər də mənə böyük enerji verdilər. Bütün bunlara görə deyə bilərəm ki, mən özümü çox yaxşı hiss edirəm.

– CHP-nin bələdiyyə başqanlığına namizədisiniz. Rəqibiniz isə keçmiş baş nazir Binali Yıldırımdır. Proqnozunuz nədir, sizcə bu dəfə kim qələbə qazanacaq?

– 23 iyunda İstanbulda bələdiyyə seçkiləri keçiriləcək. 23 sentyabrda isə böyük ehtimalla İstanbul böyük şəhər bələdiyyə başqanlığımın 3 ayını tamamlayacağam. 23 sentyabr tarixi gələndə çox önəmli xidmətlərə imza atmış olacağam. Analar və onların övladlarına, uşaqlara həyatlarını asanlaşdıran, üzərlərindəki maddi yükü azaldan önəmli qərarları həyata keçirəcəyəm. Eyni zamanda, gələcəkdə daha çox xidmətlər edəcəyimizə işarə verəcəyəm.

Bəli, 23 iyunda seçkilərdir. Amma ilk olaraq “biz niyə bu seçkiyə gedirik” sualına cavab verməyim lazımdır. Bilirsiniz ki, 31 martda keçirilən bələdiyyə seçkilərini biz qazandıq. İqtidar partiyası AKP həmin gecə 3 min 870 artıq səslə seçkini qazandığını elan etdi. Ancaq biz bütün seçki qutularının nəticələrini ortaya qoyaraq, bunun doğru olmadığını, manipulyasiyaya yol verildiyini söylədik. Nəticədə də YSK (Yüksek Seçim Kurulu) bizim dediklərimizi doğruladı.



– Bəs AKP niyə seçkilərin nəticələrinin düzgün olmadığı məsələsində israr etdi?

– AKP və rəqibim məğlubiyyəti həzm edə bilmirdi. Min bir etiraz etdi, etibarsız səslərin hamısını saydırdı. Altı rayonda etibarlı və etibarsız sayılan bütün səsləri hesabladılar. Nəticə isə yenə də bizim qazandığımızı göstərdi.

57 qutudan çıxan səsləri yoxladılar. Yenə də nəticə bizim lehimizə yekunlaşdı. Dedilər ki, bəzi rayonlarda seçicilərin qeydə alınmasında problemlər olub, hiylələr qurulub.

Lakin bu iddiaların çürük olduğunu YSK da qəbul etdi. Bir sözlə, iqtidar partiyasının bütün etirazlarına baxmayaraq, bütün yoxlamalar bizim qazandığımızı göstərdi.

AKP məğlubiyyəti qəbul etməyərək, belə bir səbəb göstərdi ki, dövlət qurumlarının verdiyi siyahılar üzrə YSK tərəfindən seçilən seçki komissiyasının sədrləri ictimai vəzifə daşıyıcısı deyillər. Bunu əsas gətirib seçkinin nəticələrini ləğv etdilər. Maraqlısı budur ki, həmin komissiya sədrlərinə “hə” deyən YSK bu qərarı verdi. Bu addımın heç bir hüquqi əsası yoxdur. Rəsmi açıqlama da sübut etdi ki, YSK-nın qərarı hüquqi olmaqdan çox siyasi qərardır. Yəni YSK üzvlərinin əli ilə verilmiş siyasi qərarı ortaya qoydular.

– Əkrəm bəy, bunun Türkiyə üçün verdiyi zərərlərdən danışırlar. Amma sizin dilinizdən daha arqumentli bir fikir eşitmək yerinə düşərdi. Türkiyə YSK-nın bu qərarından hansı zərərləri gördü?

– Bu, ilk növbədə hüquqa, demokratiyaya zərbədir. Bütün Türkiyə də bunu gördü. Qərar mənim mandatımın əlimdən alınması ilə nəticələndi. Siz zərər barədə sual verirsiniz. Baxın, dediklərimlə paralel olaraq, 16 milyon insanın iradəsi, istanbulluların seçki hüququ heçə sayıldı.

Qəribə deyilmi? Seçicilər sandıq başına getdi, 4 səs verdilər və bunları eyni zərfə qoydular. O zərfləri də eyni komissiyalar açdı, saydı. Ancaq YSK-nın 7 üzvü muxtarlıq, rayon bələdiyyə sədrliyi və bələdiyyə məclis üzvlüyünü tanıdı. Təkcə mənim qazandığım seçkini etibarsız saydı.



Yəni eyni zərfdən çıxan 4 səsi sayan komissiyalar, üçündə xəta etməyib, lakin mənim qazandığımı göstərən səslərin sayılmasında yanlışa yol verib! Gəlin, daha da sadə izah edək. Fərz edin ki, 10 manatınız var. Bunun 7.5 manatı etibarlı, yerdə qalan 2.5 manatı isə etibarsızdır. Siz heç belə pul gördünüzmü?

Anlamaq çətin deyil ki, iqtidar siyasi gücündən istifadə edərək, məğlub olduğu seçkini yenidən keçirmək istəyir. Xalq, istanbullular isə edilən haqsızlığı, demokratiyaya vurulan zərbəni çox yaxşı bilir.

Təxminən bir aydır ki, seçicilərimlə görüşürəm, onlarla söhbətlər edirəm. Əhvalım çox yüksəkdir. Seçicilərimin də əhvalı eynilə mənimki kimidir.

Çünki seçkini qazanacağıq və 16 milyon istnabullu ilə birlikdə 16 milyona xidməti sürətlə həyata keçiricəyik. Buna heç şübhəniz olmasın.

– Belə bir açıqlamanız var: “Biz israrla bu millətin dava etməsini istəməyən, bu millətin qucaqlaşmağını istəyən insanlar olaraq israrla qucaqlaşacağıq”. Bu, terminologiyası radikal çıxışlarla zəngin olan Türkiyə siyasətçilərinə mesajdırmı?

– Bəzi siyasətçilərin istifadə etdiyi dava ritorikası xalqı çox yorub, üzüb. Dava ritorikası bizi bir arada tutan dəyərləri erroziyaya uğradıb. Siyasət bu gün “mənə səs verən, mənə səs verməyən” ayrı-seçkiliyi üzərindədir.

Türkiyədə özlərinə səs verməyənlərə qarşı çox ağır ittihamlarla çıxış edən partiya funksionerləri və liderləri olub. Bu tendensiya toplumda ayrı-seçkilik yaradıb. Mən isə dava ritorikası dilindən istifadə etmədim. Hər kəsi qucaqlayan, sevgini öndə tutan, ürəkləri qovuşduran, ümidləri paylaşaraq böyüdən bir dildən istifadə etdim.

Siyasətin etməli olduğu şeyin bu olduğuna inanıram. Biz xidmət üçün varıqsa, xidmət edəcəyimiz şəxslərlə niyə dava etməliyik?! Heç bir siyasi baxış, inanc, məzhəb, etnik ayrı-seçkiliyi etmədən hamıya xidmət göstərəcəyimizi elan etmişəm.

Sadəcə, mənim təmsil olunduğum CHP-yə könül verənlərin, ittifaqda olduğumuz İYİ Partiyanın tərəfdarlarının deyil, AKP-lilərin də, HDP-lilərin də, MHP-lilərin də səsini istədim.

Çünki “hamınıza bərabər səviyyədə xidmət edəcəyəm, kiminsə partiya mənsubiyyətini soruşmayacağam” dedim. Bu sözlərim qarşılığını tapdı. Əmin olun ki, AKP-li, MHP-li qardaş-bacılarım da mənə səs verdi.

Mən içi və çölü bir olan, bu gün nə dedimsə, sabah da onu söyləyən bir siyasətçiyəm. Həmşəhərlilərim məni belə qəbul ediblər və belə də görməyə davam edəcəklər.

Onlarla təkcə seçkidən öncə yox, seçkidən sonra da qucaqlaşmağı davam etdirəcəyik.

Mən kreslomda oturan bələdiyyə sədri olmayacağam, küçələrdə gəzəcəyəm. Həmşəhərlilərimlə birlikdə masa ətrafında görüşüb problemlərini həll edəcəyəm.

– Əkrəm bəy, mandatınızı alıb vəzifənizin icrasına başlasanız da, bu, çox qısa çəkdi. Siz YSK seçki nəticələrini ləğv edərkən bunun bir zarafat olduğunu düşündünüzmü?

– Əslində YSK-nın siyasi təzyiqlər nəticəsində belə qərar verdiyini düşünmək belə istəmirdik. Çünki bu, demokratiyanın yaralanması, hüququn böyük zərər görməsi anlamına gələcəkdi.

Lakin təəssüflər olsun ki, bir qrup özünü düşünən insanlar, bu pis qərarın verilməsinin səbəbi oldu. Onlar İstanbul xalqının zamanına, əməyinə sayğısız yanaşdılar. Halbuki, biz xidmət etmək üçün varıq və bunun həyəcanı içərisindəyik.

Qızğın müzakirələr getdiyi bir zamanda biz xidmət etməyə başladıq. 18 gün qısa görünə bilər. Ancaq bu müddət ərzində tələbələrimizin nəqliyyat, yoxsulların su məsrəflərinə çəkdikləri xərci 40 faiz azaltmağı bacardıq.

Sadəcə, dini bayramlarda deyil, milli bayramlarda da İstanbulda nəqliyyatın pulsuz olması haqda qərar qəbul etdik. Bu xidmətlərimizi, yoxsul evlərə pulsuz süd, çörək və su verərək davam etdirəcəkdik.

Analara xidmət, övladlarına sağlam bir gələcək bəxş etmək üçün addımlar atmağa başlayacaqdıq.

Bilirsiniz ki, yüz minlərlə gəncimiz işsiz və təhsilsizdir. Biz yeni iş yerlərinin açılması və təhsil üçün gücümüzü səfərbər edəcəkdik. İstanbulun qaynaqlarını bir ovuc insan üçün deyil, 16 milyon insan üçün istifadə edəcəkdik.

Bütün bunları istəməyənlər isə seçkinin nəticəsini ləğv etdilər. Bununla da bizi dayandıracaqlarını düşündülər.

Bu qərarı verənlər və verdirənlər etdikləri bu böyük yanlışı zarafat kimi görə bilərlər. Lakin əmin olun ki, bu zarafatı edənlər, sadəcə öz keflərini, oturduqları kresloları düşünürlər. İşləri-gücləri oturduqları kreslonu qorumaqdır.

– Düşünürsünüz ki, siz bələdiyyə sədri seçilsəniz, İstanbulda haqq, ədalət öz yerini tapacaq?

– 23 iyunda yenə biz qazanacağıq və bütün icraatlarımızı ən qısa zamanda reallaşdıracağıq. Kimsə əhvalını pozmasın, haqq, ədalət, hüquq öz yerini tapacaq. Çünki heç kim haqsızlıq üzərindən seçki qazanmaz. Kimsə haqsızlığa dayanaraq iqtidar ola bilməz, olsa belə, hakimiyyətini sürdürə bilməz.

24 iyunda demokratiyanın bayramını yaşayacağıq. Azərbaycan xalqı və sizlər də əminəm ki, eyni hisslər içində olacaqsınız. Heç şübhəniz olmasın: “Her şey çok yahşi olacak”.

– Əkrəm bəy, Azərbaycanda da sizinlə bağlı prosesləri diqqətlə izləyən böyük bir kəsim var. Azərbaycana mesajınız nədir?

– Azərbaycan daim Türkiyənin dostu və qardaşıdır. Azərbaycanın dərdi bizim dərdimiz, kədəri bizim kədərimizdir.

Mən 28 May – Respublika günü münasibətilə də Azərbaycan xalqını təbrik etmişdim. Bizim hər zaman qəlblərimiz bir döyünüb və bundan sonra da belə olacaq.

Şərhlər

XƏBƏR LENTİ