SON DƏQİQƏ
XalqXeber.Az » Müsahibə » Azərbaycandakı kriminal qruplarla bağlı SENSASİON İDDİA - "FETÖ-nün nəzarəti altındadır"

Azərbaycandakı kriminal qruplarla bağlı SENSASİON İDDİA - "FETÖ-nün nəzarəti altındadır"

Tarix:

3-06-2019, 10:04

/ 2 003 dəfə oxundu.
Azərbaycandakı kriminal qruplarla bağlı SENSASİON İDDİA - "FETÖ-nün nəzarəti altındadır"

Bir müddət əvvəl Bakının Binəqədi rayonunda çoxsaylı bıçaq zərbələri ilə öldürülən “Emil 444” ləqəbli kriminal avtoritetin qətli ətrafındakı sis pərdəsi ortadan qalxır. Redaksiyamıza göndərdiyi məktubda adının çəkilməsini istəməyən məlumatlı şəxsin yazdığına görə, qətldə Türkiyədə “yeraltı”na çəkilən FETÖ qruplaşmasının birbaşa iştirakı var. İddia edilir ki, “Emil 444” FETÖ tərəfindən himayə olunan kriminal qruplaşmanın xərac toplayanlarından imiş. Onun qətlində şübhəli bilinən şəxs isə Zaur Yusifov adlı idman müəllimidir.

Hadisə “Emil 444”-ün həmin şəxsdən xərac istəməsiylə başlayıb. Eyni məhəllədə yaşayan gənclərin arasındakı mübahisəni yatırmaq məqsədilə vasitəçilik etməyə çalışan Zaur Yusifovun atası ağır təhqirə məruz qalır, nəticədə məlum cinayət hadisəsi baş verir. Əsəblərini toparlaya bilməyən Zaur Yusifov və dostları onu çoxsaylı bıçaq zərbələriylə qətlə yetirirlər.

“Hürriyyət” qəzetinə məlumat verən qaynağı danışdırmaq və daha ətraflı informasiya almağa qərar verdik. Məlumatlı şəxs adının çəkilməməsi şərtilə təklifimizi qəbul etdi və bizə geniş müsahibə verdi. Onun ən diqqətçəkən iddiaları Azərbaycandakı kriminal dünyanın xarici əlaqələri ilə bağlıdır. Dövlət təhlükəsizliyi məsələsi olduğundan müsahibəni olduğu kimi dərc edirik.

““Bespredel” ayrı şeydir, “oğru qanunları” ayrı şey”

- Bizə yazdığınız məktubda Azərbaycandakı kriminal dünya barədə maraqlı məlumatlar veribsiniz. Ən maraqlı iddianız isə “oğru dünyası” adı altında formalaşan mafiya tipli qruplaşmanın xarici güclərin əlinə keçməsi ilə bağlıdır. İstərdik ki, bu fikrinizi daha geniş şəkildə izah edəsiniz. Kriminal qruplar hansı xarici dövlətlərə və nə üçün lazımdır?

- Mənim fikrimcə, Azərbaycanda alternativ güc meydana gətirilir. “Cinayətkar aləm” adı altında formalaşdırılan bu gücdən xarici qüvvələr - əsasən Rusiya, Türkiyə, Amerika, İran istifadə edir. Ümumiyyətlə istənilən dövlət digər dövlətə təzyiq etmək üçün onun zəif yerlərindən yapışırlar. Bütün dövlətlərin ən zəif nöqtəsi isə kriminal dünyadır. Kim bu gücü özünə bağlasa, həmin dövlətdə istədiyi təxribatları törədə bilər. Beləcə zəif vəziyyətə düşən həmin dövlətin rəsmiləri digər tərəfin tələbləri ilə razılaşmaq məcburiyyətində qalar...

- Sizin sözünüzdən belə çıxır ki, cinayətkar aləm başqa dövlətin əlində terror təşkilatı kimi fəaliyyət göstərir. Halbuki, “oğru dünyası”nın yazılmamış qanununda hər hansı dövlətə bağlılıq, onunla əməkdaşlıq qadağan olunur.

- Elədir. Amma artıq klassik mənada “oğru dünyası” deyilən bir təşkilatlanma mövcud deyil. Klassik oğru aləminin qaydalarında, sizin dediyiniz kimi, dövlət qanunlarına tabeçilik rədd edilirdi. Bu cür həyatı yalnız kimliyi, şəxsiyyəti müəyyən olmayan səfil insanlar yaşaya bilərlər. O insanlar ki, dövlətin bütün qanun və qaydalarını heçə sayırlar, öz dünyaları, öz qanunları olur. İndiki şəraitdə isə du cür yaşamaq mümkün deyil. Ona görə deyirəm ki, nəinki Azərbaycanda, hətta bütün dünyada “oğru dünyası” yoxdur. Sadəcə bu ad altında spekulyasiya edən həddini aşmış qruplar var. Bunun adına rusca “bespredel” deyirlər. “Bespredel” ayrı şeydir, “oğru qanunları” ayrı şey. Bu gün “oğru dünyası” adı altında fəaliyyət göstərənlər “bespredel” qruplardır.

Məsələn, bu yaxınlarda bir hadisə oldu. Binəqədidə “Emil 444” ləqəbli bir şəxs öldürüldü. Onun ölümündə şübhəli bilinən adam Zaur Yusifov adlı müəllimidir. Zaur Yusifov king-boks idman növü üzrə uşaqlara təlim keçir. Peşəkar idmançı və dünya çempionudur. Hər kəs onu dövlətçilik düşüncəsinə malik insan kimi tanıyırdı. Bir zamanlar Miqrasiya Xidməti kimi rəsmi qurumda işləmişdi. Yəni rəsmi qayda-qanunları bilən, məmur təcrübəsi olan adamdır. İdmançı yetişdirmək üçün Miqrasiya Xidmətindən ayrılmış, özünü idmana həsr etmişdi. Aylıq qazancı valideynlərin verdiyi ianələrdən formalaşır, adətən, kasıb uşaqlarına king-boksun sirlərini öyrədirdi. Çünki varlı uşaqları adətən naz-nemət içərisində böyüdüklərindən idman üçün yararsız olurlar. Zaur Yusifov isə peşəkar idmançı yetişdirməklə ad çıxartmışdı. Bu cür müəllimlər istər-istəməz gündəlik tələbatlarını ödəmək üçün alternativ işlər axtarırlar. Mümkündür ki, Zaur Yusifovun da hansısa biznesi olsun. Cinayət aləmindən bir şəxs gəlib ona həmin bizneslə məşğul olmamağı, əks halda onlara xərac verməyi tələb edir...

- Zaur Yusifovun məşğul olduğu alternativ iş nə idi?

- İddia edirlər ki, guya, faizə pul verirdi.

- Bunun cinayət aləminə nə dəxli var? Oğru dünyası niyə Qafqaz Müsəlmanları İdarəsidir ki, faizə pul verməyi məsləhət bilməyə?

- Açığı, mən Zaurun faizə pul verdiyinə də inanmıram. Deyək ki, verib. Ona vergi orqanları, polis, ya da siz dediyiniz kimi, Qafqaz Müsəlmanları İdarəsi hər hansı qadağalar qoya, yaxud əlavə dəyər vergisi istəyə bilər. Hər hansı rəsmi şəxs həmin tələbi irəli sürsəydi, yəqin ki, məmurluq təcrübəsi olan Zaur Yusifovun da buna etirazı olmazdı. Amma bunu cinayət aləminə məxsus biri edir, dəfələrlə yolunu kəsib ona hədə-qorxu gəlir, xərac istəyirsə, bu artıq özbaşınalıqdır. Həddini aşmaqdır. Rusca desək, “bespredel”dir. Heç bir oğru müəllimlərin, həkimlərin və sadə vətəndaşların üzərinə xərac öhdəliyi qoya bilməz. Oğru qanunlarında da elə bir “polojeniya” yoxdur.

“Oğru qanunlarında hörmət ediləsi heç nə yoxdur”

- O “polojeniya”nı qoyan “Emil 444” adlı şəxs kimə bağlı idi? Məntiqlə, bunu deməli idi, axı?

- Deyib ki, hazırda Türkiyədə oturan bir oğru məni bu işlərə baxmağa təyin edib. Amma hansı haqla? Heç bir “qanuni oğru” kriminal dünyaya aid olmayan şəxsdən xərac istəyə bilməz. Oğru qanunları belə, buna imkan vermir. Nəticədə ortaya bu cür mənzərə çıxır: hansısa vətəndaş gəlib bir digər vətəndaşdan heç bir əsas olmadan xərac istəyir və bu istəyini çox kobud formada, hədə-qorxu gələrək ortaya qoyur. Halbuki, bunu deyən vətəndaşın gərək rəsmi səlahiyyəti ola. Elə bir rəsmi səlahiyyəti yoxdursa, vətəndaşın gəlib təhqiramiz formada belə bir söz deməsi digər vətəndaşı cinayətə vadar etmək deməkdir. Bu özbaşınalığın qanla nəticələnəcəyindən ehtiyatlanan Zaur Yusifovun atası işə qarışır. “Emil 444” onu da təhqir edir. Zaur Yusifov da bıcağın sümüyə dayandığını düşünərək təhdid və təhqirlərinə məruz qaldığı həmin adamı öldürməyə məcbur olur. Mən demirəm ki, düz iş görür. Sözsüz ki, Zaur Yusifov bu özbaşınalığa bu cür reaksiya göstərməməli, dövlət orqanlarına müraciət etməli idi. Bununla belə, qarşılaşdığı özbaşınalıq səbəbindən əsəblərinə hakim ola bilmədiyindən bu addımı atıb.

- Mümkündür ki, o da oğru qanunlarına hörmət edən adam olub, buna görə də polisə şikayət etməyi özünə yaraşdırmayıb.

- Zaur Yusifovun oğru dünyasına simpatiyası olması barədə hər hansı məlumata malik deyiləm. Amma düşünmürəm ki, oğru dünyasına simpatiyası olsun. Olsaydı, “Emil 444”-ün tələblərini yerinə yetirərdi. O, idmançı adamdır, dövlət məmurluğu təcrübəsi var, oğru qanunlarına niyə hörmət etsin ki?

- Oğru qanunlarına hörmət etmək üçün oğru olmaq vacib deyil axı...

- Mən deməzdim ki, oğru qanunlarına kiminsə hörməti var. Oğru qanunlarında hörmət ediləsi bir şey yoxdur. Mənim fikrimcə, “oğru dünyası” adı altında qruplaşmış mafioz qüvvələrə ağlı başında olan heç kim hörmət etməz, sadəcə qorxduqları üçün bu qanunsuz tələblərə boyun əyərlər.

Üstəlik, oğru qanunlarında adi vətəndaşdan pul tələb etmək də yoxdur. Əgər belə bir qayda yoxdursa, hətta oğru qanunlarına hörmət edənlərin də özbaşına tələbləri yerinə yetirmək öhdəliyindən söhbət gedə bilməz. Oğru aləmi yalnız özlərinə bağlı olanlardan pul tələb edə bilərlər. “Emil 444”-ün bu əməli özbaşınalıq idi. Zauru bu cinayəti törətməyə “Emil 444” təhrik etmişdi. Hüquq mühafizə orqanları da bunu nəzərə almalı, cinayətə təhrik edilənləri yox, təhrik edənləri cəzalandırmalıdır. Əks halda, görülən tədbirlər bataqlığı qurutmaq əvəzinə, ağcaqanadları öldürməyə bənzəyər ki, bu da problemin kökündən həlli demək deyil.

Üstəlik, cinayətkar aləmlə mübarizədə bu cür metodlar “oğru dünyası”nın da işinə yaraya bilər. Sanki Zaur Yusifov kimi adamlar oğru dünyasının qanunsuz tələblərinə boyun əymədikləri, öz şərəf və ləyaqətlərini qorumağa məhkum edildikləri üçün cəzalandırılırlar. Dövlət orqanları bu cür yanlış qənaətlərin formalaşmasına yol verməmək üçün özbaşınalıq qarşısında canını və ləyaqətini qorumağa məcbur edilmiş şəxslərə toleranslı yanaşmalıdır.

- Mən bir misal çəkim; deyək ki, mən iş adamıyam və oğru aləmini tanımıram. Hər hansı bir oğru məndən haqq tələb edə bilməz?

- Əlbəttə, edə bilməz.

- Bəs oğru dünyası hardan qidalanmalıdır?

- Oğru aləminin əsas gəlir mənbəyi özləri arasında oynanan qumardır. Qumardan faiz yığılır və oğru aləminə çatır. Əgər bu da yoxdursa, onlar oğruluq edə bilərlər. Oğruluq edəcəkləri məkan isə mümkün olduğu qədər başqa yerlər olmalıdır. Oğrulara öz yaşadıqları yerlərdə oğurluq etmək qadağandır. Mən elə bir yaxşı oğru tanımıram ki, öz respublikasında bir vətəndaşın evinə girsin. Öz yazılmamış qanunlarına görə, onlar başqa diyara və ya ölkəyə gedib orda oğurluq etməlidirlər. Deyək ki, azərbaycanlı oğru gedib Rusiyada oğurluq edə bilər. O da yenə sadə vətəndaşlardan yox, varlı-karlı adamlardan.

- Söhbət qanuni oğrulardan gedir?

- Bəli, mən “oğru” deyəndə qanuni oğruları nəzərdə tuturam.

- Belə çıxır ki, qanuni oğrularda vətənpərvərlik hissləri olur? Amma “oğrunun milliyyəti olmaz” deyə bir qayda var, səhv etmirəmsə. Başqa ölkədə oğurluq etmək qaydası onların vətənpərvərlikləri ilə bağlıdır, yoxsa təhlükəsizlik duyğuları bunu tələb edir?

- Oğruların özünəməxsus qanunları var. Bu qanunlarda öz yerlərindən oğurluq etmək qadağan olunub. Səbəb təhlükəsizlik tədbirləri ilə də bağlı ola bilər. Ola bilər ki, öz yaşadıqları yerlərdə oğurluq etsələr, daha tez aşkarlana biləcəklərindən çəkinirlər. Bununla yanaşı, bu cür qaydaların bir də mənəvi-əxlaqi tərəfləri də var. Öz yaşadıqları yerdə oğurluq etmələri onlarda bəzi psixoloji tərəddüdlər yarada bilər. Axı, malını oğurladıqları adamla üz-üzə gəlirlər, salamlaşırlar. Bir-birilərinə hansısa şəkildə hörmətləri keçir, aralarında yaxın ünsiyyət yaranır. İnsani münasibətlərdə paklığı oğrular da qorumalıdırlar. Oğru qanunlarında da halal-haram kimi dəyərlər var. Oğurluq üçün zəhmət çəkməlisən, yoxsa oğurladıqların halal sayılmaz. Halal zəhmətinlə qazandığını yeməlisən. Zəhmətsiz gəlirlə yaşayanlar bu dünyada yaxşı oğru kimi qəbul edilməzlər. Mən oğrular tanıyıram ki, gürcü müğənni Kikabidzenin evinə giriblər, masa üzərində müğənninin şəkilini görüb, kimin evinə girdiklərini anlayıblar. Oğurladıqları bütün əşyaları qoyub evi əliboş tərk ediblər. Özlərinə sığışdırmayıblar ki, bir şəxsiyyətin evindən oğurluq etsinlər. Oğru dünyasında şərt o deyil ki, ancaq oğurluqla məşğul olasan. Əsas şərt halal zəhmətlə yaşamaqdır.

“Oğru qanunlarını Nəsimi, Nəimi kimi pak insanlar yaradıblar”

- Vallah, təəccübləndirirsiniz məni. Belə çıxır ki, oğru dünyasının özünəməxsus əxlaq kodeksləri var və bu qaydalar bizim bir çox məmurların qanacağından daha pakdır...

- Mən siyasi mülahizələr səsləndirmək istəməzdim. Hər bir ölkədə olduğu kimi, Azərbaycanda da peşəkar və qeyri-peşəkar məmurlar var. Qanunsuz fəaliyyətlə məşğul olanlar gec-tez aşkarlanır və layiqli cəzalarını alırlar. Gəlin, ən yaxşısı, siaysətə girmədən kriminal dünyanın əxlaqı barədə danışaq və Azərbaycandakı “cinayət aləmi” adı altında fəaliyyət göstərən qruplaşmaların bu kriteriyalara cavab verib-vermədiklərinə və əslində nəyə xidmət etdiklərinə nəzər salaq.

- Təbii. Siz “oğru dünyası”nın halal anlayışından danışırdınız. Oğrular nəyə halal, nəyə haram deyirlər.

- Oğru dünyasında sufilərə xas halal anlayışı var. Gördüyün işdə, dediyin sözdə halallıq çərçivəsini qorumalısan. Hətta mən bəzən düşünürəm ki, bu qanunları Nəsimi, Nəimi kimi pak insanlar yazıblar. Təsadüfi deyil ki, oğrular da sufilər kimi səfil yaşayırlar. Oğrunun da ailəsi, evi, varı-dövləti olmur. 20 ədəd şadlıq evi, zavodu heç olmur.

- Amma bizim oğruların zavodu olmasa da, şadlıq evləri yüz faiz vardır.

- Bəli, hətta zavodu olanlar da var. Ona görə deyirəm ki, bu gün dünyada həqiqi oğru yoxdur. Oğru adından spekulyasiya edib varlanan mafiyalar var. Çünki oğru dünyasında varlanmaq hədəfi yoxdur. Səfil həyatı yaşamalısan.

Dövlət içində dövlət: İŞİD, əl-Qaidə tipli oğru dünyası

- Bəs onda oğurluq niyə edirlər?

- Ancaq özlərinin və dostlarının qarınlarını doyurmaq üçün. Oğrular məcbur qalmadıqca oğurluq etməməlidirlər.

- Başa düşdüm. Oğru dünyasında quldurluq, yol kəsmək, kiminsə malını qəsb etmək kimi vərdişlər də yoxdur o zaman.

- Qətiyyən. Oğru qanunlarına görə, siz dedikləriniz həddini aşmaqdır. Adam oğurluğu, kiminsə qətlinə sifariş vermək kimi əməllər oğru dünyasına yaddır.

- Amma bugünkü reallıqlar tamamilə fərqlidir. Bayaq dediniz ki, oğrular öz ölkələrindən oğurluq edə bilməzlər. Bizdə isə nəinki oğurluq edirlər, hətta iş adamlarını xəraca oturdub əldə etdikləri pulları xaricdəki liderlərinə göndərirlər.

- Bəli, bugünkü “cinayət aləmi” adlı qruplaşmalar mafiya tipli təşkilatlardır. Onların oğru dünyası ilə heç bir əlaqəsi yoxdur. Bu mafiya hətta öz adamlarını dövlətin hansısa strukturlarına gətirmək üçün rüşvət belə verirlər. Halbuki, oğru qanunlarında dövləti tanımamaq şərtdir. İndikilər həm də özlərinin biznesini yaradırlar, şadlıq evləri tikdirirlər, zavod qururlar, hotel alırlar. Bir nov dövlət içində dövlətə çevrilirlər. Hansı yolla? Zəhmətsiz gəlirlər vasitəsilə. Bu da oğru qanunlarına ziddir. Amma bütün bunları edərkən, istəməsələr belə, başqa dövlətlərin təsiri altına düşürlər. Çünki əməllərindəki kriminal elementlər istənilən anda əldə etdikləri sərvəti itirmək təhlükəsi yaradır. Bu təhlükə onları məskunlaşdıqları xarici dövlətlərdən asılı vəziyyətə salır. Bir çox cinayətkarlar bilmədən, aldadılaraq bu işə cəlb olunurlar. Səhv etdiklərini anladıqdan sonra isə üzvünə çevrildikləri həmin kriminal dəstələrdən ayrıla bilmirlər. Eynilə İŞİD, əl-Qaidə tipli terror təşkilatlarına qoşulan səmimi dindarlar kimi, onlar da içərisinə düşdükləri bu girdabdan ayrılarlarsa, ya acından öləcəklərindən, ya da sui-qəsdlərə qurban gedəcəklərindən qorxurlar.

FETÖ, Gladio və “oğru dünyası”

- Mənə maraqlı gələn nədir, bilirsinizmi? Deyək ki, Rusiya bizə öz müstəmləkəsi kimi baxır. İranla da aramız yaxşı deyil. Bəs “iki dövlət, bir millət” dediyimiz Türkiyə niyə kriminal dünyamızı öz əlinə keçirməklə bizə təsir etməyə çalışır? Axı biz, guya, strateji müttəfiqik.

- Mən hesab etmirəm ki, bu işdə Türkiyə dövlətinin rəsmi dairələrinin maraqları var. Əksinə, Azərbaycandakı kriminal dünyanı ələ keçirməyə çalışan qüvvələr Türkiyə üçün də ciddi təhlükə mənbəyidirlər. Bir neçə il bundan əvvəl hərbi çevrilişlə Türkiyənin legitim hökumətini devirməyə çalışan FETÖ-nün əməllərini bütün dünya gördü. Ərdoğan hakimiyyətinin özü də indiyədək bu qüvvələri tam zərərsizləşdirə bilməyib. Hər gün FETÖ əməliyyatları keçirən qardaş ölkədə bütün nəzarətin hakimiyyət orqanlarında olduğunu söyləmək mümkün deyil. FETÖ qruplaşması təkcə siyasi hakimiyyəti ələ keçirməyə çalışmırdı. Ordudan tutmuş təhsilə, səhiyyəyə, idmana, cəmiyyətin bütün kəsimlərinə qədər yayılmağa cəhd göstərirdi və buna böyük ölçüdə nail olmuşdu. Sözsüz ki, kriminal dünya da toplumun bir parçasıdır və FETÖ-nun bu sahəni boş buraxması mümkün deyil. Mənim fikrimcə, FETÖ bu dünyanı da ələ keçirib. Xüsusilə Azərbaycanda. Son 10 il müddətində ölkəmizdə güclü olan kriminal dünyanın liderlərinin Türkiyədə məskunlaşması bu mənada təsadüfi deyil.

- Maraqlı iddiadır. Həqiqətən də əvvəllər bizim kriminal dünyamızın liderləri Rusiyada toplanırdı. Rövşən Caniyevlə kriminal “paytaxtımız” dəyişdi. Bu necə baş verdi? Niyə birdən-birə kriminal dünyamız Türkiyəyə sığındı?

- Bilirsiniz ki, FETÖ ABŞ-ın layihəsi idi. ABŞ isə təkcə siyasi hakimiyyəti dəyişməklə qalmır, həm də siyasi proseslərə təkan verəcək yeraltı dünyasını da öz əlində cəmləşdirməyə üstünlük verir. Bir çox ölkələrdə Gladio tipli mafiyaların əsas ayağını da cinayətkar ünsürlər təşkil edirdi. ABŞ-ın ölkələrə təsir etmək metodu bu xüsusiyyətilə Rusiyadan xeyli fərqlənir. Bir zamanlar SSRİ-də güclü dayaqları olan oğru dünyasından fərqli olaraq, ABŞ-ın Gladio tipli cinayətkar aləmi əsl mafiya, terror təşkilatı kimi fəaliyyət göstərir. Yeri gələndə, dövlət də onlara toxunmur, ölkənin idarəçiliyində bu gücdən istifadə edirlər.

Azərbaycanlı oğruların Türkiyədə himayə olunmasına gəlincə, FETÖ, kriminal dünyasında nüfuz qazanmış adamları bu ölkəyə aparıb öz himayəsi altına alır və bəzi tapşırıqları yerinə yetirdirlər. Bəzən həmin kriminal lideri ələ keçirmək uğrunda xarici dövlətlər bir-biri ilə yarışırlar. Məsələn, bu yaxınlarda Rusiya Türkiyədə yaşayan bir oğru barəsində cinayət işi qaldırdı və onun təhvil verilməsini istədi. Türkiyə isə həmin şəxsi təhvil verməkdən imtina etdi. Həmin oğru indi elə düşünür ki, birdən-birə bu qədər nüfuzu öz hesabına qazanıb. Düşünmür ki, hansı maraq dairələri onu öz himayəsi altına alıblar. Türkiyə siyasətinə təsir etmək gücündə olan qüvvələrin onu himayə etməsi, məncə, təsadüfi deyil. Bu cür şəxslərin himayə edilməsi siyasi təzyiq vasitəsi olmaqla yanaşı, həm də böyük həcmli gözlə görülməyən pul dövriyyəsinə sahib olmaq üçündür.

“Məşhur kriminal avtoritetləri FETÖ aradan götürdü”

- Sizin dediklərinizdən elə çıxır ki, bir neçə il əvvəl Türkiyədə qətlə yetirilən və Azərbaycandakı kriminal dünyada ciddi nüfuzu olan məşhur avtoritetlər də geopolitik-kriminal savaşa qurban gediblər. Yəqin Türkiyənin əlindən Azərbaycana təsir etmək gücünü almaq istəyən Rusiya bu işdə maraqlı olub.

- Deməzdim. Mənim fikrimcə, həmin avtoritetləri FETÖ-nün özü aradan götürdü.

- Onların aradan götürülməsinin səbəbi nə idi?

- Həmin şəxslər FETÖ-nün bir çox tapşırıqlarını yerinə yetirsə də, bəzilərindən imtina edirdilər. Onlar daha çox Rusya və Azərbaycandakı həmyerlilərimizin pulların qəsb olunub Türkiyəyə aparılması əməliyyatını həyata keçirirdilər. Amma bununla bərabər, onlardan başqa şeylər də tələb edilirdi. Məsələn, daha çox pul gətirmək, adam oğurluğu və öldürmək, haranısa dağıtmaq kimi tələblər var idi. Həmin şəxslərdə isə o cür vəhşi hisslər yox idi. FETÖ özünə sərf edən variantı seçdi. Kim öldürəndir, adam oğurlayandır, başqasını bıçaqlatdırandır, onu həmin şəxslərin yerinə gətirməyə qərar verdilər. Necə ki, ABŞ Öcalanı Türkiyəyə verib, Fəthulla Güləni almışdı. Türkiyədə daha ciddi problemlər törətmək imkanı əldə etmək üçün ABŞ-a bu dəyişiklik lazım idi. Sizin bəhs etdiyiniz daha alicənab oğrular da həmin qətllərlə sıradan çıxarıldı və yerləri terrora meylli kriminal ünsürlərlə dolduruldu. Məhz bundan sonra Azərbaycanda qətllə nəticələnən kriminal hesablaşmalar başladı. “Emil 444” əvvəl də Ramanada və sair yerlərdə bənzər qanlı “razborkalar” yaşandı. Prokurorluq orqanlarına müraciət etsəniz, xeyli sayda bu cür qanlı hesablaşmaların baş verdiyini görə bilərsiniz. Görünür, bu cür qətllərlə həm cəmiyyətdə xof yaratmaq, həm də daha yaxşı pul toplamaq məqsədi güdülür.

- Sizə elə gəlmir ki, xarici qüvvələr tərəfindən həyata keçirilən bu siyasətlər nəticə etibarilə həm də Azərbaycanı iqtisadi inkişafdan saxlamağa xidmət edir?

- Təəssüf ki, bu amil də istisna deyil. Bilirsiniz ki, bu gün həm Rusiyada, həm Türkiyədə, həm də digər ölkələrdə azərbaycanlı iş adamları öz kriminal qruplarımız tərəfindən qətlə yetirilirlər. Hər gün müxtəlif ölkələrdən Azərbaycana xeyli tabutlar gəlir. Həmin şəxslərin qatilləri isə adətən öz soydaşlarımız olurlar. Araşdırmalar nəticəsində məlum olur ki, onların bir çoxları kriminal hesablaşmalarda həyatını itiriblər. Faktiki olaraq bəzi maraqlı dairələr bizi öz əlimizlə zərərsizləşdirirlər. Əslində oğru aləmi adıyla mafiyalaşmış qruplara qoşulan azərbaycanlılar da nə etdiklərinin fərqində deyillər. Onlar da bu kriminal hesablaşmaların qurbanlarıdır. Ya ağır cinayət törədərək ömürlərini məhbəslərdə çürüdürlər, ya da kriminal hesablamalarda özləri də öldürülürlər. Hesab edirəm ki, nüfuzlu şəxslər təbliğatları və digər proflaktik tədbirləri ilə bu qanlı hesablaşmaların qarşısını almağa çalışmalıdırlar. Əks halda, bu vəziyyətdən təkcə hansısa iş adamı və ya kriminal qruplar yox, bütünlüklə ölkəmiz zərər görəcək. Azərbaycan iqtisadi inkişafdan geri qalacaq və kriminal münasibətlət yeni ictimai əxlaq normasına çevriləcək.
Hurriyyet.org

Şərhlər

XƏBƏR LENTİ