SON DƏQİQƏ
XalqXeber.Az » Müsahibə » Eldəniz Quliyev: “Taleh Bağırzadənin İranla bir qram da əlaqəsi yoxdur, o Azərbaycana bağlıdır”

Eldəniz Quliyev: “Taleh Bağırzadənin İranla bir qram da əlaqəsi yoxdur, o Azərbaycana bağlıdır”

Tarix:

9-03-2019, 10:57

/ 2 917 dəfə oxundu.
Eldəniz Quliyev: “Taleh Bağırzadənin İranla bir qram da əlaqəsi yoxdur, o Azərbaycana bağlıdır”

Azərbaycan Ziyalılar Birliyinin sədri, kinossenarist Eldəniz Quliyev Abzas-a müsahibə verib.

O, Azərbaycanda ziyalı problemi, kinomuzun vəziyyəti, Rüstəm İbrahimbəyovla dostluğu, Taleh Bağırzadə ilə həbsdə görüşü və talış məsələsiylə bağlı fikirlərini bölüşüb.

– Eldəniz bəy, siz Azərbaycan Ziyalılar Birliyinin sədrisiniz. Bu yaxınlarda Azərbaycan ziyalılarının prezidentlə görüşünün şahidi olduq, onlar prezidentdən özləri üçün nələrsə istəyirlər, xalqın hansısa problemini dilə gətirməkdən çəkinirlər. Sizcə bu mənada ziyalı anlayışı, sovetləşmənin qalığı və köhnəlmiş anlayış deyilmi?

– Mən ziyalı anlayışının öz yükünü itirdiyinə inanmıram, amma ziyalılığın daşıdığı məna yükünü itirənlər kifayət qədərdilər. O cümlədən adını çəkdiyiniz görüşdə iştirak edənlər ziyalı deyildilər, onlar heç mədəniyyət xadimləri də deyildilər. O cürə ziyalı adına kölgə salanlar kifayət qədərdir. Bir adam kitab yazıb, şairdirsə, sənət adamıdırsa o dərhal ziyalı olmur, ziyalı daha artıq mənəvi yük daşıyan adamdır. Mənim fikrimcə ziyalı öz millətinin, xalqının məsuliyyətini daşıyan adamdır. Ziyalı xalqın ruhunu təmsil edir, xalqın yükünü daşıyır. Ziya – işıq deməkdir, işığın fəaliyyəti deməkdir. Bu Allah tərəfindən şəxslərə verilən bir borcdur ki, bu borcu sonra xalqa geri qaytarmaq lazımdır.

Azərbaycanda ziyalı anlayışı ilk dəfə sovetlər dövründə yaradıcılıq təşkilatları qurulandan sonra hörmətdən düşməyə başladı. Bu yaradıclıq ittifaqları sovetdən qalan miras idi və onların olmağından olmamağı yaxşıdır. Belə təşkilatlarda heç bir yaradıcılıq işləri görülmür, sadəcə dövlətdən alınan pul və imtiyazlar istifadə olunur.

Baxın prezidentlə görüşdə bu təşkilatların üzvləri yığılmışdı, orda bircə adam xalqın bir problemindən bəhs etdimi?! Bir nəfər çıxıb dedimi ki, “NİDA adlı bir təşkilat var, orda cavan uşaqlar və cəmiyyətin inkişafı üçün mübarizə aparır”. “Necə olur, YAP gənclərinə hər cür dəstək verilir, ancaq alternativ fikirli gənclərə heç bir dəstək verilmir”. “Və yaxud biri durub dedimi ki, hörmətli dövlət başçısı axı bu siyasi məhbusların olmasına görə dünyada bizim adımız biyabır olur”. Və yaxud, ordakılardan kimsə durub deyə bilərmi ki, “günahsız həbsdə yatan İlkin Rüstəmzadə, Gözəl Bayramlı kimi adamlar da var”.

Deyə bilməzlər, çünki onlar hakimiyyətdən kifayət qədər asılı adamlardılar, hakimiyyətdən ev alıblar, maşın alıblar, fəxri adlar alıblar. Bütün bu şeylər, həmin adamın azadlığını əlindən alıb, ağzını, gözünü, vicdanını bağlayıb.

– Sizin peşəcə kinodramaturq və ssenarist olduğunuzu bilirəm, buna görə də istərdim kinomuzun vəziyyəti haqda soruşum sizdən. Hal-hazırda Azərbaycanda filmində əsasən dövlət sifarişi ilə çəkilən teleseriallar və özəl şirkətlər tərəfindən çəkilən komediyalar gündəmdədir. Qonşuluğumuzdakı qadağalarla dolu İranla bizim ölkənin siyasi vəziyyəti oxşar olsa da orda kino dünya miqyasında inkişaf edib, amma bizdə bu inkişaf gözə dəymir, siz bunu nəylə əlaqələndirərdiniz?

– İran kinosu bütün dünyanı heyrətləndirib. Çox qəribədir ki, İran çoxlu qadağaların olduğu bir ölkədir, bu qadağalar filmə də yansıyır, amma bununla bərabər onlar neçə-neçə festivallarda ali mükafatları qazanırlar. Hal-hazırda mənim də bir ssenarim İranda “Bir ovuc günəş işığı” adıyla istehsalata buraxılacaq. Məncə kinoya münasibət ilk olaraq tamaşaçıdan gəlir. Siz təsəvvür edirsiniz ki, Azərbaycanda kinoteatra növbə olsun? 60-cı illərdə Azərbaycanda xarici kinolara da, öz kinolarımıza da kinoteatrlarda böyük növbələr olurdu.

– Bəlkə internet və televiziya kinoteatrların yerini doldurub?

Eldəniz Quliyev İranda keçirilən Fəcr festivalında.
– Xeyr, İranda elə indi də, hətta səviyyəcə aşağı filmlər də böyük izdihamla izlənilir və filmə qoyulan pullar da qatbaqat çıxarıla bilir. Məncə, İran kinosuna sevgi, o filmlərin mövzusundadır. Bu ölkənin filmlərinin əsas ana xətti, nüvəsi mənəviyyatdır. Onlar filmlərdə mənəviyyata xüsusi diqqət yetirirlər. Avropa və Qərb üçün də məhz buna görə İran kinosu maraqlıdır. Məsəlçün sizə bir misal çəkim, Hollywoodun çəkdiyi bir film var, “Kramer Kramerə qarşı” (1979-cu il). Film bir ailə dramıdır, ailənin həyatından bəhs edir. Bu film çıxanda birdən-birə böyük maraqla qarşılaşdı, rekord gəlirlər əldə etdi. Məlum oldu ki, Qərb insanının yadırğadığı ailə münasibətləri filmdə onlar üçün olduqca doğma gəlib. İranda, əgər bir sənət adamının əlində maraqlı bir mövzu varsa, gedib hökümətdən pul alıb film çəkə bilirlər. Təki, mövzuda mənəvi yük olsun. Həmçinin orda kino məktəbləri də peşəkarlar yetişdirir.

Bizim filmin isə əsas problemlərindən biri filmdə peşəkarların olmamasıdır, nə yaxşı montajçılar var, nə yaxşı operatorlar var. Bu işin bir tərəfidir, ikinci tərəfi isə odur ki, film çəkmək üçün dövlət dəstəyindən başqa mənbə yox kimidir, əgər sən dövlətin sifarişi və dəstəyilə film çəkirsənsə gərək hökümətin siyasətini dəstəkləyəsən. Sənət əsəri də siyasiləşirsə artıq öz azadlığını və səviyyəsini itirir. Təəssüf edirəm ki, biz müstəqil ölkə olsaq da, azad ölkə ola bilməmişik. Ölkədə ssenarist qıtlığı da var, bu qıtlıq aydın görünür. Mən özüm ssenaristlik üzrə Moskvada təhsil almışam, amma siyasi fikrimə görə məni film yaradıcılığına yaxın qoymaq istəmirlər.

– Yeri gəlmişkən Azərbaycanın görkəmli kino adamlarından biri də Rüstəm İbrahimbəyovdur. O bu yaxınlarda Bakıya gəldi, özünə yubiley keçirdi. Oraya hakimiyyətin yanında olan xeyli sənət adamını da dəvət elədi. Müxalifət onun bu cür hərəkətini kütləni aldatmaq və mövqe dəyişdirmək adlandırdı. Siz Rüstəm İbrahimbəyovun son davranışlarını necə şərh edərdiniz?

– Deyim ki, Rüstəm İbrahimbəyovun haqqında danışdığınız 80 illik yubileyində mən də dəvət olunmuşdum. Doğrusu, içəri girəndə Anarı Rüstəmlə bir yerdə görüb bir qədər çaşdım. Amma Anar ora hökümət nümayəndəsi kimi gəlməmişdi, siz bilirsiniz ki, Rüstəm İbrahimbəyov Azərbaycan Kinemotaqrafiya İttifaqının sədridir və o vaxt Rüstəmlə hakimiyyətlə münaqişəsi yarananda o ittifaqı parçaladılar. Yeni bir ittifaq yaratdılar və onda bir çox adamlar xorla yeni yaranan ittifaqa keçdi, Rüstəmin ittifaqında bir ovuc adam qaldıq. Orda rəhmətlik Rafiq Hüseynov, Əlisa Cabbarov, mən, o cümlədən yazıçı Anar və Rəssamlar İttifaqının katibi Fərhad Xəlilov da qaldı. Buna görə də həmin adamların Rüstəmin 80 illik yubileyində iştirak etmələrində təəccüblü bir şey yoxdur. Anar o məclisdə tost da dedi və bildirdi ki, mən bura öz sədrimi təbrik etməyə gəlmişəm. Deyim ki, orda müxalifətdən təkcə mən var idim. Bizim Rüstəmlə 40 illik dostluğumuz var. Rüstəm Azərbaycan ədəbiyyatı və kinosu üçün çox işlər görüb, Azərbaycan siyasəti üçün də nələrsə etmək istəyirdi, hardasa başa düşdü ki, bundan artıq nəsə etmək əlindən gəlməyəcək.

– Ancaq, o əvvəl müxalifətin prezidentliyə vahid namizədi oldu, sonra Rusiyadan ölkəyə gəlmədi. İndi isə Bakıya gələ bilib.

– Gərək hər şeyi düzgün deyək, Rüstəm müxalifətin vahid namizədi olmağa məcbur edildi, o bu işə könülsüz idi. O əvvəldən ikili vətəndaşlığı ilə bağlı hansısa bir problemlərinin ola biləcəyini görürdü. Amma bunu ciddi problem hesab etmirdi. Düşünürdü ki, bu problem həll olunacaq. Ancaq axırda məlum oldu ki, Rusiya höküməti onu rus vətəndaşlığından çıxarmaq istəmədi, bu məsələni uzatdı. Bəlkə də bizim hökümət rus hökümətinə təsir elədi. İstənilən halda Rüstəm İbrahimbəyov ləyaqətli və dürüst adamdır. Mən düşünmürəm ki, o mövqeyini dəyişib. O nə xalqa olan münasibətini, nə ədalətə, nə demokratiyaya olan münasibətini bir damcı da dəyişməyib. Rüstəm İbrahimbəyov artıq 80 yaşa çatıb, o Azərbaycana bağlı adamdır, dostlarının çoxu burdadır və həyatının ən gözəl illərini burda keçirib. İllərlə ölkəyə gələ bilməməyi ona çox pis təsir edirdi. Ola bilər ki, onun siyasətdən getmək haqda verdiyi müsahibəsindən sonra hakimiyyət onun ölkəyə gəlib getməsinə razılıq verib.

– Bu yaxınlarda Müsəlman Birliyi Hərakatının rəhbəri Taleh Bağırzadə həbsxanada aclıq edərkən siz onunla görüşdünüz və o aclığı dayandırdı. Siz həbsxanaya hansı qurumun nümayəndəsi kimi getmişdiniz, onunla görüşərkən nə söhbətlər oldu?

– Taleh Bağırzadənin aclıq aksiyasını bizim xahişimizlə dayandırdığı doğrudur. Mən “Siyasi Məhbuslara Azadlıq İttifaqı”nın təsisçilərindən biriyən, o cümlədən “İnanclı Siyasi Məhbusların Müdafiə İttifaqı”nın təsisçisi, həmçinin “İnanclı İnsanların Müdafiə Komitəsi”nin sədriyəm. Buna görə də Taleh Bağırzadənin müdafiəsinin rəhbəri sayılıram. O, aclıq aksiyası keçirəndə mən bir ictimai xadim, hüquq müdafiəçisi, eləcə də adını çəkdiyim komitənin sədri kimi Penitensiar Xidmətə məktubla müraciət etdim. Qanunla mənim onunla görüşməyə icazəm vardı. O ərəfədə müəyyən şaiələr yayılmışdı ki, guya inanclı məhbus Cabbar Cabbarzadə yoxa çıxıb, onu öldürüblər, Taleh Bağırzadəni çoxlu döyüblər hərəkət edə bilmir, Möhsün Səmədovun vəziyyəti ağırdır və s.

Mən həbsxanaya Hacı Rövşən Əhmədovla birgə getdim. Taleh Bağırzadə ilə görüşdük, o dedi ki, mənə qarşı heç bir işgəncə, ya da döyülmə halı olmayıb. O, aclığı rəhbəri olduğu birliyin həbsxanadakı inanclı üzvlərinə qarşı təzyiqlərə etiraz edirdi. 15-ci gün idi ki, aclıq edirdi. Görüş zamanı mən ondan xahiş etdim ki, aclığı dayandırsın və o da xahişimizi yerə salmadı. Bundan sonra öldüyü haqda şaiə yayılan Cabbar Cabbarzadəylə də görüşdük. Bunun ardınca həbsxananın rəisi ilə görüşdük, tələb etdik ki, məhbuslarla qanun çərçivəsində davranılsın. Bundan sonra məhbusların bəzi tələblərini yerinə yetirdilər, telefonla danışmaq və s. kimi haqlarını özlərinə qaytardılar.

– Bu yaxınlarda Taleh Bağırzadəyə aid olduğu deyilən bir səs yazısı yayıldı, səs yazısına görə o Azərbaycanda şəriət dövləti qurmaq istəyir. Maraqlıdır ki, siz onunla bir neçə dəfə görüşmüsünüz, bu haqda onunla söhbətiniz olubmu? Taleh Bağırzadənin o səs yazısını necə şərh edərdiniz?

– Səs yazısını necə təhrif etdiklərini bilmirəm. Tam məsuliyyətimlə deyə bilərəm ki, Taleh Bağırzadənin İranla heç bir əlaqəsi yoxdur. O, Azərbaycanın dövlətçiliyinə ehtiramla yanaşır, nə özünün, nə də rəhbərlik etdiyi təşkilatın siyasi iddiaları yoxdur. Bir faktı nəzərinizə çatdırım ki, Hacı Taleh öz təşkilatını yaradanda onu Ədliyyə Nazirliyində qeydiyyatdan keçirmək üçün müraciət etmişdi. O, hökümətdən gizlənmirdi, hara çağırsalar gedirdi. Onun tək qayəsi cəmiyyətə islami dəyərləri aşılamaq idi.

Taleh Bağırzadə İrandan gəlmiş din adamı ilə görüşür.
– Taleh Bağırzadənin İrandan gələn din aliminin əlini öpməsi geniş müzakirə edilir və pislənir, bunu necə şərh edə bilərsiniz?

– Şiəlikdə təqlid deyə bir şey var, təqlid olunmalı 8 böyük şiə din adamı var. Əgər bu adamlardan birini təqlid edirsənsə, dini ritualları onun irəli sürdüyü tövsiyyələrlə aparırsan. Azərbaycan şiələri bu alimlərdən birini təqlid edir. Mən düşünürəm ki, Hacı Taleh sadəcə din adamına hörmətini bildirərək onun əlini öpüb. Şiə inancının mərkəzi və dini təhsil üçün mərkəz İranda olduğu üçün Azərbaycanda xeyli adam İrana gedir, orda təhsil alır. Azərbaycanda elə bir şiə mərkəzi və şiə din adamı yaranmalıdır ki, bizim inanclı adamlarımız gedib təqlid etmək üçün İrandan, Ərəbistandan din adamı axtarmasın, dini təhsilini də burda alsın, dini rəhbəri də burda olsun. Buna isə Azərbaycan höküməti indiyədək imkan verməyib, mane olub.

Gərək etiraf edək ki, İranın öz xarici siyasətində də çoxlu qüsurlar var. Ermənistanın baş nazirinin oraya getməsi, Xocalı soyqırımı günü İran rəhbərliyi ilə görüşməsi, orda keçirilən görüşlərdən birində arxa fonda “Qarabağ Ermənistanındır” plakatının asılması Azərbaycanda haqlı qıcıq yaratdı, xalqımız bunu pis qarşıladı. İkinci tərəfdən Azərbaycanda İran əleyhinə düşünülmüş siyasət də aparılır, çoxlu yalan məlumatlar yayılır.

– Eldəniz bəy, siz talış bölgəsindən olduğunuz üçün, adətən talış problemi haqqında tez-tez danışırsınız. Cəmi iki-üç gün öncə talış fəallarından biri Fəxrəddin Abbaszadə Rusiyadan Azərbaycanda ekstradisiya olundu. O Ermənistana səfərlər etmək, Azərbaycan əleyhinə seperatçı çıxışlar etməkdə ittiham olunur. “Talışıstan TV” ilə bağlı problem gözümüzün önündəcə yaxın 5-6 ildə yarandı. Bir çox talış fəallar Ermənistana yollandı, orda çıxışlar etdilər. Sizcə nəyə görə bu məsələdə ermənilər talış fəallarından istifadə edə bildilər?

– Tanınmış talış şairi Əli Nasirin məşhur bir cümləsi var, o deyir ki, “mən talış olduğum qədər azərbaycanlıyam, azərbaycanlı olduğum qədər talışam”.

Azərbaycanın talış mahalında yaşayan talışlar həm də Azərbaycan vətəndaşlarıdır. Azərbaycanın başqa vətəndaşları hansı hüquqa malikdirsə, onlar da həmin hüquqlara malikdirlər. Talışlar hər-hansı bir hüquqları tapdananda buna daha həssas yanaşırlar. Bəzən heç fikir vermirlər ki, eyni təzyiqi hökümət azəri türkünün də başına gətirir.

“Niyə rus icmasının mədəniyyət mərkəzi var, amma talışların yoxdur”

Bundan xeyli illər öncə mən bir çıxışımda dedim ki, talışların bəzilərinin separatçı meyllərinin yaranmaması üçün ölkədə yaşayan digər etnik qruplara, tutaq ki, ləzgilərə, ruslara, yəhudilərə göstərilən münasibət talışlara da sərgilənməlidir. Misalçün, niyə rus icmasının mədəniyyət mərkəzi var, ofisləri var, kilsələri var, eləcə də yəhudilərin bu cür imkanları var, amma talışların yoxdur. Ləzgilərə ləzgi dilində radio, jurnal, qəzet çıxarmağa imkan verirlər.

Talışlara gələndə bu məsələdə ədalətsiz yanaşırlar. Talış mədəniyyət mərkəzinin 5-10 kv\m-lik yeri də yoxdur ki, onlar fəaliyyət göstərsin. Lənkaranda Cənub TV televiziyası açılıb, amma bu televiziyada talış etnik qrupunun dilində bir kəlmə də danışmağa icazə verilmir. Halbuki, bizim məmurlar beynəlxalq təşkilatlarla görüşəndə bu TV-ni talışlar üçün yaratdıqlarını deyirlər. Mən o vaxt hakimiyyətə üz tutub dedim ki, baxın ha, ermənilər separat meylli insanları özlərinə cəlb etmək üçün talış dilində televiziya yaradacaq. Və elə də oldu. Həmin o Cənub TV-də yarımca saatlıq talışca veriliş olsaydı bu kimə mane olacaqdı, kimə zərər vuracaqdı?

Talışca TV və radio açmaq, talışca dərsliklər buraxmaq və s. kimi şeylər vardı ki, bizim ölkəmizin xeyrinə idi, bu yolla həm də həmin o separat qüvvələrin əlindən silahı almış olacaqdıq. Amma Azərbaycan höküməti bunu etmədi. Buna görə də Abbaszadə kimi satqınlar ortaya çıxdı. Ermənistan bizə düşmən ölkədir, bizim səhvimizdən istifadə edib separatçılara qucaq açdı.

Düşünürəm ki, milyondan artıq sayı olan etnik qrupu Azərbaycandan rəncidə salmaq əlbəttə ki, ermənilərə sərf edir. Ermənilər İrəvandan talışca televiziya yayımlayırlar, İrəvan Universitetində talış dili fakültəsi yaradıblar. O şeyləri ki, biz öz vətəndaşlarımız üçün etməliydik və etmədik, ermənilər etdilər və bizə qarşı istifadə edirlər, müəyyən bir hissənin nifrətini körükləyirlər.

Şərhlər

XƏBƏR LENTİ