SON DƏQİQƏ
XalqXeber.Az » Müsahibə » Mehman Əliyev: “Azərbaycanda iqtidar-xalq birliyi hardadır?”

Mehman Əliyev: “Azərbaycanda iqtidar-xalq birliyi hardadır?”

Tarix:

2-01-2019, 21:34

/ 1 522 dəfə oxundu.
Mehman Əliyev: “Azərbaycanda iqtidar-xalq birliyi hardadır?”

“Hakimiyyət həm dəyişiklər etmək məcburiyyətindədir, həm də bunu etmək istəmir, ona görə də ziddiyyətli vəziyyət yaranıb”, Turan İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev deyir.

BBC News Azərbaycancaya müsahibəsində Mehman Əliyev ictimai-siyasi prosesləri şərh edərək bu il – 2019-cu il üçün gözləntilərini bölüşür.

– Mehman bəy, prezident İlham Əliyev bayram təbrikində 2018-ci ili ölkə üçün uğurlu sayıb və vurğulayıb ki, Azərbaycan bütün istiqamətlər üzrə uğurla, sürətlə inkişaf edib. Siz necə düşünürsüz, 2018-ci il Azərbaycanın tarixində necə qaldı?

– Azərbaycan hələ də 2015-ci ildə yaranmış böhrandan çıxa bilməyib. Böhrandan o vaxt çıxa bilərik ki, hər bir vətəndaşın rifahı yüksəlsin. Bir qarın çörəyə möhtac olan insanlar çoxdur, işsizlik yüksəkdir. Problemlər çoxdur. Hər kəsin evində, süftəsində çörək olarsa, biz o vaxt deyə bilərik ki, iqtisadi inkişafımız var. Bu, sosial vəziyyətdir, amma siyasi tərəfdən də ağır il olub. Azad fikir söyləmək, məhkəmələrdə hüquqlarını müdafiə etmək baxımdan da ciddi problemlərimiz var. Azərbaycanda hüquq sistemi sıfır vəziyyətindədir, ölkə siyasi qərarlarla idarə olunur. Yəni bütünlükdə ölkədə böhrandır və bu, bütün sferaları əhatə edir.

– Ancaq prezident çıxışında vurğulayıb ki, dünyada gərginlikdir, stabillik pozulur, Azərbaycanda isə sabitlikdir və bu da xalq-iqtidar birliyindən qaynaqlanır.

– Dünya deyəndə… dünya böyükdür. Avropada gərginlikmi var? Rusiya, Qırğızıstan, Özbəkistan, Qazaxıstanda bu gərginlik varmı? Müharibə vəziyyətində olan Ukraynada heç gərginlik yoxdur. Ermənistanın özünü götürək, orda hansı qeyri-stabillik var? Azərbaycanda iqtidar-xalq birliyi hardadır? Mən problemləri sadaladım, bu halda necə iqtidar-xalq birliyindən söhbət gedə bilər, ya uğurlu inkişafdan danışa bilərik?

– Mehman bəy, Azərbaycan bu il Avropa İttifaqı ilə Tərəfdaşlıq Prioritetləri sənədi imzaladı. Bu sənədin işləməsi Azərbaycana hansı perspektivlər açır?

– İş orasındadır ki, proses gedir, çox intensiv əlaqələr var. Ticarət sahəsində böyük irəliləyişlər var. Yazda Azərbaycanın Avropa İttifaqı ilə Şərq Tərəfdaşlığı Proqramı çərçivəsində əməkdaşlığının 10 il tamam olur. İndi bilmirəm, Azərbaycan bu sazişə nə qədər hazırdı, çünki burda demokratiya komponentləri var. Burda çox böyük problemlərlə üzləşirik.

– Avropa İtiifaqı ilə əlaqələrin intensivləşməsi ictimaiyyəti həm də demokratiya, insan hüquqlarının qorunması, siyasi azadlıqlar baxımdan maraqlandırır.

– İndi iqtidardaxili qarşıdurma var, hakimiyyətdə klanlar qarşılaşması var. Əslində deyərdim ki, ölkədəki gərginlik də hakimiyyətdaxili münasibətlərdən qaynaqlanır. İndi klan sistemini qeyri-klan sistemi ilə əvəzləmək prosesi var və yeni təyinatlara baxanda da bunu görmək olar. Amma buna qarşı da ciddi müqavimət var, çünki klanlar ciddi siyasi-iqtisadi imkanlara sahibdirlər. Fikrimcə, bu savaşı İlham Əliyev aparır və istəmir ki, müxalifət, ictimaiyyət, media bu proseslərə qarışsın və kiminsə tərəfində olsun. Ona görə də cəmiyyətə təzyiqlər güclüdür. Gəncə hadisələrinə baxın. Bu hadisələrin səbəbkarı Azərbaycan mediası, ya müxalifət idi? Bu, xalqla hakimiyyət arasındakı ziddiyyətlərin nəticəsi idi. İlham Əliyev də deyirdi ki, siyasi və iqtisadi islahatlar paralel aparılmalıdır, Avropa da bunu istəyir. Amma biz görürük ki, iqtisadi sahədəki əməkdaşlıqda irəliləyiş, intensiv dialoq var, siyasi sahə ilə bağlı əlaqələrdə geriləmə var. Bu o deməkdir ki, Azərbaycan hakimiyyəti siyasi islahatları aparmağa hazır deyil, bunda maraqlı deyil. Amma siyasi yumşalma, dəyişikliklər olacaq, bu qaçılmazıdr, mən bunu gözləyirəm.

– Siz BBC News Azərbaycancaya müsahibənizdə proqnoz vermişdiniz ki, prezident seçkisindən sonra islahatlar aparılacaq. 22 illik baş nazir dəyişdi, tez-tez tənqid hədəfi olan Bakı şəhər icra hakimiyyətinin başçısı Haclbala Abutalıbov bu vəzifədən çıxarıldı. Yeni Vergi Məcəlləsi qəbul olundu. Bunlara söykənib ölkədə islahatların başladığını demək olarmı?

– Bunlar kosmetik dəyişiklər deyil. Bunlar qəbul edilmiş yol xəritələrindən qaynaqlanır. Düzdür, bəzi ekspertlər deyirlər ki, nəzərdə tutulan islahatlar tam əhatə olunmur. Xeyli sahibkarlar çaşbaş qalıblar ki, vergini necə ödəyəcəklər. İndi izah verməyə başlayıblar, amma bu izahatlar əvvəldən edilməliydi. Görünür, beynəlxalq təkliflər əsasında Vergilər Məcəlləsini tələm-tələsik qəbul ediblər, eləməyə də məcbur idilər, qəbul eləməsəydilər, vəziyyət daha da pisləşəcəkdi. Əlbəttə, indi hakimiyyət istəyir ki, əhalinin sosial-iqtisadi vəziyyəti yaxşılaşsın, ona görə sahibkarları həvəsləndirmək istəyirlər. Amma mən ekspertlərlə danışıram, onlar bu islahatların hansısa iqtisadi inkişafa təkan verəcəyinə şübhə edirlər.

– Bloqçu Mehman Hüseynova qarşı ittiham irəli sürüldü, bundan əvvəl də həbsdən çıxmasına sanılı günlər qalan AXCP-çi Məmməd İbrahim eyni aqibətlə üzləşmişdi. Beynəlxalq təşkilatların “siyasi məhbus” kimi tanıdığış əxslərin həbsxanada ömrünü uzatmaqla yeni tendensiya başlayır? Millət vəkili Səməd Seyidov BBC News Azərbaycancaya bildirmişdi ki, ReAL sədri İlqar Məmmədova görə “hakimiyyətin başı çox ağrıdı”. Sizcə, hakimiyyət niyə yenidən “başağrısına” rəvac verir? Yəni Mehman Hüseynova görə artıq beynəlxalq reaksiyalar gəlməyə başlayıb…

– Hakimiyyət Qərbdən siyasi islahatlara görə təzyiqlərlə üzləşir, amma o da cəmiyyətə təzyiq göstərməklə nümayiş etdirmək istəyir ki, mənə bu məsələdə təzyiq göstərmək olmaz. Əslində, hakimiyyət həm Avropa İttifaqı ilə işləmək, həm də cəmiyyəti nəzarətdə saxlamaq istəyir. Hakimiyyət həm dəyişiklik etmək məcburiyyətindədir, həm də bunu etmək istəmir. Buna görə ziddiyyətli vəziyyət içindəyik. Mehmanın vəziyyətinə gəlincə… Düşünürəm ki, həm yerli, həm beynəlxalq səviyyədə bu məsələylə bağlı ciddi dirəniş olacaq, bu işin prespektivi yoxdur. Bu məsələ həll olunacaq, çünki dövr də başqa dövrdü artıq. Açığı, mən 2019-cu ildən çox şey gözləyirəm, hətta erkən parlament seçkisi də…

Şərhlər

XƏBƏR LENTİ