SON DƏQİQƏ
XalqXeber.Az » Müsahibə » “Aygünü heç vaxt bağışlamayacam” - Namiq

“Aygünü heç vaxt bağışlamayacam” - Namiq

Tarix:

6-03-2017, 10:39

/ 2 637 dəfə oxundu.
“Aygünü heç vaxt bağışlamayacam” - Namiq

Meyxanaçı Namiq Qaraçuxurlunun müsahibəsini təqdim edirik:

- “Soyuqdur” adlı mahnınıza klip çəkdirmisiz. Layihədə Taşa Turova adlı rusiyalı gözəl də iştirak edir. Hətta Taşanın sizi öpən fotosu instaqramda paylaşıldı və dedi-qodular yayılmaya başladı ki, guya, siz sevgilisiz...

- Kilpdə rol alacaq xanımla bağlı axtarışlarımız çox oldu. Sadəcə olaraq üzdə olan model xanımların əksəriyyətinin simasında plastik əməliyyatlar var. Biz əməliyyatsız və təbii görünüşü olan xanım axtarışında idik. Almaniyadan qayıdarkən Taşa ilə təyyarədə tanış olduq. Ona klipdə çəkilməyi barədə təklif irəli sürdüm, razılaşdı. Düşünürəm ki, təbii xanımdır. Foto ilə bağlı onu deyə bilərəm ki, başdan necə düşünmüşdümsə, elə də oldu. Bilirdim ki, həmin foto daha çox müzakirə olunmağa başlayacaq. Əvvəlcədən anlayırdım ki, söz-söhbətlər yaranacaq, müzakirələr olacaq. Adi həyatda belə sənətdə olan xanımlarla mehriban danışırsan və şayiələr yayılmağa başlayır. Təbii ki, şəkillərdən sonra söz-söhbətlər ortaya çıxdı. Buna hazır idim, işə peşəkarcasına yanaşdım. Lakin hər şeyin insanlara tam olaraq aydın olmasını zaman göstərəcək.

“Ailəmə xələl gətirəcək bir addım atmaram”

- Sırf bu foto xanımınızda qısqanclıq yaratmadı?

- Daha çox insanların fərqli reaksiyaları ilə rastlaşdım. Elə bil məndən çox onların ailəmə canı yanır. Söyləyirlər ki, evli insan bu cür şəkil çəkdirməsi düzgün deyil. Layihənin ilk günündən bu günə kimi ailəm mənim yanımda olub. Həyat yoldaşım da klipin geyim rəssamıdır. Layihədə çəkilən şəxslərin geyimlərini xanımım seçib. Artıq 38 yaşım var, ailəmə xələl gətirəcək bir addım atmaram. Sizin vasitənizlə o insanlara müraciət edirəm ki, narahat olmasınlar. Xanımıma da dərin təşəkkürümü bildirirəm, mənə çox dəstək oldu.

“Xalq artistinə daş atırdıq, sataşırdıq”

- Xanımınızı mediadan, şou arenasından niyə gizlədirsiz? Müzakirə olunmaqdan bezmisiz?

- Qaraçuxurda böyümüşəm, çevrəmizin tamam başqa adətləri var. Mənim haqqımda kimsə mənfi fikir bildirsə, həmin şəxsi axtarardım, üzbəüz oturub danışardım. Efirə çıxdıqdan sonra bu xarakterimdən əl çəkməli oldum. Eşidirdim ki, dostum mənim üstümdə kimisə döyüb. Çağırıb deyirdim ki, mən belə şeyləri qəbul edərək sənətə gəlmişəm. Efirə çıxıramsa, haqqımda pis söz deyə, məni söyə bilərlər. Bunu qəbul etmişəm, başa düşmüşəm. Özüm uşaqlıqdan efirə çıxanlarla məzələnmişəm, sataşmışam.

Heç yadımdan çıxmaz, indi xalq artistidir. Bizim qəsəbəyə gələndə daş atırdıq, sataşırdıq. Uşaqlıq idi, keçib getdi. İndi mənim haqqımda deyilənləri qəbul etmirəm, sadəcə olaraq göz yuma bilirəm. Eyni şəraiti ailəm haqqımda yaratmaq istəmirəm. İstəmirəm ki, şəkil paylaşanda altına nəsə yazsınlar, müzakirə etsinlər, neqativ ifadələr işlətsinlər. Kompüter arxasında şərəfdən, ləyaqətdən, namusdan xəbəri olmayan insanlar var. Onlar sözlərinin məsuliyyətini daşımadan nələrsə yazırlar. Onlar haqqında danışsam, söz-söhbətlər çox olacaq. Bu səbəbdən belə bir addım atıram.

- Həyat yoldaşınıza müdaxilələr olur? Necə bir ailə başçısısız?

- Bəli, müdaxilə etməyi sevirəm. Amma güzəşt etməyi də sevirəm. Özümü çox ixtiyarlı hiss etmirəm. Daha doğrusu hesab etmirəm. Səbəb odur ki, sənətim, işimlə bağlı mənfilərim çoxdur. Qarşı tərəf bunu anlayırsa, mən də onu anlayıram. Bəzən deyingən oluram, ancaq dərinə gedən insan deyiləm. Başa düşürəm ki, gecəm-gündüzüm küçələrdədir. Lazım olan bayramlarda evdə olmuram. Keçən il Novruz bayramında Almaniyada, bu il isə Moskvada olacam. 8 Mart günü Ruhi Əliyevanın təklifi ilə qadın təcridxanasında konsert verəcəyik. Bir qədər özüm uzundilli deyiləm. Amma insan dediyini deyir, mənfi cəhət axtarmaq üçün qurdalamıram.

- Sizin keçmiş həyatınız, yayılan şayiələr ailə münasibətlərinə təsir etmir?

- Yox, heç bir söz-söhbət yaratmır. Bu yaşda ailə qurmağımın müsbət səbəbi odur ki, doğru seçim etmişəm. Belə məqamlarda ailəm mənə dəstək olur.

“Yanımda bir xanım görünürsə, haqqımızda şayiələr yayılır”

- Bir fikir bildirdiz ki, sizin xanım sənətçilərə münasibətiniz yanlış anlaşılır. Sizcə, bunun səbəbi nədir?

- Onlara mədəni davranışım, xarici görünüş səbəb ola bilər. Lakin bu, reallıqdır. Reallıq odur ki, yanımda bir xanım görünürsə, haqqımızda şayiələr yayılmağa başlayır. PR baxımdan çox uğurlu alınır. Elə bir neçə il bundan əvvəl Nanə Ağamaliyeva ilə videoçarxlarımız var idi. Artıq maraqlı söhbətlər yayılmağa başlamışdı. İnsanlar belə şeylərə çox maraq göstərirlər.

- Xanım sənətçilər PR üçün sizinlə “sevgili” olmaq istəyib?

- Bu cür hadisələrlə efirdə rastlaşmışam. Alt niyyətlərində PR olub. Efir bitəndən sonra mənə yaxınlaşıblar, reklam üçün belə etdiklərini deyiblər. Onları başa düşmək olar. Belə şeylər həyatımda baş verib. Təbii ki, “sevgili” olmaq təklifi edənlər də qarşıma çıxıb.

- Bir açıqlamanız diqqətimdən qaçmayıb. Demişdiz ki, meyxanaçılar mənə fanatlıq edir. Bu fikirlə nə demək istəmisiz?

- Meyxanaçılardan birinin “Mən Namiq Qaraçuxurlunun fanatı olmuşam” deməsinə belə cavab vermişdim. Çoxları mənim yerimə gəlmək arzusundadırlar. Bizim gənclərimiz var ki, zamanında mənə fanatlıq ediblər. Tanıdıqlarım və tanımadıqlarım var. Nədənsə, həmin şəxslər efirə çıxdıqdan sonra boynuna almırlar. Bundan incimirəm, gənc meyxanaçılarla münasibətim gözəldir. Müəyyən tövsiyələrimiz var ki, söyləyirik, qəbul edənlər sağ olsun.

“Belə bir ifadə işlədirsə, deməli, onun başında problem var”

- Deyirlər ki, Namiq Qaraçuxurlu deyişə bilmir. Sizin bu iddialara cavabınız nədir?

- Hələ belə bir ittihamla rastlaşmamışam. Kimsə belə bir ifadə işlədirsə, deməli, onun başında problem var. Ən azından “Youtube” var. Axtarış verərək deyişmələrimizi izləyə bilərlər.

“İndi göstəriş xatirinə şabaş verirlər”

- Bizim toylarda sənətçiyə hörmət əlaməti olaraq şabaş verirdilər. Sizə ən çox verilən məbləğ nə qədər olub?

- Şabaş yığmaq normal bir şeydir, başqa düşüncəyə qapılmaq lazım deyil. Biri deyir ki, şabaş dilənçilikdir və s. Anormallıq odur ki, stollara yaxınlaşaraq zorla şabaş istəyirsən. Meyxanada adət var ki, birinci təriflə başlayırsan. Sonra şabaş yığırdıq, ikinci qafiyə, üçüncü isə rəvayətlərim istənilirdi. Yığdığım şabaşların 4 qatını rəvayətlərdən götürürdüm. Daha sonra həmkarlarımla həmin pulu bölüşdürürdüm. İndi şabaş götürmürəm. Bəzən göstəriş xatirinə belə şeylər edirlər.

- Cəmiyyətdə belə bir fikir formalaşıb ki, meyxanaçılar deyişməyə hazır olmaq üçün xumarlandırıcı maddələrdən istifadə edirlər. Yəqin ki, siz də bu cür hadisələrlə rastlaşmısız...

- Mən sənət aləminə gələndə bu cür söz-söhbətlər var idi. Meyxanaçılar maddələrdən istifadə edərək deyişirdilər. Ancaq bizim üçün gözəl bir örnək var idi. Hacı Kərim və Ağamirzə... Onlar məclislərdə içki belə içmirdilər. Hər kəs onları belə tanımağa başladı. İçkisiz, başqa vasitələrdən istifadə etməməklə meyxana demək olar. Bu gözəl bir örnək idi, mənə də keçdi. Çalışdım ki, səliqəli geyinim, qalstukdan istifadə edim. Bu gün bəzi gənclərimiz müəyyən şeylərdən istifadə edirlər. Meyxanaların da mövzusu dəyişir, xumarlandırıcı maddələri tərifləyirlər. Buradan müraciət edirəm ki, cılız düşünməyin, sabahınızı fikirləşin.

- Sizə başqa bir mövzuda sual vermək istəyirəm. Demişdiz ki, instaqram səhifəsinizi ələ keçirmək istəyirlər. Məsələ nə yerdə qaldı? Edənlərin kimliyi barədə araşıdrma apardız?

- Araşdırma aparmadım. Sizə bir sözüm deyim: Mənim üçün böyük təxrtibatlar aparanda belə araşdırma aparmıram. Hər şey mənim qarşıma çıxır. Təxminən həmin şəxslərin kimliyini bilirəm. O dövrdə də mənə qarşı təxribat var idi. Səbrim nəticəsində qurban olmadım. Düşünürəm ki, həmin təxribatın bir qolu idi ki, instaqramı sındırsınlar.

- Namiq Qaraçuxurluya niyə təxribat törətsinlər ki?

- Səbəb çoxdur. Bəzilərini xırdalasam özümü tərifləmiş olacam.

- Ən yaxşılarını xırdalayın...

- Təbii ki, məndən xoşu gəlməyən, düşmənçilik edənlər var. Konkret olaraq səbəbini bilmirəm.

“Elələri var ki, hədə-qorxudan qorxmurlar”

- İnstaqramdan söz düşmüşkən, siz də orada ancaq foto paylaşırsız. Heç sosial və ictimai problemlərdən söhbət açmırsız. Siz də “Mənlik deyil” deyənlərdənsiz?

- Biz təbii ki, bu məsələlərdə fəal olmalıyıq. Mənim özüm problemlərlə rastlaşmamışam. Bakıda son zamanlar diqqətimi cəlb edən yağışdan sonrakı vəziyyətdir. Gölə çevrilən Bakı barədə şeir yazmışam. Kiçik bir video da hazırlamışam. Həmin problem yaransa, videonu paylaşacam. Tam olaraq yerli sənətçilərin bilib-bilmədən mövzulara toxunmasının əleyhinəyəm. Siyasət kənardan tamamilə başqa görünür. Nəyisə dəqiq bilmədən paylaşmaq, fikir söyləmək doğru deyil. Məsələn, mən yaşayan binada su kəsilirsə, problemin kökünü öyrənmək lazımdır. Birbaşa “Azərsu”nu qınaya bilmərəm. Ola bilər ki, sular gələ bilər, ancaq binadakı MMC-də problem yaranar.

Sənətçilərimizdə belə şeylər çatmır. Bəlkə də, savadsızlıqdır. Gündəm xatirinə də belə şeylər yazmaq olar. Hər şeyi kökündən öyrənmək lazımdır. Elələri var ki, hədə-qorxudan qorxmurlar. Araşdırırlar, dəqiq olanları yazırlar. Ancaq bəziləri də xarici siyasətə belə gözüyumulu qarışırlar. Mən həqiqətin olduğu şeyləri paylaşaram. Məsələn, Bakıda su borularının çəkilməsində böyük yeyintilər olub. Mənim bundan xəbərim var, məsələyə tənqidi yanaşmışam. Zamanı gələndə üzə çıxacaq. Təbii ki, buna poetik yanaşmışam.

“Yəqin ki, xəyanət heç vaxt bağışlanmır?

- Son illər ölkə ərazisində boşananların sayı xeyli artıb. Şou-biznesdə də evli cütlüklər barmaqla sayılacaq qədərdir. Sizcə, bir Azərbaycan kişisi niyə boşanmalıdır? Səbəb nədir?

- Ailə məsələləri çox çətindir. Yəqin ki, xəyanət heç vaxt bağışlanmır. Bir kişi evlənməmişdən öncə götür-qoy etməlidir. Bir neçə il qarşı tərəflə münasibətdə olmalıdır. Bu zaman ərzində söz-söhbətlər çox olarsa, kişi addımını geri atmalıdır. Ailə qurursa, son nöqtəyə qədər dözməlidir. Yox, son nöqtə gəlib çıxırsa, mübahisələr yaranırsa ayrıla bilər. Bu məsələlərə müsbət nöqtə qoyan bir amil var ki, o da övladdır.

- Sizinlə başqa bir mövzuda danışmaq istəyirəm. Elə bil ki, Aygün Kazımova ilə dünən ayrılmısız. Məsələ hələ aktualdır, gündəmdədir. Ancaq hər zaman sizə söz atan Aygün Kazımova olub.

- Səbəbini bilmirəm. Bilsəm belə söyləmərəm, xırdalamağın əleyhinəyəm.

- Amma qarşı tərəf yaxşı xırdalayır. Bağ evi, piano, mənzil və s.

- Hər kəs özünə yaraşanı edir. İstər mən, istərsə də qarşı tərəf...

“Aygünə cavab versəm özüm öz gözümdən düşərəm”

- Aygün xanım deyir ki, Namiq hər zaman qeyri-səmimi olub. Münasibətdə səmimiyyət olmayıb?

- Aygün xanımın mənə atdığı şər-böhtanlara cavab verməyim özümü öz gözümdən sala bilər. Özümə bunu yaraşdırmıram. Kimsə ittihamlara inanırsa, mənim problemim deyil. Hər kəsin öz düşüncə tərzi var. Bu məsələlərdə hamı öz ağlını göstərir. Mənim qeyri-səmimi olmağım bir nəfərin sözüylə qəbul edilirsə, qoy olsun!

- Aygün Kazımova iki balığına ad qoyub. Birinin Adı Elza (Elza Seyidcahan), digərinin adı Namiqdir. Bunu Elza xanım açıqlamasında demişdi... Sizin bu məsələyə münasibətiniz necədir?

- Sizə bir söz deyim. Zamanında Füzuli, Seyid Əzim Şirvaninin qəzəllərini oxumuşam. Mənim üçün bəzi sənətçilərin fikirlərini müzakirə etmək artıq bir şeydir. Onlar nə istəyirlərsə, danışırlar. Mənim buna vaxt ayırmağım düzgün deyil.

“Aygün Kazımovanı heç vaxt bağışlamayacam”

- Aygün xanımla bağ evi qalmaqalından sonra əlaqə saxlamısız?

- Yox! Sizin vasitənizlə bildirmək istəyirəm ki, Aygün Kazımovanı heç vaxt bağışlamayacam. Sizin bildiyiniz və bilmədiyiniz səbəblərə görə... Bu qədər. Biz ola bilər ki, səhnədə bir arada olduq. Amma söhbət ürəkdən gedir. Mən onu heç vaxt bağışlamayacam.



“Təəssüflər olsun ki, Aygün onlara böyük şərait yaratdı”

- Bütün müsahibələrinizdə “Aygünlə mənim arama nifaq salmaq istəyənlər var” demisiz. Nifaq salanların məqsədi nə idi?

- Səbəblər çoxdur. Bizim duetlərimizin uğurlarını həzm etmək istəmirdilər. Bizlə düşmənçilik edənlər indi Aygünün mənim haqqımda danışdıqlarına zövqlə baxırlar. Həzzi mən tərəfdən yox, Aygün tərəfdən yaşaya bilirlər. Təəssüflənirlər ki, Namiq ağıllı addım atır. İnanıram ki, onlar həvəslə oturub mənim cavabımı gözləyirlər. Bəzi həqiqtələrdən onların, şou-biznesin əksəriyyətinin xəbəri var.

Vaxtilə Aygündən istifadə etmək istəyənlər var idi, onların qarşısını mən alırdım. Bilmirəm, bizim aramızdakı mübahisə onlara da sərf edir. Mən Aygünlə uzaqlaşmağıma baxmayaraq iki il əvvəl bir problemi oldu. Eşidən kimi dərhal müdaxilə edirdim. Çalışırdım ki, onu xəbərdarlıq edim. Bəzi insanlar sanki intiqam alırlar. Təəssüflər olsun ki, Aygün onlara böyük şərait yaratdı.

“Mən danışsam, əsl şoklar onda olacaq”

- İddia olunur ki, siz Aygün Kazımovaya məşhur xanımla xəyanət etmisiz. Bu səbəbdən xalq artisti sizdən ayrılıb.

- Məşhur xanım? Oksana Rəsulova... Mövzu ilə bağlı çox açıqlama vermişəm. Amma insanlar başa düşmür, elə danışırlar. Xəyanət olmayıb, Oksana ilə dost olmuşuq. O Aygün xanımla məni tədbirə dəvət etmişdi. Aygünün işi oldu, mən tək qatıldım. Bəzi insanlar isə bu məsələyə don geyindirməyə başladılar. Bəzi şeylər var, onları danışmaq üçün sandığı tamamilə açmalıyam, pambıqları yerə tökməliyəm. Amma səbrimin qarşısını alıram. Mən danışsam, əsl şoklar onda olacaq. Hətta siz belə düşünəcəksiz ki, bu insan nələrə dözüb. Xəyanət məsələsinə yenə qayıdıram, Oksana ilə dost olmuşuq. Bu şayiələr bəzi adamlara sərf edib, səhvlərini öst-basdır etmək üçün istifadə edib.

“Qafqazinfo”

Şərhlər

XƏBƏR LENTİ