yüklənir...
yüklənir...

SONDƏQİQƏ

XalqXəbər.Az
yüklənir...

Arif Babayev: Şou-biznes mənlik deyil - MÜSAHİBƏ

Arif Babayev: Şou-biznes mənlik deyil - MÜSAHİBƏ
25-10-2018, 13:15 142 dəfə baxılıb

Oxu.Az-ın müxbirinin suallarını korifey sənətkar, Xalq artisti, professor Arif Babayev cavablandırır:

Öncə qeyd edim ki, Arif müəllimlə müsahibəmiz təsadüfən baş tutdu. Əvvəlcədən nəzərdə tutulmamış və planlaşdırılmamışdı.

Onunla dünən Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında tanınmış və sevilən müğənni, Əməkdar artist Aybəniz Haşımovanın yubiley konserti zamanı söhbətləşdik və elə söhbətimizə də çoxsaylı tələbələrindən biri olan Aybəniz xanımdan başladıq.

Arif Babayev öncə bunları dedi:

- Aybəniz çox istedadlı, çox qabliyyətli ifaçıdır, xanəndədir. Mənim ən sevimli tələbələrimdəndir. Əvvəl böyük sənətkarımız Şövkət Ələkbərovanın, sonra 3-4 il mənim tələbəm olub. Çox gözəl sənətkardır, daim axtarışda olan, öz üzərində çalışan müğənnİdir. Deyirlər, yenilik, uğur... Nə zaman yaxşı oxusan, nə zaman yaxşı ifa etsən, nə zaman üzərində çalışsan, elə ən böyük yenilik də, ən böyük uğur da budur.

Aybəniz də belədir, daim uğur qazanan, yenilik edən bir ifaçıdır. Hər zaman bir-birimizə çox gözəl münasibətimiz olub, bu gün də var. Bir ata-bala kimiyik. Hər zaman mənim hörmətimi saxlayıb, yolumu gözləyib. Bu gün (dünən - red.) həm onun yubiley doğum günüdür, həm də səhnə fəaliyyətinin 40 illiyidir. Bu, balaca məsələ deyil.

Böyük, zəhmətli bir yoldur. Mən də müəllimi kimi onun konsertinə gəlmişəm, özümü çox yaxşı hiss edirəm, çox xoşbəxt sayıram, çox sevinirəm. Aybənizə bir daha uğurlar arzulayıram. Daim uğurları bol, yolu açıq olsun.

- Ümumiyyətlə, tələbələrinizdən razısınızmı, etimadınızı doğruldublarmı?

- Tələbələrimin hamısından razıyam, sağ olsunlar, hamısı etimadımızı doğruldub, zəhmətimizi yerə vurmayıblar. Tələbələrim həddindən artıq çoxdur, saymaqla qurtarmaq olmaz, düzünü desəm, heç dəqiq sayını da bilmirəm. Amma hamısından bir müəllim, bir sənətkar kimi çox razıyam. Yolumu da, hörmətimi də daim saxlayırlar. Diqqət göstərirlər. Müəllimə nə lazımdır?! Bundan artıq nə ola bilər ki?!

- Tələbələrinizdən neçəsi Xalq və ya Əməkdar artistlərdir?

- Tələbələrim arasında Əməkdar olanı da, Xalq artist adını daşıyanlar da çoxdur. Onların arasında çoxlu professorlar var. Milli Konservatoriyada dərs deyirlər. Vallah, onların sayını bilmək üçün gərək oturub, bir gün qeydlərimi aparım...

O qədər çoxdur ki, saymaqla qurtarmaq mümkün deyil. Onların özlərinin də istedadlı, gözəl tələbələri, yetişdirmələri var. Bunu elə səhnədən, efirdən də görmək mümkündür. Müəllimin qazancı nə olur?! Təbii ki, onun istedadlı tələbələri, yetişdirmələri.

Ağacın barı onun meyvəsidir, müəllimin də meyvəsi, qazancı onun istedadlı tələbələridir. Mənim qazancım onlardır. Yenə deyirəm, inan, bu gün (dünən - red.) vaxtım çox məhdud idi. Başqa bir yerə getməli idim. Amma onlardan icazə alıb, üzrxahlıq edib buraya gəldim, tələbəmin konsertində iştirak etməyi məqsədəuyğun saydım.

- Arif müəllim, bu gün Azərbaycan mədəniyyətinin səviyyəsindən razısınızmı? Şou-biznes mədəniyyəti üstələmir ki? Onlara meyil nədəndir?

- Əvvəla, Azərbaycan mədəniyyətinin səviyyəsi çox yüksəkdir, Azərbaycan mədəniyyətinin tarixi qədimdir, zəngindir və mədəniyyətimizin bugünkü səviyyəsindən bir sənətkar kimi çox razıyam, məmnunam.

Amma şou-biznes mənlik deyil, mən o məsələyə qarışmıram. Sadəcə, onu deyə bilərəm ki, daim yaxşılara qiymət verirəm. Vaxt gələcək, o dedikləriniz, zəiflər ayrılıb gedəcək. Amma əsas odur ki, yaxşı xanəndələrimiz var, yaxşı ifaçılarımız var.

Ölkəmizdə istər alətlərdə, istər ifalarda gözəl sənətçilər, gözəl səslər var. Onlar bu gün zəngin mədəniyyətimizi, milli musiqimizi, muğamımızı dünyada geniş təbliğ edirlər. Mənim də nə qədər istedadlı tələbələrim var, olacaq, bir o qədər gənc, cavan qalacağam (gülür).

- Bu gün zəif, bayağı musiqilərə meylin kökündə nə dayanır? Zövqlər dəyişib, korlanıb, yoxsa?

- Onu düz deyirsiniz, təəssüf ki, bu məsələ də var. Amma kimə nə sübut edəcəksən, kimə nə deyəcəksən?! Həm də indi azadlıqdır, müstəqillikdir, hər şey azaddır. Amma azadlıq o demək deyil ki, hər şeyə qarışasan, müdaxilə edəsən. Bununla belə, eybi yoxdur, bunlar da gəlib keçəcək, o zəiflər də yaxşıların arasında əriyib-gedəcək.

Düzdür, onların da arzuları var, amma istedadları istənilən səviyyədə olmadığı üçün bu arzularına çata bilmirlər. Amma bütövlükdə götürəndə, hər şey yaxşı olacaq.

- Ölkədə mədəniyyətə, sənət adamlarına diqqətdən, münasibətdən razısınızmı, qaneedicidirmi vəziyyət?

- Azərbaycan mədəniyyətinə, milli musiqimiz olan muğama, həmçinin, sənət, incəsənət adamlarımıza çox böyük diqqət və qayğı var. Bunu hər an hiss edirik. İllərdir Azərbaycanda çox gözəl muğam müsabiqəsi keçirilir, neçə-neçə istedadlar aşkar olunur. Həmçinin, Qəbələ Beynəlxalq Musiqi Festivalı dünyada məşhurlaşıb. Bunlar məhz dövlətimizin, ölkə rəhbərliyinin, Heydər Əliyev Fondunun sayəsində mümkün olub.

Ona görə cənab prezidentimiz, birinci vitse-prezidentimiz Mehriban xanım sağ olsun. Onlardan, dövlətimizdən olduqca razıyıq, böyük diqqət, qayğı görürük. Sənətkar, müəllim nə ilə ruhlana bilir?! Ona göstərilən diqqətlə. Yəni, ona diqqət göstərilsin, ruhlansın, yaxşı dərs keçsin, istedadlı tələbələr yetişdirsin.

Dövlətimiz, hökumətimiz sağ olsun ki, bizə, sənətə və sənət adamlarına daim diqqət göstərirlər, qiymətləndirirlər, hörmətimizi saxlayırlar. Allah dövlətimizi qorusun, bayramığızı ucalardan ucalarda etsin!

Sizə də minnətdaram, çox sağ olun deyirəm ki, bu sualları verdiniz. Mənim media nümayəndələrinə, jurnalistlərə daim hörmətim olub. Çünki onlardan daim özümə, sənətimə qarşı böyük hörmət-izzət görmüşəm. Hər zaman məni qiymətləndirib, dəyər veriblər, mən də eləcə. Allah hər birinizdən razı olsun!


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

16-11-2018

BÜTÜN XƏBƏRLƏR
GÜNDƏM
yüklənir...
FACEBOOK SƏHİFƏMİZ
SONDƏQİQƏ