SON DƏQİQƏ
XalqXeber.Az » Müsahibə » Emin Hüseynovdan qardaşına sərt ittihamlar: "Onun ağlaması da, çəkdiyi bahalı lüsturun qiyməti də... saxtadır" - ŞOK GƏLİŞMƏ

Emin Hüseynovdan qardaşına sərt ittihamlar: "Onun ağlaması da, çəkdiyi bahalı lüsturun qiyməti də... saxtadır" - ŞOK GƏLİŞMƏ

Tarix:

17-01-2017, 19:43

/ 3 182 dəfə oxundu.
Emin Hüseynovdan qardaşına sərt ittihamlar: "Onun ağlaması da, çəkdiyi bahalı lüsturun qiyməti də... saxtadır" - ŞOK GƏLİŞMƏ

Emin Hüseynov: “Mehmana demişəm ki, özünü yığışdır!”

Blogger Mehman Hüseynovla bağlı mövzu hələ də medianın gündəmindədir. Ötən həftə polis bölməsinə aparılan və barəsində pul cəriməsi ilə bağlı məhkəmə hökmü çıxarılan M.Hüseynovla bağlı məsələdə sözünü, rəyini eşitmək istədiyimiz şəxslərdən biri də onun qardaşı, hazırda İsveçrədə yaşayan hüquq müdafiəçisi Emin Hüseynov idi. Musavat.com-a müsahibəsində E.Hüseynov həm qardaşı ilə bağlı baş verənlərə, həm də bu məsələdə özünə qarşı yönələn tənqidlərə cavab verdi.

-Mehmanın polisdən çıxanda verdiyi açıqlamalar, ağlaması çoxlarına pis təsir etdi. Əksəriyyət onun ağlamasını “bu yük onluq deyildi” şəklində qiymətləndirdi. Bəs siz bir qardaş, hüquq müdafiəçisi olaraq onun ağlayarkən verdiyi açıqlamaları görəndə hansı hissləri keçirdiz? Onları görəndə “bu mübarizə Mehmanın çəkisinə görə deyildi, o, uşaqdır” dedinizmi heç?

- Xeyr, elə demədim. Göz yaşı elə bir şeydir ki, onu planlaşdırmaq olmur. Bəzən mən özüm də romantik bir filmə baxanda bir də görürəm ki, özümdən ixtiyarsız göz yaşlarım tökülür. Göz yaşı fizioloji prosesdir. Sevinc göz yaşı da var, emosional göz yaşı da. Mən Mehmanı ilk dəfə deyil ağlayan görürəm. Yadınızdadırsa, 2012-ci ildə də onu saxlayanda müstəntiq onu 6 saat dindirmişdi. O da elə bilmişdi ki, polis məni döyüb, kameramı sındırıb. Polis də bununla şirin-şirin danışırdı. Saat 17.57 olanda biz elə bildik ki, artıq çıxıb gedirik. Saat 12-dən şahid qismində ifadə verirdi. Birdən çıxıb getmək istəyəndə polis qayıdıb dedi ki, barənizdə saxlanma tədbiri seçilib. Bunu eşidəndə Mehman bir az qəribə oldu, gözləri doldu. Mən onun çiyninə vurub dedim ki, “möhkəm ol”. Orda mən idim, Elçin Sadıqov idi və bizim hüquqşünas Günay İsmayılova idi. Yəni, Mehman həmin Mehman idi. Düzdür, onda polis vəhşiliyi olmamışdı. Amma o, təəccüblənmişdi ki, heç nə etmədiyi halda onun üzünə durublar və saxlamaq istəyirlər. Bu dəfə də Mehman yəqin sadəlövhcəsinə düşünürdü ki, bunu aparıb təsəlli verəcəklər, dönərlərini yeyəndən sonra onunla dərdləşib, dost olacaqlar. Hüquq mühafizə orqanlarının vəzifəsi, funksiyası budur ki, əməliyyat qursunlar. Necə qurmaları artıq onların öz gücünə qalır. O ki qaldı, onun ağlamasının zəiflik kimi qiymətləndirilməsinə, onu başqa cür də qiymətləndirə bilərik. Bilirsiz ki, Barak Obama da zamanında ağlayıb, Ərdoğan da. Xalqın ürəyinə daha çox girmək üçün liderlərin ağlaması çox geniş yayılmış haldır. Bir trend düşüb, siyasətçilər ağlayırlar. Mən də hərdən düşünürəm, Mehmandan şübhələnirəm ki, bəlkə bu hardansa bu texnikanı öyrənib, xalqın ürəyinə yol tapmaq üçün ağlayır.

“Əgər Azərbaycan xalqı fikirləşirsə ki, Mehman onların problemini həll edəcək, yanılır”

-Ciddisiz?

-Vallah, Mehmanı məndən yaxşı tanıyan yoxdur. İctimai rəyə nəyin təsir etməsi ilə bağlı araşdırır, hər gün oxuyur. Ağlamaq o vaxt lazımdır ki, sənin dırnağına tok verirlər. Amma Mehman çıxır bayıra, görür hər tərəfdə kamera var, başlayır ağlamağa. Mehman ağlamasaydı, bəlkə də heç bir effekti olmayacaqdı dediklərinin, verdiyi mesajların. Baxın, üstündən 1 həftə keçib, hələ də Mehmanın göz yaşları müzakirə mövzusudur. Polislə böldüyü dönərdən də elə danışıb ki, hamı bunu təkrarlayır. (gülür) Mən bircə onu bilirəm ki, bu nə Mehmanın, nə Emin Hüseynovun, vətəndaş cəmiyyətinin çiynində aparacağı yük deyil. Bütün Azərbaycan xalqı bu ağırlığı öz çiynində daşımalıdır. Xalq öz hüququnu bilməli, bu kimi situasiyalarda bir-birinə dəstək verməlidir. Soruşursuz ki, Mehman niyə kövrəlib. Bəlkə də o, gözləmirdi ki, onu buraxacaqlar. Gözünün qabağına gətirib ki, onu 1 il şərləyəcəklər. Amma buraxılıb və sevincindən ağlayıb. Adam var ki, binanın altından keçəndə bir də görür yuxarıdan yerə bir kubik düşdü. Oturub sevindiyindən ağlayır ki, nə yaxşı mənim başıma düşüb öldürmədi. Mehmanı da içəridə vurdular. Bəlkə də heç polis də bilmirdi ki, onun xəstəliyi var. Qorxublar ki, vurarıq, birdən polis bölməsində ölər, üstümüzdə qalmasın. Hər kəsin bir qisməti var. İndi ağlayıbsa ağlayıb da…. Əgər Azərbaycan xalqı fikirləşirsə ki, Mehman onların problemini həll edəcək, yanılırlar. Nə Mehman, nə bir qəzet, nə də prezident onun problemini həll edəcək. Xalq öz papağını qabağına qoyub, taleyini özü cızmalıdır. Mehmansa bloqqer, jurnalist, söz çarçısı kimi xalqa lazımdır. Hər kəsin öz üslubu var. Onun üslubu kimlərəsə xoş gəlməyə bilər. Amma bu gün bir çox adam bilmir ki, Emin Hüseynov kimdir. Biz onu yetişdirmiş olsaq da, bu gün küçədə sorğu keçirsəz, Emin Hüseynovu yox, Mehman Hüseynovu tanıyacaqlar. 21-ci əsrin öz qanunları var. Amma Mehman da sıradan insandır, emosiyaları ola bilər. Ağlaması da təbiidir. Əsas odur ki, işini davam etsin. Mənimçün bu durumda qaranlıq qalan həm də nədir, bilirsizmi? Onun ölkədən buraxılmaması. Sanki hakimiyyət ölkənin qapılarını tutub bağlayıb və deyir ki, bu insanlar bayıra buraxılmayacaqlar. Hər bir şeyi orqanik etmək lazımdır. Qapılar hər zaman açıq olmalıdır. Kimsə burda qalmaq istəmirsə, onsuz da çıxıb gedəcək. Ölkədə qalıb işləyən jurnalistlər var. Amma onların durumu hökumətin iradə və dözümlülüyündən asılıdır. Günlərin bir günü beyinləri qızır və sizi götürüb 2 illik təcrid edirlər. Bizim işimiz-gücümüz də o olur ki, sizi həbsxanadan çıxarmaq üçün işlərlə, fərdi müdafiə kampaniyaları keçirməklə məşğul olaq.

“O çilçırağın qiyməti Mehmanın dediyi qədər ola bilməz. Mehmana da deyirəm ki, “AzTV-yə dönmə”

-Bundan sonra Mehmanın həyatı ilə bağlı narahatçılıqlarınız artıbmı? Yoxsa qardaşınıza qarşı mümkün ola biləcək bütün təzyiqlərin edildiyini, bundan sonra rahat fəaliyyətini davam etdirə biləcəyini düşünürsüz?
"Onun ağlaması da, çəkdiyi bahalı lüsturun qiyməti də... saxtadır"
- Azərbaycanda jurnalistlərin tutulması da, buraxılması da adi hala çevrilib. Məmur kimisə tutdura bilir. Amma ölkə konstitusiyasında da qeyd olunub ki, bu ölkədəki hər şeyin məsuliyyəti ölkənin ali rəhbərliyindədir. O da təhlükəsizliyinin təminatçısıdır, qarantıdır. Demirlər ki, ölkədə şəffaflıq, hesabatlılıq artır? Mehman da o istiqamətdə iş görür. İndi zəhmət çəksinlər, Mehmanı qorusunlar. Məni narahat edən nədir? Mehman komandos deyil. Onu tutmaq istəsələr, heç kim qoruya bilməz. Emin Hüseynov da. Onu ancaq Allah-təala qoruya bilər. Getdiyin yerdə başına daş da düşə bilər. O gün Mehman dostları ilə maşınla gedirmiş, sürən də çox təcrübəli deyilmiş, qəza törədib. Allah saxlayıb hamısını. Qəza olanda olur da. Amma mənim qorxduğum odur ki, Azərbaycan kimi ölkələrdə kimsə kimisə bilməyərəkdən, axmaqlıqdan nəsə edə bilər. Bu da taleyin bir işidir. Mehman da öz təhlükəsizliyini özü fikirləşməlidir. Məşhur məsəldə deyildiyi kimi, ehtiyatlı igidin anası ağlamaz. Amma bu mərhələdən sonra durub ona “işini dayandır, filan şeyi yazma, eləmə” deməmişəm, deməyəcəm. Mən ona dost məsləhətini vermişəm ki, “sənə çox adam deyə bilər ki, Kəmaləddin Heydərovdan, Zİya Məmmədovdan yazırsan, İlham Əliyevdən niyə yazmırsan? Bu ölkədə Mehmandan da böyük jurnalistlər var. Məsələn, Xədicə İsmayıl prezidentdən yazıb. Mehmana demişəm ki, sən kalibrini müəyyənləşdir. Özünçün qırmızı xətt saxla, sən prezidentlə zarafat eləmə. Hələ get, növbəti 4-5 ildə Milli Məclisdəki 125 deputatımızdan növbə ilə yaz. Azərbaycan şəraitində birdən-birə dağın başına hoppanmaq da sənə heç nə verməyəcək”. Onsuz da ölkə nə haldadır, reallıqları hamı bilir. Deputatlar xalqın elçiləridir, onlardan yaz, maraqlı olsun. Amma Mehmandan narazı qaldığım məqam nədir? Bəzən qeyri-peşəkarlıq edir, söyüşlər yazır və sair. Bu yaxınlarda Kəmaləddin Heydərovun evi ilə bağlı reportaj hazırlamışdı. Mənə dedilər ki, xəbərin var, Mehman nazirin 1 milyardlıq lüstrünü çəkib? Özü də mənə bunu elə ciddi adam dedi ki, bilsəz, təəccüblənərsiz. Belə baxdım ona, dedim ki, 1 milyardlıq lüstr ola bilməz e. Mənə qayıtdı ki, sən nə danışırsan e, Mehman yazıb, ortaya fakt qoyub ee. (gülür) Adama izah edirəm ki, Mehman kimdir axı belə bir şey sübut eləsin? Mehman “baseyn” çəkə bilər, unitaz çəkə bilər. Lap o unitaz da başdan-ayağa qızıl da olsa, dəyəri 1 milyard ola bilməz. Lüstrləri göstərir və deyir ki, bunların üstü brilyantdır. Mehmana deyirəm ki, səndə hərdən ölçü hissi olmur. 300 min izləyicidən ən azı 3 min nəfər biləcək ki, bu, brilyant ola bilməz, brilyant deyil.

“Özünə də demişəm ki, o boyda təşkilata namizədliyini vermişik, bir az ciddi ol. Bizi orda-burda biabır eləmə. Saçını-başını səliqəyə sal, tədbirlərə gedəndə qalstuk-filan tax, ciddi ol”

-Yəni, bu situasiyada Mehman yalan danışırdı, ya məlumatsızlıqdan hər şeyi şişirdirdi?

-Yox, Mehman məlumatsız idi. Bəlkə mənbə buna şəkilləri göndərib. Tutaq ki, fəhlələr. Məsələn, o hadisədən sonra fəhlələr yazırlar ki, artıq yüksək vəzifəli şəxslərin evində işləyən fəhlələrdən mobil telefonlarını yığıb alırlar ki, belə çəkilişlər etməsinlər. O fotonu göndərən şəxs ola bilər ki, birinin də üstünə beşini qoyub deyir ki, lüstr 1 milyardlıqdır. Mən də Mehmana deyirəm ki, belə məlumatlar gələndə tələsmə. Sən brilyant üzrə mütəxəssis deyilsən, amma mən bir dəfə brilyantlarla bağlı araşdırma hazırlamışdım. Ordan bilirəm ki, o lüstrün qiyməti Mehmanın dediyi qədər ola bilməz. Mehmana da deyirəm ki, “AzTV-yə dönmə”. Xatırlayırsızsa, bir dəfə AzTV Əli İnsanovun evində qızıl külçələr, kərpiclər-filan çəkdiyini iddia etmişdi. Ona görə də Mehmana deyirəm, küyə getmə. O da cavanlıqdan irəli gəlir. Deyirəm, indi yazıbsan yazıbsan. Ciddi adamlar biləcəklər ki, belə şey yoxdur. O lüstr bəlkə də yüz minlərlə, ya da bir milyon dollar dəyərində ola bilər. Amma milyard dollar yox. Hərdən faktları dəqiqliklə yazmaq lazımdır. Hələ onu ölkədən buraxmırlar. Buraxsaydılar, treninqlərdə iştirakını təmin edərdim, bir qədər peşəkarlıq öyrənirdi. Amma bir daha deyim ki, onun bu səhvləri də təcrübəsizlikdən irəli gəlir. Özünə isə demişəm ki, əgər paylaşımlarında, süjetlərində kimsə səhv tapsa, özündə güc tap və sosial şəbəkədə bu səhvini etiraf elə. Videoversiyanı düzəldə bilməsən də, heç olmasa yazıda bu səhvini düzəlt ki, məsələn, çilçıraq 1 milyard dollar yox, 1 milyon manat idi... Bunu demək lazımdır. Amma Mehman bir az tənbəldir. Ona demişəm ki, özünü yığışdır (gülür). Yazdıqlarına görə də demişik ki, nə edirsənsə özünə edirsən. Nəsə yanlış bir material paylaşsan, sabah camaatın gözündən düşəcəksənsə, özünə pislik etmiş olacaqsan. Amma bizim publika da seçə bilmir. Deyir ki, əgər Mehman deyirsə ki, bu lüstr 1 milyardlıqdır, demək ki, 1 milyardlıqdır. Kişi araşdırıb da, bu, qanundur. (gülür).

“Bir trend düşüb, siyasətçilər ağlayırlar. Mən də hərdən düşünürəm, Mehmandan şübhələnirəm ki, bəlkə bu hardansa bu texnikanı öyrənib, xalqın ürəyinə yol tapmaq üçün ağlayır”

-Məsləhətləriniz çoxdur Mehmana deyəsən…

-Ona demişəm ki, heç vaxt jurnalistikanı siyasətə qatma. O səhifə vasitəsilə siyasi çağırışlar etməməli, söyüş söyməməli və faktları təhrif etməməlisən.

-Fikrinizcə, Mehmanı qızışdırırlarmı?

-Bəli. Bir avtobus sürücüsü əlili mindirmirdi. Mehman da onunla dalaşıb, bunu süjet kimi vermişdi. Orda da sürücüyə deyirdi ki, mən Mehman Hüseynovam e. Zəng edib Mehmana dedim ki, Mehman, o sürücü tərbiyəsizlik edib əlili mindirməyibsə, sən də özünü ucuzlaşdırıb deyirsən ki, mən tanınmış bloqqerəm. Ona izah etdim ki, özünü bu cür təqdim etməklə gözdən salmısan. Nolsun Mehmansan? Göydən zənbillə düşməmisən ki? Sabahı gün o gedib həmin sürücüdən üzr istəmişdi. O daydayla barışdılar, şəkil çəkdirdilər. Düzdür, indi nazirlərlə gedib şəkil çəkdirəsi deyil (gülür). Müxalifət partiyaları da bu səhifəni almaq istəyiblər. Bu və ya digər şəkildə ələ almaq arzusunda olublar. Parlament müxalifət partiyaları da bu istəklərini səsləndiriblər. Mehmana demişəm ki, səhifəni satma təklifini mediaya bildir. Qoy bu, bilinsin. Bəlkə Mehman heç 5-10 ildən sonra bu işlə məşğul olmadı? Məsələn, peşəkar vəkil oldu? Amma hələ ki, cavanlıqdır, bloqqer kimi fəaliyyətini davam etdirsin. Özünə də demişəm ki, o boyda təşkilata namizədliyini vermişik, bir az ciddi ol. Bizi orda-burda biabır eləmə. Saçını-başını səliqəyə sal, tədbirlərə gedəndə qalstuk-filan tax, ciddi ol. (gülür) Görək, alınacaqsa alınacaq. Alınmasa 2 il sonra istefa verəcək.

Şərhlər

XƏBƏR LENTİ