yüklənir...
yüklənir...

SONDƏQİQƏ

XalqXəbər.Az
yüklənir...

“Əgər bu dəfə müharibə başlasa...” - Qüdrət Həsənquliyev

“Əgər bu dəfə müharibə başlasa...” - Qüdrət Həsənquliyev
18-07-2018, 10:20 755 dəfə baxılıb

“Biz Qarabağ problemini böyük itkilərsiz həll etmək istəyiriksə, o halda Rusiya ilə anlaşmalıyıq və onu inandırmalıyıq ki, biz sənin bölgədəki maraqlarını qoruyacağıq”. BAXCP sədri, deputat Qüdrət Həsənquliyev bu fikirləri Qarabağ ətrafında yaranmış durumu “Yeni Müsavat”a şərh edərkən bildirdi.

Ermənistanın status-kvonu qorumağa çalışdığı, üstəlik də növbəti mənasız danışıqlarla bağlı prosesə start verildiyi şəraitdə İrəvanın qeyri-konstruktiv davranışları, hətta təhdid bəyanatları yayması prosesin savaşsız nəticə verməyəcəyi qənaətini yaradır. Elə partiya sədri də bu fikirdədir: “Onsuz da Ermənistanın Rusiyanın çevrəsindən uzaqlaşması mümkünsüzdür. Rusiya buna getməyəcəyi təqdirdə, Azərbaycan xalqı ilə açıq danışılmalıdır. O halda Azərbaycan Qarabağ uğrunda ölüm-dirim savaşına girməlidir. Mən hesab edirəm ki, bu halda çox böyük dağıntıları və itkiləri gözümüzün qarşısına almalıyıq. Ona görə ki, Rusiya Ermənistanı da kifayət qədər müasir silahlar, raket kompleksləri ilə təmin edib. Amma yenə də deyirəm, torpağımızı azad etmək istəyiriksə, biz bütün bunları gözümüzün qabağına gətirməliyik, bunu qəbul etməliyik. Vaxtilə də demişdim ki, 1941-ci ildə Azərbaycan əhalisinin sayı təqribən 3 milyona yaxın olub, amma 600 min nəfər müharibəyə gedib və onların da 400 minə yaxını həyatını itirib. Qarabağda 20 min itki vermişik, biz bunu böyük faciə kimi qəbul edirik. Təbii ki, hər bir insanın itkisi faciədir, mən demirəm ki, 20 insanın itkisi faciə deyil. Amma torpağını qorumaq, üstünə gələn işğalçıları torpağından çıxartmaq üçün bu xalq sona qədər vuruşmalıdır. Biz elə bir hərbi güc yaratmalı, formalaşdırmalıyıq ki, ermənilər proseslərin nə ilə bitəcəyini dərk etməlidirlər. Yəni qarşı tərəf birdəfəlik dərk etməlidir ki, onu kim müdafiə edir-etsin, onun tərəfində kim vuruşur-vuruşsun, Azərbaycanın əlindəki hərbi potensial işə düşsə, Ermənistanın elə bir şəhəri, kəndi qalmayacaq ki, viranəyə çevrilməsin. O halda işğalçı ölkədə daş-daş üstündə qalmayacaq”.

Deputat Naxçıvan istiqamətində son aylarda yaşanan gərginlik, ordumuzun uğurlu Günnüt əməliyyatı ilə bağlı səslənən fikirlərə də münasibət bildirdi. Qeyd edək ki, bəzi ekspertlər budəfəki savaşa Naxçıvandakı ordu hissələrinin də qoşulacağını, Ermənistana sarsıdıcı zərbələrin endiriləcəyini bildirirlər. Q.Həsənquliyev bu məsələlərdə daha tədbirli davranmağı zəruri sayır: “Əgər bu dəfə müharibə başlasa, o halda düşünmürəm ki, biz Naxçıvandan hərbi əməliyyatlara başlamalıyıq. Hesab edirəm ki, hərbi əməliyyatlara yalnız Qarabağ istiqamətindən başlamaq lazımdır. Amma bu halda, əgər tutaq ki, Ermənistan açıq formada müharibəyə qatılacaqsa, rəsmən Azərbaycana müharibə elan edəcəksə, o halda, bəli, Azərbaycan nəinki Naxçıvan istiqamətindən, bütün istiqamətlərdən düşmənə zərbə endirməlidir. Amma ilkin mərhələdə hərbi əməliyyatlar ancaq Dağlıq Qarabağın azad olunması istiqamətdən, Ağdam, Füzuli, Cəbrayıl, Tərtər və s. istiqamətindən həyata keçirilməlidir”. Deputat danışıqların perspektivini görməyərək hərbi əməliyyatların real olduğunu da vurğuladı: “Ümumiyyətlə, zaman gəlib çatıb, mənim müşahidələrim də ona əsas verir ki, Azərbaycan hökuməti hərb yolu ilə torpaqları azad etmək istiqamətində ciddi şəkildə düşünür. Artıq məncə, Paşinyanla danışıqlar baş tutmayacağı təqdirdə, hərb variantı gündəmə gələcək, bu, artıq qaçılmazdır. Bundan da sonra müharibə etməyəcəyiksə, bu, o deməkdir ki, biz Qarabağın işğalı ilə sadəcə sözdə barışmayacağıq, amma reallıqda artıq Qarabağın işğalı ilə barışmışıq. Yəni həm xalqımız, həm də dünya birliyi tərəfindən bu cür qəbul olunacaq”.

****

ATƏT-in Minsk Qrupunun təşəbbüsü ilə Brüsseldə baş tutan Azərbaycan-Ermənistan XİN başçılarının görüşünün hansısa nəticələr verəcəyinə əvvəlcədən şübhələr var idi və gözləntilər özünü doğrultdu. Elə İrəvandan səslənən avantürist bəyanatlar, Ermənistan hakimiyyətinin təxribatçı davranışları da bunu sübut edir.

Baş nazir David Paşinyanın ardınca Ermənistanın müdafiə naziri David Tonoyan da oğlunu hərbi xidmətə yollayıb. Musavat.com erməni mediasına istinadən xəbər verir ki, Edqar Tonoyan 16 iyulda hərbi xidmətə gedib. O da Paşinyan kimi, Azərbaycanın işğal olunmuş ərazilərində, Qarabağda xidmət keçəcək. Bu fakt Ermənistan hakimiyyətinin həyasızlığının növbəti nümunəsi olmaqla yanaşı, fərari ermənilərin orduya cəlb olunması istiqamətində atılan addımdır. Xatırladaq ki, erməni ordusunda xidmətdən imtina etmiş 15 min nəfər erməni gənc ölkə xaricinə qaçıb. Amma bütün bunlar ermənilərin öz problemidir. Faktiki olaraq Ermənistan növbəti dəfə beynəlxalq hüquqa tüpürərək işğalçı mövqeyini nümayiş etdirib. Buna isə həm vasitəçi dövlətlər, həm də beynəlxalq təşkilatlar münasibət bildirməli olduqları halda, susurlar.

Beynəlxalq təşkilatların sükutundan şirniklənən Ermənistanın baş naziri Nikol Paşinyan isə daha da azğınlaşır. “Lazım gəlsə, bütün dünya erməniləri Azərbaycana cavab zərbəsi endirmək üçün güclərini əsirgəməyəcək. Məhvinizə az qalır”. Muxalifet.az xəbər verir ki, baş nazir bu sözləri facebook istifadəçilərinin suallarını cavablandırarkən deyib. O bildirib ki, son vaxtlar atəşkəs rejiminin pozulması nadir hallarda olsa da, bölgədəki hərbi-siyasi vəziyyət gərgin olaraq qalır. “İstənilən vaxt erməni tərəfi cavab zərbəsi endirməyə hazır olmalıdır”, - baş nazir qeyd edib. Bu mövqeyindən sonra onunla danışıq aparmağın heç bir mənası qalmır. Yeri gəlmişkən, Azərbaycan prezidenti Ermənistanın keçmiş rəhbərliyini cinayətlərdə ittiham etməklə faktiki olaraq Paşinyana özünü yığışdırmaq üçün şans vermişdi. Amma görünür ki, baş nazir ona verilən fürsətdən faydalanmaq, ağıllı mövqe sərgiləmək istəmir.

Bununla yanaşı, İrəvanda Azərbaycan ordusunun işğal altındakı əraziləri azad etmək üçün yaxın günlərdə hərəkətə keçəcəyinə dair ciddi qorxular var. Publika.az xəbər verir ki, Ermənistanın baş naziri Nikol Paşinyan belə qorxularını açıq şəkildə dilə gətirib. Ermənistanın baş naziri Paşinyan Azərbaycan ordusunun cəbhəyə yeni qüvvələr topladığını iddia edib. “Azərbaycan bu addımla Ermənistan üçün məsələni adiləşdirmək və lazımi anda zərbəni vurmaq istəyir. Orduya əmr vermişəm. Biz hamımız müharibəyə hazır olmalıyıq”, - deyə o bildirib. Paşinyan dünyadakı ermənilərə də səslənib: “Dünyanın hər yerində yaşayan istənilən erməni müharibə başlayacağı təqdirdə Ermənistan ordusunda xidmət etmək üçün hazır olmalıdır”. Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş torpaqlarında yaradılmış qondarma rejimin “prezidentinin” təhlükəsizlik məsələləri üzrə “köməkçisi” Tiqran Abramyan isə müharibənin 10 gün içində başlaya biləcəyini deyib. “Cəbhədəki hərəkətlilik müharibənin 10 gün, yaxud bir ay ərzində başlaya biləcəyini deməyə əsas verir. Azərbaycan faktiki olaraq buna hazırlaşır”, - deyə separatçı iddia edib. Onun iddialarına görə, Azərbaycan Rusiyada keçirilən futbol üzrə dünya çempionatının başa çatmasını gözləyirdi.

Ermənistan tərəfi Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar zamanı, müəyyən beynəlxalq tədbirlər ərəfəsində cəbhə bölgəsində gərginlik yaratmağa, təxribatlar törətməyə cəhd edir. Son günlər ölkəmizdə yaşanan hadisələrdən istifadə edən düşmənin kəşfiyyat-diversiya qrupu Azərbaycan-Ermənistan dövlət sərhədinin Qazax rayonu istiqamətində qoşunların təmas xəttini keçməyə cəhd göstərib. Bölmələrimizin sayıqlığı nəticəsində düşmənin təxribat cəhdinin qarşısı alınıb və itkilər verərək geri çəkilməyə məcbur edilən qrupun bir üzvü-1984-cü il təvəllüdlü Karen Kazaryan əsir götürülüb. Ehtiyatda olan polkovnik Şair Ramaldanov azvision.az-a bildirib ki, düşmənin təxribata əl atması bizim üçün gözləniləndir, çünki Ermənistan tərəfi bundan əvvəl də dəfələrlə diversiya hücumlarına cəhd göstərib. Ehtiyatda olan polkovnik qeyd edib ki, düşmənin yeni təxribatları gözlənilir: “Biz düşmənin növbəti təxribatlarını gözləyirik. Ordumuz istənilən təxribatın qarşısını almağa tam hazırdır”.

Ehtiyatda olan general Yaşar Aydəmirov da savaşın an məsələsi olduğu qənaətindədir. N.Paşinyanın ardınca Ermənistanın müdafiə nazirinin də öz oğlunu işğal zonasına göndərməsini növbəti təxribat hesab edən Y.Aydəmirov bunu həm də Ermənistan hakimiyyətinin əl atdığı ucuz təbliğat metodu adlandırdı: “Bu, ucuz bir reklamdır, xal qazanmaq cəhdidir. Görək onların oğulları ön xətdəki postlarda dayanacaqlarmı? Nəinki dayanmayacaqlar, hətta onları mühafizə etmək üçün əlavə əsgər və zabitlər ayrılacaq, hər gün də İrəvana məruzə olunacaq ki, ”oğullarınız sağ-salamatdır". Y.Aydəmirov Ermənistan hakimiyyətinin bütün sədləri aşdığı qənaətindədir: “Sənin Qarabağda nə işin var?” General bildirdi ki, ermənilərin “10 günə savaş başlaya bilər” açıqlaması təəccüblü deyil: “Savaş nəinki 10 gündən sonra, 10 saatdan sonra da başlaya bilər. Bunlar görün nə qədər qudurublar ki, Ermənistan-Azərbaycan dövlət sərhədi istiqamətindən təxribatçı qrup göndərirlər. Ona görə də işğalçının payını vermək lazımdır. Azərbaycan hər an savaşa hazırlaşır. Keçirilən hərbi təlimlərin 99 faizi hücumla bağlıdır. Ermənilər həm Qərbi Azərbaycanı, həm də Qarabağı işğal ediblər. Bizim tam haqqımız var ki, torpaqlarımızı azad edək”.


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

15-10-2018

BÜTÜN XƏBƏRLƏR
GÜNDƏM
yüklənir...
FACEBOOK SƏHİFƏMİZ
SONDƏQİQƏ