yüklənir...
yüklənir...

SONDƏQİQƏ

XalqXəbər.Az
yüklənir...

Rektor universitetdəki maxinasiyaların üstünü necə açdı: “Dərhal 200 nəfəri ixtisar etdik”

Rektor universitetdəki maxinasiyaların üstünü necə açdı: “Dərhal 200 nəfəri ixtisar etdik”
10-05-2018, 12:48 770 dəfə baxılıb

Xalqxeber.Az Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru, professor Mustafa Babanlının azedu.az saytına müsahibəsini təqdim edir:

- Mustafa müəllim, rektor təyin edildiyiniz zaman, 2015-ci ilin payızında, sizinlə müsahibədə qarşıdakı 5 ildə görəcəyiniz işlərdən söhbət açmışdınız. Bu 3 il ərzində xeyli iş görülüb, layihələr həyata keçirilib. Söhbətimizə də elə buradan başlayaq…
- Ümumiyyətlə, ali məktəb və orada gedən proseslər cəmiyyət üçün həmişə maraqlı olub. Azərbaycan xalqı bütün dövrlərdə elm və təhsilə yüksək qiymət verib. Məhz buna görə, universitetlər diqqət mərkəzində saxlanılır. Azərbaycan Dövlət Neft və Sənaye Universiteti də Azərbaycan xalqının həyatında müstəsna rola malik universitetlərdəndir. Biz də öz fəaliyyətimizdə işimizi elə qurmağa çalışırıq ki, geriyə baxanda peşman olmayaq. Bu illər ərzində islahatlara ilk növbədə sturkturun təkmilləşdirilməsindən başladıq. Lüzumsuz sturkturları aradan götürdük və real nəticə verən, ölkənin prioritet istiqamətlərinə xidmət edən sahələri inkişaf etdirməyə çalışdıq.

- "Lüzumsuz strukturlar” dediniz… Onların ləğvi ADNSU-ya nə qazandırdı?
- İlk aylarda faktiki olaraq işə cəlb olunmayıb, adı işdə gedən 200-ə yaxın müxtəlif işçini ixtisara saldıq. Bu cür struktur dəyişikliyi sayəsində əmək haqqını qısa bir zamanda, orta hesabla, təxminən 2 dəfə artıra bildik. Qeyd edim ki, o zaman universitet büdcəsi də kifayət qədər yaxşı deyildi, tələbə sayı isə təxminən, 7500 nəfər təşkil edirdi. Əgər biz şəffaf sistem, müasir ali məktəb qururduqsa, köçürmə olmadan imtahan prosesi yaratmağı planlaşdırırdıqsa, sözsüz ki, perspektivə hesablanan addımlar atmalıydıq.

Tələbələrin təqaüdlərində seçim düzgün olunmalıdır, haqqı çatan təqaüd almalıdır. Müəllimlərin də həvəsli fəaliyyəti üçün məvacibi kifayət qədər olmalıdır. Hələ Azərbaycan manatının dollara nisbəti bərabər olduğu vaxtlarda bu işi həyata keçirdik. Beləliklə, insanlarda işə rəğbət yarandı. Həmin vaxtlarda universitetdə kafedraların sayı 50-ə yaxın idi. Dərs bölgüsünə də əl gəzdirildi, lüzumsuz bölmələr, qruplarda süni artırılmış saatlar yığışdırıldı. Təsəvvür edin, bir ildə 40.120 saat ixtisara salındı. Bu isə, orta hesabla 80 müəllimin dərs yükü deməkdir. Deməli, ixtisara qədər düz 80 müəllim bu saatları lazımsız yerə qazanıblar. Daha sonra tədris proqramlarına baxıldı. Qarşıya qoyduğumuz əsas məqsədlərdən olan tədrisin keyfiyyətinin yaxşılaşdırılmasına, daha hazırlıqlı tələbələrin tədrisə cəlb olunmasına hesablanmış addımlar atmağa başladıq. Bizim üçün universitetə qəbul olan tələbələrin sayının ölkənin prioritet istiqamətlərinə uyğun gələn ixtisasların hesabına artırmaq vacib idi. Əlavə olaraq, ən önəmli məsələlərdən biri də, ingilisdilli təhsili bərqərar etmək idi. Düzdür, ADNSU-da 2015-ci ilə qədər də ingilisdilli təhsil var idi, lakin bu epizodik xarakter daşıyırdı. Aparılan islahatlar nəticəsində biz artıq 2016/2017-ci tədris ilindən ingilisdilli təhsil sahəsində nəzərəçarpacaq uğurlar əldə etdik. 2017/2018-ci tədris ilindən isə 500 nəfərdən çox ADNSU tələbəsi 21 ixtisas üzrə ingilis dilində tədris alır. İlk dəfə olaraq ingilis dilində təhsil alan tələbələrin sayı rus bölməsində təhsil alan tələbələrin sayından çoxdur.

Bildiyiniz kimi, "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nı qazanan təxminən 5 min gənc dünyanın top 100-universitetində təhsil almalı idilər. Layihə uğurla həyata keçirildi və yekunlaşır. 3500-dən artıq Azərbaycan gənci 3 səviyyədə (bakalavriat, magistratura, doktorantura) təhsillərini əsasən başa vurub və ya təhsillərinin son mərhələsindədirlər. Məzun olan gənclər hazırda müxtəlif qurumlarda, o cümlədən universitetimizdə də müxtəlif vəzifələrdə, hətta dekan müavini vəzifəsində çalışırlar. Onların da gücündən yararlanaraq biz işlərimizi zamanla təkmilləşdiririk.

- Hazırda ADNSU-nun magistratura və doktorantura pillələrində təhsilin, həmçinin, ingilisdilli tədrisin ötən illərə nisbətdə xeyli inkişaf etdiyini deyirlər. Bu istiqamətdə nə kimi işlər gördünüz?
- İngilis dilinin tədrisinə əvvəlcə 14 ixtisasda başladıq. Təhsilə başlamaq asan iş deyil, 2015/2016-cı tədris ili bizim üçün hazırlıq mərhələsi idi. Çünki dil daşıyıcılarını tapmaq, əlaqələrin qurulması və s. hamısı vaxt, əziyyət tələb edir. 2016/2017-ci tədris ilində təxminən 250-ə yaxın tələbə ingilis qruplarına qəbul oldu. Keçən il isə UFAZ ( Azərbaycan-Fransız Universiteti) da daxil olmaqla 500-dən çox tələbə ingilis dilində 21 ixtisas üzrə təhsil almağa başlayıb. Bakalavr pilləsi üzrə 2015/2016-cı tədris ilində qəbul 1970 nəfər idisə, 2017/2018-ci tədris ilində 2618 nəfəri bakalavr pilləsinə qəbul etmişik.

Ümumiyyətlə, plan yeri ayıranda ilk növbədə ölkəmizin prioritet istiqamətlər üzrə ehtiyaclarını nəzərə alırıq. Universitetin material texniki bazası, müəllim hazırlığı, həmin ixtisaslar üzrə tədris proqramlarının keyfiyyəti, laborator - texniki baza və s. nəzərə alınaraq qəbul planı hazırlanır. ADNSU-nun magistratura pilləsinin bu qədər rəğbət qazanması, sözsüz ki, atılan addımlarla bağlıdır. 2017/2018-ci tədris ilində magistraturaya 511 nəfər qəbul olunub. Təsəvvür edin, 2015/2016-cı tədris ilində magistratura pilləsi üzrə təhsilalanların sayı 384 nəfər idisə, hazırda onların sayı 1100 nəfərdən artıqdır. Qeyd etmək yerinə düşər ki, magistrantların orta qəbul balı 2016-2017-ci tədris ilində 68 bal olmuşdusa, cari tədris ilində bu göstərici 100.6 bal təşkil edib.

Doktorantura pilləsinə də qəbul planını tavandan götürüb yazmırıq. Ölkənin bu istiqamətdə ehtiyaclarını və universitetin elmi potensialının həmin doktorantın yetişdirilməsinə necə cavab verəcəyi nəzərə alınır. Üstəgəl, doktorantları cəlb etmək üçün kafedra və laboratoriyalarda müəllimlərin və elmi işçilərin yaş hədlərini analiz edirik.

Üç mənbədən məlumat alaraq, qəbul planını formalaşdırırıq. Birinci, əvvəlki illərdə, müxtəlif səbəblərdən narazı qalıb doktoranturaya qəbul oluna bilməyənlərin istəkləri nəzərə alınır. İkinci, son kursda təhsil alan magistrantlar arasında, onların doktoranturaya həvəsləri öyrənilərək anket sorğusu aparılır, e-mail ünvanları götürülür. Çünki magistraturadan yay aylarında məzun olurlar, doktoranturaya qəbul isə noyabr ayında elan olunur. Bu vaxt ərzində, o insanları itirə bilərik. Bu səbəblə onlarla daim əlaqədə oluruq. Üçüncü isə, ölkədə həm elmi, həm də iqtisadiyyatın inkişaf istiqamətləri üzrə görülən işlər araşdırılır. Bütün məsələlər nəzərə alındıqdan sonra, qəbul planını hazırlayırıq.

Bir də, xaricdə oxuyub gələn tələbələrlə kontaktlar qururuq. Bu il ADNSU-ya xaricdə magistratura təhsili alan 48 nəfər doktorantura üçün sənəd verib və qəbul olunanlar da az olmayıb. Lakin bizim tələbələrin xaricdən gələnlərdən daha yaxşı nəticə göstərdiyi hallar da çox olur. 2017-2018-ci tədris ili üçün, doktoranturaya 78 ödənişsiz, 42 ödənişli olmaqla, 120 yer ayrılmışdı. Ayrılan plan yerlərinə qarşı 170 nəfər sənəd vermişdi. Qısa müddətdə doktoranturaya yaratdığımız meyllilik bizi məmnun etdi.

Bəs nə üçün magistratura və doktoranturaya çox önəm veririk? Zənnimcə, elmi tətqiqat işləri aparılmayan, elm olmayan yerdə universiteti inkişaf etdirmək mümkün deyil. Universiteti digər təhsil ocaqlarından fərqləndirən onun elmi mahiyyət kəsb etməsi, orada müasir elmi düşüncənin olmasıdır. Əgər elm yoxdursa, o müəssisə ən yaxşı halda, ya texniki peşə məktəbi, ya da kollecdir. Ona görə də elmi inkişaf etdirərək sənayeyə, iqtisadiyyata birbaşa töhfə verməliyik. Ölkəmizə çoxlu sayda müasir texnologiya gətirilib. Ölkəmizin elmi potensialı bizə bu texnologiyaları təkmilləşdirməyə imkan verməlidir. Elmi inkişaf etdirməklə özümüzün də texnologiyalara qatqımız olmalıdır.

- Vacib bir məqamı qeyd etdiniz. Etiraf edək ki, Azərbaycan təhsil sistemində elm və təhsilin inteqrasiyası hər zaman yaxşı səviyyədə olmayıb. Bəs, bu inteqrasiyanın zəifliyi istəklərinizi gerçəkləşdirməyinizə nə dərəcədə mane olur?
- Universitetə rəhbərlik etdiyim bu illər ərzində qeyd olunan mövzu ilə çox məşğul olduğum üçün sizə dəqiq məlumat verə bilərəm. Son illər Təhsil Nazirliyi və Elmlər Akademiyasının rəhbərliyi elm və təhsilin inteqrasiyasına dair çox uğurlu addımlar atıblar. Ən geniş və davamlı layihə isə Elmlər Akademiyasının institutları ilə universitetlərin ikili müqavilələrinin imzalanması - ali məktəblərin baza kafedralarının həmin institutlarda açılması, müştərək elmi layihələrin həyata keçirilməsidir. Məsələn, Azərbaycan Prezidenti yanında Elmin İnkişafı Fondu ikili müsabiqə elan edib. Bir qrup Akademiyanın institutlarından, bir qrup isə universitetlərdən olmaqla müştərək ideyaya köklənən layihələr irəli sürülməlidir. Bu yaxınlarda, həmin layihənin qalibləri müəyyən ediləcək. Bizim universitetdən 10-dan artıq layihə verilib. Bu, inteqrasiyanın bariz nümunəsidir. Layihə sayəsində akademiyada olan avadanlıqlar universitetlər üçün, ali məktəblərdəki mənbələr də akademiya işçiləri üçün əlçatan olur. Bundan başqa, Elmlər Akademiyasının yekun iclası ilə, Təhsil Nazirliyinin kollegiya iclasının bir yerdə keçirilməsi, üstəlik, AMEA-da magistratura pilləsinin açılması elmlə təhsilin birbaşa inteqrasiyasına yaxşı nümunələrdir.

Düşünürəm, son bir ildə elmlə təhsilin inteqrasiyası istiqamətində, ölkə olaraq, ciddi addımlar atmışıq. Bunun ən gözəl nümunəsi də, orta məktəblərdə təşkil edilən "Sabahın alimləri” müsabiqəsində həm təhsil naziri, həm də akademiya prezidentinin şəxsən iştirak etməsidir. Layihə çərçivəsində, gənc istedadlar hazırladıqları yeni Start Up ideyalarını təqdim edirlər. Biz - bir sıra universitet rektorları da orada iştirak edirik. Oradakı istedadlı uşaqlarla tələbələrimizin görüşlərini təşkil edir, onları universitetimizdəki "eazi START” Startap və İnnovasiya Mərkəzi ilə tanış edirik.

- Sizcə, Azərbaycanda orta məktəblər, "sabahın alimləri bankı” funksiyasını yerinə yetirə bilirmi?
- Bu məsələlərdə irəliləyiş olduqca çoxdur. Lakin faktiki olaraq, Dövlət İmtahan Mərkəzinin statistik göstəricilərinə nəzər yetirsək, mənfi cavab verəcəm. Əslində, universitet olaraq, şikayət etməyə haqqımız yoxdur. Çünki, I qrup üzrə ən yüksək nəticə göstərən abituriyentlərin əksəriyyəti bizim universiteti seçir. Yəni, abituriyentin səviyyəsindən şikayət etməyə ixtiyarı olan universitet deyilik. Təhsil Nazirliyinin balansında olan 20 universitet və bütün qruplar nəzərə alınmaqla, Neft və Sənaye Universiteti ikinci yerdədir. Biz 9% II qrup, qalanı isə I olmaqla, 2 qrup üzrə qəbul aparırıq.

Ümumiyyətlə, bu gün ADNSU-da tələbələrin təqribən 75%-i ödənişsiz təhsil alır. Bu, böyük göstəricidir. Digər ali məktəblərlə müqayisədə biz daha yüksək orta balla tələbə qəbul edirik – UFAZ nəzərə alınmaqla ADNSU-ya orta qəbul balı 439-dur.

Azərbaycanda sosial təhsilin keyfiyyət səviyyəsi məni daim düşündürür. Təəssüf ki, ölkəmiz inkişaf edərək bu günkü səviyyəyə yüksəlsə də ailələr şagirdə kifayət qədər sosial təhsil vermir və uşaqları məktəbə hazırlaya bilmirlər. Bu, gecikir. Lakin qeyd etmək yerinə düşər ki, Təhsil Nazirliyi son dövrlər, sosial təhsilin artırılması və yaxşılaşdırılması ilə bağlı müəyyən addımlar atıb. Faktiki olaraq, qısa zaman kəsiyində 5 yaşlı uşaqların 65%-ə yaxın hissəsinin hazırlıq qruplarına cəlb olunması böyük göstəricidir.

Düşünürəm, Fransada 2019-cu ildən başlayaraq icbari təhsil yaşının 3-ə endirildiyi kimi, Azərbaycanda da uşaqlar ümumi orta təhsilə 3-4 yaşından etibarən cəlb olunmalıdır. Təbii ki, bu yaşda təhsilə başlayan kimi uşağa yazmaq, oxumaq və digər məsələlərin öyrədilməsinin tərəfdarı deyiləm. Zənnimcə, 3 yaşından etibarən, təkcə sosial təhsil verilməli və uşaqlara, mütləq, təhsiləmeyllilik aşılanmalıdır.

Misal üçün, Belarusiyanın əhalisi (9.5 milyon) təxminən, bizim əhali qədərdir. Belarusiyada 410 min tələbə olduğu halda, Azərbaycandakı tələbələrin sayı 160 mini keçmir. Yenə vurğulayıram, biz təhsilə və elmə meylli xalqıq. Lakin Azərbaycan gəncinin ölkədən çıxmadan təhsil alması üçün həvəsləndirici sistem qurulmalıdır. Qardaş Türkiyənin bunu bacardığının şahidiyik. Artıq türkiyəli tələbələr praktiki olaraq Azərbaycanda yoxdur. Onlar öz ölkələrini seçib, Türkiyədə təhsil alırlar. Başa düşürəm, təhsilə yanaşma bir günün içində dəyişə bilməz, amma aşağı bal topladıqlarına görə Azərbaycanda tələbə adını qazana bilməyənlər xaricə meyllənirlər və ölkədən kənara valyuta çıxır. Tələbələrin seçdiyi universitetlərdə təhsilhaqqı pulsuz olsa da, yaşam xərcləri çox olur.

Gürcüstan təhsil naziri bu yaxınlarda bizim universitetə gəldi. Onun sözlərinə görə, Gürcüstanda oxuyan xarici tələbələrin sayı baxımından Azərbaycan ikinci yerdədir. Ukraynanın Poltava Universitetinin rektoru da açıqladı ki, Ukraynadakı xarici tələbələrin çoxunu azərbaycanlılar təşkil edir. Fantastik rəqəmlər olsa da, minlərlə azərbaycanlı gəncin bu gün Belarusiya, Türkiyə, Ukrayna, Rusiya və digər qonşu ölkələrdə ali təhsil almaları həqiqətdir.

Universitet olaraq, biz say deyil, əsasən, keyfiyyətə diqqət yetiririk. ADNSU-da təhsil almaq o qədər asan deyil. Universitetdə proqramları gücləndirməyə başlamışıq. Əvvəlcə, tələbələri sadələşdirilmiş proqramımızla təhsilə cəlb etdik. Sonra hər semestr proqramı 5-10% çətinləşdirməyə başladıq. Beləliklə, tələbələr savadlı yetişdiklərini hiss edirlər. Magistratura pilləsinə qəbul olunanda 42% digər universitet tələbələri, 58% isə öz tələbələrimiz olur. Biz ADNSU tələbələrinin digərlərindən kəskin üstünlüyünün şahidi oluruq. Bu, bir tərəfdən yaxşıdır, ikinci bir tərəfdən isə bizə bir az da olsa çətinlik yaradır. Ona görə də ümumilikdə bütün ali təhsil ocaqlarında təhsil səviyyəsinin yüksək olması olduqca vacib məsələdir.

- Qeyd etdiniz ki, bu illər üçün hesablanmış planlarınızın artıq 80%-ni həyata keçirmisiniz. Maraqlıdır, hansı hədəflərinizə çata bilməmisiniz və buna nələr səbəb olub?
- Daha çox xarici vətəndaşın universitetimizdə təhsil almasını istəyirəm. Rektor təyin olunandan bəri bu sahədə ürəyimdən keçən bütün hədəflərə nail ola bilməmişəm. Düzdür, nisbətən irəliləyiş var, çünki bu istiqamətdə ciddi addımlar atmışıq. Nəticədə əcnəbi tələbələrin sayı 300-dən 500 nəfərə qədər artıb. Əvvəla, 8 ixtisasımızı Avropanın ən ciddi akkreditə təşkilatlarında qeydiyyata salmışıq. Bilirsiniz ki, xaricilər akkreditə olunmuş ixtisaslarda təhsil almağa meyllidirlər. Bu prosesi davam etdirərək növbəti il üçün daha 5 ixtisası da akkreditə üçün hazırlayırıq. İkincisi isə, biz tam dərk edirik ki, bu dəqiqə Almaniyadan, İngiltərədən tələbə cəlb edib onlara təhsil verməyimiz real deyil. Ona görə, ənənəvi "bazarı” - Yaxın Şərq, Afrika və Cənubi Amerika ölkələri ilə əlaqələri bərpa etməyə çalışırıq. İraq, İran, Pakistan, Hindistan, Banqladeş, Vyetnam, Qazaxıstan, Rusiya, Ukrayna, Belarusiya bazarını da əhatə etmək üçün əlimizdən gələni edirik. Bu istiqamətdə atılan addımlardan biri də, Çinlə müqavilə imzalamağımızdır. Müqaviləyə əsasən, sentyabrdan etibarən subbakalvr təhsili almış 200 çinli tələbə ADNSU-da oxuya bilər. Banqladeşdə tenderdə qalib gələrək neft-qaz layihələrində iştirak edən tərəfdaşımız Socar-AQŞ-nin universitetimizi neft və sənaye üçün kadrlar hazırlayan yüksək səviyyəli ali məktəb kimi təqdim etməsi həmin ölkənin ADNSU-ya marağının artmasına səbəb olub. Pakistan, Hindistan tərəfindən də universitetimizə marağın artdığı müşahidə olunur.

Bütün bunlarla yanaşı, məni gündəlik narahat edən məsələ elmin inkişafıdır. Universitetlər, innovativ elmdən, innovativ texnologiyalardan qazanmalıdır. Bununla bağlı bir sıra əcnəbi ali təhsil ocaqları ilə əlaqələr qurmuşuq. ADNSU-da işlər yaxşı qurulub, amma tədrisin keyfiyyətini yaxşılaşdırmaq müəllimlərdən asılıdır. Universitet üçün müəllim, kadr faktoru çox önəmlidir. Kadr zəif olan yerdə ciddi nəsə etmək mümkün deyil. Siyasətimiz elə qurulmalıdır ki, gəncləri işə cəlb edəndə yaşlıların xətrinə dəyməsin, onlar yavaş - yavaş biliklərini ötürüb gedə bilsinlər. Bu dəqiqə universitetdə 93 yaşında professor fəaliyyət göstərir. Tələbə üçün onu qavramaq çox çətindir. Düşünürəm, zamanla bu işlər həllini tapacaq. Gənclərin ali təhsil müəssisələrində pedaqoji fəaliyyətə və elmi tədqiqatlara cəlb olunmasının stimullaşdırılması yollarını axtarırıq.

- Amma qocaman alimlərin təcrübə və elmə fanatik bağlılığı çox zaman cavanları üstələyir. Bu üstünlüklər onlarla əməkdaşlığı davam etdirməyə imkan vermirmi?
- Aktiv tədris və elmlə məşğul olmaq ayrı-ayrı məsələlərdir. Elmi araşdırmalarda yaşdan asılı olmayaraq, heç bir məhdudiyyət qoyulmur. Tədrisə gəldikdə isə, insanın fiziki cəhətdən bildiklərini çatdırması məsələsi var. İndiki gənc çox yaşlı pedaqoqa qulaq asmaq istəmir. Onun səs tembri, tədris metodikası, yanaşma tərzi uyğun gəlmir. Tamam başqa-başqa müstəvilərdə danışılır və dinlənilir. Bu özü də, universitetdə müəyyən qədər nizam intizamın pozulmasına gətirib çıxarır. 93 yaşlı müəllim 80 nəfərlik auditoriyada tədris apara bilməz. Ona görə də belə müəllimlər məsləhətçi - professor təyin edilir. Magistrantlara gəldikdə isə onlar, artıq işləyirlər və yetəri qədər müasir texnologiyadan anlayışlıdırlar. Müasir texnologiyalardan və ya elmi nailiyyətlərdən məlumatı az olan professorun ona verdiyi dünənə aiddir, dünənki gündür. Texnologiyalar Azərbaycana gətirilir, lakin yeni avadanlıqlarla işləyən kadrlar universitetlərdə yetişdirilməlidir. Bu müəllim "maus”u tutub kursoru idarə edə bilmirsə, müasir texnologiyalarla işləyən magistranta necə təhsil versin? Məncə, çox yaşlı müəllimlərin yalnız məsləhətçi qismində işləməsi mümkündür. Müəyyən yaşdan sonra böyük auditoriyalarda aktiv tədris aparmaq çox çətindir.

- Azərbaycan ali məktəbləri dünyanın reytinq cədvəllərində təəssüf ki, ürəkaçan yerdə deyillər. Biz bu istiqamətdə niyə irəliləyə bilmədik?
- Universitetlərin reytinq məsələsi artıq oyuncağa çevrilib. O qədər çox reytinq şkalaları meydana gəlib ki, hər region üzrə kriteriyalar müəyyənləşdirilir. Amma yenə də, QS və Şanxay dünya universitetlərinin akademik reytinq sistemləri ən çox qüvvədə qalanlardır. QS-lə biz artıq əməkdaşlıq etməyə başlamışıq və növbəti ildə ADNSU da bu yarışmada iştirak edəcək. Burada bir sıra faktorlar əsas götürülür: yataqxanalar, universitetin material-texniki bazası, alimlərin elmi məqalələrinin dərci, kitabların nüfuzlu kitabxanalarda paylanması, redaktorluq, məzunların nə qədər tez iş tapması və s. Bu faktorlardan ən əsası isə universitet alimlərinin elmi dərcləri ilə bağlıdır. Qlobal elmi analitik informasiya bazaları ilə əlaqələrimizi genişləndirilməsi istiqamətində addımlar atdıq. Azərbaycan Respublikasının Təhsil Nazirliyinin müqavilə imzaladığı "Thomson Reuters” şirkəti ilə əməkdaşlığa başladıq. Onu da qeyd etmək lazımdır ki, analitik mənbələrin bizim alim və tələbələrimizə əlçatan olması üçün Azərbaycan Universitetlərinin hamısı kifayət qədər böyük məbləğ ödəyir. Sonra, gördük ki, QS daha çox "Elsevier” və Scopus iri elmi informasiya və analitika şirkət və bazalarına meyllənir. Ondan sonra biz də həmin jurnalı ciddi nəzərə almağa məcbur olduq. Bu məsələdə, yenə də əvvəlki cavabımın üzərində dayanıram. Biz işimizi düzgün istiqamətlərdə görməliyik. Reytinq məsələsində sizə ilk 5 il üçün birinci minliyə, ən ideal halda isə birinci 700-liyə düşməyi söz vermişdik. Ondan sonrakı ikinci 5 ildə, yəni 2025-ci idə qədər isə birinci 300-lüyə düşməliyik.

Düzdür, QS-də müəyyən yerə sahiblənmək istəməyimiz sizdə sual yarada bilər ki, hansı işlərinizlə özünüzü bu uğura layiq bilirsiniz? Qeyd edim ki, universitet olaraq biz, super kompüter yaradılması, sənaye-universitet əlaqələrinin yaxşılaşdırılması və s. istiqamətlərdə çox ciddi işlər görürük. Bunların hamısı gələcək üçün hesablanmış addımlardır. Bu gün üçün əsas istiqamətlərdən biri universitetdə nüfuzlu jurnal dərc etməkdir. Birinci addımda, nüfuzlu insanlar jurnalda dərc olunmağa razılıq verməlidirlər. Bu asan məsələ deyil. Üstəgəl, universitetin material-texniki bazasının yaxşılaşdırılması üçün hər il bir milyon, milyon yarım pul xərcləyirik. Bu ildən etibarən kitabxananı yenidən qururuq. Bu ilin sentyabrın sonundan etibarən kitabxana, çox güman ki, tələbələrin ixtiyarına veriləcək.


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

22-06-2018

BÜTÜN XƏBƏRLƏR
GÜNDƏM
yüklənir...
FACEBOOK SƏHİFƏMİZ
SONDƏQİQƏ