XalqXəbər.Az

Gülər Əhmədovadan sensasion açıqlamalar

yüklənir...
Gülər Əhmədovadan sensasion açıqlamalar
20-04-2018, 10:07
yüklənir...

Siyasətə atılanın cinsi olmur. Qadınsan, ya kişi, fərq etməz, siyasətçisən, siyasətdəsənsə, deməli, varsan və ictimai fiqursan. Girişi olub, çıxışı olmayan oyundasan. Bir məqam da olur ki, alət eləyirlər səni. Daha böyük hədəfləri vurmaq üçün silah olursan. Təzyiqə də, tərifə də rast gəlirsən, xəyanətə də uğrayırsan, rəzalət də yaşayırsan. Sonra hamı üzünə gülümsəyir.

Rəzaləti yaşadanlar da, səni alət edənlər də. Heç bəlli də olmur ki, günahın nə qədər idi. Ya da elə yaşadıqlarının hamısı qədər idi. Yəni talehin bu idi. Yenə də susursan, kimin səni hədəf seçdiyini də bilirsən. Bilə-bilə gülümsəməli olursan. Oyunların içindəsən, “mətbəxindəsən” deyə. Bəzən öz mətbəxində “vurulursan”. Məqsəd təkcə səni yıxmaq deyil. Hədəfə alan adamlar üçün sən ən xırda fiqursan. Əslində məqsəd daha böyük maraqları və fiqurları hədəfləməkdir. Sadəcə, hədəfdə daha kiçik fiqur görünməlidir ki, mahiyyəti aydın bəlli olmasın oyunların. Bir az belə idi onun situasiyası. Amma qəfil dəyişdi vəziyyət. Əslində qəfil olmadı bəlkə, adamlara qəfil olduğunu göstərdilər. İndi azadlıqda, amma bütün “qalaları” əldən vermiş təsiri bağışlayır. Olsun, əsas odur ki, ayağını yerə basa bildi o boyda siyasi skandalın ardından. Bəzən məəttəl də qalırsan, həmin hadisələrdən, sağlam çıxmağın sirri nədə idi? Doğrudanmı, ayaq üstədir ətrafındakı qalmaqaldan, skandallardan və həbs həyatından sonra keçmiş deputat Gülər Əhmədova? Elə bundan başladıq, mən daxil çoxuna maraqlı sualdan...

- Doğrudanmı ayaq üstəsiniz?

- Düzü yıxılmamışdım ki, ayağa da duram.

- Həbsiniz yıxılmamış halınız idi?

- Bəli. Həm də yıxılanın belə durmaq hüququ var. Mənə görə “necə durdu?” təlaşını yaşayanlar bunu bilməlidir: Bütün yıxılanlar, bir gün ayağa durur. Düzü, mənəvi yıxılsaydım, ağır gələrdi. Şükürlər olsun, elə yıxılmadım. Adamı güllələmək də olar, asıb edam eləyə də bilərlər, hər şeyini ala da bilərlər, hətta yandırarlar da, amma bu onun yıxılması anlamına gəlməz. Bu, öldürməkdir, yıxmaq yox.

- Bəlkə “öldürüblər” deyək o zaman...

- İkisi də Allahın işidir. Allah öldürməsə öldürmək, yıxmasa yıxmaq olmur. Bir də adamın özü var. Özünü ölmüş, yıxılmış bildinsə, məsələ bitmişdir.

- Onda belə çıxır ki, Allah həm də adam haqda qərar verəndə, özünün özüylə bağlı qənaətinə baxır...

- Birmənalı belə olduğunu düşünürəm. İnsanı yıxan da, qaldıran da özüdür. Kimsə kimsəni özü kimi “vura” bilməz. İnsanlar bir-birilərinə fiziki varlıq kimi baxırlar. İnsan həm də fiziki varlıqdır, təkcə fiziki varlıq deyil.

- Çox maraqlı, zəngin çevrən olur. Düşünürsən, çoxlu sadiq dostlar, yaxşı insanlar, bir sözlə, hər şeylə əhatə olunmusan. Birdən ayılırsan ki, belə deyilmiş. Sizdə buna yaxın bir şey oldu, məncə. Bunu yaşamaq nə deməkdir?..

- Heç vaxt heç kimdə yanılmamışam. Kimdə nə hiss eləmişəmsə, o adam həmin şeyi edib. Yəni əslində çevrədə kimin necə ola biləcəyini, necəliyini bilmişəm. Gözlədiyim adamlardan aşağı yuxarı, azca fərqlə elə gözlədiyim şeyləri gördüm.

- Bunları əvvəlcədən bilə-bilə gülümsəmək nəyə lazım idi onda?

- İndi də bilə-bilə gülümsəyirəm. Normal reaksiyadır. Mənim içimdə qəzəb, nifrət yoxdur. Avropa Məhkəməsini də, AŞPA-nı da yaxşı tanıyıram. AB-nin də işində iştirak etmişəm. AŞPA-nın iki il Azərbaycanda qadın hüquqları ilə bağlı milli koordinatoru da olmuşam. Hamısı boş şeydir. Bu ölkədəki hüquq müdafiəçilərini də tanıyıram. Fransa - Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri olmuşam zamanında. Sadalayıram ona görə ki, indi bunlar yoxdur. İndi mən burdayam, yerimdə, mövqeyimdə, əqidəmdə, həmənki adamam. Məndə nəsə dəyişməyib. Düzünü deyim adamlara baxırdım, bilirdim dar məqam olsa kim qaça bilər, kim qala bilər, kim üzə durar, kim eləmədiyim işə şahidlik eləyər. Yəni insanları proqnozlaşdırmaq mümkündür.

- “O hadisələrdə” deyirəm bayaqdan. Yəni əslində sizə toxunmasını istəmirəm sözlərimin, amma daha əvəzləyici qalmadı, içəridə ixisasınız sizə nə qədər yardım edə bildi?

- Çox. Bəzən bilirsinizmi necə olurdu? Bəzilərinin çıxışlarını eşidəndə gülürdüm. Soruşurdular nəyə gülürsən? Sən nə vəziyyətdəsən ki, gülürsən? Yəni hansı gününə gülürsən deyirdilər mənə. Deyirdim, vallah, ona gülürəm ki, mən bunun haqqında da düz fikirləşirəmmiş. Ona görə rahatam və gülürəm. Bəlkə bütün bildiklərimə görə rahat idim. İnsanların sənə nə eləməsindən asılı olub yerini dəyişməməlisən. Yerin günahı yoxdur. İşləri quran da, icra edən də insandır. Bir də konkret mənimlə bağlı bir məsələ var. Həmişə yerimi bilirdim. İnsan yerini biləndə, mövqeyi ona bəlli olanda heç vaxt dəyişmir. Nə olur-olsun, qaldığı yerdə qalır. Mən yerimi də, kimliyimi də bilən adam olmuşam həmişə.

- Kimdir Gülər Əhmədova?

- Əvvəla, hamı kimi Allahın yaratdığı bəndəyəm. Heç kimin qarşısında mənəm - mənəmlik etməmişəm. Bilirsiniz niyə? İnsan mənəm-mənəm deyəndə bitir. Mənim üçün özünü bitirmək qəbul olunmazdır. Tanıyanlar bilir ki, inanclı adamam. O üzdən Tanrı nə yaradıbsa, mən həm də onun yaratdığıyam.

- Son zamanlar çox Tanrı, Allah deyirsiniz. Adama elə gəlir həbsdən qatı dindar Gülər Əhmədova çıxıb qarşımıza. Nədir bu din həvəsi?

- Həmişə ibadət də eləmişəm, namaz da qılmışam. Sadəcə, bunu nümayiş etdirməmişəm. Həbsin bir tərəfi də bu oldu ki, bəzi görünməsini istəmədiyim tərəflərim ortaya çıxdı.

- Baş verənlər sizin üçün nə idi əslində?

- İmtahan.

- Öz imtahanlarınızdan necə çıxdınız?

- Mənə tərbiyə verənlər, formalaşdıranlar sağ olsun. Mən imtahanlardan yaxşı çıxmışam. Əslində yaxınlarım zaman-zaman belə əziyyətləri görüb. Ana qohumlarım 1937-ci ildə qolçomaq kimi repressiyalara məruz da qalıb, ölkədən də çıxarılıb, hər şeyi əllərindən də alınıb. Qohumları, sevdikləri gəlib üzlərinə də dayanıb. Yəni mənim başıma gələnlər gen olaraq nəslimdə qalan mirasımdır həm də. Təsəvvür edin evimizə gəlirdim. Görürdüm Şamaxıdan qonağımız gəlib, süfrə açılıb. Baxırdım bu adam nənəmin ailəsinin məhkəmələrdə üzünə duranlardan biridir. Amma qadın onunla elə gözəl söhbət eləyir ki, elə bilirsən heç bu qədər zülmü görən o olmayıb. Qonaqlar gedəndən sonra etiraz eləyirdim ki, bəs bunlara niyə süfrə açıb, yemək verirsən. Deyirdi bala dinmə, onu Allah ayağımıza gətirib. Mən ona nə lazımdırsa ürəyimdə deyirəm.

- Nənənizi təkrarlayırsınız? Yəni indi siz də çox şeyi ürəyinizdə deyirsiniz?

- O mənada demədim, yəni bu da bir taktikadır. Əslində söyləmək istədiyim bu idi ki, yaxşı böyükləri olmaq çox gözəl bir şeydir.

- Sizin həbsinizin təkcə ictimai, siyasi yox, həm də mənəvi zərbələri var idi. Siz ən çox bu tərəfdən danışmaqdan qaçırsınız. Mən o üzdən əvvəldən soruşdum ki, gerçəkdən ayaq üstəsinizmi? Yəni gerçəkdən ayaq üstə olan adam danışmaqdan da imtina eləməz məntiqlə...

- İmtina eləmirəm, danışıram. Amma bəzi şeylər var ki, təkrarlayanda yaxınlarım da görür, bilir. Onlara görə çox detallara varmıram.

- Bir Elşad Abdullayev mübahisəsi var idi sizinlə bağlı. Yəni sözünü demişdi, ittihamlar səsləndirmişdi. Hədəfi siz idiniz. Niyə? Bu sualı sizə illər sonra verməyimin səbəbi bilirsinizmi nədir? O zamanlar sizin danışmaq imkanlarınız məhdud idi...

- Məhdud deyildi, yox idi.

- Necə yox idi?

- Yəni bu o demək deyildi ki, kimsə əli ilə ağzımı qapamışdı. Sadəcə, situasiya elə idi ki, danışmamaq daha məqbul variant sayılırdı.

- Niyə?

- Övladlarımla təhdid olunurdum. Mənim qarşıma seçim qoyulmuşdu, ya övladlarımı qurban verməli idim, ya da susmalı. Övladlarımı seçdim, susdum, danışmadım.

- Axı indi danışırsınız? Təhlükə sovuşubmu?

- Hə, danışa bilərəm. O vaxt deməliydim ki, şərdir, deyə bilmirdim. Şər olduğunu sübut eləmək üçün minlərlə fakt var idi, açıqlaya bilmirdim. Mənimlə bağlı sübutlar hələ üzə çıxarılmayıb. Nədənsə çox əminəm, günlərin birində bütün bağlı qutular açılacaq. Çünki məni təhdid edənlərin hər biri cəza almış vəziyyətdədir.

- Elşad Abdullayev məsələsinin üstündən keçdik axı deyəsən...

- Yox keçmirəm, sadəcə, boş ittihamlar idi. Bilirsinizmi, mənim işimdə çoxlu epizodlar var ki, sübuta yetirilmədi, amma araşdırılmadı da. Konkret olaraq, Elşad Abdullayevin ifadəsi alınmadı, üzləşdirmə olmadı. O deyir mən vermişəm, mən də nəsə almamışdım. Buna üzləşdirmə olmadan hüquqi qiymət vermək olmaz. Bu epizod üzrə zərərçəkən yox idi. Məntiqlə zərər vuran də yox idi. Və dələduzluq maddəsi bura tətbiq olunmamalıydı. Sonra cinayətin törədildiyi məkan, yəni pulun verildiyi yer məlum olmadı. Eləcə bildirildi ki, Bakı şəhərində olub. Halbuki konkret ünvan da, dəqiq zaman da qanuna görə mütləq göstərilməli idi. Bu da yoxdur. Yəni ümumiləşdirilmiş məsələlər idi. Detallar nə izah olundu, nə də göstərildi. Əslində özləri ittihamı bu cür yazmışdılar. Çünki bütün mobil operatorlardan alınan hesabatlarda göstərilən müddətdə cinayətdə adıçəkilən tərəflərin eyni zamanda və eyni məkanda görüşlərinin olduğu təsdiqlənməmişdi. Ona görə ümumiləşdirilmiş bir şey yazıb vəziyyətdən çıxmaq lazım idi. Bir kəsişmə nöqtəsi tapa bilmədilər. Mənim cinayət işimdə zaman, məkan və saatla bağlı ciddi uyğunsuzluqlar var idi. Heç biri bu günə qədər araşdırılmayıb. Sonra demişdim çəkiliş montajdır, əsli gətirilsin, gətirilmədi. Dedilər guya söyüş var, ona görə montaj olunub. Mən də, ailəm də dedik ki, biz o söyüşü qəbul eləyirik, açın eşidilsin, gətirmədilər, çünki elə bir şey olmamışdı. Düzü, heç olub-olmadığını da araşdırmadılar. Axırda özləri əmin oldular, bildilər ki, kimisə “vurmaq” üçün qurulan siyasi oyun idi. Amma bunu etiraf eləmədilər. Yəni mən nə demişəmsə, bu gün də onu deyirəm. Dörd şahidini çağırdılar Elşadın, biri təsdiqləmədi ki, belə şeyə şahid olub. Nə isə başdan ayağa düzüb-qoşulmuş oyun idi.

- Kimlər üçün qurulmuşdu bu oyun?

- Dövlət adamları üçün.

- Bir az da konkretləşdirsək...

- Ad çəkmək istəmirəm. Böyük nüfuz sahibləri üçün, dövlətin rəhbərliyi üçün, həm də dövləti sarsıtmaq məqsədilə qurulmuşdu. Bu gün görün nələr baş verir. İndi baş verənlərin kökü Elşad Abdullayevdən başladı. Məhkəməm olmamış ATƏT məsələmlə bağlı rəsmi bəyanat yaydı. Bəzi müxalifətçilər də o bəyanata uyğun çıxışlar edib adamları çaşdırdılar. Bu gün həmən oyunları daha yüksək səviyyədə aparırlar.

- Yəni belə çıxır ki, o oyunun ən kiçik fiquru siz olduğunuz üçün sizi qurban verib situasiyanı tənzimlədilər?

- Söhbət kiçik və ya böyük olmaqdan getmir. Mən daha müdafiəsiz idim. Məni müdafiə edən olmadı. Məni eşidən olmadı. Mənim həqiqətlərimə qulaq asan olmadı. Bəlkə də həmin dövrdə bu oyunun xaricdən idarə olunduğu o qədər görünmürdü. Ancaq bu, Azərbaycan dövlətçiliyi üçün qurulmuş oyunun başlanğıcı idi. Şantajlara boyun əysəydim, oyun daha sürətli inkişaf edərdi. Ancaq dözməklə oyunu xeyli ləngitdim.

- Bəlkə lazımi qədər demirdiniz?

- Deyirdim. Çəkinmirdim, sadəcə, başa düşürdüm ki, elə vəziyyətlər var, orda danışmaqdan çox, susmaq lazımdır. Bəzi həqiqətləri zamanı gəlincə üzə çıxarmaq mümkün olur, anında bu, qeyri-mümkün bir şeydir. Düzdür, bu, son dərəcə ağır və ağrılı prosesdir, amma başqa yol yoxdur. Ona görə necə bilirdilər elə elədilər. Eləmək istədikləri də həbsimi reallaşdırmaq idi. Sizə bir söz də deyim. O vaxt mən Avropa məhkəməsinə müraciət etsəydim, çoxdan bəraət almışdım. Bu qədər müddət içəridə qalmağıma da ehtiyac olmazdı onda.

- Edəydiniz, nə mane olurdu ki?

(davamı var)

yüklənir...
GÜNDƏM
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.