SON DƏQİQƏ
XalqXeber.Az » Müsahibə » Akademik bütün jurnalistlərdən üzr istədi: “O gün çox əsəbi idim”

Akademik bütün jurnalistlərdən üzr istədi: “O gün çox əsəbi idim”

Tarix:

6-04-2018, 17:04

/ 2 085 dəfə oxundu.
Akademik bütün jurnalistlərdən üzr istədi: “O gün çox əsəbi idim”

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Coğrafiya İnstitutunun direktoru Ramiz Məmmədovun martın 30-da Modern.az-ın hava şəraitilə bağlı suallarını cavablandırmaq əvəzinə bütün jurnalistləri təhqir edərək, "küçük” adlandırması bir həftədir ki, mətbuatın və sosial şəbəkələrin gündəmindən düşmür.
Bu gün akademik daha bir açıqlama yayaraq, bildirib ki, guya onu yuxudan oyadıb "pardon”suz açıqlama istəmişəm.
Maraqlısı budur ki, bütün bunlardan sonra Ramiz Məmmədov söhbətlərə son qoyulmasını istədi. Bu barədəModern.az-a akademik özü üzrxahlıq müsahibəsində bildirdi.

- Ramiz müəllim, salam...

- Salam.

- Sizi narahat edən Modern.az-ın əməkdaşı Gülşən Raufqızıdır, yəqin xatırladınız, necəsiniz?


- Vallah necə olum, o açıqlamadan sonra bütün Azərbaycan mediası mənim üstümə hücum çəkdi.

- Martın 30-da da sizə zəng vuranda eynilə bu cür salamlaşmışdım. Amma siz "Axar.az-a” açıqlamanızda demisiniz ki, "qız məni yuxudan oyadıb "pardon”suz açıqlama istəyib. Mənim də köhnə incikliklərim yada düşdü”. Əvvəla mənim tərbiyəm yol vermir ki, səbəbsiz kiməsə zəng vurum və salamsız, hal-əhval tutmamış açıqlama istəyim...

- Bilirsənmi qızım, sən həmin gün məni yuxudan oyatdın. Mən bütün gecəni yatmamışdım, həm nasaz idim, həm də çox işləmişdim. Sən zəng edəndə ixtiyarsız, şüuraltı şəkildə məni özümdən çıxaran jurnalist yadıma düşdü. Və istəmədən "küçük” sözünü işlətdim. Amma bütün jurnalistlərə "küçük” demədim. Mənim haqqımda əsassız şeylər yazmış bir jurnalisti nəzərdə tutdum o sözü deyəndə.

- Ramiz müəllim, nəzərdə tutmaq bir başqa, dilə gətirmək bir başqa. Səsyazınız durur, silməmişəm...

- Bəlkə də demişəm, yenə deyirəm əsəbi olmuşam. Amma gərək belə olmayaydı.

- Olmazdımı ki, bütün medianı bir-birinə qatmamış sizdən açıqlama alan və xoşunuza gəlməyən şəkildə yazan həmin jurnalisti tapaydınız, yazıda düzəliş etməyini tələb edəydiniz. Dəfələrlə olur ki, yazı mətbuatda getdikdən sonra düzəliş edilir, hətta tamamilə silinir. Görünməmiş iş deyildi ki... Zəng vurub etiraz edəydiniz o adama, yazını çıxartmağı tələb edəydiniz. Etmədiniz, əvəzində bir nəfərə görə yığdığınız kini hamıya tökdünüz... Biz də başqasının badına getdik.

- Cavab verim. Deməli "Azərbaycana qar yağamayacaq” söhbəti çıxandan sonra müavinim mənə dedi ki, "bu səhv yazılanlara, xüsusilə QHT sədri Telman Zeynalova cavab vermək lazımdır. Dedim ki, "Məhərrəm müəllim, fikir verməyin. Yaddan çıxıb gedəcək”.

- Doğrudan da yaddan çıxmışdı. Ta ki siz xatırlayıb məni acılayana qədər...

- Hə, dedim axı özümdən ixtiyarsız olmuşdu. Özü də mən sizə danışandan sonra jurnalistlər yenə də zəng vurdular. Sonra mən heyfslənirəm deyə açıqlama yaydım. Hər bir yazının sətiraltı mənası var. Bu özü mənim sizlərdən üzr istəməyim idi. Amma bu, sizə kifayət etmədi və qəbul etmədiniz.

- Heyfsiləndiyinizi kimə dediniz, Ramiz müəllim? Yazı bizdə getdiyinə görə olmazdımı heyfsiləndiyinizə dair açıqlamanı elə Modern.az-ın e-mail adresinə göndərəydiniz?

- Nə bilim. Dedim daha məni özünüzə düşmən bilirsiniz, qəbul etməzsiniz.

- Bizim bir düşmənimiz var, o da ermənidir!

- Hə, o da düzdür. Mən əslində o yazıda sətiraltı üzr istəmişdim. Bəlkə də siz oxumayıbsınız.

- Ramiz müəllim, sizin müavininiz, Məhərrəm müəllim səhhətinizdə problem olduğunu, bütün gecəni yatmadığınızı deyəndən sonra "kaş yazmayaydım” deyə düşündüm. Çünki vicdanım var. Baxmayaraq ki, siz məni "elə beləcə də yaz” deməklə daha çox təhrik elədiniz. Bəs siz, mən sizinlə salamlaşıb hal-əhval tutduğum halda, "qız məndən "pardon”suz açıqlama istədi” deyəndə vicdanınız sizi incitmədimi? Axı bütün gecəni yatmamağınız sizə mənim haqqımda yalan fikir irəli sürməyə haqq vermir...



- O gün o qədər əsəbi idim ki... Vallah heç çox şeyi xatırlamıram.

- "Yazaram sizi bilirsiz neyləyərlər” demək tərbiyəsizlik və şantajdır və mənim leksikonuma yaddır.

- Gülşən xanım, gəlin belə edək. Olan olub, mən istəmədən kobudluq etmişəm. Sizə və həmkarlarınıza qarşı kobud ifadə işlətmişəm. Sizin baş direktor Elşad Eyvazlı ilə də danışdım. Həqiqətən həmin gün əsəbi və yorğun olmuşam. Bununla özümə haqq qazandırmıram.Yenə deyirəm o sözü bir nəfər haqqımda yanlış yazanı nəzərdə tutub demişəm. Əgər dediklərimdən inciyibsinizsə, sizdən və bütün həmkarlarınızdan üzr istəyirəm. Və istəyirəm ki, bu söhbət bir də açılmasın.

- Ramiz müəllim, üzr istəmək özü də böyüklükdür. Hər bir insan səhv edə bilər. Əsas onun fərqinə varmaqdır. Bunu dərhal etsəydiniz, söhbət bu qədər uzanmayacaqdı.

- Tamamilə razıyam. Yenə deyirəm heyfsiləndiyimi bildirmişdim, sizlər qəbul etməmişdiniz. Bütün jurnalistlərə həmişə açıq olmuşam, yenə də açığam.

Şərhlər

XƏBƏR LENTİ