SON DƏQİQƏ
XalqXeber.Az » Müsahibə » "Əlacım olsa, həbsdə keçən günlərimi qayçılayıb həyatımdan çıxararam" - “Kanal 13"ün rəhbəri

"Əlacım olsa, həbsdə keçən günlərimi qayçılayıb həyatımdan çıxararam" - “Kanal 13"ün rəhbəri

Tarix:

6-04-2018, 12:29

/ 1 833 dəfə oxundu.
"Əlacım olsa, həbsdə keçən günlərimi qayçılayıb həyatımdan çıxararam" - “Kanal 13"ün rəhbəri

“Kanal 13" internet televiziyasının rəhbəri Əziz Orucov aprelin 5-də azadlığa buraxıldı. Kanal rəhbəri azadlıqda hansı hissləri keçirdiyini, həbsxanada olduğu müddət ərzində yaşadıqlarını ”Yeni Müsavat"la bölüşdü.

- Əziz bəy, azadlıq necə bir hissdir?

- Azadlıq bağrına basmaqla köksünə sığışmayan bir hissdir.

- Azadlığa çıxacağınızı gözləyirdiniz?

- Açığı deyim ki, inanmırdım.

- Qərarı ilk dəfə kimdən eşitdiniz?

- Cəzaçəkmə müəssisəsində eşitdim.

- Həmin an hansı hissləri keçirdiniz?

- Bunu ifadə etmək çox çətindir. Səhhətimdə son günlərdə ciddi narahatçılıqlar var idi. Bəlkə əvvəlcədən məhbus yoldaşımlarım mənə desəydilər ki, azadlığa çıxacaqsan, onların zarafat etdiyini düşünərdim. Belə zarafatlar bəzən insan üçün xoş təsir bağışlayır, deyib gülürsən. Sonra məhbus olduğunu anlayırsan...

- Azadlığa çıxdığınıza görə ən çox nəyə sevindiniz?

- İnsanı ən çox sevindirən yaxınlarının yanında olmasıdır. Çünki insan həbsxanada olur, yaxınların, dostların sənin orada olduğunu düşünəndə tamam fərqli hisslər keçirirlər. Bu, məhbusdan daha çox onun ailəsinə və yaxınlarına ağır gəlir.

- Məhbus olduğunuz müddət sizin üçün necə keçdi?

- Artıq 12-ci ay idi ki, həbsxanada idim. Bu müddət mənim üçün çox ağır formada keçdi. Əlimdə əlac olsa, həmin müddəti qayçılayıb həyatımdan çıxararam, yaşamamış kimi qəbul edərəm. Yaşadıqlarım çox ağır oldu.

- Əziz bəy qalan beş il cəzaya özünü kökləmişdi?

- Heç şübhəsiz ki, verilən cəzanı sona qədər çəkəcəyimə köklənmişdim.

- Bu müddətdə sizə bütün çevrələrdən olan dəstəkdən razı qaldınızmı?

- Bütün jurnalist dostlarıma, həmkarlarıma, əlaqə saxlayıb diqqət göstərən hər birinizə ayrı-ayrılıqda minnətdarlığımı bildirirəm ki, bu qayğını, diqqəti mənə göstərdiniz. İnsan üçün elə kiçik nüanslar var ki, bu çox önəmli olur. Bayırda bunu nəzərə almırıq. Məhbus olub biləndə ki, kimsə səninlə maraqlanır, sənin haqqında yazı yazır, bunu çox diqqətə alırsan. Bayırda fikir vermədiyin ən xırda şeylərə içəridə ciddi yanaşırsan.

- Ən çox düşünmək imkanınız ora oldu. Nə vaxtsa həbs olunduğunuz peşə sahibi olduğunuz üçün sizdə peşmançılıq hissi yaranırdı?

- Orada peşmançılıq hissi keçirməyin mənası yoxdur. Bu baxımdan heç bir peşmançılıq hissi keçirmədim. Bir də ki insan səhv edəndə, qəbaət bir iş gördükdə onun peşmançılıq hissini keçirir. Amma bunları etməyən bir insan peşmançılıq hissi yaşaya bilməz.

- Həbs olduğunuz vaxta qədər fəaliyyətinizi yenidən davam etdirəcəksiniz?

- Mətbuata ömrümün 15 ilini sərf etmişəm. 6 il məhbus həyatı yaşayacığımı düşünəndə zərrə qədər qorxmurdum, jurnalist fəaliyyətimi nə zamansa yenidən davam etdirəcəyimi düşünürdüm. İndi də mütləq bu fəaliyyətimi davam etdirəcəyəm.

- Ali Məhkəmənin qərarını necə dəyərləndirirsiz?

- Azadlıq fərqli bir hissdir. Bu, bayırda havanı duymaq hissidir. Amma heç şübhəsiz ki, azadlığın tam olması ən vacib şərtlərdən biridir. İnsan tam azadlığına qovuşmalıdır.

- Bundan sonra 3 illik şərti cəzanı çəkəcəksiniz. Bunun aradan qaldırılması üçün lazımı proseduraları keçəcəksiniz?

- Yəqin ki, vəkillərimlə birlikdə bu məsələni müzakirə edəcəyik. Müvafiq işlərimizi mütləq görəcəyik. Çünki azadlığa buraxılmışamsa, tam azad olmalıyam.

Şərhlər

XƏBƏR LENTİ