SON DƏQİQƏ
XalqXeber.Az » Müsahibə » “Əli Həsənovun tənqid olunması ədalətli deyil” - Əflatun Amaşov

“Əli Həsənovun tənqid olunması ədalətli deyil” - Əflatun Amaşov

Tarix:

14-02-2018, 10:13

/ 1 656 dəfə oxundu.
“Əli Həsənovun tənqid olunması ədalətli deyil” - Əflatun Amaşov

Azərbaycan jurnalistlərinin martın 10-da keçiriləcək VII qurultayına çox az bir zaman qaldığı ərəfədə Mətbuat Şurasının sədri Əflatun Amaşov “Yeni Müsavat”ın qonağı olub. “Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlu, “Yeni Müsavat” qəzetinin baş redaktorunun birinci müavini Azər Ayxan, baş direktor Ələsgər Süleymanov və bu sətirlərin müəllifinin iştirakı ilə baş tutan səmimi görüşdə etdiyimiz söhbəti oxuculara təqdim edirik.

(əvvəli BURADA)

Rauf Arifoğlu:

- Əflatun bəy, Mətbuat Şurası rəhbərliyinə namizədliyinizi verəcəksinizmi, yoxsa istefa verəcəksiniz? Sizi istefaya çağıranlar var. Hətta Azər Həsrət də deyib ki, Mətbuat Şurasının sədri dəyişməlidir. Siz nə düşünürsünüz?

- Kimin qalmalı, kimin getməli olduğuna qurultay qərar verəcək. Elə Azər Həsrətin Mətbuat Şurasındakı taleyinə də. İstefa vermək niyyətim yoxdur. Digər tərəfdən, indiki məqamda hətta Mətbuat Şurasında qalmaq istəməsəm də, istefa nəyisə dəyişmir. Qurultaya az zaman qalıb.

Bu sahədə uzun müddətdir, çalışıram. Bəzən sual edirlər ki, niyə bir media orqanı yaratmıram, qəzet açmıram. Ancaq bunu məqbul saymamışam. Mətbuat Şurasının sədri olmaq heç də asan başa gəlmir. Bildiyiniz kimi, bir çox tədbirlər kimi müsabiqələr də keçiririk. Yadımdadır ki, bir dəfə Sevinc Telmanqızı Mətbuat Şurasının keçirdiyi müsabiqədə iştirak edirdi. Həqiqətən yazısı çox keyfiyyətli idi. O zaman xahiş etdim ki, Sevinc yer tutmasın. Sonra kimsə deyə bilərdi ki, bacısı qızına mükafat verib. Mətbuat Şurasının sədri olmaq belə məsuliyyətdir. Nəzərə alın ki, bu, çox kiçik detaldır.

R.Ariforlu:

- Yəni sizin obyektiv görünmək istəməyinizin qurbanı bir jurnalist oldu- Sevinc Qurbanova... (gülür)

Ə.Amaşov:

- Həmin müsabiqədə Sevinc həvəsləndirici mükafata layiq görüldü. Belə qərara alındı ki, iştirakçıların hamısı mükafatlandırılsın (gülür).

R.Ariforlu:

- Ancaq sizin yaxın qohumunuz, bacınız qızı olan Sevinc xanımın həyat yoldaşı Zamin Hacı sizin haqqınızda heç bir kompleksi olmadan yazır. Ümumiyyətlə, Zamin Hacının sizi tənqid etməsinə necə baxırsınız?

“Hədəfimiz Azərbaycan mediasının iqtisadi cəhətdən güclü olmasıdır. Dövlət yardımı əsasən buna qədər olan prosesdir”

Ə.Amaşov:

- Zamin Hacı azad biridir. “Araz aşığından, Kür topuğundan” prinsipinə əməl edən insandır. Barəmdə yaza bilər. Mövzu seçimində çox sərbəstdir.

Ayxan:

- Bayaq çox vacib bir məqama toxundunuz, bu, zaman-zaman müzakirə olunur. Xüsusən jurnalistlərə mənzil verilən ərəfədə daha çox gündəmə gəlir ki, jurnalistlərə imkan yaradılsın, onlar özləri qazansınlar və öz qazandığı pulla ilə ev alsınlar. Dövlət jurnalistə pul verəndə o, öz müstəqilliyini, sizin təbirinizcə desək, aqressiyasını itirir. Bu yanaşmaya münasibətiniz necədir? Dediniz əmin deyiləm ki, yaxın zamanda jurnalistlər o qədər varlana bilər ki, özlərinə ev ala bilsinlər. Bu mənada reklam məsələsi gündəmdədir və neçə illərdir müzakirə olunur. Sizin bu yanaşmaya münasibətiniz necədir? Dövlətmi versin evi, yoxsa jurnalistlərə, saytlara, qəzetlərə şərait yaradılsın, özləri qazanıb alsınlar evi? Hansı daha yaxşı olar?

- Düşünürəm ki, hər iki istiqamətdə işlər düzgün qurulmalıdır. Əlbəttə, Azərbaycan mediasında böyük uğurlar olduğu kimi, problemlər də qalmaqdadır. İstər reklamla, istərsə də satışla bağlı.

Azərbaycan Mətbuat Şurasında Vüqar Rəhimzadənin rəhbərlik etdiyi bir komissiya fəaliyyətdədir. Komissiyada uzun müddət satışın durumu ilə əlaqədar müzakirələr aparmışıq. İnanın ki, bəzən köşklərin yanından keçirəm. Orada saralmış qəzetlər görəndə içimdə ağrı hiss edirəm. Görünür, ümumən qəzet oxumaq da yadırğanır. Təəssüf...

Reklamla bağlı məsələlərdə də problemləri aradan qaldıra bilməmişik. Bayaq qeyd etdiyim modelin yaranmasını xatırlatmaqla demək istəmirdim ki, mediamız problemlərdən uzaqdır. Bu gün Azərbaycan mediasının iqtisadi problemləri var, onların həlli vacibdir. Dövlətin jurnalistləri evlə təmin etməsi də vacibdir. Bayaq söyləmişdim, əmin deyiləm ki, hansısa redaksiya tez bir müddətdə varlanıb öz əməkdaşlarını mənzillə təmin edə bilər. Müəyyən məsələlərin həll yolu zamandır. Hədəfimiz Azərbaycan mediasının iqtisadi cəhətdən güclü olmasıdır. Dövlət yardımı əsasən buna qədər olan prosesdir. Ola bilər zamanla yardıma ehtiyac olmasın. Ancaq dövlət yardımına qarşı çıxan insanlar onu da bilməlidirlər ki, dövlət yardımı təcrübəsi dünyada geniş yayılıb. Hətta yardımın miqyası Azərbaycandakından dəfələrlə çoxdur. Məsələn, Avstriyada mətbuata bizdəkindən 10 dəfə çox yardım olunur, Danimarkada da. Ümumən Avropanın əksər dövlətlərində - İsveçdə, Norveçdə, Lüksenburqda, Litvada, Belçikada və digər ölkələrdə dövlət mətbuata yardım edir.

- Bu məlumatları zaman-zaman dövriyyəyə buraxmaq olmazmı?

- Əlbəttə, məhz bu məsələləri qaldıran insanlar qeyd olunan məlumatlardan da xəbərdardırlar. Azərbaycanda 35-40-a yaxın gündəlik qəzet işıq üzü görür. Olmazmı bunlar bir holdinqdə birləşsinlər? Avstriya kimi bir ölkədə 10-a yaxın ölkə miqyaslı qəzet var. ABŞ-da 3-5. Böyük Britaniyada da ümumölkə miqyaslı qəzetlər barmaqla sayılacaq qədərdir. Hələ ki Azərbaycan KİV-ləri inkişafın müəyyən mərhələsindədir. Artıq onlayn media deyilən yeni bir media meydandadır. Bu da bizim üçün kifayət qədər vacib məsələdir.

R.Arifoğlu:

- Bu qurultayda elə bir dəyişiklik gözlənilirmi ki, onlayn mediaya bir qədər də önəm verilsin? Çünki etiraf etməliyik ki, onlayn media daha böyük sürətlə çap mediasını üstələyir.

- Mən deyərdim ki, artıq dünyada ictimai fikir onlayn media vasitəsilə formalaşır. Son zamanlar sosial şəbəkələr də kifayət qədər aktivləşib. Şəxsən mənim həm Mətbuat Şurası sədri kimi, həm də millət vəkili olaraq etdiyim çıxışların tam hissəsi media ilə bağlıdır. Onlayn medianın inkişafı məsələsi isə o çıxışlardan qırmızı xətt kimi keçir. Qurultayda da bu məsələlər ciddi müzakirə olunacaq. Çox güman ki, qurultayda artıq müvafiq qurumlar qarşısında məsələ də qaldıracağıq ki, reklam bazarı formalaşana qədər onlayn medianı da biz KİVDF vasitəsilə maliyyələşdirək. Çünki burada müəyyən tendensiya var. Əgər onlayn media müstəqil deyilsə, öz maliyyələşməsini kənardan qurursa - fərq etməz istər ölkədaxili iqtisadi qurumlar tərəfindən, istər ayrı-ayrı məmurlar tərəfindən olsun, istərsə də xarici təşkilatlar tərəfindən olsun - hansısa məqamda reallıq düzgün əks olunmayacaq. Bunun qarşısını almaq üçün ilk növbədə digər kütləvi informasiya vasitələri kimi onlayn medianı da maliyyələşdirməliyik.

“Hədəfimiz Azərbaycan mediasının iqtisadi cəhətdən güclü olmasıdır. Dövlət yardımı əsasən buna qədər olan prosesdir”

- Hazırda həbsdə olan jurnalistlər var. Mətbuat Şurasının qurultaya qədər və ya qurultaydan sonra onların azadlığa çıxması məsələsini qaldırmaq niyyəti varmı?

- Ümumiyyətlə, media ilə bağlı elə bir hadisə olmayıb ki, barəsində Mətbuat Şurasında müzakirə aparılmasın, ayrı-ayrı dövlət orqanlarına müraciət ünvanlanmasın. Biz həmişə məsələni gündəmdə saxlayırıq. Adlar çəkmək istəmirəm. Həbs olunanlar arasında müxtəlif insanlar var. Hətta xarici kəşfiyyatla əlaqədə günahlandırılanlar da. Yəqin ki, qurultayda bu kimi məsələlərə də yer veriləcək. Həm də bu il Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyidir. Cümhuriyyətin qurulmasında mətbuat vasitələrmiz də mühüm rol oynayıb. Onun strategiyası məhz mətbuat səhifələrində hazırlanıb. O dövləti quranların əksəriyyəti də bu və ya digər mənada mətbuata yaxın insanlar olub. Hesab edirəm ki, Mətbuat Şurası bütün bunları nəzərə alaraq həbsdə olan jurnalistlərin əfvi təşəbbüsü ilə çıxış edə bilər. Təşəbbüsün qurultayda səslənməsi daha məqsədəuyğun olar.

- Bu məqamda Media Ombudsmanı adlı təsisat yada düşür. Media Ombudsmanı ilə bağlı bu günlərdə medianın gündəmində müzakirələr və hətta mübahisələr oldu. Sizin də adınız çəkildi və deyildi ki, Media Ombudsmanı məsələsinin reallaşmasına mane olursunuz, bunu istəmirsiniz. Bu təsisatın yenidən qayıtması, yaxud formalaşması mümkün hesab olunurmu? Sizcə, buna ehtiyac varmı?

- Mən həmişə Media Ombudsmanının müstəqil qurum olmasını istəmişəm. Çox təəssüf ki, bu institut İnsan Hüquqları ilə bağlı Müvəkkilə birləşdirildi. Ancaq ona ştat ayrılmadı. İndi faktiki olaraq işləmir. Ancaq belə olmaya bilərdi. Bu qurumun əsas vəzifəsi ondan ibarət olmalıydı ki, ayrı-ayrı vətəndaşların, əsasən də jurnalistlərin müraciəti cavablanmayanda, həmin şəxslər və ya mətbuat orqanları ona şikayət edə bilsinlər. Bu, Azərbaycanda cəmiyyətin inkişafına, demokratik proseslərin gedişinə kifayət qədər fayda verə bilərdi. Yenə də onun tərəfdarıyam ki, Media Ombudsmanı müstəqil qurum kimi fəaliyyət göstərsin. Lakin çox təəssüf ki, parlamentdəki çıxışım başqa cür qarşılandı. Ümumiyyətlə, son zamanlar Azərbaycan media sahəsində müəyyən proseslər gedir. Bunun görünən və görünməyən tərəfləri var.

- Adınız tez-tez hallanmağa başlayıb, tənqid olunursunuz. Hətta elələri tənqid edir ki, heç media sektoruna aid deyil...

- Onlar öz yerində. Ancaq bu sahəni bilən, prosesləri görən insanlar da nə üçünsə az qala ittiham yolu tuturlar. Halbuki belə olmamalıydı.

- Kimləri deyirsiniz?

- Bayaq söylədim, Mehman Əliyev həmin çıxışıma fərqli rakursdan yanaşdı. Guya ki, mən parlamentdə Əli Həsənovun mövqeyini ifadə etmişəm. Tamamilə yanlışdır. Çünki Media Ombudsmanı ilə bağlı dəfələrlə eyni tərzdə çıxışlarım olub. Yenə də fikrimdə qalıram. Mehmanın özü də bir vaxtlar Media Ombudsmanının müstəqil qurum kimi fəaliyyət göstərməsinin tərəfdarı idi. Ancaq indi təklif edir ki, bu institut daha yüksək səviyyədə ali səlahiyyətlərə malik qurum kimi formalaşsın və medianın bütün problemlərini həll etsin. Hərənin öz baxış bucağı var. Ancaq təklifin mahiyyəti anlaşılmazdır. Düşünürəm ki, Mehman təklifin incəliklərinə aydınlıq gətirməlidir.

Bu gün müəyyən qüsurları çıxmaqla Azərbaycan mediasının hazırkı modeli və inkişaf yolu müasir dövrlə səsləşən, kifayət qədər əhəmiyyətli modeldir. Əsas odur ki, xaricdən asılı deyil. Bu, Azərbaycan jurnalistikasını Azərbaycan dövləti və cəmiyyəti ilə qarşı-qarşıya qoymayan, ümummilli maraqlara xidmət edən modeldir.

R.Arifoğlu:

- Əflatun bəy, bayaq dediniz ki, Mətbuat Şurasının müstəqil olmaması, digər üst qurumlar tərəfindən idarə olunması ilə bağlı tənqidlər var. Bu prosesdə daha çox prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun adı hallanır. Mətbuat Şurası mövzusundan keçid edib Əli Həsənovun bu cür tənqid edilməsini obyektiv sayırsınızmı? Yoxsa burada hansısa başqa bir nüans görürsünüz?

- Əli Həsənovun tənqid olunması ədalətli deyil. Çünki tənqidi yox, daha çox kampaniyaçılığı görürəm. Bu isə faydalı ola bilməz. Əksinə, ziyanlıdır. Hadisələri kifayət qədər diqqətlə müşahidə edirəm, informasiyam da yetərincədir. Görürsən ki, ayrılıqda KİVDF, Milli Televiziya və Radio Şurası, Mətbuat Şurası tənqid olunur. Ancaq bütün bunlar sonda Əli Həsənovun üzərində fokuslanır. Bunu edənlər nə düşünürlər, məqsədləri nədir, nəyi dəyişmək istəyirlər? Bəzən adama elə gəlir ki, səsləndirilən müəyyən populist düşüncələrdə məqsəd medianı geriyə - piketlər, etirazlar dövrünə qaytarmaqdır. Bir növ, xaos ssenarisi cızılır. Ortada oynayanlar elə sanırlar ki, müstəqildirlər. Ancaq məqsəd nədir, nə istənilir, hamıya məlumdur. Hamıya məlumdur ki, Əli Həsənov Azərbaycan dövlətinə, xalqına, prezidentinə sadiq dövlət adamıdır.

“Qurultayda həbsdə olan jurnalistlərin əfvi məsələsi də gündəmə gələ bilər”

Mətbuat Şurası ilə bağlı onu deyim ki, ötən 15 ildə bu quruma təqribən 10 mindən çox müraciət olunub. Bu, etimad göstəricisidir. Buna görə də şuranın öz missiyasını icra etməməsi ilə bağlı tənqidlə heç cür razılaşa bilmərəm.

Arifoğlu:

- Ümumiyyətlə, Azərbaycan mediasının indiki durumundan narazı olan bir sıra insanlar var. Onlara heçmi haqq vermirsiniz?

Ə. Amaşov:

- Narazılıq ayrı, iddia ayrı. Bunları seçə bilirik. Kimin nəyi, hansı məqsədlə dövriyyəyə buraxdığı da yaxşı məlumdur. Biri öz facebook dostları arasında sorğu keçirib respondentlərin tam əksəriyyətinin mediadan narazı olduğunu iddia edirsə, təbii ki, adam qərəzli və məqsədlidir. Təəssüf ki, mübarizə bu formada aparılır. Dünyanın hər yerində media tənqidə məruz qalan sahədir. Kimsə bu sahədə çalışanları tərifləmir. Görünür, peşənin mahiyyəti budur. Ancaq məsələni yuxarıda qeyd etdiyim tərzdə ictimailəşdirmək yolverilməzdir, mübarizə əxlaqına ziddir.

- Sizcə, niyə belə olur? Səbəbi nə ola bilər?

- ...

(davamı var)

Şərhlər

XƏBƏR LENTİ