SON DƏQİQƏ
XalqXeber.Az » Müsahibə » “Kül futbolumuzun başına ki...” - Şıxlarov

“Kül futbolumuzun başına ki...” - Şıxlarov

Tarix:

22-01-2018, 17:20

/ 1 908 dəfə oxundu.
“Kül futbolumuzun başına ki...” - Şıxlarov

Futbol veteranı Səmədağa Şıxlarov Sport7.az saytına müsahibə verib. xalqxeber.az həmin müsahibəni təqdim edir:

- Səmədağa bəy haralardasız, nə işlə məşğulsuz? "Neftçi"dən ayrılandan sonra hara getdiz?
- Siz bilməmiş olmazsız. Gərək soruşardız ki, həndbolda vəziyyət necədi? Futbolda bizə yer yoxdu. Hamısı futbolu 100 faiz bilirlər. Bizlik deyil, rəhbərlik həll edir hamısını. Biz Azərbaycanda hambal olmuşuq. Hazırda Həndbol Federasiyasında menecer kimi çalışıram. Futbolda əməkdar məşqçi olmuşam, indi də həndbolda bu adı alacam.

- Futbola qayıtmaq istəmirsiz?
- Bizi istəyən var ki, qayıdaq? Veteranları istəmirlər axı. Görürsüz, Mahir Şükürov nə deyir? Deyir ki, veteranlara ehtiyac yoxdu, onları silib atmaq lazımdı. Mənim, sizin deməyiniz azdı. Müəyyən qüvvələr var ki, futbolçulara işləməyə imkan vermirlər.

- "Neftçi"də niyə qalmadız?
- Bilmirəm səbəbini. Sadəcə, müqavilə müddətini artırmadılar, heç bir səbəb də göstərmədilər. Belə məsələləri jurnalistlər qaldırmalıdı. Niyə veteranları bir-bir uzaqlaşdırırlar? Nə ediblər? Məgər veteranlar virusdu? Yoxsa işləyənlərdi virus?

- AFFA-ya müraciət etmisiz?
- Bir neçə dəfə müraciət etdim, baxmadılar.

- Nəyi bəhanə etdilər?
- Heç nə, sadəcə müraciətimi qəbul etmədilər. Yəqin vaxtları yoxdu.

- Elxan Məmmədovla şəxsən söhbət etmisiz?
- Onun qəbuluna yazıldım, amma dəvət etmədilər. Başa düşürəm vaxtı yoxdu. Amma məni qəbul etmirsə, daha deyəcək sözüm yoxdu. Siz də məni bağışlayın, kül futbolumuzun başına ki, Elxan Məmmədov Səmədağa Şıxlarovu, Azərbaycanın əməkdar məşqçisi, SSRİ idman ustasını qəbul etmir. SSRİ çempionatında 150 oyun keçirmişəm. Məni qəbul etmirsə... Görün futbol kimlərin əlindədi. Kimlər futbolumuzu sözün əsl mənasında fırladırlar. İnkişaf üçün təkcə veteranlar deyil, indiki futbolçular da hamısı birləşməlidi. Cavanlarla keçmiş futbolçuların sintezi təşkil edilməlidi. Ancaq onlar bunu istəmirlər. Klublardan baş çıxarmaq olmur. Kimləri istəyirlər, gətirirlər işləməyə. Allahdan və özlərindən başqa heç kim onların nə istədiyini bilmir.

- Azərbaycan fuitbolunda baş verənləri, çempionatımızı izləyirsiz?
- Baxıram, maraqlanıram. Amma elə iyrəndiriblər ki, dərindən baxmıram. İnkişaf göz qabağındadı. Bu gün yaxşı ki, "Qarabağ"la "Qəbələ" var. Belə komandalardan 3-4 dənə də olsa yaxşıdı. O zaman inkişaf olduğunu deyərəm. İndi də normaldı, legionerlər gəlirlər, kömək edirlər. Legioner gəlib burda pulunu qazanıb getməməlidi, bizimkilər onlardan öyrənməlidi. Legionerlər Azərbaycana nə üçün gəldiklərini bilməlidi. Həm oynamaq, həm də öyrətmək üçün. Ona görə də səviyyəli legionerlər dəvət etmək lazımdı.

- Heç klublarımızdan təkliflər olub?
- Xeyr, heç kim təklif göndərməyib. Vecinə alan yoxdu.

- Yığmalarımızla bağlı düşüncələriniz necədi? Əsas komandaya Qurban Qurbanovu, U-21-ə Rəşad Sadıqovu baş məşqçi təyin etdilər.
- Bilirsiz necədi, Qurban Qurbanovla razıyam. Çünki artıq onun yığmaya gəlmək vaxtı idi. Nəticə vermişdi, təcrübə yığmışdı. Legionerlərdən, xarici məşqçilərdən sonra Qurban Qurbanov gəlməli idi. Əlbəttə ki, iki komandada işləmək onun üçün çətin olacaq. İnanıram ki, Qurbanov bunun öhdəsindən gələcək. Çətin də olsa gəlməlidi. Belə məsuliyyəti üzərinə götürübsə çalışmalıdı. Bir də ki, yaxşı nəticələr üçün futbolçular ona kömək etməli, öz üzərlərində çalışmalıdı. Amma bəzi məqamlar var. Məsələn, Qurban tənqidə öyrəşməyib. Millidə işləmək isə, istər-istəməz 50 faiz tənqid deməkdi. Qurban artıq buna psixoloji cəhətdən hazır olmalıdı. Axı, yığma bütün komandaları məğlub edə bilməyəcək, azarkeşlərin narazılığı olacaq. Düzdü, başa düşən uşaqlar bunu qəbul edəcəklər. Amma stadiona avaraçılığa gələnlər isə qəbul etməyəcək. İnanmıram ki, bu onu ruhdan salsın. Amma Qurban bu baryeri keçməyi bacarmalıdı. O ki, qaldı Sadıqova, adətən xaricdən məşqçi gətirirlər ki, bizim cavanlar, onun yanında çalışıb öyrənsin. Rəşadın ətrafında təcrübəli məşqçilər olmalıdı. Futbol oynamaq azdı, məşqçilik tam başqadı. Yenə də hər ikisinə uğurlar arzulayıram. Uğur qazananda biz də sevinirik. Futbolumuzun naminə işləyirlər, uğur qazansalar, mən də sevinəcəm. Düzdü, Sadıqova üç komanda verməyi rəva bilməzdim. Yaşlı məşqçilərimiz var ki, evdə oturublar. Özünüz də bilirsiz kimlərdi.

- Biri siz...
- Açığı, mən baş məşqçi işləmək istəməzdim. Həmişə hücumçularla işləmək istərdim. Neçə dəfə mətbuat vasitəsilə AFFA-ya, bütün klublara müraciət etmişəm. 10-15 il əvvəl də demişəm. Qapıçı hazırlaşdıranlar var, hücumçu ilə çalışan məşqçilər də götürsünlər. Azərbaycan futbolunda hücumçu yox səviyyəsindədi. Bu məsələni Qurban Qurbanov da qaldırmalıdı ki, sabah hücumçu seçmək onun üçün asan olsun. Onun yaddaşında olsun ki, filan hücumçular var. Əslində, Qurbanov üçün elə də ciddi çətinlik olacağını düşünmürəm. Amma Rəşada 3 komanda çətin olacaq. Hələ cavandı. Bir komandanı çalışdırıb, digərlərinə koordinator kimi nəzarət eləsə, bu başqa məsələ. Hücumçularla fərdi şəkildə işləmək lazımdı. Çünki çox incə məqamdı. Taktiki gedişləri bilmək lazımdı. 200-dən çox taktiki gedişlər var.

- Yenidən futbola qayıtmağa ümidiniz, həvəsiniz qalıb?
- Açıq deyəcəm, ümidim qalmayıb. Ümid edirdim ki, yanvara kimi nəsə olar. Amma gördüm ki, yanvar bitir, amma bu barədə heç düşünən də yoxdu. Futboldan başqa nə bacarırıq ki? Yaşamaq üçün gedib fəhlə işləyə bilərik ancaq.

- Sizcə niyə ehtiyac duymurlar?
- Bu sual AFFA-ya və klubların ünvanınadı. Yəqin ki, bizdən yaxşısını tapıblar. Yada ki, kimsə tapşırır. Futbol zavod, fabrik deyil, bacarmaq lazımdı. Kibrit qutusu deyil ki, cibinə qoyub gizlədəsən. Hamının gözünün qarşısındadı.

Şərhlər

XƏBƏR LENTİ