yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

İlham Məmmədzadə: “Bu, bizim yaralı yerimizdir”

İlham Məmmədzadə: “Bu, bizim yaralı yerimizdir”
11-12-2017, 19:50 159 dəfə baxılıb

Bu dəfəki müsahibim “Veysəloğlu” Şirkətlər Qrupunun İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, nədənsə içi mən qarışıq hamının naxçıvanlı kimi tanıdığı İlham Məmmədzadədir. Söhbətimiz əsnasında əslində Laçın rayonundan olduğunu deyir. Müsahibədən əvvəlki 45 dəqiqəlik söhbətimiz əslində mənə yeni bir dost qazandırır. İstər mənim iş yerimdə, istər də cəmiyyətdə niyə bu qədər dəyərli olduğu bəlli olur. O danışır, mən isə onu görürəm. Və sevinirəm ki, Azərbaycan imzalı bir şirkətin, Vətənini, millətini sevən layiqli bir təqdimatçısı var.
- Ciddi bir adam kimi bilinən İlham Məmmədzadə özünü necə xarakterizə edər?

- Sumqayıt şəhərində doğulmuşam, orda yaşayıram. Amma bütün əmək fəaliyyətim Bakı şəhərində baş tutub. Ölkə mətbuatında 18 illik fəaliyyətim olub, uzun illər “Azadinform” İnformasiya Agentliyində çalışmışam. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsinə qədər yüksəlmişəm. 2014-cü ildən etibarən ölkənin qida sektorunun ən böyük şirkətlərindən olan “Veysəloğlu” Şirkətlər Qrupunda İctimaiyyətlə əlaqələr şöbəsinə rəhbərlik edirəm. Ali təhsilliyəm, iqtisadçıyam, daha çox iqtisadçı jurnalistəm. Ailəliyəm, üç övladım var.

- Nazirlikdən özəl bir şirkətə keçid sizə nə qazandırdı?

- Təcrübə, yalnız təcrübə. Yeni dostlar, yeni simalar. Həyat təcrübəsi.

- İş seçiminizdə dəyişməz kriteriyalar varmı?

- Əlbəttə. Mənə təklif olunan iş ilk növbədə iç dünyamla peşə fəaliyyətimə uyğun olmalıdır. Bildiyim, yaxın olduğum bir sahə olmalıdır, orda özümü görməliyəm.

- “Piar menecer” ölkəmizdə yeni termindir. Bu sistem necə qurulmalıdır, əsasları nə olmalıdır ki, təmsil elədiyi qurumu daha üst yerlərə gətirib çıxarsın?

- Tamamilə doğrudur. Azərbaycanda bu termin bizim lüğətimizə ölkəmiz müstəqillik qazanandan sonra daxil olub. O dövrdə bir sıra dövlət qurumlarında ictimaiyyətlə əlaqələr üzrə şöbələr, struktur bölmələri yaradıldı, ancaq bu bölmələr yalnız mətbuat xidməti rəhbərliyi ilə kifayətlənməli oldular.

- Fərqi nədir?

- Mətbuat ictimaiyyətlə əlaqələrdə, piarda ictimaiyyətlə təşkilatın və ya şəxsin ictimaiyyətlə əlaqələrinin qurulmasında bir vasitədir.

- Yəni piar sadəcə mətbuata hesablanmamalıdır.

- Tamamilə doğrudur, yalnız mətbuata hesablanmamalıdır. Hər bir piar menecer mətbuatla sıx əməkdaşlıq etməli, birtərəfli yox, qarşılıqlı əlaqədə olmalıdır. Mətbuata birtərəfli əlaqə ötürmək təbliğatdır. Amma qarşılıqlı əlaqələr qurulanda ictimaiyyətin nə istədiyini bilirsən. Piar menecerin əsas vəzifələrindən biri təmsil etdiyi təşkilatın, şəxsin ictimaiyyətdə müsbət imicinin formalaşdırması, əlaqələrinin qurulması və bu əlaqələrin, imicin qorunub saxlanılmasıdır.

- Bunun üçün piar menecer təmsil elədiyi qurumun doğruluğuna nə qədər inanmalıdır?

- İlk növbədə dürüst olmalıdır. Əgər mətbuat vasitəsilə ictimaiyyətin gözünə baxa-baxa yalan danışırsa, sabah onun doğru xəbərinə də inanmayacaqlar. Ona görə təşkilatın uğurlu piar işinin qurulması üçün piarın başında duran adam şəffaf olmalıdır ki, ictimaiyyət də o menecer vasitəsilə ötürülən informasiyanı rahatlıqla qəbul edə bilsin.

- Axı, bu şirkətin nöqsanlarını da üzə çıxarmaq deməkdir.

- Əgər bu şirkətin konfidensial bir xəbərinin paylaşılmasına, şirkətin arzuolunmaz bir xəbərinin yayılmasına gətirib çıxarmırsa, bəli, piar menecerin öhdəliklərindən biridir ki, təşkilatı haqqında ictimaiyyətdə doğru məlumat versin. Bununla yanaşı müsbət bir imic formalaşdırsın, bunun üçünsə onun üzərinə böyük bir məsuliyyət düşür. Korporativ sosial məsuliyyət proqramı çərçivəsində layihələr həyata keçirilməli, cəmiyyətə öz töhfəsini verməli, bu işlərdə aktiv olmalıdır. Təmsil elədiyi qurum kommersiya təşkilatıdırsa burda KSM layihələri ilə yanaşı, reklama və sponsorluqlara da diqqətlə yanaşmalıdır. Bilirsiniz ki, reklam işi də iki yerə bölünür, əmtəə reklamı və imic reklamı. Bunlar da düşür ictimaiyyətlə əlaqələr mütəxəssisinin üzərinə. O, təşkilatının arzuolunmaz xəbəri belə ictimaiyyətə çıxdıqda çalışmalıdır ki, mümkün qədər məsələnin üstündə işlənilməsi, problemin aradan qaldırılması haqqında ictimaiyyətə məlumat versin. Hətta lazım olarsa mətbuatın özünü belə bu araşdırmaya cəlb etməlidir.

- İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri ictimaiyyət qarşısında öhdəlik daşıyır, yoxsa təmsil elədiyi qurum qarşısında?

- Hər ikisinin də. İctimaiyyətlə əlaqələrin müdiri iş başına piar mütəxəssisi olaraq dəvət edilibsə, ilk olaraq həmin təşkilatın mənafeyini qoruyur. Hesab edirəm ki, hər iki mövqeyi qorumaq, hər iki mənafedən çıxış etmək lazımdır.

- İlham müəllim, səmimi olaq. Bu balans pozulanda şirkət nə kimi öhdəliklər qoyur qarşınızda? Deyək ki, şirkətin bir qüsuru oldu, siz də bunun fərqindəsiniz. Və o problemi cəmiyyət qarşısına elə bir şəkildə çıxarmalısınız ki, şirkətin imicinə zərər dəyməsin. Bu halda nə etmək lazımdır və siz nə edirsiniz?

- Bu məqamda artıq piar menecerin peşəkarlığı üzə çıxır. Düşünür ki, bu işi necə qurum, həm şirkətin nüfuzu yerində qalsın, həm də düzgün məlumat ötürüm.

- Yalan danışmadan necə eləmək olar bunu?

- Ən gözəl biclik düzlükdür. Tam səmimi deyirəm, bu piarda da belədir. Piarın atası hesab olunan İv Li hər zaman bildirib ki, piar menecer ilk olaraq dürüst olmalıdır.

- Ola bilirsinizmi?

- Maksimum çalışıram. Mətbuatdan ortaq dostlarımız çoxdur, maraqlansanız görərsiniz ki, onlar məni dürüst bir adam kimi tanıyırlar və hər zaman bu adı qorumağa çalışmışam.

- Şübhəm yoxdur. Jurnalistlərin gücü hər hansı bir məsələdə mətbuat katiblərinə çatır. Mediadan çoxmu şikayətlər alırsınız?

- Məsələ ondan ibarətdir ki, mənim həmkarlarımda ixtisaslaşmalar aparılmalıdır və aparılır. İqtisadiyyatdan yazan var, idmandan, mədəniyyətdən və s. Bir də görürsünüz ki, kriminaldan yazan iqtisadiyyatdan yazmaq istəyir, idmandan yazan iqtisadiyyatdan yazmaq istəyir. Və yaxud mədəniyyətdən yazan bir jurnalist makro iqtisadiyyatdan yazır, aləmi qatır bir-birinə. Heç bir məlumatı dəqiqləşdirmədən öz düşüncəsini qoyur ortaya və bunu ictimailəşdirməyə çalışır. Axı bütün insanlarda iqtisadi maariflənmə yoxdur. Çox istərdim, ilk olaraq hər jurnalist öz sahəsindən yazsın. Mən mətbuatda işlədiyim vaxtlarda iqtisadi jurnalist ordusu vardı. Biz bəzən gün ərzində dörd-beş tədbirdə qarşılaşırdıq. İqtisadiyyatdan yazırdıq, siyasətdən yox. İxtisaslaşma əsas şərtdir. Bir də görürsünüz, qiymətlərdə oynama baş verir, həmən düşürlər iki şirkətin üstünə. Ya “Veysəloğlu”dan yazırlar, ya “Azərsun”dan. Bu iqtisadi maarifçiliyin aşağı olmasından xəbər verir. Azərbaycanda yüzlərlə idxalçı və dağıtım şirkəti var. Bu şirkətlərin içərisində böyük şirkətlər var ki, onlardan biri də “Veysəloğlu”dur. “Veysəloğlu” özünə bir ictimaiyyətlə əlaqələr mütəxəssisi təyin edib, ictimaiyyətə mütəmadi olaraq məlumat versin, onlarla işləsin. Dəfələrlə olub ki, jurnalistlərlə görüşlərimiz olub, mətbuatla brifinq keçirmişik, “Ulduz” Şokolad Fabrikinin qapılarını açmışıq jurnalistlərin üzünə ki, nə sualınız varsa verin. Bu yaxınlarda yenə belə bir tədbir nəzərdə tutmuşuq. Bu istiqamətdə işlər aparılır. Biz çalışırıq ki, mətbuata maksimum dərəcədə açıq olaq.

- Bu istəyiniz nə dərəcədə alınır?

- Alınır. Bəzən olur, jurnalist yazı yazır, amma qarşı tərəfin mövqeyi alınmır. Kifayət qədər mətbuata açıq olan bir qurumdan, İlham Məmmədzadədən izahat almamaq nə dərəcədə doğrudur, bunu siz düşünün. Mən bütün günü sosial şəbəkələrdəyəm, elektron poçtlarımıza hər zaman nəzarət olunur.

- Yəni jurnalistin bəhanəsi ola bilməz.

- Mümkün deyil. Ən azı mən sosial şəbəkədəyəm. Gündəlik paylaşımlar etməsəm belə adımın qarşısında həmişə yaşıl işıq yanır (gülür).

(müsahibə əsnasında kompüterinə baxa bilməyən İlham Məmmədovu Xəyal Verdiyev adlı şirkət əməkdaşı son xəbərlərlə məlumatlandır. İlham Məmmədovun dedikləri öz təsdiqini yerindəcə tapır)

- Bildiyim qədər ölkədə ictimaiyyətlə əlaqələr mütəxəssislərini (PR menecerləri) ətrafında birləşdirəcək bir Assosiasiya da yaratmısınız. Bu barədə fikirləriniz maraqlı olardı.

- Biz 2016-cı ildə bir sıra dövlət və özəl qurumların mətbuat katibləri birləşərək təşkilatlanma qərarı aldıq. Azərbaycan İctimaiyyətlə Əlaqələr Mütəxəssisləri Assosiasiyasını (APRA) yaratmağa qərar verdik. Azərbaycanda fəaliyyət göstərən dövlət və özəl təşkilatların mətbuat katibləri, ictimaiyyətlə əlaqələrə məsul şəxslərin təmərküzləşməsi, eyni zamanda bilik və bacarıqlarının artırılması, beynəlxalq təcrübənin mənimsənilməsi və burada araşdırılması, bir-birimizlə fikir mübadiləsi aparılması məqsədilə bir təşkilatımız olsun dedik, eyni zamanda bir etik kodeksin yaradılması, mətbuat katiblərinin inkişafına töhfə verə biləcək bir təşkilatın yaradılmasına çalışdıq. Düzdür, burada bir boşluq hesab edilirdi. Hər qurumda bir mətbuat katibi, ictimaiyyətlə əlaqələr adlı bir bölmə yaradılıb, ora mütəxəssis təyin olunub, indi bu mütəxəssislər nə dərəcədə işinin öhdəsindən gəlir, bu başqa bir mövzudur, amma biz çalışırıq ki, bir töhfə verək və töhfə verə biləcək təlimlər, treninqlər təşkil edək, maariflənməmiz olsun. Ayrı-ayrılıqda burada və ya xaricdə piar təlimlərdə iştirak eləyəndən sonra o biliklərimizi, bacarıqlarımızı paylaşırıq. 2016-cı ilin may ayından da qeydiyyat üçün müraciət etmişik, ümid edirik ki, qeydiyyata alınar.

- Rəhbər olaraq kimi düşünürsünüz?

- Hal-hazırda sədri mənəm. Eyni zamanda facebookda 180-ə yaxın üzvü olan bir qrupumuz var. Çalışırıq ki, orda jurnalistlər yox, mətbuat katibləri olsun. APRA-nın saytı da var. Biz orda müsahibələrimizi, düşüncələrimizi paylaşırıq.

- İlham müəllim, haqqında danışdığımız mövzunun bir məktəbi varmı?

- Bu, bizim yaralı yerimizdir. İnanıram ki, yaxın gələcəkdə həllini tapacaq. Ölkəmizdə piarla bağlı akademik təhsil yoxdur. Bu təhsili verə biləcək kadrlar da yoxdur. Mən üst-üstə 30-a yaxın yerli və beynəlxalq təlimlərdə iştirak etmişəm, amma hiss edirəm ki, akademik təhsil olsa daha yaxşı olar.

- APRA olaraq dövlət qeydiyyatından keçmək fikriniz varmı?

- İnanıram ki, bizim piar təşkilatımızın yaxın günlərdə qeydiyyata alınması məsələsi də gündəmə gələcək. Təsəvvür edin, biz Ədliyyə Nazirliyinə müraciət edəndən sonra Ermənistanda Ermənistan Piar Assosiasiyası qeydiyyatdan keçdi, biz isə hələ gözləyirik. Azərbaycanın ixrac potensialı, Azərbaycan həqiqətlərini, reallıqlarını beynəlxalq aləmə çatdırmaq üçün piar mütəxəssislərin də üzərinə böyük məsuliyyət düşür. Hərə öz sahəsində, öz təlimlərində, konfranslarda, sərgilərdə Azərbaycan həqiqətlərini çatdırmaqda maraqlı olmalıdır. Londonda səhv etmirəmsə 1956-cı ildə yaradılmış Beynəlxalq Piar Mütəxəssisləri Assosiasiyası (İPRA) var. Dünya ölkələrinin PR təşkilatları orada qeydiyyata alınır. APRA olaraq bizim məqsədimiz dövlət qeydiyyatına alındıqdan sonra beynəlxalq və yerli tədbirlərin keçirilməsi, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında öz töhfəsini verməkdir. Necə ki, gələn ilin birinci rübündə birinci Azərbaycan Piar Forumunun keçirilməsini nəzərdə tutmuşuq. Bu tədbirdə də yerli və beynəlxalq piar mütəxəssislərin iştirakı nəzərdə tutulub.

- Adətən piar menecer işi mətbuat katibliyi ilə qarışdırılır. Bu həm də ondan irəli gəlmirmi ki, piar menecer vəzifələrində çalışanların çoxu elə jurnalistikadan gəlib.

- Əslində doğrudur. Hər bir piar menecerin mətbuatla əlaqəsi yaxşı olmalıdır. Türkiyədə tanınmış, öz sözünü demiş piar mütəxəssislərdən biri Alaeddin Asnaya görə hər bir piar menecer eyni zamanda yaxşı yazmağı bacarmalıdır. Əgər onun mətbuatla əlaqəsi yoxdursa, media ilə sıx işləməyi bacarmırsa o ən yaxşı halda bu sahənin təlimçisi və nəzəriyyəçisi ola bilər. Çünki mətbuat ictimaiyyətlə cəmiyyət arasında informasiya ötürmək üçün bir məkandır. Artıq hər şey rəqəmsala doğru gedir. Əvvəllər media TV, radio və qəzetlərdən ibarət idisə, indiki media daha çox internet üzərindən fəaliyyət göstərərək daha çox rəqamsallaşıb. Ötən dövrlərdə ictimaiyyətə informasiya jurnalistlər və KİV vasitəsilə ötürülürdüsə, bu gün hər bir sosial media istifadəçisi istənilən bir hadisəni çəkərək rahatlıqla paylaşıb ictimailəşdirə bilir. Deməli, hər vətəndaş artıq bir jurnalistdir. Piar mütəxəssis işinin başında olmalı, media ilə sıx işləməli, korporativ sosial layihələrin hazırlanmasında birbaşa iştirak etməlidir. Yaxşı işlənib hazırlanmış KSM layihəsi, uğurli PR deməkdir. Bilməlidir ki, şirkətin zəif yeri, güclü yeri hansıdır. Ondan sonra bir araşdırma aparıb öz proqramını həyata keçirməlidir. Planlama həyata keçiriləndən sonra da şirkət olaraq baxmalıdır ki, ictimaiyyətdən geri dönüş necə oldu? Atılan addıma, görülən işə reaksiya necə oldu? Ondan sonra bir daha o işlərin üzərində işləyir, beləcə növbəti addımını daha da mükəmməlləşdirir. Bütün bunların hamısı piar menecerin üzərinə düşür. O işinin o qədər ustası olmalıdır ki, bu məsələlərdə rəhbərliyinə məsləhət verə bilsin, bu addımı atmaq olmaz və ya əksinə. Məşhur piar mütəxəssislərindən Sem Blek piar mütəxəssisi orkest dirijoruna bənzədir, harada zilə qalxmaq harada bəmə enmək olar.

- Piar menecerin səhv eləmək şansı varmı?

- Təbii ki. Səhv etmək insana xasdır. Amma bir halda, onun səhvi şirkətə baha başa gəlməsin. Buna görə də hər zaman atdığı addımı, getdiyi məkanı, işlətdiyi ifadənin sorumluluğuna cavabdeh olmalıdır. Sutkanın 24 saatı ayıq olmalıdır, 24 saat rəhbərə birbaşa çıxış imkanı olmalıdır. Əgər jurnalist bir sualla müraciət edirsə və yaxud da ictimaiyyətdə hər hansı bir hadisə baş verirsə, ictimaiyyətlə əlaqələr mütəxəssisi də rəhbər şəxsin qəbuluna düşmək üçün saatlarla, katibənin, köməkçinin qapısında gözləyirsə orda keyfiyyətdən və sürətli işdən danışmaq olmaz. Piar menecer qurum haqqında ən azı təşkilatın rəhbəri qədər məlumatlı olmalıdır.

- Onu da qəbul etmək lazımdır ki, bir mətbuat katibinin çalışma arealı rəhbərliyin ona verdiyi imkanlar qədərdir.

- Reallıqda belədir. Piardakı müxtəlif alətlər dövlət təşkilatına və ya özəl kommersiya təşkilatına görə dəyişir. Məsələn, dövlət təşkilatında reklam yoxdur, amma özəl kommersiya təşkilatında reklam var, sponsorluqlar var. Diapazon daha böyükdür. Rəhbər şəxslər piar menecerlə sıx əlaqədə olmalıdır. Mənim təlimlərdə həmişə istifadə elədiyim bir fikir var, deyirəm ki, rahat həyat istəyirsinizsə, telefonunuzun 5-dən 6-dan sonra sönməyini istəyirsinizsə və yaxud həftə sonunu, bayram günlərini ailənizlə keçirmək, istirahət etmək istəyirsinizsə piar menecer sənətini seçməyin. Bunlar olmur. Eləcə də mətbuat qarşısına çıxmağa, müəyyən insanların qınaq obyekti olmağa kompleksiniz varsa, bu işdən vaz keçin. Bir də görürsünüz, kifayət qədər geniş işlənib hazırlanmış ideal iş görürsünüz, ona da qulp qoyan çıxır. Bunlara hazır olmalısınız.



- Siz nə dərəcədə hazırsınız?

- Hazır olmağa çalışıram.

- Mən inanıram ki, alınacaq sizdə. İlham müəllim, piar menecerlərin təbliğatının arxasında iqtisadi güc dayanır, elə deyilmi?

Tam olmasa da müəyyən qədər elədir. İnanırıq və ümid edirik ki, dövlət də bizə bu sahədə dəstək olacaq. Biz də dövlətə bu sahədə öz töhfəmizi verəcəyik. Buna əminik.

- Mən çox sevinirəm ki, Azərbaycan brendləri yaradılır və vətəndaşlarımız öz şirkətlərimizdə işləyirlər. Ölkəmiz üçün öz məhsullarımızı istehsal edirlər. Bunun verdiyi hissi mənə ifadə edə bilərsinizmi?

- Dövlət qurumunda çalışmış biri olaraq, sözün düzü, əmək nazirliyindən öz ərizəmlə işdən çıxandan sonra düşünürdüm ki, özəl sektordan gələn təklifləri dəyərləndirmək yerinə yenidən dövlət qurumunda işləyim. Bir özəl şirkətdə milliyyətçilik mövzusunda fikirlərimiz üst-üstə düşməmişdi. Mən azərbaycanlıyam və türkəm. Türklüyümlə qürur duyuram. Bunu övladlarıma da aşılayıram hər zaman. Düzdür, bəzən irqçiliyə və milliyyətçiliyə qarşı gəlinir, amma türkçülüyümüzü gizlədə bilmərik. Bu səbəblə orda təklif olunan işi qəbul etməmişdim. “Veysəloğlu”na dəvət alanda tərəddüdlərim vardı. Bir qədər məlumatsız idim, bu da məni narahat edirdi. Amma şirkətə qədəm qoyduğum gündən burada yaradılan korporativ mühiti, işçilərin bir-birinə və rəhbərliyin işçilərə münasibətini, iş şəraitini gördükdən sonra düşündüm ki, bu doğrudan, azərbaycanlıların şirkətidir? Hətta özümü saxlaya bilməyib, soruşdum da. Dedilər, bəli. Təsisçisi də rəhbəri də azərbaycanlıdır. Bəs yaxşı, bu şirkətin adı niyə Veysəloğludur? Dedilər ki, şirkətin sahibi Veysəl kişinin oğludur, ona görə. Sözümü devalvasiya məsələsinə gətirirəm. Bildiyiniz kimi, məlum 2015-ci ildəki 21 fevral ilk devalvasiyalardan sonra bu şirkət heç bir qiymət artımına getmədi. İkinci devalvasiya aktından sonra bir sıra şirkətlərdə ixtisarlar oldu, bəzən xərclərin optimallaşdırılması aparıldı, bu şirkətdə isə bir nəfər belə ixtisar olunmadı. Mən onda qürur duydum. Eyni zamanda bu şirkətin korporativ sosial məsuliyyət layihələrini sizə sadalasam görərsiniz ki, biz doğrudan da xalqın, millətin yanındayıq. Mənim ən çox sevdiyim, canla-başla da dəstək verdiyim layihələrdən biri də Təhsilə Dəstək layihəsidir. Bu gün “Veysəloğlu” Tələbə Təqaüd Proqramı çərçivəsində şirkət əməkdaşlarına, övladlarını oxutmaq üçün təqaüd verilir. Şirkətimiz istər ölkə daxili, istər də xarici ali təhsil müəssisəlinə daxil olan əməkdaşlarına aylıq təqaüd müəyyən edib. Mənim də övladım bu il 643 balla Azərbaycan Tibb Universitetinin tələbə adını qazandı.

Mən sizə hələ kiçik layihələrdən birini dedim. Qürur duyuram ki, şirkətimizin ölkənin ərzaq təhlükəsizliyində özünəməxsus payı və yeri var. Gəlirində ziyana getməyə hazırdır, amma hər zaman xalqın yanında olmağa önəm verir. Buna görə də bu şirkət 23 ildir inkişaf edir, ayaqdadır. Bunun isə bir sadə cavabı var, “Veysəloğlu” hər zaman dövlətinin və xalqının yanındadır.

Bir faktı da qeyd etməyə bilmərəm, bu günlərdə Qarabağ-Roma oyununu izləmək üçün on dörd əməkdaşımızı Romaya ezam elədik ki, gedib komandamıza dəstək olsunlar.

- Bu, təqdirəlayiqdir. Son sözünüz varmı?

- Biz elə bir geopolitik məkanda yerləşirik ki, hər tərəfdən düşmənlərin gözü və maraqları bizim üzərimizdədir. Yaxşı ki, hər zaman yanımızda Türk qardaşlarımız olub. Allah bizim xalqımızı, dövlətimizi fitnələrdən qorusun. Əmin-amanlıq gözəl nemətdir. Suriyada, Liviyada, Misirdə, digər ölkələrdə baş verənləri də gördük. Əgər sən öz ölkəni sevməsən, başqa ölkədə yaşamağa məhkum olarsan və başqa ölkənin başçısı sənə rəhbərlik edəcək. Biz bunu Suriyada, Liviyada gördük. Ona görə də bu dövləti, bu milləti yaxşısıyla - pisiylə sevmək lazımdır. Yaxşını, ağıllını sevməyə nə var ki, onu dəlisi ilə sevməyi bacarmalısan. Belə etsən Vətənin daşı olacaqsan.

- Amin!

P.S: Deyəsən söhbətimiz məni də ona tanıtdırıb ki, telefonuma gələn mesaj səsi müsahibənin təəssüratından oyandırır: “Sizi tanımaqdan məmnun oldum və qürur duydum. Sizi qardaşlarınız mənə əmanət qoyublar. Burada daha bir qardaşınız var. Unutmayın!”

Azadinfom.az


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: lham, bizim, yerimizdir, yarali, Bu, Memmedzade
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

19-01-2018

BÜTÜN XƏBƏRLƏR

Sunayla Hüquqdan Danış

[email protected]


/sunayla_huquq_danish/

GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ